Super User
Azərbaycan filmi Venesiya kinofestivalında təqdim olunub
“Banu” filmi 79-cu Venesiya kinofestivalında təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu barədə filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaella premyeradan olan fotoları sosial media hesabında paylaşaraq yazıb.
Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov rol alıblar.
Filmin prodüserliyini “Noori Pictures” şirkəti edib.
Qeyd edək ki, filmdəki hadisələr 44 günlük Vətən müharibəsi fonunda cərəyan edir.
Mədəniyyət Nazirliyi Tarix-memarlıq abidələrinin monitorinqinə başlayıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə operativ monitorinq tədbirlərinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ilkin olaraq Bakı şəhərində yerləşən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir.
Növbəti monitorinq sentyabrın 7-də Bakı şəhəri Azadlıq prospekti 22 ünvanında keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib. Həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruririliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sentyabrın 1-dən başlayan monitorinqlər nəticəsində 20-də artıq tarix-memarlıq abidəsində monitorinq keçirilib.
Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan monitorinqlər həm paytaxtda, həm də bölgələrdə yerləşən tarixi abidələri əhatə edəcəkdir. Ona görə də istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.
Mədəniyyət Nazirliyi görkəmli sənətşünas Sevil Bədəlova və rəssam Rasim Nəzirovu mükafatlandırıb
8 avqust 2022-ci il tarixində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətşünas, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevil Salman qızı Bədəlova və rəssam, dosent, sənətşünaslıq üzrə elmlər namizədi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Məmməd oğlu Nəzirov ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə uzun illər boyu Azərbaycan mədəniyyəti və incəsənətinə verdikləri töhfələri, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində rollarının qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunan Sevil Bədəlova və Rasim Nəzirova mükafatları təqdim olunub.
Qeyd edək ki, Rasim Nəzirov 1979-cu ildən etibarən ölkədaxili və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Ona məxsus olan natürmort, portret, mənzərə mövzularındakı əsərlər Gürcüstan, Rusiya, Polşa, Əfqanistan, Türkiyə və digər ölkələrdə sərgilənmişdir. O, “Məryam Ana”, “Apostol”, “Natürmort”, “Qadın portreti”, “Şərgin lampası”, “İlk zərbə”, “Toplumun oyuncusu”, “Süd yolu”, “Model” və digər əsərlərin yaradıcısıdır. Həmçinin Rasim Nəzirov “Müasir incəsənətin aktual problemləri”, “Xəttin təsviri sənətdə rolu”, “Mədəniyyətin sintezi”, “Şərgin miniatür rəngkarlığında impovizasiyanın rolu” adlı elmi məqalələrin müəllifidir.
Görkəmli sənətşünas, professor Sevil Bədəlova isə rəssam H. Nəzərov, karikaturist rəssam R. Qədimov, R. Mehdiyev və Ə. Əzimzadə adına məktəbin 60 illiyinə həsr olunan monoqrafiyaların müəllifidir. Sevil Bədəlova Rəssamlar İttifaqında çalışdığı müddət ərzində təşkil olunmuş sərgilərin bütün kataloqlarının ön sözlərinin, həmçinin “XX əsr dünya incəsənəti”, “Dekorativ tətbigi incəsənət” metodik vəsaitləri və proqramlarının, eləcə də Azərbaycan Ali Məktəb Aspirantlarının II Respublika Elmi Konfransında təqdim edilmiş “Azərbaycan Sovet Qrafika sənəti 1950-1970-ci illər” adlı məruzənin müəllifidir.
Sevil Bədəlova müxtəlif illərdə Bakı şəhərində keçirilmiş fərdi moda sərgilərinin təşkilatçısı olmuşdur.
Mükafatlandırılan sənət adamları onlara göstərilən xüsusi diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: İsa bulağı
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə müxtəlif təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Şuşanın ən məşhur bulağı olan İsa bulağına həsr olunub.
