Super User

Super User

Şənbə, 10 Sentyabr 2022 13:00

Anam həyatın ağır zərbələrinə dözüb

“Ədəbiyyat və incəsənət” moderator.az saytına müsahibə verən Cahangir Novruzovun bəzi cavablarını oxucularına təqdim edir. Xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov anası haqda xatirələrini də bölüşüb.

 

“Anam həmişə deyirdi ki, "sənət bir dənizdir, dəniz ölü balıq saxlamaz". Əgər sən sənətdə heç bir şey etməsən, ölü sənətkar olsan sənətin dalğası səni bir tərəfə atacaq. Anam mənə uşaqlıqdan işimdə tələbkar olmağı öyrədib.”

 

“Türkiyəyə əslində gedib qayıdacaqdım. Fikirləşirdim ki, 4-5 il gedib qalım, sonra geri qayıdım. Qoymadılar geri dönüm, mənə burada yuva tikdilər. Burada pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrim məni çox istəyirlər, universitet kollektivim mənə dəyər verir. Türkiyədə teatr sənətinin inkişafına, tədrisinə çalışıram. Həqiqətən də vətəni qardaş ölkədə təmsil etmək qürurvericidir"

 

"Mən evin tək övladıyam. Anam evdə hər zaman ciddi olub. Düzgünlüyü və dürüstülü var idi. Etdiyim səhvə görə ondan üzr də istəyirdim, bəzən heç gözümün yaşına da baxmazdı. Anamla bir neçə tamaşada tərəf müqabili də olmuşam. Bəzən söz yadımdan çıxırdı. Nəsibə xanım deyirdi ki, söz yadından çıxmamalıdır! "Qaynana" tamaşasında söz yadımdan çıxmışdı, amma vəziyyətdən yaxşı çıxdım. O vəziyyəti bir anam bildi, bir də ki, mən.”

 

“Nəsibə xanım mənim həyatımda böyük rol oynayıb. O mənə həm ana, həm də müəllim olub. Atam rəhmətə gedəndə 40, anam rəhmətə gedəndə isə 50 yaşım var idi. Hər dəfə keçmişdən danışanda gözləri dolardı. Ona görə də söhbəti tez kəsirdim. Anam həyatın ağır zərbələrinə dözüb" 

 

"Bizim Cəbiş müəllim" filmində deməzdim ki, çəkilmişəm, sadəcə görünmüşəm. Anamla birlikdə ekran işində sadəcə iştirak etmişəm. Meyxana epizodunda və bir neçə səhnədə dostlarımla birlikdə görünürəm. Həmin meyxana səhnəsində mənə bir dəftər verdilər. Dəftərin içərisində 7-8 meyxana var idi. Həsən müəllim dəftəri açıb baxdı, dedi ki, filan meyxananı oxuyarsız. İlk dəfə idi ki, Həsən Seyidbəyli meyxana janrını filmdə istifadə etdi. Həsən Seyidbəylini mən həqiqətən də çox istəyirdim. Allah onun ruhunu şad etsin. Bu film Azərbaycan kinematoqrafiyasının şah əsərlərindəndir. Üstündən 50 il keçsə də film baxılır və baxılacaq"

 

Dekabrın 25-də İsrailin Hayfa şəhərində görkəmli Azərbaycan bəstəkarı, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, konsertin proqramına Fikrət Əmirovun bəstəkar Elmira Nəzirova ilə birlikdə bəstələdiyi “Ərəb mövzusunda fortepiano və simfonik orkestr üçün konsert” əsərinin daxil edilməsi də nəzərdə tutulub.

Hayfa simfonik orkestrinin təqdim edəcəyi konsertin dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi olan Fikrət Əmirova həsr edilmiş konsertlər keçirilir. Korifey sənətkarın 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına da daxil edilib.

Azərbaycan bəstəkarı, pianoçusu, professor, Əməkdar incəsənət xadimi Elmira Nəzirova isə uzun illər Hayfa şəhərində yaşayıb və 2014-cü il yanvarın 23-də vəfat edib.

 

Sentyabrın 9-da Azərbaycan Teatr Xadimləri İttifaqında ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi Mədəniyyət Komitəsinin sədri, Nyu-York “Oren” teatrının bədii rəhbəri, rejissor Boris Katayev və aktrisa-müğənni Tamara Katayeva ilə görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan görüşdə İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. 

Sədr müavini Hacı İsmayılov isə qonaqlara İttifaqın fəaliyyətindən bəhs edən kitab hədiyyə edib. 

Görüşdə Azərbaycan mədəniyyətinin keçmişindən və bu günündən söhbət açılıb. Boris və Tamara Katayevlər Azərbaycanla bağlı təəssüratlarını bölüşərək, səmimi görüşə görə İttifaqın rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. 

Tədbirdə Boris və Tamara Katayevlər haqqında süjetlər nümayiş etdirilib və İttifaqın fəaliyyətinə həsr olunan videoçarx göstərilib, eləcə də Tamara Katayevanın ifasında mahnılar səsləndirilib.

 

Sentyabrın 17-də Bakıdakı Rus evində tanınmış misirli şair və yazıçı Əşrəf Əbu Əl-Yazidlə görüş təşkil olunacaq. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, şair tədbirdə “Qahirədə bir küçə” («Улица в Каире») adlı rus dilində ilk kitabını təqdim edəcək. Eldar Əhədov tərəfindən tərcümə olunmuş bu kitab ötən ay Qahirədə “İpək yolu ədəbiyyatı” silsiləsində dərc olunub. 

 

Eldar Əhədovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, Əşrəf Əbu Əl-Yazid “İpək yolu” ədəbi silsiləsinin yaradıcısı və İsgəndəriyyə kitabxanası tərəfindən nəşr edilmiş İpək yolu ölkələri barədə ensiklopediyanın müəllifidir. O, Asiya Jurnalistlər Assosiasiyasının prezidenti, “Manhe” Koreya mükafatı laureatı və ötən il İstanbulda keçirilən LiFFt Avrasiya ədəbi festivallar festivalının qızıl laureatıdır. Onun şeir və romanları dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçı eləcə də tatar ədəbiyyatı klassiki Qabdulla Tukayın poeziyasının, o cümlədən “Şurale, “Keçi və qoyun” kimi əsərlərinin ərəb dilinə ilk tərcüməçisidir. 

