Super User
İsveçrədəki Multikulturalizm Festivalında Azərbaycan milli rəqsləri ifa edilib
Mariya Xan-Xoyskaya Martinyoli İsveçrənin Lozanna şəhərində keçirilən Multikulturalizm Festivalında Azərbaycan milli rəqslərini ifa edib.
Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib ki, Mariya Xan-Xoyskaya Martinyoli azərbaycanlıdır, İsveçrədə “İrs” uşaq rəqs qrupunun hazırlanması ilə də mədəniyyətimizin təbliği işində iştirak edir.
Milli İncəsənət Muzeyi Fransanın Cartier Zərgərlik Evinin dəstəyi ilə bərpa edilmiş üç sənət əsərini təqdim edir
Ən dəyərlilərə həmişə önəm verilir. Azərbaycanın ən mühüm mədəniyyətə xidmət göstərən təşkilatları ilə əməkdaşlıq, habelə mədəni-maarifçilik təşəbbüslərinin reallaşdırılması brendin mədəni irsin qorunması, inkişafı və incəsənətin dəstəklənməsi ilə əlaqədar uzunmüddətli öhdəliklərinin davamı sayıla bilər. Cartier Evi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Yeddi nar çubuğu" xalq nağılının motivlərinə əsaslanan tamaşa səhnələşdirilib. 2021-ci ildə Azərbaycan Xalça Muzeyinin iştirakı ilə Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkanların sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi keçirilib və sərgi inklüziv muzey işi sahəsində inqilabi çevrilişə səbəb olub. Bundan başqa, 2021-ci ildə şəhərin əsas görməli yerləri və heyrətamiz sevgi hekayələrindən bəhs edən onlayn bələdçi yaradılıb.
Bu dəfə fransız brendi Azərbaycanın ən nüfuzlu muzeylərindən olan – Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığa başlayıb, eksponatların bərpa layihəsini dəstəkləyib, xalq sənətkarları və zərgərlərin əsərlərini bərpa etməyə yardım edib.
Muzeydən AzərTAC-a bildirilib ki, restavrasiya işləri XX əsrə məxsus, rəngli daşlarla bəzədilmiş, gümüş və metaldan hazırlanmış qadın kəməri, “buta” elementləri ilə bəzədilmiş tacşəkilli baş bəzəyi, gəlinin toy ərəfəsində bəzək əşyalarını saxladığı mücrü üzərində aparılıb. “Azərsuvenir” MMC-də “şəbəkəçi zərgər” vəzifəsində çalışan peşəkar mütəxəssis muzeyin dəvəti ilə predmetlərin bərpası üzərində işləyib və tarixi əşyaları üç ay ərzində bərpa edib. İş prosesində mücrünün üzərində bərpadan əvvəl görünməyən yazının aşkarlanması muzey komandasını çox sevindirib. Mücrünün qapağı üzərində XIII əsr fars şairi Sədi Şirazinin "Gülüstan" poemasından sətirlər həkk edilib.
“Cartier Evi uzun və zəngin tarixi boyunca müxtəlif incəsənət formalarından və dünya mədəni irsindən ilham alıb və ilham mənbəyi olan bu dəyərli irsi gələcək nəsillər üçün saxlamağa çalışıb. Şübhəsiz ki, islam mədəniyyəti Cartier-in estetik dəyərlərinə böyük təsir göstərib. Biz Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlığımızdan qürur duyur və ürəkdən ümid edirik ki, bu layihə Şərqin zərif tətbiqi sənətinə diqqəti cəlb edəcək”, - deyə Cartier şirkətinin Rusiya və MDB üzrə idarəedici direktoru Yanina Novitskaya bildirib.
Bu eksponatlar müxtəlif dövrlərdə, XIX və XX əsrlərdə yaradılıb və xalq ustalarının, mahir zərgərlərin əsərlərindən ibarətdirlər. Tədqiqatlar göstərir ki, Azərbaycanın milli qadın geyim mədəniyyətində zinət əşyaları xüsusi yerə malik olublar. Gəlin toya zinət əşyalarında çıxır və onun üzərindəki bəzəklər ailəsinin cəmiyyətdəki statusunu vurğulayırdı. Zinət əşyaları arasında kəmər və baş bəzəyi xüsusi əhəmiyyət kəsb edirdi. Kəmər gənc qadının həyatının bir mərhələdən digərinə keçidini simvolizə edirdi. Adətlərə görə, toy günü kəməri gəlinin belinə ya qardaşı, ya da atası taxırdı. Gəlinə cehiz kimi mücrü də verilməli idi. Gəlin ərinin ona verdiyi zinət əşyalarını orada saxlayırdı. Bu mücrülərdə təkcə XIX əsr zərgərləri tərəfindən hazırlanmış və gələcək nəsillərə ötürülən zinət əşyaları deyil, həm də uzun tarixə malik qiymətli xatirə əşyalar saxlanılırdı. Mücrü nə qədər dəbdəbəli görünüşə malik idisə, onun içindəki zinət əşyaları bir o qədər qiymətli idi.