İsa Bulağı Şuşa rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli meşələrin qoynunda yerləşir. Yerli məlumata görə, İsa bulağı XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı şəxsin adı ilə bağlı olaraq belə adlandırılıb. Əlbəttə, başqa mülahizələr də var.
İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Şuşalılar və şəhərin qonaqları tez-tez orada istirahət etməyi xoşlayırdılar. Ən isti yay günlərində belə bulağın yanı həmişə sərin olur. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. İsa Bulağına gələn hər çalğıçı dəstəsinin öz xanəndəsi olardı. Xan Şuşinski də tez-tez burada çıxış edərdi.
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin işğalı altına düşən Şuşa şəhəri 28 ildən sonra, 2020-ci il noyabrın 8-də, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində işğalçılardan geri alındı. Şəhər azad edildikdən sonra Şuşanın əsas simvollarından biri sayılan İsa bulağı bərpa olundu. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözü isə milli ornamentlə yazılıb, bulağın su təminatı da tam bərpa edilib.
Məşhur yapon ifaçı Yamamoto Kyokonu Bakıda konsert verib
Sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur yapon ifaçısı Yamamoto Kyokonun “Dostluq ili” adlı konsert proqramı təqdim olunub. Və bu konsertdə Yamamoto Kyokonun ifasında yapon və dünya musiqiləri səsləndirilib.
İfalar çox bəyənilib.
Qeyd edək ki, məşhur caz ifaçısı olan Yamamoto Kyoko Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına töhfələr verib.
Venesiya kinofestivalında türk aktyorun triumfu
Türkiyəli aktyor Can Yaman 79-cu Venesiya Film Festivalında "Ən yaxşı beynəlxalq aktyor" mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən xəbər verir ki, aktyorluq karyerasını İtaliyada davam etdirən Can Yaman yeni serialın çəkilişlərinə hazırlaşır. O, çəkilişləri Macarıstanda baş tutacaq "El Turco" adlı yeni serial üçün tezliklə kamera qarşısına keçəcək. Can Yaman bu il 79-cu Venesiya Film Festivalına da qatılıb.
32 yaşlı aktyor sentyabrın 30-da yayımlanacaq "Viola Come Il Mare" serialında baş rolu paylaşdığı Françesca Çillemi ilə festivala gəlib.
İtaliyada böyük pərəstişkarı kütləsi olan Yaman mərasimdə "Ən yaxşı beynəlxalq aktyor" mükafatı ilə təltif edilib.
Günün fotosu: Ruslara qadağa!
Günün fotosu: Ruslara qadağa!
Baltika ölkələri Rusiya vətəndaşlarının buraya gəlişini məhdudlaşdırırlar. Təbii ki, səbəb Ukraynaya təcavüzdür.
Foto: Euronews
Gəlin, Adolf Hitleri yandıran adamı dinləyək
Orxan Məmmədzadənin tərcüməsində Erix Kempkanın “Hitleri mən yandırmışam” kitabına ədəbi baxış
“Ədəbiyyat və incəsənət” portalı Sevinc Ədalətqızının yazısını təqdim edir.
“Bu sonsuz dindirmələr istər-istəməz 1933-cü ildə fürerlə aramızda keçən söhbəti mənə xatırlatdı. Bu söhbət Adolf Hitlerin dövlət başçısı olduqdan bir müddət sonra baş vermişdi. Mən onu imperiya dəftərxanasından ikinci, ya da üçüncü dəfə gətirirdim. Hələ onda onun sözləri məni heyrətləndirmişdi və mən onları heç vaxt unutmayacaqdım: - Bilirsiniz, Kempka, mən buradan sağ çıxmayacağam!”
Hal-hazırda kitabxanamın xəzinəsinə daxil etdiyim qətiyyəti və zəhmiylə dünyanı lərzəyə salan məşhur diktator haqqında tarixi mənbə etibarilə qiymətli bir kitab var əlimdə. 2021-ci ildə “Mücrü” nəşriyyatının “Bir saatda tarix” seriyasında nəşr edilmiş 4-cü kitabi stedadlı və yaradıcı gənc Orxan Məmmədzadənin tərcüməsində tanış olduğumuz Erix Kempkanın “Hitleri mən yandırmışam” kitabıdır. Adıçəkilən tərcümə kitabının naşiri Müşfiq Xan, redaktoru isə Cəlil Cavanşirdir.
