Super User

Super User

Cümə axşamı, 15 Sentyabr 2022 13:00

Ən çox oxunan: Dünyanın ilk sualtı göydələni

 

Belçikalı memar Vinsent Kallebot 20 min nəfər üçün nəzərdə tutulmuş sualtı göydələnlərə konsept dizayn hazırlayıb. 

Və bu konsepsiyada bəyan edilən ekoloji cəhətdən təmiz strukturlar lazımi enerji və istiliyi özləri istehsal etdikləri üçün qalıq yanacaqlardan istifadəyə ehtiyac duymayacaqlar. 

 

Memarın fikrincə, layihə həyata keçirildikcə atmosferə atılan zərərli qazların səviyyəsi durmadan azalacaq.

Sualtı okean göydələni daxili quruluşuna görə meduzaya bənzəyir, spiral şəklində olan sualtı hissəsi isə 1000 metr dərinliyə gedir. Sualtı evin içərisində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz təsərrüfatları, məhsul yetişdirmək üçün yerlər və qazon parkları olacaq.

İçməli suya olan tələbatın öz elektrik stansiyası hesabına ödənilməsi nəzərdə tutulur. Havanın yenilənməsi yuxarıda yerləşən külək boruları vasitəsilə oksigen stansiyasının köməyi ilə həyata keçiriləcək. Mərcan rifləri, balıqçılıq və öz təsərrüfatları sualtı göydələnlərin sakinlərini qida ilə təmin edəcək.

 

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda V Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Al Jazeera Balkans”ın təşkil etdiyi və bu il “Ağ göyərçin” şüarı ilə keçirilən festivalda insan hekayələrindən bəhs edən filmlər nümayiş olunub. Festival çərçivəsində dünyanın müxtəlif yerlərindən və region ölkələrindən 12-si müsabiqə kateqoriyasında olmaqla 25 sənədli film təqdim edilib.

Münsiflər heyətinin qərarına əsasən, “Baş mükafat” Qorki Qlazer Müllerin “Düşmənin uşaqları” sənədli filminə verilib. Sənədli film 7 nəvəsini həbsdə olduqları İŞİD terror təşkilatının Suriyadakı düşərgəsindən xilas etməyə çalışan bir adamın hekayəsindən bəhs edir.

Julie Bezerra Madsenin “Görməli hər şey” sənədli filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

 

Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

Həmçinin teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.

 

Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir sıra tədbirləri təxirə salıb.

Bu barədə Qoruq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi çərçivəsində təqdimatlardan biri azərbaycanlı yazıçı və dramaturq Nəcəf bəy Vəzirova həsr edilib.

 

AzərTAC xəbər verir ki, təqdimatda görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilir. 

Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşa şəhərində anadan olub. Nəcəf bəy ilk təhsilini dini məktəbdə alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Təhsilə, elmə böyük maraq göstərən Nəcəf bəy 1868-ci ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlir və burada Realnı Gimnaziyaya daxil olur. 

Gimnaziyada oxuyarkən Nəcəf bəy Vəzirovun böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına güclü təsir edir.

Nəcəf bəy Vəzirov 1874-cü ildə gimnaziyanı gümüş medalla bitirib və ali təhsil almaq üçün Peterburqa gedib.

Onun dramaturgiyası tənqidi realizmin estetik prinsipləri ilə xüsusi səciyyə daşıyır. O, dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb, faciəvi obrazlar silsiləsi gətirib. 

Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərib.

Nəcəf bəy Vəzirov 1926-cı ildə təcrübə məşğələləri aparmaq üçün tələbələr ilə birlikdə Şamaxıya gedir və iyul ayının 12-də orada ürək çatışmazlığından vəfat edir. Yazıçının cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunub.

 

"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihəsi davam edir.

 

Bu layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərinin Çuxur məhəlləsində yerləşən tarixi-memarlıq abidəsi - Hacı Quluların mülkünə həsr olunub.

Üçmərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk öz memarlıq üslubu və milli koloriti ilə göz oxşayır. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi.