“Toy mərasimi Azərbaycan xalqının ölməz və unudulmaz adət-ənənələrindən biridir. Bu ənənələrdə xalqın gözəllik sevgisi özünü aşkar şəkildə ifadə edir. Bu əşyaların hər biri öz dövrünün estetikasını simvolizə edir, xalq adətlərinin gözəlliyindən xəbər verir. Bu zinət əşyaları həm ailələrin tarixini, həm də əbədiyaşar xalq yaradıcılığını özündə təcəssüm etdirir”, - deyə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam, professor Çingiz Fərzəliyev bildirib.
Şübhəsiz ki, hər üç eksponat dünya incəsənət tarixinə məxsus olan və əvvəlki möhtəşəm gözəlliyi ilə ekspozisiya çərçivəsində nümayiş etdirilməyə layiq sənət əsəridirlər.
Bakı muzeyi üçün bu əlamətdar hadisə fərqli mədəniyyətlərin bədii üslubunun qəbul edilməsi, başa düşülməsi və yaradıcı interpretasiyasına can atan Paris Zərgərlik Evinin tarixinin 175 illik yubileyinin yeni sətri oldu. Şərq mədəniyyəti Evin üslubi repertuarının inkişafına ciddi təsir göstərib. Bu yaxınlarda Parisin Dekorativ İncəsənət Muzeyində keçirilən “Cartier və İslam incəsənəti: Müasirlik axtarışında” sərgisi bunu bir daha sübut edir. Parisdə keçirilən genişmiqyaslı ekspozisiyada Şərqin XX əsrin əvvəllərindən bu günə qədər fransız zərgərlik evinin üslubuna təsirini əks etdirən 500-dən çox eksponat təqdim olunub.
“Dekorativ-tətbiqi sənət əsərlərində: xalçalarda, tikmələrdə, bədii işləməyə malik metalda, zərgərlikdə xalqın dünyagörüşü, fəlsəfəsi özünü ən bariz şəkildə göstərir. İncəsənət əsərlərinin düzgün bərpası və konservasiyası muzeylərin ən mühüm vəzifələrindən biridir və Cartier Evinin buna kömək göstərməsi çox yaxşı haldır. Təbii ki, bu eksponatların hər birinin yüksək bədii, elmi və tarixi əhəmiyyəti var”, - deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.
Azərbaycan Milli İncəsənət Muzeyinin Cartier Evi ilə yaradıcı əməkdaşlığı XX əsrin əvvəllərində İslam mədəniyyətinin ciddi təsirinin xatirəsinə çevriləcək və diqqəti bir daha Şərq tətbiqi sənətinə cəlb edəcək. Bu, ekspozisiyaya gələn ziyarətçilərin bərpa olunmuş əşyalardan ilham alması və müxtəlif dövrlərin ustad sənətkarları ilə tanış olması üçün gözəl fürsətdir, çünki layihənin əsas məqsədi sənətkarlıq və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır
Nigar Rəfibəylinin şeirləri Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “litprichal.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin rus dilinə tərcümə edilmiş “Neyləyim ”, “ Sevda kimiyəm”, “ Çiçəklər ” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – tanınmış Rusiya tərcüməçiləri Mark Şexter və Vladimir Portnovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “litprichal.ru” portalı mütəmadi olaraq səhifələrində A.Puşkin, A.Fet, S.Yesenin, A.Ahmatova, M.Svetayeva, O.Mandelştam kimi korifey şairlərin yaradıcılığını işıqlandırır.
ANAİB “Qarabağa kitabla gedirik!” adlı layihə həyata keçirib
Xəbər verdiyimiz kimi, uik-end günlərində Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşəbbüsü ilə Heydər Əliyev adına park-bulvarda “Qarabağa kitabla gedirik!” adlı tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, olduqca maraqlı keçən tədbir çərçivəsində ANAİB “I Bilik kitab sərgisi” adlı kitab yarmarkası təqdim edib.