1951-ci ildə Almaniyada çapdan çıxmış “Hitleri mən yandırmışam” kitabı Adolf Hitlerin ən yaxın dostu və sürücüsünün şəxsi qeydlərindən ibarətdir.
Hitlerin ən yaxın silahdaşı Erix Kempkanın xatirələrinin yer aldığı bu kitab Azərbaycan dilinə ilk dəfə tərcümə olunur. Kitabda Hitlerin hansı şəraitdə dünyasını dəyişməsi ilə bağlı bir sıra maraq doğuran təzadlı məqamlara aydınlıq gətirilir. Dünyada nasizm ideyasının yaradıcısı hesab olunan alman siyasi xadim Adolf Hitlerin ölümü ilə bağlı hələ də indiyədək müxtəlif fərziyyələr mövcuddur. 1934-cü ildən onun şəxsi sürücüsü olan Erix Kempkanın xatirələrinin yer aldığı bu kitab şahid tərəfindən yazılması səbəbiylə böyük oxucu marağına səbəb olan kitablardandır.
Adolf Hitler siyasi tarix müstəvisində ən çox öyrənilən və diqqət mərkəzində qalan şəxsiyyətlər sırasındandır. Bu kitabda dünyada tənhalığı hər şeydən çox sevən nasist Hitlerin nəinki ölümü ilə bağlı məqamlar, hətta gündəlik həyat tərzi, ailəsi haqqında məlumatlar, hərb sahəsində qazandığı nailiyyətləri və düçar olduğu uğursuzluqları belə oxuculara çatdırılır. Hitlerin SSRİ-nin faşizm Almaniyası üzərində qələbəsinə dözməyərək qürurundan intihar addımını atması təsdiq edilmiş siyasi bir faktdır. Həqiqətən də 1945-ci ildə Adolf Hitler həyat yoldaşı Eva Braunla birlikdə Berlində bunkerlərin birində intihar edir. Erix Kempkanın şahid qismində danışdığı hadisələr, onun Hitlerin ölümünü gözləri ilə görməsi, cəsədinin yandırılması prosesində yaxından iştirak etməsi kitabın əsas mövzusu olsa da, kitabda fürerin qeyri-adi həyat tərzinin maraqlı məqamlarından da yan keçilməmişdir.
Hitlerin daxili dünyasına və siyasi fəaliyyətinə dərindən bələd olan gənc tərcüməçi Orxan Məmmədzadə sözügedən bu kitabı ana dilimizə kifayət qədər yaxşı tərcümə edib. Gənc tərcüməçinin bu gərgin, məhsuldar əməyi tərcüməçilik sahəsində onun ilk uğuru hesab olunur. Tərcüməçilik peşəsinin elə də asan bir sahə olmadığı məlumdur. Tərcüməçi seçilən və arzu olunan əsərin müəyyən qaydada tərcümə işini həyata keçirmək üçün ehtiyac duyulan hər hansı bir xarici dilə mükəmməl səviyyədə yiyələnməli, öncə qrammatikanı dərindən mənimsəməli, danışıq dilini təkmilləşdirməlidir. Bütün bu sadalanan mühüm şərtlərlə yanaşı o, mətnin tərcümə edilməsi prosesində məzmunu qoruyub saxlamalıdır. Kitabı oxuduqca aydın olur ki, Orxan Məmmədzadə bu məsuliyyətli peşənin öhdəsindən də layiqincə gələ bilib. Ən vacib məqam bundan ibarətdir ki, yazıçılara xas olan dərin müşahidə qabiliyyəti də gənc tərcüməçidə özünü aydın şəkildə büruzə verir.Eyni zamanda yaradıcı gəncin söz ehtiyatının zənginliyi, mətn qramatikasının sərrast, dəqiq, dil və üslub xüsusiyyətinin səlis, düşüncə tərzinin aydın ifadəsi tərcüməçilik metodunun yüksək dərəcəli peşəkarlığını əks etdirir.