Tədbirdə tamaşaçılara Avrasiya Xalqları Assambleyasının (AHE) Bədii Şurasının həmsədri, AHE-nin Bədii Şurasının beynəlxalq əməkdaşlıq məsələləri üzrə baş koordinatoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədovun yeni kitabları da təqdim olunacaq.

 

 

Sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçiriləcək.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin və həmin ölkədə yaşayan azərbaycanlı musiqiçi Fərəh Tahirovanın təşkilatçılığı ilə gerçəkləşəcək konsert Müqəddəs Pyotr kilsəsində baş tutacaq. 

Tədbirdə Vyanada fəaliyyət göstərən diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı gözlənilir.

Konsertdə ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edəcək. Tanınmış musiqiçi orqanda Azərbaycan və alman bəstəkarlarının əsərlərini səsləndirəcək.

 

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının açılış konserti sentyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

 

Sözügedən konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik Orkestri çıxış edəcək.

Orkestrin təqdimatında dirijorlar Mustafa Mehmandarov və Sergey Skripkanın rəhbərliyi ilə musiqi nömrələri səsləndiriləcək. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

 

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində MDB iştirakçı-dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclasında Mədəniyyət Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səfər çərçivəsində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov ilə Tacikistan Respublikasının mədəniyyət nazirinin müavini Manuçehr Şarifzoda və Tacikistanın Akademik Opera və Balet Teatrının direktoru Kamoliddin Sayfiddinovun arasında görüş keçirilmişdir. Görüş zamanı ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, hər iki ölkədə keçirilən tədbirlər zamanı mədəniyyət və incəsənət xadimlərinin mübadiləsi, ölkələrin opera və balet teatrları arasında əməkdaşlığa dair müqavilənin hazırlanması və mədəniyyət müəssisələri arasında əməkdaşlıq imkanları haqqında müzakirələr baş tutmuşdur.

Eyni zamanda, Beynəlxalq Delfi Komitəsinim direktoru Vladimir Ponyavin ilə baş tutan görüşdə Azərbaycan nümayəndə heyətinin bu il Tacikistanda təşkil olunacaq Beynəlxalq Delfi oyunlarında iştirakı məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 Professor Fuad Məmmədovun “Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişaf konsepsiyası”nı təqdim edirik

 

Çağdaş Azərbaycan ziyalı elitasında Fuad Məmmədovun adı həmişə öndə çəkilir. Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınTarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovun “Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişaf konsepsiyası” isə hər bir azərbaycanlının mütləq oxuyacağı bir təlimdir. “Ədəbiyyat və incəsənət” portalı Fuad Məmmədovdan bu konsepsiyanı oxuculara təqdim etmək izni almışdır. Gəlin oxuyaq, zənginləşək və kamilləşək!

 

 

«YÜKSƏK MƏDƏNİYYƏTLİ AZƏRBAYCANLI»

MİLLİ İNKİŞAFIN BƏRPAOLUNAN

STRATEJİ RESURSU KİMİ

 

«Əgər cəmiyyət mədəniyyəti müdafiə edərsə, mədəniyyət cəmiyyəti xilas edər!»

 

Azərbaycan Respublikasının strateji hədəfi səmərəli mədəniyyət – elm, təhsil və incəsənət, yüksək rifah və müdafiə qabiliyyətinə, davamlı və təhlükəsiz inkişafı təmin edən rəqabətqabiliyyətli insan potensialına və iqtisadiyyata malik Azərbaycan cəmiyyətinin və güclü dövlətin təkmilləşdirilməsidir. Gələcəyin müsbət mənzərəsini nəzərdə tutan bu hədəfin əhəmiyyəti təbii resursların tükənməsi ilə əlaqədar qlobal dünyada ekoloji, sosial-mədəni və siyasi çağırışlar, mədəniyyətlərin və maraqların münaqişəsi ilə müşayiət olunan dünya sivilizasiyasının böhranı şəraitində dəfələrlə artmaqdadır.

Sivilizasiya böhranı, siyasətdə və iqtisadiyyatda qeyri-müəyyənliklər və davamlı dəyişikliklər elmin, təhsilin və mədəniyyətin inkişafına mənfi təsir göstərir, mənəvi dəyərlərin devalvasiyasına təkan verir. Bu, dövlətimizin rəqabətqabiliyyətliliyi və təhlükəsizliyinin təminatına yeni tələblər irəli sürməklə, Azərbaycanın milli inkişafı üçün ciddi təhlükələr və risklər doğurur.

Bu tələbləri təhlil edərkən Azərbaycan dövləti ondan çıxış edir ki, cəmiyyətin müvəffəqiyyətinin qiymətləndirilməsinin ölçüsü – hər şeydən əvvəl, cəmiyyətin intellektual potensialı və insane humanist münasibəti ilə müəyyənləşən həyat səviyyəsidir, çünki insanların elmi biliklərində ruhi mədəniyyətin gücü, humanist ideologiyada isə - Azərbaycan xalqının milli özünüdərk enerjisi vardır.

Eyni zamanda, insanın dəyər meyarı nə onun milli və və ya etnik mənsubiyyəti, nə dini, nə doğulduğu yer, nə yaşadığı yer, nə peşəsi deyil, onun ruhu mədəniyyətidir.

