Super User

Super User

 

Azərbaycanlı DJ Murad Pikanın (Murad Abbaslı) vəfat etməsi xəbəri yayılıb. “Ədəbiyyat və incəsənət” portalı olay.az-a istinadən xəbər verir ki, bu barədə Muradın  "beatmaker"i olduğu "Destroy" leyblı məlumat yayıb.

 

Murad Pikanın avqustun 29-u evində ölü tapıldığı qeyd edilir. Məlumata görə, 27 yaşlı M. Pika yuxudan oyanmayıb.

Qeyd edək ki, Murat "Rock", "Jazz" və "Blues" qruplarının aparıcı üzvü olub. O, gitarist, pianist, bəstəkar, beatmaker, DJ olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi veteranı idi və iki medal ilə təltif edilmişdi.

 

Prezident İlham Əliyev Romada Azərbaycanın İtaliya Respublikasındakı səfirliyinin yeni binasında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə tanış olub.

 

Ölkəmizin rəsmi mənbələrinin yaydıqları xəbərə görə, sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Bildirilib ki, ötən əsrin 40-cı illərində inşa edilmiş bina diplomatik nümayəndəliklərin yerləşdiyi Nomentano-Villa Torlonia ərazisindəki Via Giovanni Battista De Rossi 27 ünvanındadır.

Binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.

Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksessuarlar da daxil olmaqla bütün eksponatlar Azərbaycanın qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verir. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.

Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalça və xalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.

Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.

Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə də tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.

Mərkəzdə iki ölkə arasında elm-təhsil mübadilələri çərçivəsində onlayn dərslərin keçirilməsi, Azərbaycan dilinin tədrisi üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq da vardır. Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Qədim musiqi alətlərimizin sərgisi təşkil olunub və bütün musiqi janrlarımızla bağlı CD-lər və italyan dilində nəşrlərdən ibarət guşə də yaradılıb. Bundan başqa, mərkəzdə Azərbaycanın milli mətbəxinin nümunələrinin hazırlanması və müvafiq master-klasların və təlimlərin keçirilməsi üçün şərait var.

Şənbə, 03 Sentyabr 2022 14:27

ƏSA Teatrı bu gün 6 yaşını qeyd edir

 

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının fəaliyyətə başlamasının bu gün 6-cı ili tamam olur. Əlilliyi olan və olmayan aktyorlardan ibarət bu teatr 2016-cı il sentyabrın 3-də rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. 

 

ƏSA Teatrı yarandığı gündən bu günədək 6 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, eləcə də vacib layihələr həyata keçirib. 

Gənc olmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P.Sartrın, P.Turrinin əsərləri olmaqla 10 tamaşa və üç performans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub, həmçinin çox sayda rəqəmsal layihələr həyata keçirib. 2016-cı ildən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.

ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. 2021-ci ildə Rusiya Federasiyasının “Sosial-Mədəni Təşəbbüslər Fondu” tərəfindən “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb. Həmçinin Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib. Ötən il respublika üzrə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nda “Qonşu” tamaşası ilə birinci yerə layiq görülüb. 

Qeyd edək ki, 7-ci mövsümə başlayan ƏSA Teatrı sentyabr ayından etibarən tamaşaçıların görüşünə gələcək.

Bu gün 6 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kollektivin məkanla təmin olunmasıdır.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni 114-cü teatr mövsümünü sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

 

Səhnə əsərində Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist, Əməkdar artist Arzu Əliyeva ifa edəcək. Digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları canlandıracaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərini dirijor Sevil Hacıyeva idarə edəcək. 

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 114 ildir ki, Opera və Balet Teatrının repertuarındadır. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Günün fotosu: ABŞ-da ilk iqlim qaçqınları peyda olub

 

Aramsız yağan yağışlar, sel və daşqınlar ABŞ-ın Luiziana ştatını təbii fəlakətə sürükləmişdir. Evlər, təsərtüfatlar su altında qalmışdır. Nəticədə kənd və qəsəbələrin sakinləri qaçqın düşmüşlər.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, “Xəzər” telekanalında yeni mövsümdə iki türk, bir rus serialı yayımlanacaq.

 

Belə ki, TRT 1 istehsalı "Masumlar apartmanı" və "Uyanış: Büyük Selçuklu" "Xəzər"in yeni efirə verəcəyi türk seriallarıdır. Türkiyədə yüksək reytinq toplayan layihələr azərbaycanca yayımlanacaq.

"Masumlar apartmanı"nın adı tərcümə edilərək "Məsumlar məkanı" qoyulub.

