Super User
Venesiya Film Festivalı başladı
Dünən gecə saatlarında İtaliyanın füsünkar Venesiya şəhərində 79-cu Venesiya Film Festivalına start verilib və festival 11 gün davam edəcək.
Venesiya Film Festivalı Avropa daxil olmaqla, dünyanın ən qədim festivallarındandır.
“Ədəbiyyat və incəsənət” portalı “Euronews”a istinadən xəbər verir ki, 11 gün ərzində Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun yeni əsərləri ictimaiyyətə nümayiş etdiriləcək. Ümumilikdə müsabiqədə dünyanın müxtəlif ölkələrindən 23 ekran əsəri nümayiş olunacaq.
“Çoxlu ulduzlar gözlənilir, qırmızı xalça hər gün dolacaq. Timoti Şalame, Penelopa Kruz, Vircini Efira, Harri Stayls artıq iştiraklarını təsdiqləyiblər, təəssüf ki, iştirakçıların hamısını sadalamaq mümkün deyil”, - deyə festivalın direktoru Alberto Barbera vurğulayıb.
Festival müxtəlif qitələrdə çəkilmiş bir neçə filmin nümayişi ilə açılacaq. Onların arasında amerikalı rejissor Noa Baumbaxın “Ağ səs-küy” filmi də var. Ekran əsərinin süjeti Don Delillonun eyniadlı romanı əsasında qurulub. Əsas rollarda Adam Drayver və Qreta Qerviq çəkiliblər. Kann kinofestivalından fərqli olaraq, Venesiyada “Netflix” tərəfindən buraxılan filmlər də müsbət qarşılanır və bu, həmin filmlərə müsabiqədə iştirak etmək imkanı verir.
Festivalın əsas müsabiqəsində iştirak edən filmlər arasında ən çox gözlənilən filmlərdən biri də məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmidir. Filmin baş qəhrəmanı C.Pənahinin özünün canlandırdığı rejissor obrazıdır. C.Pənahi uzun müddət təqiblərə məruz qalıb və bu, onun çəkdiyi ekran əsərində də əks olunub.
Qeyd edək ki, 79-cu Venesiya Film Festivalı sentyabrın 10-dək davam edəcək.
Fotolarda 78-cu Venesiya festivalının keçirildiyi məkanı və Alberto Barberanı görürsünüz.
Mədəniyyət naziri Ağstafada vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.
2022-ci ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ötən gün - avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa və Tovuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Ağstafa Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov 2008-ci ildən fəaliyyət göstərən mərkəzin işi ilə tanış olub, burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib.
Daha sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət ocağının başqa binaya köçürülməsi, rayon mədəniyyət müəssisələrinin kadr məsələləri, uşaq musiqi və incəsənət məktəbləri üçün tədris vəsaitinə icazə verilməsi, tarix-mədəniyyət abidələrinin qorunması, kitabxana sisteminin inkişafı, bundan əlavə, aparıcı mədəniyyət ocaqlarının əsaslı təmiri, adın əbədiləşdirilməsi və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Mədəniyyət nazirinin sazın, sözün vətəni olan Qazaxa səfəri başa çatıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanan bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov Qazax və Ağstafa rayonlarına səfər edib.
Qazaxa səfər barədə “Ədəbiyyat və incəsənət” portalı sizə ilkin məlumatları çatdırmışdı.
Davamı olaraq bildirək ki, səfər çərçivəsində Anar Kərimov Qazax rayonunun Daşsalahlı kəndində “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun “Damcılı” filialına baş çəkib. Nazirə məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ilin yayında Yaponiyanın Tokio Universitetinin muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparırlar və hazırda araşdırmalar davam etdirilir.
Sonra 1970-ci ildə tikilən və vaxtilə “Yay kinoteatrı” kimi fəaliyyət göstərən Gənclərin Asudə Vaxt Mərkəzinin binasına baxış keçirilib.
Anar Kərimov 1980-ci ildən fəaliyyət göstərən Qazax rayon Mədəniyyət Mərkəzinə baxış keçirib, Qazax Dövlət Dram Teatrının, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, 1991-ci ildən fəaliyyət göstərən musiqi məktəbində 63 müəllim çalışır, 241 şagird təhsil alır.
Daha sonra Qazax rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimova 500 minə yaxın kitab fondu olan kitabxana haqqında məlumat verilib.
Səfər çərçivəsində nazir Anar Kərimov Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə də görüşüb. Görüşdə Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.
Nazir tədbirdə çıxış edərək bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin və təşəbbüskarlığın artırılmasının vacibliyini diqqətə çatdırıb. Nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasının prioritet məsələ olduğu vurğulanıb.
Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə Qazax, Ağstafa və Tovuz uşaq musiqi məktəbləri və Tovuz rayon Mədəniyyət evinin kollektivləri rəngarəng musiqi nömrələri və rəqslər təqdim ediblər.