Gənc tərcüməçi Orxan Məmmədzadə bu məsuliyyətli peşəsini icra edərkən Hitlerin ölümü ilə bağlı polemikaya çevrilmiş bir sıra vacib məqamlara aydınlıq gətirməyə çalışır. Odur ki, ön sözdə bir sıra tarixi, siyasi faktlara əsaslanaraq oxuculara çatdırır ki:
“Bir çoxları hələ də Almaniyanın müharibədə məğlub olmasından sonra onun başçısı olan Adolf Hitlerin Latın Amerikasına qaçdığına və 70-ci illərdə orada öz əcəli ilə vəfat etdiyinə inanır. Bu haqda çoxlu sayda sənədli filmlər çəkilib, məqalələr və kitablar yazılıb. Bu versiya həqiqətə uyğun deyil! Bu kitab fürerə bir nəfəs qədər yaxın olan şəxsin xatirələridir. Bütün xatirələrdə olduğu kimi bu xatirələrdə də müəllifin subyektiv fikirləri və hadisələrə yanaşmaları yer alıb. Bu xatirə kitabı da istisna deyildir. Bu kitabın Üçüncü Reyx tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün olduqca qiymətli olacağına şübhə yoxdur.”
Bu kitab tərcümə işindən əlavə gənc istedadın üzə çıxardığı Hitler dünyasına səyahət qismində ilk peşəkar axtarışları və tarixə siyasi baxışıdır. Eyni zamanda dünya şöhrətli fürerin həyatının indiyədək müəmmalı və qaranlıq qalan məqamlarına bir işıqdır.
Qeyd edək ki, Orxan Məmmədzadə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında" imzalanmış Layihə Sənədi çərçivəsində təşkil edilmiş Birinci Milli BMT Modeli Konfransının iştirakçısı olmuşdur. İxtisasca politoloq olan Orxan Məmmədzadə uzun illərdir ki, Azərbaycan Cümhuriyyəti tarixinin layiqli təbliğatçısıdır. Eyni zamanda ölkə başçısının sərəncamına əsasən görkəmli istiqlal şairimiz, Dövlət himnimizin söz müəllifi Əhməd Cavadın 130 illik yubileyi münasibətilə ərsəyə gəlmiş “Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz!” publisistik kitabın redaktorudur.
Bu şərəfli tarixin təbliği ilə mütəmadi məşğul olan istedadlı, yaradıcı gənc Orxan Məmmədzadənin fəaliyyətində uğurlar diləyir, həmçinin tərcüməçilik sahəsində açdığı ilk ədəbi cığırın davamlı olacağına sonsuz inam bəsləyirik.
“ O olmasın, bu olsun” tamaşası yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə sentyabrın 24-də göstəriləcək.
Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Türkel Tariqpeyma, Elməddin Dadaşov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, Murad Əliyev, Tərəna Əliyeva, Rahib və Nuray Məmmədzadələr iştirak edəcəklər.
İlk tamaşası 1911-ci ildə oynanılan bu əsərin Akademik Musiqili Teatrdakı sonuncu quruluşu Xalq artisti, rejissor Cənnət Səlimovaya aiddir.
Premyerası 1998-ci il dekabrın 4-də keçirilən səhnə əsəri 75-ci dəfə təqdim olunub.
Özbəkistanda Şah İsmayıl Xətayiyə dair unikal layihəyə imza atılıb
2019-cu ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycana dair saxlanılan əlyazmaların müəyyənləşdirilməsi və onlara dair araşdırma layihəsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanlı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən aparılan araşdırmalarda Azərbaycan ədəbiyyatına dair xeyli əlyazma nüsxələri aşkarlanmışdır.
Qeyd olunan nəşrlərin arasında böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi transfoneliterasiya edilərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəfis şəkildə nəşr edilmişdir.