Tarixi janrda olan digər ekran işinin isə adı olduğu kimi saxlanılıb. "Uyanış: Büyük Selçuklu" sentyabrın 12-dən yayımlanacaq. Film 11-12-ci əsrlərdə təşəkkül tapan Böyük Səlcuqlu imperiyasından bəhs edir. 

Rusiya istehsalı serial məşhur rus aktyoru Sergey Bezrukovun baş rolu canlandırdığı, 4 dostun kriminal aləmdə yaşadıqlarından bəhs olunan, 2000-ci illərin ən populyar serialı "Briqada"dır.

Şənbə, 03 Sentyabr 2022 12:30

Hər gün kitablar haqqında 5 qeyri-adi fakt

“Ədəbiyyat və incəsənət” portalı LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşür.

 

1. “Qulliverin səyahəti " kitabı astronomlardan 100 il əvvəl Ayın və Marsın peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.

 

2. Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır. Qadın yazar olan E. Ceymsin bu romanı, yeri gəlmişkən erotik romandır. (Gəlin daha Avropanın yüksək mənəvi dəyərlərindən danışmayaq).

 

3. Daniel Defonun "Robinzon Kruzo" romanı ilk ingilis romanı sayılır.

 

4. İlk əlyazma şəklində olan “Bibliya” (çap maşınının ixtirasına qədərki dövrdə)  12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.

 

5. “Quran-i Kərim” yeganə müqəddəs kitabdır ki, orada çoxlu sayda elmi və tarixi faktlar vardır ki, kitab yazılan dövrdə hələ heç kəsə məlum deyildi. 

 

 

 

 

 

 

Xəbər verdiyimiz kimi Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatların nəticəsində Monqolustanın Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar ediliməsi Türk dünyasında və dünyada böyük marağa və hadisəyə səbəb oldu.

 

 

“Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akademiyasından verilən məlumata görə, bu münasibətlə ötən gün Qazaxıstan Respublikasının Prezidenti Kasım -Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralini qəbul edib. Kasım Jomart Tokayev Monqolustanın Nomqon vadisinin Arxanqay aymakında akademiyanın alimlərdən ibarət  arxeoloji ekspedisiyasının  nəticələri ilə tanış olub. Qazaxıstan prezidenti tədqiqatçıların aşkar etdiyi Kutluq Elteriş xaqana məxsus nadir yazılar yazılmış daş külliyəsi ilə maraqlanıb.

 

Darxan Kıdırali deyib ki, yeni tapılan daş yazılar qədim türklərin insanlıq siivilizasiyasında daha erkən vaxtlar da töhvfə verdiyini  sübut edir.  Ərazidə tapılan ritual və ayinlər kompleksində də Kutluq xaqanın hakimiyyəti dövrünə aid artefaktlar və simvollar mövcuddur.

 

Görüşdə hadisənin tarixi əhəmiyyəti fonunda, həm də Akademiyanın  fəaliyyəti və ümumi türk dərs vəsaitlərinin hazırlanması məsələsi də müzakirə olunub. Kasım -Jomart Tokayev Monqolustanda elmi tədqiqatlar aparan ekspedisiyanın  nəticələrini və Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib.

 

Aida Eyvazlı

 

 

 

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Repertuarla tanış olun:

 

16 sentyabr – “Qar kraliçası”, “Durna balığı” (rus dilində)

17 sentyabr – “Düyməcik”

17, 25 sentyabr – “Çipollino” (rus dilində)

18 sentyabr – “Ağca və Yeddi Cırtdan”, “Qoğal” (rus dilində)

20 sentyabr – “Qoğal”

23 sentyabr – “Maşa və ayı” (iki dəfə Azərbaycan və rus dilində)

24 sentyabr – “Cırtdan”, “Üç cəsur” (rus dilində)

25 sentyabr – “Yeddi nar çubuğu”

30 sentyabr – “Qoğal”

Sentyabrın 1-dən etibarən Bakı şəhərində  tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə, bir sözlə ilkin görünüşünə edilən müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə başlanılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. 

Qeyd olunub ki, istənilən qanunsuz və iznsiz müdaxiləyə qarşı ən sərt formada tədbirlər həyata keçiriləcək.

“İcra prosesi ilə bağlı protokol tərtib ediləcək, cərimələr müəyyən ediləcək və əlavə qanunsuz müdaxilələr nəticəsində dəyən zərər aradan qaldırılacaq. Məqsədimiz heç bir fiziki və ya hüquqi şəxsi cərimələmək olmasa da, çevik tədbirlər üçün SOS təbilini elan etmək zamanı yetişib”, - məlumatda vurğulanır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.