Beləcə, mədəniyyət nazirinin şeirin, sazın, sözün məskəni Qazaxa səfəri yekunlaşıb və
vətəndaşların qəbulunu keçirmək üçün o, Ağstafa rayonuna yollanıb.
Azad Kəlbəcərdə Eminin təşkilatçıləğı ilə ilk konsert keçirilib
İşğaldan azad edilməsini otuz ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz doğma Qarabağda həyat canlanır. Hər bir azərbaycanlı üçün əziz olan bu torpaqlara bərpa və yenidənqurma işləri ilə yanaşı, mədəni həyat da qayıdır, müxtəlif tədbirlər, konsertlər keçirilir. Belə tədbirlərdən biri avqustun 31-də Vətənin keşiyində dayanan hərbçilərimiz üçün Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissədə təşkil olunan konsert proqramıdır.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Yaşa, doğma Azərbaycan!” adlı konsert proqramında tanınmış azərbaycanlı müğənnilər Xalq artisti Emin, eləcə də Ellai, Bahh Tee & Türkan, Jony, Rauf & Faiq, gənc müğənni Cəmilə Həşimova və “The Excellent Music Band” qrupu bir-birindən maraqlı ifaları ilə hərbçilərimizə xoş anlar bəxş ediblər.
Konsertin açılışında gənc müğənni Cəmilə Həşimova “The Excellent Music Band” qrupunun müşayiəti ilə “Reyhan”, “Bu gün hər şey yaxşı olacaq” və “Sənsiz” mahnılarını ifa edib.
Sonra səhnəyə çıxan tanınmış müğənnilər Bahh Tee & Türkan “Şirin yalan sözlər”, “Кто я без тебя”, “Принцев не существует”, “Нужен”, Ellai “Yar-yar”, “В любви нет чужих”, “Я не перестану”, Rauf & Faiq “Вечера”, “Я люблю тебя”, “Детство”, “Колыбельная”, JONY “Love you're voice”, “Аллея”, “Ты беспощадна”, “Комета”, Xalq artisti Emin “Я лучше всех живу”, “Сбежим в Баку”, “Boomerang”, “Yaşa, doğma Azərbaycan!” mahnılarını oxuyublar. Konsert gənc müğənni Cəmilə Həşimovanın ifasında “Simpy the best”, “В этом городе” mahnıları ilə yekunlaşıb.
Azərbaycanın cənnət məkanı adlandırılan Kəlbəcərdə Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini nümayiş etdirən qəhrəman əsgər və zabitlərimiz konsert proqramı zamanı təqdim olunan rəngarəng musiqi nömrələrini alqışlarla qarşılayıblar.
Konsertdə jurnalistlərə müsahibə verən Xalq artisti Emin deyib: “Bizə işğaldan azad olunmuş ərazilərdə konsert vermək sevincini yaşatdığı üçün Azərbaycan Ordusuna təşəkkür edirəm. Burada – Kəlbəcərdə əsgər və zabitlərimizin qarşısında çıxış etmək olduqca qürurverici hissdir. Bu gün biz burada çıxış edirik. Çünki bu torpaqlar artıq azad olunub. Prezident, Müzəffər Ali Bas Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu igidlik göstərdi və ərazilərimizi işğaldan azad etdi”.
Emin Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib.
“İşğaldan azad edilmiş ərazilərdə çıxış etmək doğma diyar qarşısında borcumuzdur”, - bu fikri isə populyar Rauf & Faiq musiqi duetinin üzvləri jurnalistlərə müsahibəsində söyləyiblər.
Burada çıxış etməyin unudulmaz hisslər doğurduğunu vurğulayan qrup üzvləri bildiriblər: “Sözün düzü, biz buraya gələndə inana bilmirdik. Bu torpaqlar haqqında çox eşitmişik, ailəmizdə tez-tez bu barədə danışırdılar. Fəxr edirik ki, 30 il sonra burada çıxış edənlərdən biri də bizik. Bu, heyrətamiz və çox xoşdur. Buna görə qürur duyuruq. Buraya gələcəyimiz, bu gözəl yerləri görə biləcəyimiz günləri çoxdan gözləyirdik. Adama elə gəlir ki, dünyanın heç bir yerində belə gözəl mənzərə yoxdur. Gördüklərimiz bizi çox duyğulandırır”.
Doğma diyara gəldiyinə görə özünü hədsiz dərəcədə xoşbəxt hiss etdiyini vurğulayan Jony bildirib: “Torpaqlarımızın işğaldan azad edilməsi qürur hissi doğurur. Kəlbəcərə gəldiyimə görə gözlərimdən sevinc yaşları axır. Kəlbəcərin ab-havası, yol boyunca dağlar qeyri-adi təsir bağışlayır. Doğma diyara gəldiyimə və Azərbaycan əsgərləri qarşısında çıxış etməyimə görə hədsiz dərəcədə xoşbəxtəm”.