Və tədbirin də bədii hissəsini Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami Rayon Mədəniyyət Mərkəzi hazırlayıb. Tanınmış yazıçılar və şairlərin imza saatları, poeziya dəqiqələri və gənc müğənnilərin ifasında canlı musiqilər ifa olunub. Həmçinin “Aysel” və “Azad” rəqs qrupları rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.
Ən əsası, kitabsevərlər endirimli qiymətlərlə kitab əldə edə biliblər.
Qeyd edək ki, layihənin ideya müəllifi ANAİB-in sədri Şəmil Sadiqdir.
“Şuşa mədəniyyətinin inciləri”: “Açma-yumma” xalçası
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Açma-yumma” xalçasına həsr olunub.
“Açma-yumma” xalçaları qədim zamanlardan bəri Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Papı və Sofulu kəndlərində, XVIII əsrdən bəri isə Şuşa şəhərində və onun yaxınlığındakı Xəlfəli, Şırlan qəsəbələrində, həmçinin Xocavənd rayonunun toxuculuq mərkəzlərində də toxunulub.
Xalçanın ara sahəsini bir-birinin arxasınca ritmik düzülmüş rombşəkilli, dilikli göllər bəzəyir. Göllərin ətrafındakı açılıb-bağlanan diliklərin quruluşuna görə sənətkarlar bu xalçaları “Açma-yumma” adlandırırlar.
“Öz yetim, söz yetim, hər nə var yetim” – Güneyli şair Mehdi Qəmsizin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında bu dəfə sizə şair Mehdi Qəmsizin şeirlərini təqdim edirik. Rubrikanı portalımızın Güney Azərbaycan nümayəndəsi Əli Çağla aparır.
Mehdi Qəmsiz
Qəmsiz təxəllüsü ilə tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur. Şeirlərində ictimai motiv də var, sevgi də var. Sətirlərdə lirik qəhrəmanın hər cür iztirabları da əks olunur, sevinci də.
DƏLİXANA
Salonun dibindən tanış səs gəlir,
Yenə də vaxtıdır qapılar: “Taq-taq”!..
Oyanıb röyadan baxıram sənə,
Bura dəlixana, sonuncu otaq.
Bu il gəlişinə çox inanmışam,
Yalnız mən deyiləm, hər kəs inanıb.
Gündüzlər bu yollar yolunu güdüb,
Gecələr lampalar dalınca yanıb.
Dərdimi əzbərdi pəncərələr də,
Bu tozlu camlarda nağıllar batıb.
İçəri üzündə, ayaq başında,
Bəbəklər tökülüb dənizlər yatıb.
Ağ donlu mələklər gəlib gedərlər,
Beynimi gəzməkdən yorulmayırsan.
Uzaqdan hamısı sənə bənzəyir,
Yaxına gələndə sən olmayırsan.
Canımda saf yerim elə qalmayıb,
Qolumda iyirmi sant yerin qalıbdır.
Dışarı üzümü iynə yerləri,
İçəri üzümü dərdin alıbdır.
“Yaz olub” – deyirlər dışarılarda,
Bulaqlar qaynayar, günəş nur saçar.
Gəlsənə fərş olum ayaqlarında,
O zaman bu xalça çiçəklər açar.
Gələcəksən deyə qiyamət qopub,
Bəzənib divarlar, geyinib yataq.
Hər əldə bir şəkil ərköyünləşir,
Bura dəlixana, sonuncu otaq.
YETİMXANA
Səhər saat yeddi, səslər ucalır,
Görəsən buraya gələn anadır?
Neçə ildir yolun gördüm burada,
Burası susduğum yetimxanadır.
Pəncərələr güdür yolunu hər gün,
Şüşələr ağlayır, dərdlilər kimi.
Ay ana hardasan? Bura gəlsənə,
Görəsən yetimdən yetim sevgimi.
Yuxuna dalıram hər yatdığımda,
Düzdür görməmişəm heç zaman səni.
Mənim röyadakı surətinlə gəl, -
Gör necə canladır hər zaman məni...
Qısırlar gəlirlər uşaq almağa,
Gedirəm qabağa alsınlar məni.
Burda tək başıma qalmaqdansa, ah!
Öz ürəklərinə salsınlar məni...
Pillələr əzbərdi dərdlərimizi,
Ağlayıb qaçardım, gülüb qaçardım.
Gahdan pozğunlaşıb, gahdan oturub,
Yaranış köksünə biçaq saçardım.
