Super User
“Üzüklərin hökmdarı” serialının premyerası tamaşaçı rekordunu təzələyib
“Üzüklərin hökmdarı: Hakimiyyət üzükləri” serialı nümayişinin ilk günündə 25 milyon tamaşaçını ekran başına toplayıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, bu, “Amazon”a məxsus olan “Prime Video” axın xidməti üçün rekord göstəricidir. Bununla da, ekran əsəri ən çox baxılan serial adını qazanıb.
Qeyd edək ki, serialın premyerası sentyabrın 2-də baş tutub.
Epizodlar hər həftə müxtəlif dillərdə altyazılarla yayımlanacaq.
Qeyd edək ki, serialın rejissoru Ueyn Yippdir.
Rəsm qalereyası: Mehriban Əfəndi, Rənglər dünyası 1.
Londonda Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri sərgilənəcək
Sentyabrın 14-də London şəhərin tarixi məkanlarından biri olan “Regent Street Cinema”da Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri videoinstalyasiya formatında nümayiş etdiriləcək.
Layihə Azərbaycan-Amerika yazıçısı və bəstəkarı Ella Leyanın rejissorluğu ilə çəkilən “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimatı çərçivəsində həyata keçiriləcək.
“Monako Film Festivalı”nda “Angel” mükafatının qalibi olan “Leylanın skripkası” geniş ictimaiyyətə Azərbaycanın Britaniyadakı səfirliyinin sponsorluğu, Diasporla İş üzrə Dövlət Komitəsini və Amerika Yəhudi İcmasının dəstəyi ilə təqdim olunacaq.
Filmdə baş rolları gənc Hollivud aktrisası Sofiya Rossinski və məşhur azərbaycanlı skripka ustası Sabina Rakçeyeva canlandırıb. Ekran əsərini Azərbaycan şairi Nigar Həsənzadə səsləndirib.
Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir.
“Mərakeş, gənc azərbaycanlı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi təşkil olunub
Mərakeşlə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi və "Yaşıl yürüş"ün 47-ci ildönümünü qeyd etmək məqsədilə Mərakeş Krallığının Azərbaycandakı səfirliyi tərəfindən “Nərgiz Art Studio” və "Holcim Azərbaycan" ilə əməkdaşlıq çərçivəsində 6-18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsi keçirilir.
AzərTAC xəbər verir ki, müsabiqənin şüarı “Mərakeş, gənc azərbaycanlı rəssamların gözü ilə” adlanır. Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqələr yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda, gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.
İştirakçılar yarışma əsnasında üç yaş kateqoriyasına bölünərək memarlıq, coğrafi mənzərə, məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri kimi Mərakeş elementlərini ehtiva edən sənət əsərlərinin fotoşəkillərini təqdim etməlidirlər.
Qaliblər iki mərakeşli rəssam Mahi Binebine və Abderrahim Yamou, eləcə də iki azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın və Nərgiz Quliyevanın iştirak etdiyi münsiflər heyəti tərəfindən seçiləcək.
Qeyd edək ki, rəsm müsabiqəsində iştirak etmək istəyənlər əsərlərini oktyabrın 15-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidirlər. Müsabiqə barədə təfərrüatlar, o cümlədən qaydalar, mükafatlar, münsiflər heyəti, həmçinin əlavə məlumatlarla tanış olmaq üçün bu linkə https://www.marakeshresm.art/ daxil olmaq olar.
“Polşa kino günləri”də nümayiş olunacaq növbəti film - “Məsihin bədəni”
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə başlanan “Polşa kino günləri”də nümayiş olunacaq növbəti ekran əsəri “Məsihin bədəni” olacaq.
İstedadlı rejissor Yan Komasanın 2019-cu ildə real hadisələr əsasında çəkdiyi film 20 yaşlı Danielin həyatından bəhs edir. O, islah əmək müəssisəsində olduğu zaman mənəvi transformasiya keçirir ki, nəticədə də keşiş olmaq arzusunu hamıdan gizlədir. Azadlığa çıxandan sonra onun arzusu cəmiyyətlə sərt konfliktlərə gətirib çıxarır.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
Cari ilin 23-30 sentyabr tarixində ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəkdir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək bu ilki festivala 14 ölkədən onlarla tanınmış və istedadlı caz ifaçıları dəvət alıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı öz zəngin proqramı və qonaqları ilə bu il də tamaşaçıların zövqünü oxşayacaqdır. Belə ki, İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland Krallığı, Almaniya, Braziliya, Argentina və Azərbaycandan olan tanınmış ifaçılar Bakıda bir Caz bayramı vəd edir.
Festival çərçivəsində Bakı sakinləri və şəhərimizin qonaqları ödənişsiz konsertləri də izləyə biləcəklər. Belə ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək festivalın açılışı, QGallery-də art sərgi, YARAT Yaradıcılıq Mərkəzində caz filmin nümayişi bu qəbildən olan tədbirlərdəndir. İzləyicilər həmçinin canlı musiqi ilə City Jazz Tour avtobusu ilə paytaxtı seyr edə biləcəklər.