Yeni tarixi şərtlərdə bu hədələrin dəf edilməsində əsas rol Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin üzərinə düşür. Nazirlik tərəfindən həyata keçirilən məhsuldar sosial-mədəni siyasət nəticəsində Azərbaycanın ruhi mədəniyyəti vətəndaşlarımızın bilik, bacarıq, təşkilatlanma, mənəvi və yaradıcı fəaliyyətinin formalaşmasına istiqamətlənib. O, intellektual mədəniyyətin, milli özünüdərkin, yüksək əmək və istehsal mədəniyyətinin, insanların bir-biri, cəmiyyət və dövlət qarşısında məsuliyyətinin, insan münasibətləri mədəniyyəti, vətəndaş mədəniyyəti, həyat tərzi və keyfiyyətinin yüksəlməsini təmin edir. Azərbaycan Mədəniyyət Nazirliyi mədəniyyət yaradıcılarının – alimlərin, pedaqoqların, incəsənət xadimlərinin və digər mütəxəssislərin xalqın həyat fəaliyyəti üçün ruhi və maddi xeyirlərin yaradılmasına yönəlmiş təşəbbüsünü və fəallığını dəstəkləyir.

Bununla bərabər, yeni çağırışlar Azərbaycan Respublikasında davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz insan inkişafının təmin olunmasında Mədəniyyət Nazirliyinin yaradıcı, ideoloji və uzlaşdırıcı rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsini tələb edir. Bu, onunla əlaqəlidir ki, strateji milli məqsədlərə uğurla aparan yol ruhi mədəniyyətin qabaqcıl inkişafından keçir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ruhi mədəniyyətə, yaradıcılığa, mənəvi dəyərlərə, yüksək mədəniyyətli insanlara böyük əhəmiyyət vermiş, “cəmiyyətdə ziyalıların, mədəniyyət və elm xadimlərinin nüfuzunu artırmağa” səsləmişdir. O deyirdi ki, “yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Bununla yanaşı, Heydər Əliyev elmin və alimlərin xüsusi rolunu vurğulayaraq, tənqidi təhlilin əhəmiyyətinə, xalq, cəmiyyət, ölkə üçün real fayda əldə etmək məqsədilə elmi təcrübə ilə birləşdirməyin vacibliyinə diqqət çəkirdi.

Dünya inkişafının sistemli kulturoloji təhlili göstərir ki, qloballaşma üçün səciyyəvi destruktiv proseslər əksərən intellektual və ruhi mədəniyyət dəyərlərinin devalvasiyası, bəzi insanların cahilliyi, digərlərinin isə yüksək eqoizmi ilə şərtlənib. Bu tendensiya həyat fəaliyyətinin müsbət standartları və normalarının dağılmasına, elmi biliklərə tələbat səviyyəsinin və insanların məsuliyyətinin azalmasına doğru aparır. Buradan çıxış etsək, ruhi mədəniyyətin qeyri-məhdud yaradıcı imkanları Azərbaycan Respublikasının davamlı və təhlükəsiz milli inkişafına xidmət üçün qoyulmalıdır.

Azərbaycan xalqı qədim və zəngin ruhi mədəniyyətə - tarixin fərqli mərhələlərində çətin şərtlərdə onun yaşamasını və inkişafını təmin edən yüksək ailə mədəniyyətinə, ənənəvi insaniyyət və xeyirxahlıq, istedad və bacarıqlar, elmi biliklər və əmək vərdişləri, vətənpərvərlik, igidlik və qəhrəmanlığa malikdir.

Çoxəsrlik Azərbaycan mədəniyyətinin həyat qabiliyyətinin ciddi sınağı 2020-ci il 44 günlük Vətən müharibəsi oldu. O, xalqımızın igidlik, qəhrəmanlıq, ədalət, nəcib xarakter, vətənpərvərlik, humanizm, möhkəm iradə, məsuliyyət və vicdan kimi ənənəvi mədəni dəyərlərə əsaslanan ruhi mədəniyyətinin inanılmaz zənginliyini üzə çıxardı.

44 günlük Vətən müharibəsində qəhrəmancasına qələbə Azərbaycan xalqının ruhi mədəniyyətinin üstünlüklərini, onun güclü ruhunu, Vətən uğrunda döyüşdə bütövlüyünü və vahidliyini göstərdi. O, Prezident İlham Əliyevin dövlət lideri kimi müdrik siyasi və hərbi strategiyasını, onun dərin biliklərini, erudisiyası və qabiliyyətlərini, erməni təcavüzkarları üzərində şanlı qələbə üçün önəmli yer tutan hərbi və diplomatik istedadını nümayiş etdirdi.

Ölkəmizin xalqın rifahının və təhlükəsizliyinin artımına hədəflənmiş mütərəqqi sosial-mədəni siyasətinin sonrakı uğurları həlledici dərəcədə nüvəsi yüksək mədəniyyətli azərbaycanlılar olan rəqabətqabiliyyətli insan kapitalının inkişaf səviyyəsindən, keyfiyyətindən və templərindən asılıdır.

Onlar zəruri elmi və praktiki biliklərə, bacarıqlara, mənəviyyata və milli maraqlara cavab verən yaradıcı fəaliyyətə malikdirlər.

Rəqabətqabiliyyətli insan kapitalının inkişafına təkan verən aktual vəzifələr arasında aşağıdakıları qeyd etmək olar:

▪ Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və “Kulturoloji piramida” universal metodundan, habelə strategiya, texnologiya, etika, sosiologiya və estetika kimi elmi prinsiplərdən istifadə etməklə dövlət idarəçiliyində universal kulturoloji metodologiyanın praktiki tətbiqi.

▪ Tərəqqipərvər dünya ölkələrinin nailiyyətlərinin və inkişaf təcrübəsinin müqayisəli kulturoloji təhlili, həmçinin qloballaşma prosesləri və meyillərinin əsasında Azərbaycan Respublikasının inkişafının innovasiya modellərinin və proqnozlarının işlənib hazırlanması.

▪ Cəmiyyətin yüksək sosial səfərbərliyinə təkan verən, düşünülmüş merotokratik tərbiyə və idarəetmə siyasətinin həyata keçirilməsi.

▪ Azərbaycanlı kulturoloqların milli maraqlara cavab verən və beynəlxalq nüfuz qazanmış konsepsiyaları, elmi tədqiqatları, innovativ metodoloji prinsipləri və praktiki tövsiyələri özündə cəmləşdirən əsərlərinin öyrənilməsi və rasional istifadəsi.