Mən yazıq deyiləm, belə baxmayın,
Sözümə hər yanıt candır, canadır.
Sevgimə, zövqümə baxsanız, bura –
Hələlik susduğum yetimxanadır.
DARIXMALARDA
Gözəl bir duyğu var darıxmalarda,
İnsanı özündən aparıb gedər.
Vaxtsız ölüm kimi yaxadan tutub,
Ruhunu bədəndən qoparıb gedər.
Gözəl bir duyğu var darıxmalarda,
Zaman tərsəsinə fırlanır sanki.
Yaşamın anlamın bilməyəndə sən,
Həyatda ürəyin bulanır sanki.
Gözəl bir duyğu var darıxmalarda,
Yalnızca qalmağı tərcih edirsən.
Bəzən sığınırsan xatirələrə,
Güvənib siqara, yolu gedirsən.
Gözəl bir duyğu var darıxmalarda,
Sanki darıxmalar doğurlar səni.
Bir az sayğılı ol sən bu şəhərdən,
Şəhər yol kəsəndir, oğurlar səni.
GƏLMƏK İSTƏSƏN
İstirsən gedəsən, tutmuram, amma –
Geyinər gözlərim yaşını hər gün.
Xəyalın boylanıb göylərdən bura,
Könlümə saplayar qaşını hər gün;
Geyinər gözlərim yaşını hər gün.
Sevincək cumaram qaranlıqlara,
Gilən kimi günüm qara olmasa.
Bağrıma basdığın güllü yastığın,
Gecələr qanayan yara olmasa;
Gilən kimi günüm qara olmasa.
Hər zaman burdakı hər nədə varsan,
Salaram ətrini ürəyimə mən.
Qocalıq yaddaşım ağlın itirsə,
Döyərəm adını biləyimə mən;
Salaram ətrini ürəyimə mən.
Yıxaram dünyanı ayaqlarına,
Əlimdə çiçəklər ayağın öpər.
Ruzgarlar qaldırıb səni göylərə,
Göydə gəzəyənlər barmağın öpər;
Əlimdə çiçəklər ayağın öpər.
And olsun səsinə, “tək” boş yerim var,
Sən gəlmək istəsən özünü gətir.
Baldan şirin dadan sözün, söhbətin,
Gözəllik oylağı gözünü gətir;
Sən gəlmək istəsən özünü gəti
ATA
Əlimdən üzüldü bütün varlığım,
Əllərim gözümdə ağlaya bildim.
Əlini əlimdə tuta bilmədim,
Durmadan könlümü dağlaya bildim.
Zəng açıb titrədin, oyaldanmadın,
Ürəyinlə yatan sonuncu sözü.
Alışdım, gözümdən yaşam ələndi,
Bu kəz ayrılığın sonuncu üzü.
Nə var uzaqlarda, yerin xoşdumu?!
Arxanca işığın paylayır gözüm.
Yaşımı azdan az demişdin mənə,
Bu yaşda yaşama necə mən dözüm?!
Ovcumda su oldun, axdın əlimdən,
Əlimi bərkidib tuta bilmədim.
İşıq sürətində dalınca qaçdım,
Yenə də mən sənə çata bilmədim.
Kimsə inanmayır getmisən deyə,
Yaxşı insanlar da gedərlər bəyə?
Oğlunun bəyliyin geydirməmişdən,
Özündən əyninə kəfənmi geyə?!
Öz yetim, söz yetim, hər nə var yetim,
Dünyamı alıbsan, dünyasın satan.
Sərildim qəbrinə dostlarım dedi:
“Qalx, başın sağ olsun, inciyər atan.”
Qeyd: Şeirlərin dərci zamanı müəllifin orfoqrafiyasına toxunulmamışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Həbib Nadir oğlu Məmmədlinin, İlahə Taleh qızı İsmayılovanın və Afət Bəşir qızı Qarayevanın apellyasiya şikayətlərinə baxılmışdır.
İclas zamanı Həbib Məmmədlinin və İlahə İsmayılovanın müsahibələrlə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzinin 23 avqust 2022-ci il tarixli PMŞ/3-2-2022-2320 nömrəli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur.
Afət Qarayeva Şuranın iclasında iştirak etmədiyindən onunla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onun iştirakı olmadan müzakirə edilmişdir. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.
Həbib Nadir oğlu Məmmədlinin şikayəti ilə bağlı qəbul edilən Qərara əsasən 5 avqust 2022-ci il tarixində onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilmişdir.