Bu evin otaqları xidmət məqsədinə uyğun olaraq müvafiq formada inşa edilib. Tikilinin pəncərələri hamısı şəbəkə ilə işlənib. Evin birinci mərtəbəsi xidməti otaqlardan, ikinci mərtəbəsi yemək və yaşayış otaqlarından, üçüncü mərtəbəsi tamamilə parad xarakteri daşıyan iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarət idi. Evin həyətə baxan fasadında üçmərtəbəli açıq veranda yerləşirdi. Tikilinin yan tərəfində yerləşən açıq daş pilləkən bu verandalara aparırdı. Üçüncü mərtəbə və verandalara aparan açıq daş pilləkənin sütunları taclı və qanadlı ilan oymaları ilə bəzədilmiş sutunlara malikdir.

Mülkün böyük qonaq zallarından biri 1865-ci ildə Şuşada olmuş rus rəssamı Vasili Vereşaginin əsərində təsvir olunub.

Təəssüf ki, 1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılıb. Yalnız mülkün tağvari girişi olan əsas divarı və yuxarı mərtəbələrə qalxan pillələri qalıb.

 

Sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair-publisist, AYB-nin üzvü Güləmail Muradın “Nuru Paşa dastanı” kitabının təqdimatı keçirilib.

 

Təqdimat mərasimində çıxış edən yazıçı, publisist, filologiya elmləri namizədi Məti Osmanoğlu kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, yaradıcılığında daim vətənpərvərlik mövzusuna xüsusi yer ayıran istedadlı şairə Güləmail Murad “Nuru Paşa dastanı”nda da vətəndaşlıq mövqeyindən çıxış edərək yenə də qiymətli bədii əsər ortaya qoyub. Özünün individual yanaşması ilə bu qəhrəman obrazının təbii, bədii boyalarla təqdimatını verən müəllif oxucuya sözünün qüdrətindən doğulan elə bir obrazı təqdim edir ki, oxucu bu obraz vasitəsilə tarixi keçmişinə dönür və doğma obrazın qəhrəmanlığını sevə-sevə göz önünə gətirir. Əsər boyu qəhrəmanına sevgi sərgiləyən müəllif sözün polisemantikasından istifadə edərək obrazının təqdimatını bədii ustalıqla verir. 

Tədbirdə filologiya elmlər doktorları Valeh Nəsibli, Salidə Şərifova və başqaları kitabın məziyyətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, G.Muradın “Nuru Paşanın dastanı” kitabında qardaş Türkiyənin ölkəmizə əsl qardaş münasibəti sərgilədiyinin şahidi oluruq. Əsərdə işıqlandırılan əfsanəvi qəhrəman Nuru Paşa obrazı türkçülüyün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur. Əsərin bədii çəkisi olduqca ağırdır.

Güləmail Muradın yaradıcılığını neçə illərdi sevə- evə izlədiklərini vurğulayan çıxışçılar diqqətə çatdırıblar ki, yaradıcılığa lirik şeirlərlə başlayan şair son otuz ildə qələmini süngüyə çevirib, hərbi mövzuda iyirmiyə yaxın kitab nəşr etdirib. “Qarabağ harayı” yalnız onun yox , bütün Azərbaycan xalqının fəryadı idi. Onun sonrakı kitablarında da qəhrəmanlarımızın döyüş yolları, torpaq uğrunda canından keçən oğulların şücaəti bədii boyalarla, həzin misralarla qələmə alınıb. 

Natiqlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Bu gün böyük saz ifaçısı Ədalət Nəsibovun anım günüdür. Ədalət Nəsibov 2017-ci ilin 14 sentyabrında 78 yaşında dünyadan köçüb. Onun anım günündə oğlu Hekayət Nəsibovun ötən il mediaya verdiyi müsahibəsini xatırlatmaq, düşünürük ki, yerinə düşərdi.

 

- Hekayət bəy, sizinlə neçə gündür ki, müsahibə üçün zəngləşib, vədələşirik. Bu müddət ərzində atanızla bağlı ən çox nəyi xatırladınız, ağlınıza nələr gəldi?

 

- Sözün düzü, onun adı gələndə o saat kövrəldici məqamlar yadıma düşür. Xüsusən, atamın xəstəlik dövrləri. Xəstəliyi zamanı onsuz da həmişə yanında olmuşuq, amma hərdən deyirəm ki, kaş bir kamera quraydıq, onun bütün hərəkətlərini, danışığını, sevincini, lap elə bağırıb qışqırmağını çəkərdik. Amma ürək eləmədim buna. Yəni elə ancaq onun son vaxtları yadıma gəlir. Elə bilirəm, yüz yaşlı qoca olub. Cavanlığı barədə, sözün düzü, fikirləşmirəm, ağlıma gəlmir.