▪ Yüksək mədəniyyətli azərbaycanlıların “istehsalı”na, mədəni elitanın inkişafına, ekspert - kulturoloqların hazırlığı və istifadəsinə, milli inkişafın bütün səviyyələrində qəbul edilən qərarların və proqramların kulturoloji ekspertizasının həyata keçirilməsinə dəstək və s.

Yüksək mədəniyyətli azərbaycanlı ölkəmizin rəqabətqabiliyyətli və təhlükəsiz milli inkişafının bərpaolunan strateji resursu və başlıca hərəkətverici qüvvəsidir. Bu səbəbdəndir ki, Azərbaycanda yüksək mədəniyyətli insanların yetişdirilməsi və inkişaf etdirilməsi dövlət quruculuğu və idarəetməsinin strateji məqsədlərindən birinə çevrilib. Bu məqsədi rəhbər tutaraq, siyasi və mədəni elitalar, xalqını sevən hər bir alim, pedaqoq, siyasətçi və ictimai xadim yüksək mədəniyyətli azərbaycanlıların “istehsalı”na dəstəyi birinci dərəcəli milli vəzifə hesab edərək öz vətəndaşlarının əqli və mənəvi mədəniyyətinin inkişafına təkan verməlidir.

Bu cür istehsalın ən mühüm sosial texnologiyaları qismində elm, təhsil, ilk növbədə uşaqlar və gənclər olmaqla, insanların maarifləndirilməsi və tərbiyələndirilməsi, şəxsiyyət mədəniyyətinin, ailə mədəniyyətinin, əmək kollektivlərinin və bütövlükdə cəmiyyətin mədəniyyətinin inkişafı dayanır.

Fərdi texnologiyalar - özünütəhsil, özünüdərk, özünütərbiyə və özünü idarəetmə, onun mənbələri isə - yaxşı kitablar, təbiəti və cəmiyyəti müşahidə, müdrik insanlarla ünsiyyətdir.

XXI əsrin aparıcı elmi paradiqmasına çevrilmiş, mədəniyyət haqqında elm olan kulturologiya bu texnologiyalardan səmərəli istifadə üçün mühüm əhəmiyyətə malikdir. O, sistemli yanaşma əsasında inkişafın mahiyyəti, xüsusiyyətləri, tarixi, nailiyyətləri, qanunlarını, insan inkişafının innovative dəyişdirici imkanlarını öyrənən, insanın pozitiv həyat fəaliyyəti haqqında elmdir.

Kulturologiyanın praktiki dəyəri ondadır ki, o, bəşəriyyət tarixinin müxtəlif dövrlərində tərəqqipərvər düşüncə tərəfindən qoyulan çoxsaylı suallara cavabı özündə cəmləşdirir. O, dialektik dəyişən şərtlərdə müvəffəqiyyət qazanmaq, milli-mədəni inkişaf proseslərinin, insanın həyat fəaliyyəti texnologiyalarının, dövlət quruculuğu və idarəetməsinin təkmilləşməsi üçün “nə” və “necə” etmək lazımdır suallarına cavab verir.

Universal kulturoloji biliklər ideologiyanın, əqli, mənəvi, hüquqi, idarəçilik, iqtisadi, tibbi mədəniyyətin, əmək mədəniyyəti, insan münasibətləri və beynəlxalq münasibətlər mədəniyyətinin təkmilləşməsinə təkan verir. Onların Azərbaycan cəmiyyətində yayılması siyasətçilərin və dövlət qulluqçularının yeni, kulturoloji düşünmə tərzinin formalaşmasına, cəmiyyət və dövlətin inkişafının dialektik ziddiyyətlər enerjisinin, milli maraqlara cavab verən insan fəaliyyətinin yaradıcı məcrasına yönləndirməyə kömək edəcəkdir. Bu səbəbdən kulturologiya elminin yaradıcı imkanlarından dövlət quruculuğu və idarəetməsi praktikasında geniş istifadə edilməsi Azərbaycan Respublikasının sosial-mədəni tərəqqisi üçün yeni imkanlar açır.

Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində mədəniyyətin sosial fenomen kimi düzgün qavranılması əhəmiyyət qazandı, hansı ki həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə onun qeyri-məhdud imkanlarından istifadə üçün böyük imkanlar açır. Elmi anlamda mədəniyyət – insan ağlı, ruhu və əməyi ilə yaradılmış, yaradıcı prosesi, onun nəticələrini ruhi və maddi dəyərlər və normalar şəklində, habelə onların istehsalı, saxlanması, istifadəsi və ötürülməsini özündə ehtiva edən, daim inkişafda olan bütöv sosial sistemdir. O, insan inkişafının tələbatlarına müvafiq ahənglə balanslaşdırılmış, təbii coğrafi şəraitlə, mədəniyyətin genetik kodu ilə, sosial mühitlə, tarixi şərait və mədəni mübadilə ilə şərtlənmiş bütöv sosial orqanizmdir. Bütöv sosial orqanizm kimi mədəniyyətin hər bir sferası insanın həyat fəaliyyətinin qorunması və yaxşılaşdırılmasına xidmət üçün öz missiyasına, funksiyalara, məqsədlərə, enerjiyə, inkişaf istiqaməti və nəticələrinə malikdir. Bununla bərabər, mədəniyyətin hər bir sferası onun inkişaf səviyyəsi və keyfiyyətini əks etdirən öz “kontekstual mədəniyyətinə” sahibdir. Sivilizasiya çərçivəsində insanların xüsusiyyətləri və əməlləri ilə şərtlənmiş, iki zidd sosial proses vardır: yaradıcı təbiətə malik mədəniyyət və dağıdıcı, məhvedici səciyyə daşıyan antimədəniyyət. Sivilizasiyanın yaradıcı prosesi kimi mədəniyyətin əsas göstəriciləri bilik, xeyir, əmək, inkişaf və rifahdır. Antimədəniyyət şər, yoxsulluq, zəiflik və dağıdıcılığın mənbəyi olan cahillik və fövqəleqoizmlə əlaqəlidir.