Afət Bəşir qızı Qarayevanın və İlahə Taleh qızı İsmayılovanın şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən isə həmin namizədlərlə müvafiq olaraq 25 iyul və 3 avqust 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
Latviyada Nizami Gəncəviyə həsr edilmiş simpozium təşkil edilib
Əlbəttə ki, böyük Nizamiyə dünyada maraq böyükdür və bu da olduqca sevindirici haldır.
Sentyabrın 12-də Latviyanın paytaxtı Riqada “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun universal dəyərlərin təbliğinə təsiri” mövzusunda simpozium keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Milli Kitabxanasından mediaya sızan informasiyaya istinad edərək bildirir ki, tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov açaraq əvvəlcə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb.
Sonra Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freiberga, Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers və Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukāne giriş nitqləri ilə çıxış ediblər.
Simpoziumda Azərbaycan Milli Kitabxanasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib.
Bildirib ki, Azərbaycan xalqı qədim və zəngin ədəbiyyata və mədəniyyətə malikdir və bu ədəbiyyatın görkəmli nümayəndələrindən biri də XII əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Ə.İsmayılova əvvəlcə iştirakçılara böyük mütəfəkkir Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verərək, onun dünyaca məşhur “Xəmsə”sinə daxil olan poemalarında ümumbəşəri dəyərlərin, haqq və ədalətin, insanlar arasında dostluğun və əməksevərliyin təcəssümünün geniş yer aldığını, şairin ədəbi irsinin təməlində humanizm, ədalətli cəmiyyət və dövlət, insanın hüquq və azadlıqları, insanlar və xalqlar arasında dostluq münasibətlərinin təcəssümünün təşkil etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Ə.İsmayılova qeyd edib ki, ötən il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olub. Dahi şairin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2021-ci ili bütövlükdə “Nizami Gəncəvi İli” elan etmiş və ilboyu həm ölkəmizdə, həm də xarici ölkələrdə böyük şairin yaradıcılığının və ideyalarının təbliği məqsədilə çoxlu sayda tədbirlər – elmi konfranslar, kitab sərgiləri və təqdimatları, simpoziumlar, ədəbi-bədii məclislər və digər tədbirlər keçirilib.
Çıxışının davamında natiq, “Nizami Gəncəvi İli” ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihələrdən bəhs edib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qaytarılması” layihəsi çərçivəsində dünya milli kitabxanalarında qorunan Azərbaycan ədəbiyyatı klassiklərinə məxsus əlyazmaların rəqəmsal nüsxələrinin ölkəyə gətirilməsi istiqamətində mühüm işlər görüb. Əldə edilən əlyazma surətləri əsasında kitabxananın əməkdaşları tərəfindən elektron məlumat bazaları hazırlanıb. Bu cür məlumat bazalarını yaradarkən kitabxana mütəxəssisləri təkcə kitabxananın fondunda olan sənədlərdən deyil, digər kitabxanaların və internet resurslarının materiallarından da (təbii ki, müəlliflik hüququ şərtləri daxilində) istifadə edirlər. Sonra o, “Nizami Ganjavi’s heritage in world libraries” adlı Elektron məlumat bazasını tədbir iştirakçılarına nümayiş edib. Qeyd edib ki, Elektron məlumat bazasında Nizami Gəncəvinin “Xəmsə”sinin 155 nüsxəsi toplanıb. Bu əlyazmaların elektron nüsxələri Nizami ilində Türkiyə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Çexiya, Rusiya və Qazaxıstanın kitabxana və muzeylərindən Milli Kitabxanaya daxil olmuşdur. O, elektron baza üzərindən iştirakçıları Britaniya, Türkiyə, Çexiya, Fransa kitabxanalarından, eləcə də Tehran və Mançester Universitet kitabxanalarından əldə edilən nüsxələrlə əyani şəkildə tanış etmişdir. Çıxışının sonunda Ə.İsmayılova Milli Kitabxananın yubiley hədiyyəsi kimi nəşr etdiyi və 8 minə yaxın məxəzi özündə əks etdirən “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını da tədbir iştirakçılarına təqdim edib.
Tədbirin davamında Koreya Tədqiqatları Mərkəzinin rəhbəri, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins “Nizaminin elm və fəlsəfə kontekstində rolu” mövzusunda, Jazeps Vitols adına Latviya Musiqi Akademiyasının musiqişünaslıq kafedrasının professoru Boriss Avramecs “Musiqidə Nizami” mövzusunda, texnika elmləri doktoru, professor Nigar Sultanova “Nizami poemalarının filoloji tərcüməsinin subtletləri” mövzusunda çıxışlar dinlənilib.