Caz Festivalının proqramına hər il "I am Jazzman!" caz ifaçılarının müsabiqəsi daxildir və bu müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxil olacaqlar.
Bakı Caz Festivalı haqqında ətraflı məlumatları festivalın saytından www.bakujazzfestival.com əldə etmək mümkündür.
Füzuli Dövlət Dram Teatrı mövsümü "Ayı balasının qoçaqlığı” tamaşası ilə açacaq
Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb. Teatr XXXIII mövsümünü sentyabrın 26-da Ələsgər Qurbanovun "Ayı balasının qoçaqlığı” tamaşası ilə açacaq ki, tamaşanın da quruluşçu rejissoru Asif Şirinovdur.
Tamaşanln quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Rollarda Sehran Xanlarov, Gülnar Quliyeva, Sevinc Məmmədova, İntizar Quliyeva, Elçin Məmmədov və başqaları çıxış edir.
Layihədə növbəti Seyid Şuşinskinin təqdimatı oldu
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Seyid Şuşinskiyə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. O, 1889-cu il aprelin 12-də dünyaya göz açıb.
İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb.
Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı.
O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyir, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.
Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.
Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Anar Kərimov: “Biz Qarabağı yenidən quracağıq”
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” (“Şuşa və Bakı gənclər incəsənət düşərgəsi”) adlı beynəlxalq layihə həyata keçirilib və sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində layihənin bağlanış mərasimi və yekun sərgisi təşkil olunub. Xatərladaq ki, sərgi çərçivəsində Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini ziyarət edən 16 gənc rəssamın çəkdikləri rəsmlər yer almışdı.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edib, layihənin Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib. Layihənin əhəmiyyətini qeyd edən nazir deyib: “Biz çalışırıq yaradıcı düşərgəni bütün bölgələrdə gerçəkləşdirək. Bu dəfə layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Ermənistan 30 ilə yaxın işğal altından saxladığı əzəli torpaqlarımızda tarixi-mədəni irsi dağıtsa da, biz Qarabağı yenidən quracağıq. Azərbaycan bölgədə davamlı sülhün yaradılması üçün bütün səylərini səfərbər edir. Şuşa və Qarabağın digər bölgələrini ziyarət edən rəssamlar təbiətdən ilhamlanaraq öz təəssüratlarını kətan üzərinə köçürən zaman bir növ Azərbaycanın mədəniyyət elçisinə çevrilir. Əminəm ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunun şahidi oldular. Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin mərkəzlərindən birinə çevrilməsinə dəstək olacaq”.
Daha sonra nazir gənc rəssamlara uğurlar arzulayaraq onları Azərbaycanda görməyindən məmnunluğunu ifadə etdi.
UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser Şuşanın müharibədən əvvəlki və sonrakı vəziyyətini şəkillərdə görərkən çox təsirləndiyini dedi, rəssamların ərsəyə gətirdiyi işlərin əhəmiyyətli olduğunu vurğuladı. Qeyd olundu ki, 2012-ci ildən başlanan layihə incəsənət nümayəndələrini təkcə bir araya gətirmək üçün deyil, həmçinin dünya xalqları arasında mədəni körpünün qurulmasına xidmət edir.
Layihəni dəstəkləyən bütün qurumlara təşəkkürünü bildirən Hedva Ser gənc rəssamların maraqlı yanaşmalar ortaya qoyduqlarını dedi, onlara uğurlar arzuladı.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə bir layihənin təşkilinə görə minnətdarlığını bildirdi. Müxtəlif ölkələrdən gəlmiş gənc rəssamlara azad düşüncənin və sərbəst yanaşmalarının təqdirlə qarşılandığını dedi: “Gənc rəssamların görüşü, xüsusən də müxtəlif ölkələrdə baş tutan bu qəbildən layihələr böyük təcrübə və inkişafa zəmin yaradır. İnanıram ki, işğaldan azad olunan ərazilərimizdə olan gənc rəssamlar bu duyğunu gələcək əsərlərində də tablolarda əks etdirəcəklər”.
Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin layihədə iştirak edən rəssamlar üçün çox əhəmiyyətli olduğunu deyərək bu rəsmləri Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın bir güzgüsü olduğunu qeyd etdi. Bildirdi ki, rəssamlar Qarabağı olduğu kimi əks etdiriblər.
Sonra nazir Anar Kərimov və Hedva Ser layihədə iştirak edən rəssamlara sertifikatlar təqdim etdilər.
Layihə çərçivəsində gənc rəssamların çəkdiyi rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
Sonda Nicat Aslanovun triosunun müşayiəti ilə xalq mahnılarımız və milli rəqslərimizdən ibarət caz konserti təqdim olundu.