İnsan inkişafının səmərəliliyinin və dövlət idarəetmə mədəniyyətinin yüksəldilməsi üçün zəruri olan, mədəniyyətin bütöv sosial sistem kimi elmi qavranılması mədəniyyət haqqında onu “iqtisadiyyat üzərində üstqurum” kimi görən, ən əsası Azərbaycan xalqının etik normaları, davranışı, ədəbiyyatı, incəsənəti və mədəni irsini əks etdirən köhnəlmiş, dar sovet təfəkküründən imtina etməyi tələb edir.

Mədəniyyəti, onun mahiyyətini, strukturunu, funksiyalarını, inkişafının obyektiv tarixi amillərini, qanunauyğunluqlarını və imkanlarını, mədəni insan formulunu düzgün başa düşmədən sosial-mədəni tərəqqinin asılı olduğu, cəmiyyətin “ruhi istehsal” sistemlərinin səmərəliliyi haqqında danışmaq çətindir.

Müasir mərhələdə sosial-mədəni siyasətin vəzifələrindən biri ölkənin milli maraqlarına cavab verən ən yaxşı ənənələrin və tərəqqipərvər yeniliklərin düzgün sintezi hesabına Azərbaycan xalqının məhsuldar kulturogenezinin təminatıdır. Kulturogenez təkcə özünün nailiyyətləri və kəşfləri əsasında yox, həm də stimullaşdırılmış çevrilmə, yəni texnologiya, adi mədəniyyət və ideologiya sahəsində daha qabaqcıl dünya nailiyyətlərinin tənqidi analizi və yaradıcı istifadəsi hesabına baş verir.

Azərbaycan xalqının məhsuldar kulturogenezi özündə daha dəyərli mədəni irsi və dünya mədəniyyətinin nailiyyətlərini ehtiva edən, elmi əsaslandırılmış sosial mədəniyyət siyasətinin davamlı olaraq təkmilləşməsini tələb edir.

Bu prosesdə mühüm rolu Azərbaycan xalqının mədəni dəyərləri oynayır. Onlar vətəndaşlarımızın düşüncəsinə, psixologiyasına, dünyagörüşünə, intellektinə, motivlərinə, davranışına, xasiyyətinə, taleyinə təsir göstərir. Azərbaycan cəmiyyətinin mədəni dəyərləri ümumbəşəri və milli dəyərlərdən ibarətdir. Ümumbəşəri dəyərlər – həyat və sevgi, elm və humanizm, insan ləyaqəti və insane həmrəyliyi, azadlıq və bərabərlik dəyərləridir. Bizim milli dəyərlərimizə aiddir: intellektual, mənəvi və maddi dəyərlər sistemi, milli dil, həyat tərzi, adətlər, ənənələr, məişət, geyim, mətbəx, bayramlar, inanclar, dini əqidələr. Bu həmçinin psixologiya, xasiyyət, özünüdərk, mentalitet, dünyagörüşü, ideologiya, incəsənət, folklor, ənənəvi davranış normativləri, sosial etika, gerçəkliyin ruhi mənimsənilməsi təcrübəsi və mədəni irsdir. Çoxmillətli və çoxicmalı Azərbaycan xalqının mənəvi inkişafının ümumi platforması azərbaycançılıq ideologiyasıdır.

Azərbaycanlıların mədəni dəyərlərinin formalaşması fərdi, sosial və dövlət səviyyələrində baş verir.

Şəxsiyyət səviyyəsində o, ideyalar, predmetlər, həyat tərzi və fəaliyyət formaları dünyasında insanın seçimləri və dəyər oriyentasiyaları əsasında baş verir. Sosial səviyyədə - insanların tələbatları və bacarıqları ilə şərtlənmiş, cəmiyyətin ruhi və maddi dəyərləri və normaları şəklində ideyaların və predmetlərin yaradılması yolu ilə. Dövlət səviyyəsində - Azərbaycan cəmiyyətinin davamlı inkişafı, rəqabətqabiliyyətliliyi və təhlükəsizliyini təmin edən, özündə xalqın və bütövlükdə cəmiyyətin daha önəmli elmi, mənəvi və texnoloji nailiyyətlərini cəmləşdirən, strateji baxımdan mühüm mədəni dəyərlərin yaradılması ilə.

Beləliklə, dövlətin iqtisadi müstəqilliyi, rəqabətqabiliyyətliliyi və təhlükəsizliyinin şərti kimi intellektual mədəniyyətin qabaqcıl inkişafının təmin olunması əsas əhəmiyyətə malikdir, çünki maddi nemətlərin istehsalçılarının əsas resursu insan intellektidir. İntellektual mədəniyyət milli inkişafın

bayraqdarı rolu oynayır, dövlət tərəfindən innovativ inkişafın və cəmiyyətin həyat qabiliyyətinin əsas mexanizmləri kimi əqli əməyin, elmin, təhsilin və maarifləndirmə tələbinin məqsədyönlü formalaşdırılmasının əhəmiyyətini şərtləndirir. İntellektual mədəniyyət və zehni əməyin tələbini təmin edən dövlətlər “beyin axını”nın qarşısını alaraq milli elmin və texnologiyanın rəqabətqabiliyyətli inkişafına təkan verirlər. Bu baxımdan, Yaponiyanın uğurlu təcrübəsinə əsaslanaraq, Azərbaycan üçün Meydzinin “maarifçi idarəçilik” şüarını götürmək aktual olardı: “Azərbaycanlı ruhu üstəgəl Avropa (F.M. – müasir elmi) bilikləri.

Azərbaycan dövlətinin inkişafının ən əsas mənəvi əsası milli özünüdərkin, şəxsiyyətin yüksək mənəvi keyfiyyətlərinin, vətəndaş mədəniyyətinin və Azərbaycan cəmiyyətinin bütün təbəqələri, zümrələri və kateqoriyaları üçün bərabər inkişaf imkanları təmin edən azərbaycançılıq ideologiyasıdır.