Tədbirin sonunda Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat Mübadilə fondundan “Nizami Gəncəvi. Xəmsə”, “Yevgeni Bertels. Böyük Azərbaycan şairi Nizami” (Azərbaycan və ərəb dillərində), “Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının mədəniyyətlərarası dialoqda rolu (yunan dilində)”, “Nizami Gəncəvi. Biblioqrafiya”, “Р.Аббаслы. Низами Гянджеви Тюркский Поэт” adlı kitabları və “Sözləri Nizaminindir” adlı disk albomunu Latviya Milli Kitabxanasının fonduna hədiyyə edib.
Günün fotosu: Ukrayna torpaqları azad olunmaqdadır
Günün fotosu: Ukrayna torpaqları azad olunmaqdadır
Ukrayna ölkənin şərqində torpaqlarını azad etməkdədir. Artıq 2000 kv km ərazi düşməndən geri alınıb.
Foto: Euronews
Onu ən çox çörək verdiyi naxələflər yaraladılar – Araz Zeynalovsuz 40 gün
Aida Eyvazlı yazır
40 gündür aramızda olmayan həqiqətən də böyük journalist Araz Zeynalovdan bu müsahibəni 1999-cu ilin yanvar ayının ortalarında “168 saat”qəzeti üçün almışdım. İndi həmin müsahibəni kiçik redaktə ilə yenidən yazıram. Onunla söhbətimi, həmin illərdə dəbdə olan “Mister-X” qəzeti də vermişdi. Çünki çoxları üçün Araz Zeynalov həmin illərin “Mister X” serialının qəhrəmanı qədər sirli, müəmmalı şəxsiyyət idi.
Sizə təqdim etdiyim bu müsahibə bir növ blitz-müsahibədir. Lakin burada jurnalistikada xüsusi məktəb yaradan Araz Zeynalovun xarakterini açan maraqlı çalarlar var.
“Yazı-pozu adamı” rubrikamızın bugünkü qonağı “Panorama” qəzetinin baş redaktoru Araz Zeynalovdur. Baş redaktoru olduğu qəzetində işlədiyim hazırcavab Araz Zeynalovla müsahibə almağa hazırlaşarkən, çaşmamaq üçün suallarımı da əvvəlcədən hazırlamışam. Əslində, kollektivdə başımızın üstündə baş redaktorun xofu da yoxdur. Azad, müstəqil bir mühitdə işləyirik. “Panorama” qəzetini Araz Zeynalov öz qayğısı ilə bizim evimizə çevirib.
“Araz Zeynalov kimdir?” sualıma müsahibim belə cavab verdi ki, “Araz Zeynalov - Hidayət Zeynalovun oğludur”.
-Bəs sonra?
-Sadə bir azərbaycanlı balası, dostlarını, elini-obasını sevən bir insan, hər an, hər zaman tapdaq altında qalan torpaqlarımızın qayıtmasını gözləyən vətəndaş.
- Ata-anası jurnalist olan Araz Zeynalov niyə ailə dinastiyasını davam etdirməli oldu ?
- Ağlım söz kəsəndən evimizdə jurnalistləri görmüşəm. Atam və anam “Kommunist” qəzetində işləyiblər. Təbii ki, onların əhatəsində əsasən jurnalistlər olublar. Onların söhbətləri, evimizdəki qəzet çoxluğu istər-istəməz məndə jurnalist dünyasına maraq oyatdı. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, hər bir gəncin arzuladığı “Azərbaycan gəncləri”qəzetində fəaliyyətə başladım. Yaşlı nəsillə gənc nəslin sintez təşkil etdiyi bu qəzetdə çox şey öyrəndim. Bu gün “Panorama” qəzetində işlədiyimə görə, yenə də “Azərbaycan gəncləri” qəzetinə minnətdaram. Bu qəzet mənim üçün həmişə birinci qəzet olaraq qalır.
-“Panorama” qəzeti bir mahnının sözlərində deyildiyi kimi, “Biz mehriban ailəyik” fikrini tamamlayırmı?
- “Panorama” qəzeti sözün əsil mənasında mənim üçün ikinci ailədir. Çox şadam ki, bizim uşaqlar ailə kodeksinə can-başla riayət edirlər.
-Bəs “Panorama” qəzeti haqqında “dağılır”, “bağlanır” kimi söz-söhbətlər nədən yaranır? Yoxsa ki, “Od olmasa, tüstü çıxmaz” məsələsidir?