Biz ailədə beş uşaq olmuşuq. Üç bacı, bir qardaş. Qardaşım hardasa on il bundan əvvəl qırx iki yaşında rəhmətə gedib. İdmançıydı, polis işçisiydi. Amma taleyi elə gətirdi. Qismət...

 

- Bu ölüm atanıza ciddi təsir edər, xəstəliyini yaradan səbəblərdən birincisi olar...

 

- Əlbəttə. Onun ölümündən sonra atam həmişə gileylənib deyirdi ki, məndə həvəs qalmayıb. Saz çalmaq üçün eşq, həvəs lazımdı.

 

- Hekayət bəy, Ədalət Nəsibov necə ata idi?

 

- Çox ciddi, ağır, çətin xasiyyətli bir adam idi. Amma həm də çox yaxşı ata, valideyn idi. Biz həmişə hiss edirdik ki, arxamızda böyük bir dağ var. O, heç bir sözü elə-belə demirdi. Hər bir sözə bir şeir, misal çəkirdi. Rəhmətə gedən kiçik qardaşım bir az emosional idi. Həmişə ona deyirdi ki, mən dediklərimi elə, amma mən elədiklərimi eləmə.

 

- Sizcə, “mənim elədiklərim” deyəndə nəyi nəzərdə tuturdu?

 

- Atam əhlikef adam idi. Tək yaşamağı, yeyib içməyi, qonaq qarşılamağı xoşlayardı. Çox səs-küylü idi. Yəni, bu kimi xüsusiyyətlərini nəzərdə tuturdu. Bəlkə də indi ürəyinin dərinliyində hansısa səhvləri tutub belə deyirdi.

 

- Ümumiyyətlə, səhvlərini bilən adam idi?

 

- Belə də. Biləndə də çox gec bilirdi ki, səhv edib. Amma belə fikirlərlə heç vaxt yaşamazdı.

 

- Ədalətin bir patriarxal obrazı vardı. Ailədə həyat yoldaşına, qızlarına qarşı mühafizəkarlığı, qadağaları olub?

 

- Elə siz deyən qədər də yox. Əslində, bacılarımı çox sevirdi. Ümumiyyətlə, o, qadınları həmişə çox yüksək qiymətləndirib. Bəzən elə olurdu ki, evdə başqa bir qadın haqqında o qədər xoş sözlər deyib, tərifləyirdi ki, axırda anam da əsəbiləşib deyirdi ki, a kişi, bəsdir təriflədin (gülür). Amma yenə deyirəm, ciddi adam idi və qadağaları da çox olardı. Bacılarım da, elə mən özüm də bilirdik ki, hansı hərəkəti etsək, onun xoşuna gəlməz. Həmin hərəkəti etmirdik.

 

- Yanında siqaret çəkib, içki içirdiniz?

 

- Mən içki içən olmamışam. Ara-sıra siqaret çəksəm də onun yanında heç vaxt çəkməmişdim. Son vaxtlar çox kədərlənirdim, oturub onunla dərdləşirdik. Onda yanında siqaret çəkirdim. Onda da mənə uşaq kimi baxırdı.

 

- Onunla dost ola bilmişdiniz?

 

- Hə, münasibətimiz çox yaxşı idi. Bəzən, mən ona məsləhətlər verirdim. Çünki mənim də bəlli bir yaşım vardı. O da ağırlaşmış, yaşlanmışdı. İkimizin də bir-birimizə ehtiyacımız olurdu, bir-birimizi dinləyirdik.

 

- Bildiyimə görə, ananızı sevib ailə qurub...

 

- Mənim atam qazaxlı, anam isə əslən gürcüstanlıdır. Atam iyirmi yaşında cavan oğlan olub. Kəndləri gəzib toylarda saz çalırmış. Anamı da o vaxt görüb bəyənib. O, anamı böyük məhəbbətlə sevib. Anamı atama vermirmişlər, çox böyük çətinliklə onun “hə”sini alıb. Səbəb məsafənin uzaqlığı olub. Anamın ailəsi deyib ki, Gürcüstan hara, Qazax hara. Sonradan düzüb-qoşublar, onlar ailə qurublar. Anam rəhmətlik gəncliyində çox gözəl qadın olub.