1535ci ilə aid incə nəstəliq xətti ilə köçürülmüş Xətayinin anadilli “Divan”ının bu əlyazma nüsxəsi təkcə sərkərdə-şairin əsərlərinin gözəlliyi və qədimliyi baxımından deyil, habelə Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbədir.
Əlyazmanın xəttatı Azərbaycan xəttatlıq məktəbinin görkəmli nümayəndələrindən biri Şah Mahmud Nişaburidir. Əlyazmada Azərbaycan xəttatlığının, nəqqaşlığının, klassik kitabişləmə sənətinin gözəl və dəyərli elementləri öz əksini tapmışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində çap olunan “Xətayi “Divan”ının Daşkənd nüsxəsi”nin fotofaksimilelinin nəşri mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində olduqca əhəmiyyətlidir.
Nəşrə «Ön söz» yazan mədəniyyət naziri Anar Kərimov Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyətə, rəngarəng incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək əsrarəngiz ədəbiyyata sahib olduğunu qeyd edir.
Nazir vurğulayır ki, Xətayi klassik Azərbaycan poeziyasının istedadlı şairi, incəsənət bilicisi olaraq xalqımıza Azərbaycan dilinin ən gözəl inciliərindən ibarət poetik nümunələr miras qoymuşdur. O, söz, sənət ustadı olan böyük sərkərdənin qələmindən süzülüb gəlmiş poetik nümunələrin neçə yüzillərdir ki, klassik poeziyamızda, aşıq yaradıcılığında, musiqimizdə, incəsənətimizdə öz dərin təsirini göstərdiyini qeyd edir. Ön sözdə yazılır ki, şairin yaradıcılığı Azərbaycan dilinin tarixi inkişaf mərhələsini öyrənən dilçi alimlərimiz üçün də əsas meyar və zəngin bir mənbədir.
Qeyd edək ki, Şah İsmayıl Xətayinin anadilli “Divan”ının onlarla əlyazma nüsxələri dünyanın bir çox muzey və kitabxanalarında qorunub saxlanır. Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz, Ərdəbil və s. şəhərlərdə də Xətayi əsərlərinin
25-ə yaxın qədim əlyazma nüsxələri vardır. Bu əlyazmalardan ikisi isə Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunur ki, onlardan da biri prioritet nüsxədir. Həcmi 84 vərəq (168 səhifə) olan əlyazmanın səhifələri kənarları təhzib ornamentləri əks olunub. Əlyazmanın bütün səhifələrinin ətrafı və xüsusilə də “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib, qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə işlənilib.
Xətayi əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsi alimlər tərəfindən yüksək qiymətləndirilmiş və tarixi baxımdan böyük dəyərə sahibdir. Bu səbəbdən də onun kitab halında nəşri zərurəti meydana çıxmışdır.
Sözügedən əlyazmanın fotofaksimileli nəşrində əsas məqsədlərindən biri də Xətayinin qeyd olunan əlyazma əsərinin timsalında Azərbaycan kitabının zəngin tarixi, kitabçılıq sənətimizdə incəsənətin, zövq və estetikanın yüksəkliyi, milli mədəniyyətimizdə kitaba verilən yüksək dəyərin ölçüsü, ümumilikdə isə Azərbaycan poeziyası ilə incəsənətin müştərək şəkildə meydana gətirdiyi maddi mədəniyyət nümunələrini təqdim etməkdir.
Ümumilikdə “Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” nəşri klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif və nəfis incilərindəndir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycana dair qiymətli əlyazmaların tədqiqi və nəşrini həyata keçirmək üçün uzun müddətdir ki, mütəxəssilərlə birgə sistemli iş aparılır və Xətayi yaradıcılığı ilə yanaşı Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərimizin yaradıcılığına dair Özbəkistanda çoxsaylı əlyazma nüsxələri müəyyənləşdirilib və gələcəkdə onlara dair tədqiqat işləri, layihələr icra olunacaqdır.
Qeyd edək ki, yenicə çapdan çıxmış “Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.