- Bu yəqin ki, bizi gözü götürməyənlərin yaratdıqları söz-söhbətlərdir. “Panorama” qəzeti yarandığı üç il müddətində respublikanın oxunaqlı, aparıcı və tanınan qəzetləri səviyyəsinə qalxıb. Əgər qəzetdən kimsə gedirsə, iş yerini dəyişirsə, bu, belə boş söz-söhbətlərin yaranmasına əsas vermir. Fəaliyyətə başladığı gündən qəzetə gələnlər də olub, gedənlər də olub. Bu da təbii prosesdir.
- Bilirəm ki, Araz dostlarını çox sevir. Onun üçün dost anlayışı nədir?
- Mənim üçün dost gecə saat 3-də çağırışıma gələn adamdır. Mən belə dostluğu qəbul edirəm. Şərəfinə badələr qaldırılan, sağlıqlar deyilən dostların çoxu elə həmin məclislərdə qalır. Dostu darıxmaq xatirinə deyil, qəlbində boşluq olanda, çətin günlərdə ürəyini boşaltmaq, kömək ummaq üçün axtarırsan. Dostluq gərək ürəkdən, qəlbdən gəlsin. Özünü dost göstərmək üçün çalışmaq lazım deyil. O, münasibətlər zəminində, sınaqlarda yaranır.
-Dostun qadın və ya kişi olmasının fərqi varmı?
-Yəni qadından kişiyə dost olar? Qadından yoldaş ola bilər, vəssalam!
-Səncə, qadın necə olmalıdır?
-Qadın?... İlk növbədə bizi dünyaya gətirən qadınlardır. Qadın anadır, bacıdır, gizli dünyadır.
- Bəs sevgi, məhəbbət?
- Sevgi insanı özündən alan duyğudur, sevgi ürək döyüntüsüdür, həyəcandır. Bu hissləri ürəyindən keçirən adamlar xoşbəxtdirlər.
-Oxuduğun məhəbbət əsərlərində özünü hansı qəhrəmana bənzətmisən?
- Çox sevgi əsərləri oxumuşam. Hər birində özünəməxsus sevən kişi obrazı ilə rastlaşmışam. Lakin bəzən həyatda üzləşdiyin epizod əsərdəkilərindən də yaddaqalan olur. Mənim yaxın dostum var. Eyni sinifdə oxumuşuq. (Əslində həmin yaxın dost deyəndə özünü nəzərdə tuturdu. Mənə demişdi ki, bunu yazsan belə yazarsan. A.E.) Yadımdadır. Bir dəfə o sevgilisi ilə görüşə gedirdi. Fikirləşib ki, görüşə hansı hədiyyə ilə getsin? Fransız ətri, bir dəstə gül aparmaq fikrindən vaz keçib. Dostları ilə Bakıdakı Nəbatət bağına gəlib. Gizlicə hasarı aşaraq çarhovuza yaxınlaşıb. Suya girib çarhovuzun ortasında süzən “Nilufər” gülünü (Nilufər gülü axarı olmayan göllərdə, çarhovuzlarda bitir) qopararaq, görüşə yollanıb. Mən sevən cavanlara arzu edərdim ki, sevdiklərinə qiymətli hədiyyədənsə, unudulmaz anlar bəxş etsinlər.
Arazın bu maraqlı əhvalatı danışdığından sonra xeyli gülürük. Və mən sual verməyi unuduram. Arada pauza yaranır. Araz özü gülə-gülə deyir: “Hə, sualları ver, nə oldu?”.
-Araz, danışdığln əhvalatdan sonra, suallarımı unutdum ...
-Nilufər gülü səni çaşdırdı deyəsən,-deyib, zarafatından qalmır.
-Daha nəyi sevir Araz?
-Həyatı sevir. Həyatdan zövq almağı sevir. Dünyaya standart pəncərələrdən baxmır.
-Araz, “Panorama” kollektivi üçün keçirdiyin məclislərdə daha çox lirik mahnılar sifariş verirsən. Ən çox da “Ö gözlər kimi...” mahnısını... Fikir vermişəm, yeni mahnılara sənin də meylin yoxdur. Bu yaxışıdır, ya pis?
-Adətən deyirlər , insan sabahla yaşamalıdır. Mən bununla razılaşmıram. Nədənsə məndə nostalji hissi güclüdür. Odur ki, keçmiş mahnıları dinləməkdən zövq alıram, bir növ cavanlaşıram.