 

- Atanız ərköyün, çılğın insan kimi tanınırdı. Ailədə belə kaprizləri olurdu?

 

- Sizə bir söz deyim. Anam çox sakit, sadəlövh adam olub. Həm də savadı, dünyagörüşü o qədər çox deyildi. Kənddə böyümüş bir qız idi. On yeddi yaşında da atamla ailə qurub külfətə qarışmışdı. Bundan başqa o, qohumlarından ayrı düşmüşdü, onların hamısı o tərəfdə qalmışdı. Öz sözü olmasın, anam Qazaxda qəribçilikdə yaşayıb. O, həmişə atamın qulluğunda durub. Atam da həqiqətən çox kaprizli idi. Heç nəyi ona bəyəndirmək olmazdı. Mən uşaq idim, yadıma gəlir, həmişə nəyinsə üstündə deyinərdi. Amma anamın hər bir qulluğunda durardı. Yeməyinə, içməyinə ciddi fikir verərdi. Evdə də bir az ərköyün idi. Tez küsən, inciyən, amma tez də barışan adam idi. Hər şey onu incidirdi. Ah da dəyirdi xətrinə, uf da. Böyük sənətkar idi, təbii ki, amma mənə elə gəlir, onun o ərköyünlükləri olmasaydı, daha çox irəli gedərdi, pul, var-dövlət toplayardı.

 

- Pula münasibəti necə idi?

 

- Pulu xoşlayırdı, amma həmişə əl çirki kimi baxırdı. Pul xərcləməyi də çox xoşlayırdı. Belə deyim də, pulun düşməni idi. Qazancı də həmişə yaxşı olmuşdu. Biz heç vaxt dolanışıqdan korluq çəkməmişik. Həmişə yaxşı yaşamışıq. Bunu da deyim: bizə bir xərcləyəndə, özünə beş xərcləyib! Yəni özünün xərci daha çox idi.

 

- Uşaqlarla tərbiyə üsulu necə idi? Sizi uşaq vaxtı, yeniyetməlik illərində döyübmü?

 

- Yox, döydüyü heç yadıma gəlmir. Amma məni çox tənbeh edirdi. Hər şeyi nəsihətlə, şeirlə izah edirdi. Uşaq vaxtı bizim evdə “Qobusnamə”, “Oğluma nəsihətlər” kitabı vardı. Mən də elə kitablar oxumağı xoşlayırdım. Həmişə belə kitablar tapıb, gətirib mənim şkafımın yanına yığardı ki, oxuyum.

 

- Siz nə zaman hiss etdiniz ki, böyük bir sənətkarın övladısınız?

 

- Vallah elə uşaqlıqdan hara gedirdiksə, hər yerdə onu böyük hörmətlə qarşılayırdılar. Hətta anam da çox təəccüblənirdi, evə gələndən sonra deyirdi, ay kişi, səni yaman çox istəyib, hörmət edirlər. O da zarafata salıb deyirdi ki, görürsünüz, mənim bircə bu evdə hörmətim yoxdur, hər yerdə var (gülür). Yəni, biz elə özümüzü tanıyandan bilmişik ki, atamız böyük sənətkardır. Çünki bizə həmişə ona görə çox hörmət qoyublar. Elə indinin özündə də hara gedirəmsə, məni təqdim edirlər ki, bu, filankəsin oğludur, o dəqiqə diqqət görürəm. Sözün düzü, mən belə təqdimatdan sıxılıram, heç istəmirəm bilsinlər.

 

- Niyə?

 

- Nə bilim vallah. Uşaqlıqdan elə idim, istəmirdim kimsə məni tanısın. Kim görürdüsə, deyirdi, sənin atan bizim kənddə olub, mənim toyumu aparıb. Yeri gəlmişkən, mənim yoldaşımın valideynlərinin toyunu atam aparıb. Yoldaşımla mənim evlənməyimə də heç vaxt etiraz etməyib, çünki biz uşaqlıqdan bir-birimizi istəmişik. Sevgi məsələsində övladlarının heç birinin işinə qarışmayıb, üstünü vurmayıb. Qızları da kim istəyibsə, deyib, allah xeyir versin. Biz oğlanlarına da həmçinin. Heç deməyib ki, ay oğul, bəlkə filan kişinin qızını sənə alım. Yəni, seçimi özümüzün öhdəmizə buraxıb. Hamımıza da yaxşı toy edib.

