“Öz yetim, söz yetim, hər nə var yetim” – Güneyli şair Mehdi Qəmsizin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında bu dəfə sizə şair Mehdi Qəmsizin şeirlərini təqdim edirik. Rubrikanı portalımızın Güney Azərbaycan nümayəndəsi Əli Çağla aparır.

 

Mehdi Qəmsiz

 

 

Qəmsiz təxəllüsü ilə tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur. Şeirlərində ictimai motiv də var, sevgi də var. Sətirlərdə lirik qəhrəmanın hər cür iztirabları da əks olunur, sevinci də.

  

 

DƏLİXANA

 

Salonun dibindən tanış səs gəlir,

Yenə də vaxtıdır qapılar: “Taq-taq”!..

Oyanıb röyadan baxıram sənə,

Bura dəlixana, sonuncu otaq.

 

Bu il gəlişinə çox inanmışam,

Yalnız mən deyiləm, hər kəs inanıb.

Gündüzlər bu yollar yolunu güdüb,

Gecələr lampalar dalınca yanıb.

 

Dərdimi əzbərdi pəncərələr də,

Bu tozlu camlarda nağıllar batıb.

İçəri üzündə, ayaq başında,

Bəbəklər tökülüb dənizlər yatıb.

 

Ağ donlu mələklər gəlib gedərlər,

Beynimi gəzməkdən yorulmayırsan.

Uzaqdan hamısı sənə bənzəyir,

Yaxına gələndə sən olmayırsan.

 

Canımda saf yerim elə qalmayıb,

Qolumda iyirmi sant yerin qalıbdır.

Dışarı üzümü iynə yerləri,

İçəri üzümü dərdin alıbdır.

 

“Yaz olub” – deyirlər dışarılarda,

Bulaqlar qaynayar, günəş nur saçar.

Gəlsənə fərş olum ayaqlarında,

O zaman bu xalça çiçəklər açar.

 

Gələcəksən deyə qiyamət qopub,

Bəzənib divarlar, geyinib yataq.

Hər əldə bir şəkil ərköyünləşir,

Bura dəlixana, sonuncu otaq.

 

 

YETİMXANA

 

Səhər saat yeddi, səslər ucalır,

Görəsən buraya gələn anadır?

Neçə ildir yolun gördüm burada,

Burası susduğum yetimxanadır.

 

Pəncərələr güdür yolunu hər gün,

Şüşələr ağlayır, dərdlilər kimi.

Ay ana hardasan? Bura gəlsənə,

Görəsən yetimdən yetim sevgimi.

 

Yuxuna dalıram hər yatdığımda,

Düzdür görməmişəm heç zaman səni.

Mənim röyadakı surətinlə gəl, -

Gör necə canladır hər zaman məni...

 

Qısırlar gəlirlər uşaq almağa,

Gedirəm qabağa alsınlar məni.

Burda tək başıma qalmaqdansa, ah!

Öz ürəklərinə salsınlar məni...

 

Pillələr əzbərdi dərdlərimizi,

Ağlayıb qaçardım, gülüb qaçardım.

Gahdan pozğunlaşıb, gahdan oturub,

Yaranış köksünə biçaq saçardım.

 

Mən yazıq deyiləm, belə baxmayın,

Sözümə hər yanıt candır, canadır.

Sevgimə, zövqümə baxsanız, bura –

Hələlik susduğum yetimxanadır.

 

 

DARIXMALARDA

 

Gözəl bir duyğu var darıxmalarda,

İnsanı özündən aparıb gedər.

Vaxtsız ölüm kimi yaxadan tutub,

Ruhunu bədəndən qoparıb gedər.

 

Gözəl bir duyğu var darıxmalarda,

Zaman tərsəsinə fırlanır sanki.

Yaşamın anlamın bilməyəndə sən,

Həyatda ürəyin bulanır sanki.

 

Gözəl bir duyğu var darıxmalarda,

Yalnızca qalmağı tərcih edirsən.

Bəzən sığınırsan xatirələrə,

Güvənib siqara, yolu gedirsən.

 

Gözəl bir duyğu var darıxmalarda,

Sanki darıxmalar doğurlar səni.

Bir az sayğılı ol sən bu şəhərdən,

Şəhər yol kəsəndir, oğurlar səni.

 

 

GƏLMƏK İSTƏSƏN

 

İstirsən gedəsən, tutmuram, amma –

Geyinər gözlərim yaşını hər gün.

Xəyalın boylanıb göylərdən bura,

Könlümə saplayar qaşını hər gün;

Geyinər gözlərim yaşını hər gün.

 

Sevincək cumaram qaranlıqlara,

Gilən kimi günüm qara olmasa.

Bağrıma basdığın güllü yastığın,

Gecələr qanayan yara olmasa;

Gilən kimi günüm qara olmasa.

 

Hər zaman burdakı hər nədə varsan,

Salaram ətrini ürəyimə mən.

Qocalıq yaddaşım ağlın itirsə,

Döyərəm adını biləyimə mən;

Salaram ətrini ürəyimə mən.

 

Yıxaram dünyanı ayaqlarına,

Əlimdə çiçəklər ayağın öpər.

Ruzgarlar qaldırıb səni göylərə,

Göydə gəzəyənlər barmağın öpər;

Əlimdə çiçəklər ayağın öpər.

 

And olsun səsinə, “tək” boş yerim var,

Sən gəlmək istəsən özünü gətir.

Baldan şirin dadan sözün, söhbətin,

Gözəllik oylağı gözünü gətir;

Sən gəlmək istəsən özünü gəti

 

 

ATA

 

Əlimdən üzüldü bütün varlığım,

Əllərim gözümdə ağlaya bildim.

Əlini əlimdə tuta bilmədim,

Durmadan könlümü dağlaya bildim.

 

Zəng açıb titrədin, oyaldanmadın,

Ürəyinlə yatan sonuncu sözü.

Alışdım, gözümdən yaşam ələndi,

Bu kəz ayrılığın sonuncu üzü.

 

Nə var uzaqlarda, yerin xoşdumu?!

Arxanca işığın paylayır gözüm.

Yaşımı azdan az demişdin mənə,

Bu yaşda yaşama necə mən dözüm?!

 

Ovcumda su oldun, axdın əlimdən,

Əlimi bərkidib tuta bilmədim.

İşıq sürətində dalınca qaçdım,

Yenə də mən sənə çata bilmədim.

 

Kimsə inanmayır getmisən deyə,

Yaxşı insanlar da gedərlər bəyə?

Oğlunun bəyliyin geydirməmişdən,

Özündən əyninə kəfənmi geyə?!

 

Öz yetim, söz yetim, hər nə var yetim,

Dünyamı alıbsan, dünyasın satan.

Sərildim qəbrinə dostlarım dedi:

“Qalx, başın sağ olsun, inciyər atan.”

 

Qeyd: Şeirlərin dərci zamanı müəllifin orfoqrafiyasına toxunulmamışdır.

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.