“Sonra öyrənməyə başladım... Yağışda rəqs etməyi” -
“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Şəlalə Adilqızının şeirlərini təqdim edir.
Şəlalə Adilqızı imzasıyla şeir yazan və adətən bu şeirlərini Facebook sosial şəbəkəsində paylaşan Şəlalə Rəhimovanın 29 yaşı var. Ailəlidir, bir övladı var. İlk dəfə şeirləri yazarlar.az saytında dərc edilib. Keçmişin acılı-şirinli xatirələri, daim düşünən, kədərə qucaq açan insanlıq barədə mülahizələr Şəlalə Adilqızının lirikasının leytmotivini təşkil edir.
Qonşuya duz dalınca,
Yoxsa quzu qaytarmağa
göndərmisən uşaqları, İlahi?
Uzatdığı saqqız qədər tanıyırdı uzağı,
Qolundakı diş yeriylə ölçürdü vaxtı...
Çərpələngə ad qoyurdu: “Qaranquş”...
Parabüzən axtarırdı göndərə pay dalınca:
“Uç-uç baba, get gətir payımı... Uç!”
Dağ çayında yuyurdu ayaqlarını,
Moruq ləkəsinə qatırdı
Cızılan barmağının qanını...
Hər şeyi səndən istəyən,
Küsməyi-barışmağı bir oyunluq çəkən
Uşaqları hara göndərdin, İlahi?
Göstər getdikləri yeri...
Bu ömrü yanlış gəldik,
Qayıdaq geri...
***
Qapımı açıq qoymuşam,
Pəncərəmdən qəfəsləri sökmüşəm...
Gözlədiyim oğrunun
Uğruna dua əkmişəm
Ovcumun çat yerində...
Oğru üçün “əl kitabı” da yazıb qoymuşam
Ömrümün bir küncündə...
Gülüşlərin divarların yaddaşında,
Addımların həyətimin hər daşında,
Baxışların əl güzgümdə,
Eşqin də ürəyimdədi...
...Bir heybə də tikmişəm oğru üçün,
Naxışları sənin “dərd” dediyindəndi...
***
Qolumda tapammıram,
Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
...Nə gözəl yaşayırdıq ömrü...
Nə gözəl “hesablayırdıq” vaxtı...
“ Quşlar uçanda...”
“Kəpənək qanadında...”
“Lalələr qızaranda...”
“Sərçə içib doyanda...”
... Nə qocalığa işləyir,
Nə yarısı olurdu günümüzün...
Nə ölümə az qalır,
Nə gözü doyurdu ömrümüzün...
... Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
***
İtirilmiş krallıqdı uşaqlıq...
“Cızza” sözünə gülən,
Palçıqda ayaqyalın yüyürən,
Qumda yuvarlanan,
Şirni üçün ağlayan kral idik biz...
...Cığallığımız “Beşdaş”dakı
Beşinci daş boydaydı...
Küskünlüyümüz çəkilən
çeçələ barmaq qədər...
Kədərimiz boyumuzdan kiçikdi...
Gülüşümüz göy qədər...
...Nənəmin corabının başından çıxardığı
“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...
Böyüdük...
...İtirdik krallığımızı...
...Əcəl aldı nənəmizi...
Böyüdükcə yanlış çıxdı
Həyat barədə bütün bildiklərimiz...
***
Zirvələrə qar tez düşər,
Zirvələrdən qar gec düşər...
...Dərddi zirvə,
Dərddi qar bəzən...
Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...
...Çəkilir dərdlər,
Ağarır saçlar,
Bir-birinin başına sığal çəkmək üçün
Üst-üstə qalaqlanır yaşlar;
İnsan qocalır...
Ot basan cığırlar insan ömrünə dolandıqca
Dərd də candan bac alır;
Və bir gün, sadəcə,
Xatirəyə dönür insan...
Bir gün də onu xatırlayanların
Yaddaşında itir insan...
***
Böyüyürdüm...
Dinləyirdim
Həyatdan bəhs edən nağılları...
Düşürdü deyirdilər “üç almalar”;
Doyurmurdu həyata dair xəyalları...
Sonra öyrənməyə başladım
Sevməyi, sevinməyi,
Gülümsəməyi, qəmlənməyi,
Və yağışda rəqs etməyi,
Və ovcumdakı damlaya bir dua pıçıldayıb
Gül kökünə göndərməyi...
Bir səhər günəşdən öncə oyandım,
Ovcuma göndərdi saçaqlarını...
Yapışdım saçağından günəşin
Qaçdım yaşıllığın ətrinə sarı...
Bir simitlə mən də doydum, göyərçinlər də...
Bir udumluq sevinc oldu pambıq şəkəri...
Öyrəndim həyata dair hər şeyi;
Kiçik, saysız xoşbəxtlikləri...