 

- Kimlərlə dostluq edirdi, evinizdə onun ən yaxın dostu kimi kimləri görmüsünüz?

 

- Evimizdə çox adam görmüşəm. Mən özüm 13-14 yaşımdan həyata atılmışam, çalışmışam. Sonra da əsgərliyə getmişəm, gəlib ailə qurmuşam. Yəni onların yanında elə yeniyetməlik illərinə qədər qalmışam. Onu ən çox gördüyüm vaxtlar Bakıda yaşadığı dövrlər, son on beş ildir. Bizim evimizə rəhmətlik Zəlimxan Yaqub, Tofiq Bayram çox gələrdi. 12-13 yaşım vardı, yadımdaydı, onun dalınca çox adam gəlib gedərdi. O vaxtlar da atamı toya aparmaq üçün çox adam gələrdi, qapımızda növbə olardı, hətta günlərlə qapımızda yatıb gözləyirdilər ki, atam evə gələndə onunla toy vədələşsinlər. Bir dəfə gecə vaxtı qapı döyüldü, atam da hardansa qonaqliqdan gəlib yatmışdı. Onu da yuxudan oyadanda çox hövlank oyanardı. Nə isə bunu gecə yuxudan oyatdıq dedik, Tofiq Bayram səni çağırır. Tofiq Byramla bir neçə nəfər hardansa yeyib içməkdən bizə gəlib atamı ora aparmaq istəyirdi. Atam da getmədi, onları küsdürdü. Onda Tofiq Bayram atamdan incidi, dedi, səni Ədalət edən mənəm. Yadıma gəlir, atam qayıdıb ona dedi ki, yox, məni Ədalət edən mənim barmaqlarımdı. Tofiq müəllim şairlik və şeirləri nöqteyi-nəzərdən belə demişdi. Onda kişi küsüb bizdən getdi. Bir müddət sonra barışdılar. Çox tez-tez, həm də çox adamın xətrinə dəyirdi, amma tez də barışırdı. Kini yox idi.

 

- Zəlimxan Yaqub rəhmətə gedəndən sonra atanlz bir verilişdə onun şeirini demiş və kövrəlmişdi. Ümumiyyətlə, kövrək adam idi?

 

- Hə, son vaxtlar yaman kövrəlirdi. Amma cavanlıqda elə deyildi, bir az yaşlanandan sonra oldu. Dost-aşna, yaxınlar hamısı bir-bir dünyadan köçdü, o, özünü təklənmiş hiss etdi. Bir dəfə ona dedim ki, istəyərsənmi, indən belə də çox yaşayasan. Dedi, neynirəm çox yaşamağı, bir adam, bir ürək dostun, zarafat elədiyin yanında qalmır. Qalanların da heç birini tanımırsan.

 

- Ağdamdan Qədir Rüstəmov, Göyçaydan Habil Əliyev, Qazaxdan Ədalət Nəsibov çıxıb. Və bu adamların heç biri öz bölgələrində birmənalı qarşılanmayıb. Ədalətə Qazax camaatının münasibəti necə idi?

 

- Qazax camaatı əksərən söz qoşmağı, lağlağı etməyi xoşlayır. Atam da ona kim necə münasibət bəsləyirdisə, onunla da o cür davranırdı. Özü də həddindən artıq hazırcavab adam idi. O, hamı ilə zarafat edərdi, bir az da ona dəlisov kimi baxırdılar. Bundan başqa, bir qeyri-adiliyi yox idi. Mən fikirləşmirəm ki, Qazaxda kimsə desin, Aşıq Ədalət özünü dartır və yaxud da bizi saymır. Mən belə söz eşitməmişəm. Qapımıza kim gələrdisə, onunla oturub yeyib içər, əliboş da qaytarmazdı. Əgər o, kasıb bir dostu ilə bir süfrə arxasında oturub yemək yeyirdisə, lap ən rəhbər vəzifədə işləyən dostu da çağırsa, lap o gedəcəyi yerdə on min manat qazancı da olsa, getməz, heç kəsin qəlbinə dəyib incitməzdi. Heç kəs ondan küsüb incimirdi. Söydüyü adamlar belə... Özünün bir sözü vardı, deyirdi, söydüyüm adamlar da məndən incimir.