Azərbaycanlıların inkişafının strateji ideoloji dəyəri və güclü mənəvi stimulu Azərbaycan Respublikasının dövlət bayrağı və himnidir. Onlar Azərbaycan xalqının ləyaqət, qürur, sarsılmaz həmrəyliyinin, onun mənəvi zənginliyinin, tarixi nailiyyətlərinin, qəhrəmanlığının və etibarlı gələcəyinin rəmzidir. Bayraqdakı və gerbdəki səkkizguşəli ulduz – həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın ümumbəşəri əlaməti kimi qəbul edilmiş, Azərbaycan xalqının ilahi lütfünün və firavanlığının qədim rəmzidir.

Əqli və mənəvi dəyərlərin ahəngdar inkişafına nail olmaq milli mədəniyyətin vaxtaşırı təkmilləşməsini və onun həyat qabiliyyətinin sonrakı yüksəlişini təmin edən, milli mədəniyyətin dövri dəyişikliklərini tələb edir. Bu cür dəyişikliklərin həyata keçirilməsinin praktiki forması Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən respublika əhalisinin akkulturasiyası və inkulturasiyası proseslərinin inkişafını, universal kulturoloji biliklərin məxsusi olaraq uşaqlar və gənclər arasında yayılmasını nəzərdə tutan kulturoloji islahatların keçirilməsidir. Belə islahatların ən mühüm vəzifəsi insane kapitalının sonrakı inkişafına və onun nüvəsinin – yüksək mədəniyyətli azərbaycanlıların hərtərəfli formalaşmasına kömək etməkdir. Kulturoloji islahatlar – cəmiyyətin və dövlətin həyat qabiliyyətinin yüksəldilməsinə yönəlmiş, elmi cəhətdən əsaslandırılmış sosial-mədəni çevrilmələrdir. Onlar xalqın əqli mədəniyyəti və mənəvi keyfiyyətlərinin qabaqcıl inkişafı hesabına milli tərəqqi templərinin yüksəlməsi, əmək və istehsal mədəniyyətinin beynəlxalq standartlarının, yüksək dövlət və sosial idarəetmə mədəniyyətinin təmin olunması üçün ilkin şərtlər yaradır.

İnnovativ kulturoloji islahatların həyata keçirilməsi Azərbaycanda əqli, etik, əmək, hüquqi və idarəetmə mədəniyyətinin inkişaf prioritetlərinin qurulmasına kömək edəcəkdir ki, cəmiyyətin rifahının artımı, rəqabətqabiliyyətli iqtisadiyyat və dövlətin yüksək müdafiə qabiliyyəti də əhəmiyyətli dərəcədə onların qabaqcıl inkişafı ilə şərtlənibdir.

Bu prioritetlərin müəyyən edilməsi istər-istəməz dövlətin dünya miqyasında rəqabət qabiliyyətini təmin edən “yüksək” hədəflərə doğru strateji hərəkətində “artım nöqtələrinin” formalaşmasına gətirib çıxaracaq. İslahatlar elm, təhsil, idarəetmə, iqtisadiyyat, ekologiya, səhiyyə, müdafiə, ailələrin və gənclərin mədəniyyətinin inkişafı sahəsində mədəni çuğlaşmanı, xalq kütlələrinin mədəni səviyyələri və mədəni elitalar arasında uçurumun azalmasını təmin edəcəkdir. Onlar yeni tarixi şəraitdə Azərbaycan xalqının mədəni dirçəlişi və etibarlı gələcəyi üçün zəruri ilkin şərtləri qoyacaqlar.

Kulturoloji islahatlar dövlət tərəfindən mütərəqqi dəyişikliklərin uğurla həyata keçirilməsinə təkan verən şərtlərin yaradılmasını nəzərdə tutur ki, onlara aşağıdakılar daxil ola bilər:

▪ Milli inkişafın strateji istiqamətlərinin və dövlət prioritetlərinin həyata keçirilməsi;

▪ Cəmiyyətin sosial-iqtisadi tərəqqisinin əsası kimi əqli, etik, hüquqi və idarəetmə mədəniyyətinin prioritet inkişafına dəstək;

▪ Sosial-mədəni tərəqqi məqsədi ilə mövcud mütəxəssislərin və onların fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və səmərəli istifadəsi; onların həyat fəaliyyəti üçün əlverişli maddi-texniki və sosial şərtlərin yaradılması.

▪ Cəmiyyətdə ruhi mədəniyyətin mahiyyətinin və böyük dəyişdirici imkanlarının düzgün, elmi qavrayışının formalaşdırılması.

▪ Ruhi və maddi istehsalın müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı, yenidən hazırlığı və yetişdirilməsi məqsədilə dövlət təhsil sisteminə icbari kulturoloji təhsilin daxil edilməsi.

▪ Yüksək məhsuldarlıqlı əmək və davamlı dövlət nizamına güclü motivasiyaya, habelə cəmiyyətin sosial-siyasi sabitliyinin potensial təhdid amili kimi sosial bərabərsizliyin aradan qaldırılmasına töhfə verən, uşaqların və gənclərin meritokratik tərbiyəsinin formalaşdırılması.

▪ Davamlı milli inkişaf proqramları və layihələrinə icbari kulturoloji ekspertizanın tətbiqi

İslahatlar “ruhi istehsalda” yaradıcı ziyalıların, mədəni və siyasi elitaların – elm, təhsil, ədəbiyyat və incəsənət xadimlərinin, siyasətçilərin, idarəçilərin, hüquqşünasların, jurnalistlərin və yüksək peşəkar səriştəyə malik digər mütəxəssislərin rolunu gücləndirməyə imkan yaradacaqdır. Onlar ölkənin milli maraqları əsasında fərqli sosial kateqoriyaları, etnosları və dinləri təmsil edən insanların vətənpərvərliyinin, mədəni özünəməxsusluğunun, birliyi, həmrəyliyi və əməkdaşlığının möhkəmlənməsinə kömək edəcəkdir. İslahatların ən vacib nəticələrindən biri cəmiyyətin, müxtəlif etnosların və icmaların nümayəndələrinin azərbaycançılıq ideologiyası ətrafında, bizim qədim xalqımızın yüksək mənəvi keyfiyyətlərini, nəcib ruhunu və yaradıcı qabiliyyətlərini rəmzləşdirən Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı və himninin himayəsi altında birləşməsi olacaqdır.

