Super User
ABŞ-da azərbaycanlı musiqişünasın xatirə gecəsi təşkil ediləcək
ABŞ-dakı İndiana Universitetinin Ceykobs musiqi məktəbində Azərbaycan əsilli amerikalı musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynovanın xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
AzərTAC Diasporla İş üzrə Dövlət Komitəsindən a istinadən xəbər verir ki, keçmiş həmkarlarının təşəbbüsü ilə sentyabrın 11-də təşkil ediləcək konsert universitetin Ford-Krouford zalında baş tutacaq.
Xatırladaq ki, soydaşımız bu il iyunun 21-də ömrünün 58-ci ilində vəfat edib.
1964-cü ildə Bakıda dünyaya gələn Aida Hüseynova Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) məzunu olub, Sankt-Peterburq Konservatoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, ABŞ və Böyük Britaniyanın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və Kembric universitetlərində mühazirələr oxuyub.
Xalq artisti Azər Paşa Nemətova həsr olunan kitab-albom çap olunub
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyinə həsr olunan kitab-albom çap olunub.
“Elm və Təhsil” nəşriyyatında Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən yeni nəşrdə əvvəlcə Azər Paşa Nemətovun atası, görkəmli teatr rejissoru Zəfər Nemətovun həyat yolundan danışılır. Kitab-albom daha sonra “Uşaqlıq və gənclik illəri”, “Portretlər”, “Tamaşalardan fraqmentlər”, “Sənət, həyat, düşüncələr...” bölmələri ilə davam edir.
Nəşrdə Azər Paşa Nemətovun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Leninqrad Gənc Tamaşaçılar Teatrında, Arxangelsk Dövlət Dram Teatrında, Tallin Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalardan, eyni zamanda görkəmli rejissorun yaradıcı səfərlər zamanı lentə alınan fotolar öz əksini tapıb.
Kitab-albomda Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Teatr Muzeyinin, Akademik Milli Dram Teatrının muzeyinin, o cümlədən, Azər Paşa Nemətovun şəxsi arxivindən istifadə olunub.
Yeni nəşrin tərtibçisi Cavid Zeynallı, rus və ingilis dillərinə tərcümə edəni Ayna Zərbəliyeva, redaktoru Aida Qafarova, bədii tərtibatçısı Aqil Əmrahovdur.
Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət layihəsi təşkil ediləcək
Latviyanın ölkəmizdəki səfirliyi BMT-nin Azərbaycandakı nümayəndəliyi və Norveç Krallığının Ankaradakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət “O” layihəsini təşkil edəcək.
Bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr olunacaq.
Səfirlikdən AzərTAC-a bildirilib ki, layihə, gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və post-konflikt vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirəcək.
Layihənin proqramına müəllif təqdimatlar, müzakirələr, film nümayişi, ədəbiyyat axşamı, sərgi və konfrans daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır.
“Açıq Qapı” tədbiri beynəlxalq şöhrətli məşhur Azərbaycan rəssamı İrina Eldarovanın studiyasına ziyarət etmək imkanı yaradacaq. Qonaqlara rəssamın yaradıcılıq prosesini izləmək, geniş sənət kolleksiyasını görmək, eləcə də rəssamla birbaşa canlı ünsiyyətdə olmaqdan həzz almaq kimi unikal imkan təqdim olunacaq.
Noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində www.tobeawoman.az internet səhifəsi əsasında fəaliyyətlərin davamı kimi “O” adlı sərgi təşkil olunacaq. Sərginin mövzusu qadınlara həsr olunur- onların həyatları, cəmiyyətdəki rolu, sevincləri və problemlərinə. Azərbaycan dilində “o” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur. Bu da simvolikdir, çünki gender bərabərliyi mövzusunun mahiyyəti gender birliyi və bərabərliyinə əsaslanır.
Səfirlik noyabr ayında həmçinin “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.
Müslüm Maqomayevin “Şah İsmayıl” operası yenidən nümayiş olunacaq
Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərində Şah İsmayıl rolunu Təyyar Bayramov, Aslan Şah obrazını isə Taleh Yahyayev ifa edəcək. Digər rolları Gülüstan Əliyeva, Fəridə Məmmədova, Fərid Əliyev, Tural Ağasiyev, Nəzər Bəylərov, Əli Əsgərov və başqaları canlandıracaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağababa Bünyadzadə, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Ənvər Almaszadə, xormeysteri Sevzixan Sərdərov, baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə və dirijoru Xalq artisti Cavanşir Cəfərovdur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Mədəniyyət naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 23 sentyabr tarixində saat 10:00-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun 240-cı kilometrliyi) Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 19 sentyabr 2022-ci il tarixinə qədər Nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti, tarzən Fikrət Verdiyevlə görüşüb
Cari ilin 2 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, tarzən Fikrət Verdiyevin 75 illik yubileyi tamam olur. Bu münasibətlə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev sənətkarla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, yubilyarı yubileyi münasibətilə təbrik edən E.Əliyev, ifaçının yaradıcılığının daima diqqət mərkəzində olduğunu vurğulayıb, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Fikrət Verdiyev də öz növbəsində ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Fikrət Verdiyevin 75 illik yubileyi münasibətilə 24 sentyabr tarixində Heydər Əliyev Sarayında tanınmış sənətçilərin iştirakı ilə yubiley konserti keçiriləcəkdir.
Darxan Kıdıralı İnformasiya və İctimai Nəzarət naziri oldu
Qazaxıstan Prezidenti Kasım -Jomart Tokayevin Sərəncamı ilə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik, “Egemen Qazaqstan” qəzetinin İdarə heyətinin sədri Darxan Kıdıralı Qazaxstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri təyin edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akadümiyasından məlumat veriblər.
Qazaxstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Askar Umarov isə Prezident yanında “Mərkəzi Kommunikasiya Xidməti” respublika dövlət idarəsinin direktoru təyin edilib.
Qeyd edək ki, türk dünyasının birliyi naminə əvəzsiz işlər görən Darxan Kıdıralı həm də Azərbaycanın böyük dostlarından biridir.
Yazıçı Yunus Oğuz astaralılarla görüşüb
Sentyabrın 1-də Astara rayonunda tarixi romanlar yazarı, yazıçı və publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixini özündə əks etdirən romanın -"Cığır"in da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda şəhid və qazi ailələrinə “Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.
Akademik Rus Dram Teatrının sentyabr repertuarını təqdim edirik
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb, repertuarı təqdim edirik:
16 sentyabr - “Və qadın gəlirdi...”,
17 sentyabr – “Evlilik”,
18 sentyabr – “Maskarad”,
23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)”,
24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”,
25 sentyabr – “Sürprizlər günü”,
30 sentyabr - “Qürur və qərəz”.
Uşaqlar üçün:
17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”,
18 sentyabr – “Düyməcik”,
24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”,
25 sentyabr – “Nağılı tap–5”.
Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.
Günün fotosu: BMT Çini uyğurların hüquqlarını pozmaqda ittiham edib
Günün fotosu: BMT Çini uyğurların hüquqlarını pozmaqda ittiham edib
BMT-nin insan hüquqları üzrə ali komissariatı Çini uyğurlara qarşı təcavüzkar siyasətinə görə pisləyib. Hesabat BMT komissarı Mişel Beçeletin Cinə səfərinin təəssüratları əsasında hazırlanıb.
Foto: Euronews