- Belə də deyirlər ki, yaman dalaşqan olmusan. Hətta milis məntəqəsində də saxlanıldığın olub.
- Uşaqlıqda çox dalaşqan olmuşam. Dağlı məhəlləsindəki 225 nömrəli məktəbdə oxumuşam. Sinfimizdə lider idim. Həmisə kimləsə dalaşırdım. Hətta neçə dəfə milisə də düşmüşəm. Heç unutmaram, bir dəfə, daha doğrusunu desəm, 13 il bundan əvvəl dənizkənarı parkda indiki tanınmış jurnalist dostlarımla gəzməyə çıxmışdıq. Gecə saat 12 idi. Bir milisoner bizdən soruşdu ki, gecə vaxtı niyə gəzişirsiniz, 25 manat pul verin, sizinlə işim olmasın. Mən də onu “prikola” tutdum. Sözümüz çəp gəldi. Gücü fitə çatdı. Iki milis maşını gəldi və bizi indiki Səbail rayon Polis İdarəsinə apardılar. Bir az saxlandıqdan sonra prokuror gəldi. Dindirilmə zamanı səlist cavablarımız onu qane etdi. Bizi buraxdılar.
-“Panorama” qəzeti ilə bağlı hansı maraqlı hadisəni söyləyə bilərsən?
- Birinci gün redaktor kimi işə çıxmışdım. Yaman həyəcanlı idim. Tez-tez zənglər olurdu. Növbəti dəfə telefonun dəstəyini qaldıranda soruşdular ki, “Gəmi gedəcək?”. Mən də məsul katibə zəng vurub soruşdum: “Gəmi gedəcək?”. Katiblikdə işləyənlər də başladılar qovluqların içərisindən gəmi haqqında yazıları axtarmağa. Yazı tapılmadığından, telefonun o başında məndən cavab gözləyən vətəndaşa dedim ki, gəmi getməyəcək. Sonra soruşdu ki, “Bəs Krasnovodska necə gedək?”.
Nəhayət, məlum oldu ki, kabinetimdəki telefon nömrəsi bir neçə gün bundan əvvələ kimi dəniz limanına məxsus imiş. Sonradan nömrə bizə verilib. Belə maraqlı əhvalatlar çoxdur. Daha sualın yoxdur ki?
- Suallarım çoxdur... Lakin bilirəm ki, qəzetin materialların oxumalısan... Bu qədər işin içərisində mənə vaxt ayırdığına görə çox sağ ol”.
***
P.S. Çox dəyərli, yeri hər zaman aramızda görünən Araz Zeynalovdan aldığım bu müsahibəni 1999-cu illərin qayda və meyarı ilə ölçsəniz, deməyəcəksiniz ki, zəif müsahibədir. Təbii ki, ömrümüzün bu yaşında əziz dostumuz müsahibə verməyə razı olsaydı, daha bitkin, daha dərin söhbətlər edəcəkdik. Araz Zeynalovla bəzən illərlə görüşmürdük. Ancaq hər zaman telefon zəngimiz olurdu. Araz narahat idi. Bütün yaxın dostları üçün, işsiz qalan “Panorama”çılar üçün. İşsiz olduğum üçün hər yerdən mənim üçün uyğun iş soraqlayırdı. Və bütün söhbətlərimizin sonunda təəssüf və ümüdlə sağollaşırdıq. O təəssüfün içərisində Araz Zeynalovun özünün “Panorama” qəzeti bağlanandan sonra 10 il işsiz qalmağı da var idi... Araz Zeynalovun ürəyinə həmin illər çox kədərli naxışlar vurdu. O kədər naxışlarının buraxdığı izlər Arazı aramızdan tez apardı... O izlərin içərisində çörək verdiyi, iş verdiyi, qurduğu məclislərində süfrəsinin başında əyləşən o qədər unudanlar var idi ki...
Araz Zeynalov özünün dediyi ki, nostalji ilə yaşayan insan idi. O nostaljilər də mərd Arazı, dosta dəyər verən Arazın ürəyini yaraladı, onu bizdən ayırdı...
Əziz dostum, dar və ağır günlərimdə “Qara günün ömrü az olar” –deyən qardaşım, heyif səndən. Araz kimi oğul, dost hər zaman doğulmur... Onun dəyərini bilən dostlarımız əslində çox xoşbəxtdirlər, çünki nə vaxtsa Araz kimi bir insanı görmüşdülər...
Eh... Araz, Araz. Xan Araz,
Sultan Araz, Xan Araz...