Azərbaycanın sosial-mədəni dövlət siyasəti çərçivəsində müasir çağırışlara düzgün cavab rəqabətqabiliyyətli insan kapitalının əsas özəyini təşkil edən yüksək ixtisaslı mütəxəssislərin və layiqli vətəndaşların “istehsalına” hədəflənmiş, ideoloji azərbaycançılıq platforması üzərində “Yüksək mədəniyyətli azərbaycanlı” milli proqramının hazırlanması və gerçəkləşdirilməsidir.

Müəyyən səviyyədə biliklər, bacarıqlar, təşkilat qabiliyyəti, mənəviyyat və yaradıcı fəaliyyətə malik olan yüksək mədəniyyətli azərbaycanlının missiyası özünü təkmilləşdirmək və Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafına xidmət etməkdir. Belə insan təkcə özü üçün deyil, həm də vətəndaşların xeyri üçün xeyirxahlıq, bilik, yaradıcılıq, sosial ədalət, vətənpərvərlik və insan həmrəyliyi prinsipləri əsasında duran layiqli həyata can atır. Bu cür insanların yaradıcı fəaliyyəti mədəniyyətin yaradıcı bir proses kimi enerjisini və dəyişdirici imkanlarını yüksəldir. Yüksək mədəniyyətli insanlar, şəxsiyyətlər və liderlər Azərbaycan Respublikasının iqtisadiyyatının və sosial həyatının cəmiyyətin rifahının və xalqın həyat keyfiyyətinin yüksəlməsini təmin edən, zamanın çağırışlarına layiqli və vaxtında cavab verən əsas kapitalıdır.

Milli inkişaf üçün yüksək mədəniyyətli insanın dəyərindən çıxış edərək, Azərbaycanda bu cür insanların “istehsalı” mexanizmi kimi yüksək ruhi mədəniyyətin “kulturoloji fabriklərini” yaratmaq və inkişaf etdirmək lazımdır. Ölkəmizdə nə qədər çox yüksək mədəniyyətli, layiqli azərbaycanlı

olarsa, vətənpərvərlik, əmək məhsuldarlığı və keyfiyyəti, qarşılıqlı anlaşma, xeyirxahlıq, həmrəylik və insan xoşbəxtliyi, sosial təhlükəsizlik və həyat keyfiyyəti səviyyəsi də bir o qədər yüksək olar.

 *Qəbul edilən qərarların kulturoloji ekspertizasının keçirilməsi ölkədə həm ruhi və maddi istehsalın, həm də idarəetmənin keyfiyyətinin səmərəliliyini təmin etməyə, əmək mədəniyyəti və əməyin nəticələrinin prioritetlərinin, templərinin və keyfiyyətinin – beynəlxalq standart və normalara, qloballaşma proseslərinin qanunauyğunluqlarına və meyillərinə uyğunlaşma səviyyəsinin müəyyənləşməsinə kömək edəcəkdir.

Respublikada bütün səviyyələrdə - ali və orta məktəblərdə, uşaq bağçalarında, ailələrdə; gənclər və yaşlı nəslin nümayəndələri üçün əlavə kulturoloji təhsil, maarifləndirmə və tərbiyənin aparılması bu aktual vəzifənin həllinə kömək edəcəkdir.

Siyasətçilərin və idarəçilərin, müəllimlərin və jurnalistlərin, hüquqşünasların, diplomatların və digər mütəxəssislərin, həmçinin gənclərin, uşaqların və yaşlı nəslin kulturoloji təhsili və maarifləndirilməsi Azərbaycan cəmiyyətinin intellektual, məişət, istehsal, hüquqi, şəxsiyyətlərarası, xalqlararası, dinlərarası, siyasi, sosial və vətəndaş mədəniyyətinin yüksək standartlara çatmağına yardım edəcəkdir. O, Azərbaycan vətəndaşlarında insanın həyat fəaliyyətinin bütün sahələrində düzgün qərarlar verməyə yardımçı olan kulturoloji təfəkkürün və ətraf aləmin təhlilinə sistemli yanaşmanın formalaşmasına kömək edəcəkdir.

Simurq “AMA” tərəfindən formalaşdırılan innovativ idarəçilik postulatları nəzərə alınmaqla Azərbaycan Respublikasında əlavə kulturoloji təhsilin, maarifləndirmənin və tərbiyənin təşkil olunması ictimai istehsal və dövlət idarəetməsində elmi bilik və bacarıqların, etika və məsuliyyətin daha yüksək səviyyədə olmasını təmin edəcəkdir. O, əmək və idarəetmə mədəniyyətinin keyfiyyətinin yüksəlməsinə, cəmiyyətin müxtəlif sahələrində səriştəsiz idarəçilik hallarının qarşısının alınmasına, ümummilli maraqlar platformasında insanların və kollektivlərin fəaliyyət proseslərinin ahəngdarlaşmasına təkan verəcəkdir. Bu, istehsalda və idarəetmədə əmək məhsuldarlığının səviyyəsinin daha da artmasına gətirib çıxaracaq, insan münasibətləri və beynəlxalq münasibətlər mədəniyyətinin, əmək, istehsal mədəniyyətinin, vətəndaşlarımızın Aərbaycan cəmiyyətinin sosial, iqtisadi və dövlət həyatının bütün sahələrində məsuliyyət mədəniyyətinin inkişafına yeni təkan verəcəkdir.

Qloballaşmanın çağırışlarına uyğun olaraq, belə islahatlar çərçivəsində respublikada Mədəniyyət və Təhsil Nazirliklərinin tabeliyində Azərbaycan Kulturologiya elmi-tədris mərkəzinin yaradılması məqsədəuyğun görünür.

Mərkəzin məqsədləri bunlar ola bilər:

▪ “Yüksək mədəniyyətli azərbaycanlı Azərbaycan Respublikasının davamlı inkişafının bərpaolunan strateji resursu və başlıca hərəkətverici qüvvəsi kimi” Milli proqramının işlənib hazırlanması və gerçəkləşdirilməsi.