Tanınmış müğənni Ellai də Kəlbəcərin gözəlliyinə heyranlığını xüsusi vurğulayıb. O, müsahibəsində bu barədə deyib: “Kəlbəcərdəki konserti səbirsizliklə gözləyirdim və ona görə bu gün çox həyəcanlıyam. Allah Azərbaycan Ordusunu qorusun! Onlar olmasa idi, biz burada olmazdıq. Mən avtomobillə Kəlbəcərə gələrkən buranın gözəlliyinə heyran oldum. Kəlbəcər çox gözəldir. Konsertdən sonra çox güman ki, İstisuya gedəcəyik”.
Qeyd edək ki, konsert hərbçilərin, xüsusilə gənc əsgərlərin coşqusu, doğma Azərbaycanı vəsf edən mahnıların izdihamla səsləndirilməsi və müğənnilərin müstəqil dövlətimizə, Prezidentimizə, xalqımıza səmimi təbrikləri ilə yadda qalıb.
Anons: Sabah Azərbaycanın və Özbəkistanın xalq artisti Nəsibə Abdullayevadan Aida Eyvazlının aldığı müsahibə ilə tanış ola biləcəksiniz
Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə Nəsibə Abdullayevaya Azərbaycanın Xalq Artisti fəxri adı verildi. Özbəkistanda yaşayan azərbaycanlı müğənni bundan öncə isə Özbəkistanın Xalq Artisti adını almışdı.
Çox sevilən, Azərbaycanda “Səndən nigaranam”, Özbəkistanda “Qaragöz boy-boy” kimi bir çox mahnılarla sənətə möhürünü vurmuş müğənni ilə söhbəti sabah qaçırmayın.
Nəsibə Abdullayeva Xalq Artisti fəxri adına layiq görülüb
Prezident İlham Əliyev Nəsibə Abdullayeva haqqında sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlik qızı Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.
Qeyd edək ki, N. Abdullayeva Azərbaycanda daha çox “Səndən nigaranam” mahnısı ilə məşhurlaşıb.
Rəsm qalereyası: Rövşən Bağırov, “Şuşa mənzərələri”
Günün fotosu: Avroittifaq Rusiyaya yeni sanksiyanı müzakirə edir
Günün fotosu: Avroittifaq Rusiyaya yeni sanksiyanı müzakirə edir
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Çexiyanın paytaxtında Rusiya vətəndaşlarına Rusiyanın Ukraynaya təcavüzünə görə Avropa ölkələrinə gəlmək üçün vizaların verilməsinin qadağan edilməsini müzakirəyə çıxarıblar.
Foto: Euronews
Rüfət Axundov: “Uduzduğum üçün atam evə buraxmadı"
“Hərbçi ailəsində doğulmuşam. Anam müəllim, atam isə hərbçi olub. Kişi kimi formalaşmağımı atama borcluyamm. Gənc yaşında maşın sürməyi öyrədib. Bir amalı olub, heç vaxt eşitməsin ki, "Sənin oğlunu döymüşük. Özündən balacalara da döyülsən, onu da sənə bağışlamaram. Dalaş, amma özündən böyüklə. Gücün də çatmasa, daşı vur başına" deyirdi".
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "Söz baz" proqramında deyib. Sənətçi belə bir hadisəyə görə cəzalandırıldığını bildirib:
"Bir dəfə həyətimizdə özümdən böyük dostuma güləşdə uduzdum. Atam məni evə buraxmadı. Dedi, "Olmaz. Nə vaxt udarsan, onda gələrsən". Atam yatandan sonra anam evə buraxdı. Səhəri gün güləşdim, dedim ki, udmuşam. Atam elə şeyi götürmürdü. Bizdə uduzmaq söhbəti ola bilməzdi".
Yazığı niyə həbs edirsiniz axı?
Rusiyadakı “Kino Group" MMC-nin keçmiş baş direktoru Dmitri Bolşakov 5 il 6 ay müddətinə həbs cəzası alıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, buna səbəb prodüserin rüşvətxorluqda vasitəçi olması olub. Belə ki, o, "Çikatilo" serialının epizodlarından birinin çəkilişləri üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına 400 min rubl rüşvət təklif edib. Bunun qarşılığında Moskvanın mərkəzi küçələrindən biri bağlanıb.
Bəli, insan rüşvəti sadəcə kinoya sevgisinin təcəssümü kimi verib, amma bunu nəzərə alan kimdir?
Şerbinski Rayon Məhkəməsinin hökmü ilə Dmitri ölkənin cinayət məcəlləsinin 291.1-ci "rüşvətxorluqda vasitəçilik" maddəsi ilə nəzərdə tutulmuş üç cinayəti törətməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eyni cinayət işinə görə təqsirli bilinən polis əməkdaşları İqor Fayzullin və Dmitri Smolin külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Məhkəmə birincinin 8,5 il müddətinə cəzaçəkmə müəssisəsində, ikincinin isə 7,5 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilməsini qərara alıb.