▪ 2021-2025-ci illər üçün Azərbaycan Respublikasının davamlı milli inkişaf strategiyasınınkulturoloji konsepsiyasının hazırlanması.

▪ Müəllimlərin, jurnalistlərin, dövlət qulluqçularının, mütəxəssislərin, ailələrin, gənclərin, uşaqların, habelə yaşlı nəslin nümayəndələrinin əlavə kulturoloji təhsili və maarifləndirilməsinin həyata keçirilməsi.

▪ Respublikanın Nazirlikləri, dövlət komitələri, agentlikləri, idarələri və icra hakimiyyəti orqanlarının rəhbərləri və işçiləri üçün məxsusi kulturoloji mühazirələrin, treninqlərin və master-klasların təşkili.

▪ Kulturoloji ekspertizanın həyata keçirilməsi və milli –mədəni inkişaf proqramları və layihələrinin səmərəliliyinin monitorinqi üçün ekspert-kulturoloqların hazırlanması.

▪ Bakıda və Azərbaycanın rayonlarında məktəbəqədər kulturoloji müəssisələrin, məktəblərin və kulturoloji mərkəzlərin yaradılması üzrə təkliflərin hazırlanması.

▪ Kulturologiya İnstitutunun və ya Akademiyasının, habelə mədəniyyət tarixi və nəzəriyyəsi sahəsində dissertasiyaların müdafiəsi üzrə Respublika İdarələrarası Şurasının yaradılması ilə bağlı təkliflər hazırlamaq.

▪ Azərbaycan Dövlət Televiziyasında milli insan kapitalının əsası kimi yüksək mədəniyyətli insanların yetişməsinə töhfə verən “İdrak” mədəni maarifləndirici proqramının təşkili.

▪ İnsanların inkişafı və özünü təkmilləşdirməsi, ictimai əməyin yüksək məhsuldarlığı və vətəndaşlar arasında sağlam rəqabət, onların cəmiyyətin mənafeyi naminə yaradıcılıq fəaliyyətinin stimullaşdırılması üçün motivator kimi ailədə meritokratik tərbiyə və idarəetmə proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi.

▪ Vətəndaşlarımızın akkulturasiya və inkulturasiya proseslərini stimullaşdıran illik “Yüksək mədəniyyətli azərbaycanlı” respublika yarışlarının hazırlanması və keçirilməsi və s.

 

Azərbaycan elm-tədris kulturologiya mərkəzinin fəaliyyəti yalnız cəmiyyətin intellectual mədəniyyətinin inkişafına təkan verən mütəxəssislər və əhalinin davamlı kulturoloji təhsil və maarifləndirməsini həyata keçirməklə qalmayıb, həm də əsasında xalqımızın ən yaxşı mənəvi dəyərləri və vətənpərvərlik ənənələri dayanan milli-mədəni azərbaycanlı kimliyini qoruyub inkişaf etdirməyə də kömək edəcəkdir. O, ölkənin “ruhi istehsal” sistemlərinin yeni, mədəni məzmunla doldurulmasına, xalqın kulturogenezi proseslərinin daha da təkmilləşdirilməsinə və milli mədəniyyətin müasirləşməsinə töhfə verəcək. Bu, Azərbaycan cəmiyyətinin ruhi mədəniyyətinin və ictimai əməyin məhsuldarlığının, yaradıcılığının və ictimai-siyasi sabitliyinin daha da yüksəldilməsini, Azərbaycanın rifahı və təhlükəsizliyi, onun gözəl gələcəyi uğrunda mübarizədə vətəndaşlarımızın qəhrəmanlıq və fədakarlığını təmin edəcəkdir.

 

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilib.

AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi giriş sözü söyləyərək qonaqları salamlayıb.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

"Məclisi-üns"ün bərpasının önəmini vurğulayan nazir qeyd edib ki, 1864-cü ildə Şuşada  şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı "Məclisi-üns" o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb. Məclisə qatılan gənc şairlər ədəbi müzakirələrdə iştirak edib və ustadlardan şeir sənətinin incəliklərini öyrəniblər.

Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. “İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq", – deyə Anar Kərimov bildirib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiəti ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.

"Məclisi-üns" toplantısı bədii hissə ilə davam edib.

 

Türkiyənin TRT kanalı azərbaycanlı görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Maestro Niyazinin 110 illiyi ilə əlaqədar xüsusi silsilə verilişlər hazırlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Türkiyənin “TRT Radyo 1” kanalında Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlunun təqdimatında hazırlanan “Mədəniyyət pəncərəsi” proqramı bütövlükdə Niyazinin həyat və yaradıcılığına həsr olunub. Proqramda Türkiyə tədqiqatçılarından biri olan gənc musiqişünas Ecem Tuğçe Akbulut Maestro Niyazinin türk simfonik musiqisinin inkişafında misilsiz xidmətlərindən danışıb, onun xüsusilə sovet dövründə Azərbaycanın Türkiyədə könüllü mədəniyyət elçisi kimi fəaliyyət göstərdiyini qeyd edib.

Türkiyənin mədəniyyət kanalı olan “TRT 2” kanalının “Həyat sənət” proqramında Maestro Niyazi ilə əlaqədar xüsusi reportaj yayımlanıb. Kanalın redaktoru Gülbahar Kılınç tərəfindən hazırlanan reportajda görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edilib, onun Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında rolu qeyd olunub, sənət adamının səhnə və yaradıcılıq fəaliyyətini əks etdirən fotolar və videogörüntülər nümayiş etdirilib.

Niyazinin mənzil-muzeyindən videogörüntülərin yayımlandığı xəbərdə son dövrlər sənətkarın Türkiyədə yaradıcılığına həsr olunmuş müxtəlif elmi konfransların keçirildiyi, Ecem Tuğçe Akbulutun müəllifi olduğu “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyasının 2021-ci ildə Türkiyənin “Net Kitaplık” nəşriyyatında türk dilində nəşr olunduğu qeyd olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.