 

- Uşaqlıq illərindən danışırdı?

 

- Son vaxtlar danışırdı. Uşaqlığı çox ağır keçib. Çoxuşaqlı ailə olublar, evin ən böyüyü atam olub. Atası da müharibə əlili imiş. Saz çala bilməyib, amma çox bilikli olub. O vaxtı aşıqlar dastanlardakı sözləri unudanda, babamın yanına gəlib ondan soruşurmuşlar. Atama ilk sazı da babam alıb. Atam bir az böyüyən kimi ailəsinə kömək etməyə başlayıb. Bir dəfə ona verilişlərin birində bir uşaq belə bir sual verdi ki, Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən? Atam dedi, yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.

 

- Saz ifa etmək bacarığınız var?

 

- Evimizdə bir, iki dəfə götürüb dınqıldatmışam. Amma tam olaraq ifa edə bilmirəm. Atam da istəməzdi mən aşıq olum. Qardaşım yaxşı saz çalırdı, bacılarım musiqi məktəbini bitirmişdilər. Həmişə öz haqqında deyirdi ki, mən aşıqların padşahıyam, ən baş sənətkaram, amma bu gün mən korluq çəkirəm, ehtiyac içində yaşayıram. Söhbət təbii ki, aclıqdan getmirdi, amma ümumilikdə deyirdi, deyirdi, istəmirəm gedib aşıq olasınız.

 

- Özü öz böyüklüyünün fərqindəydi?

 

- Hə, bilirdi. Deyirdi, mən böyük sənətkaram. Bir dəfə ömrünün sonlarına yaxın idi, söhbətləşirdik. Dedim, ata, vaxt vardı adamlar əllərində saz aparmağa utanırdılar, amma sən sazı sənətin zirvəsinə qaldırdın, bəs səndən sonra saz sənəti necə olacaq? Onda mənə Nizaminin şair olmaq arzusuna düşən oğlu ilə dialoqunu danışdı. Hərdən deyinib, söylənirdi də. Bəzən onu düz başa düşmürdülər. Dəfələrlə demişdi ki, “Yanıq Kərəm”ə niyə oynayırlar? “Yanıq Kərəm”ə oynamaq olmaz. Yəni saza çox böyük qiymət verirdi, saz həmişə bizim evimizin ən yüksək yerində olub. Hələ rayondakı evimizdə onun sazları yük yığılan çarpayının üstündə olardı. Saza övlad kimi münasibət bəsləyirdi.

 

- Sazla dəfn olunmasını da vəsiyyət etmişdi...

 

- Həmişə deyirdi, məni sazımla basdırarsınız. Amma bir gün mənə dedi ki, yox, a bala, saz lazım deyil. Birdən sazımı xəbər alarlar, kimsə ona baxmaq istəyər. Ona görə də elə uşaqlıq sazımın üstündəki sinəni qopardıb sinəmin üstünə qoyub dəfn edərsiniz. Özü elə istədi, biz də dediyi kimi etdik.

 

- Qadınlarla münasibəti necə idi?

 

- Çox yaxşı. İndi adlarını konkret deyə bilmərəm, amma xanımlara hörmət qoyurdu. Bayaq sizin zəng vurduğunuz nömrə onun nömrəsidir, mən onu saxlayıram. Hərdən o nömrəyə qadınlar zəng vururlar, onu soruşurlar. Bugünkü gündə görünən şairələrin hamısı onun yanına gedib gələrdilər.

 

- Onun nömrəsini işlətməyinizin səbəbi nədir?

 

- Nə bilim. Fikirləşdim ki, kimsə onu axtarar, darıxar, nə isə ürəyində qalan sözü demək istəyər. Köhnə dostlarından kimsə axtarar, ona görə də saxladım. Onun nömrəsinin silinməsinə ürəyim razı olmadı. Telefonunu da saxlayıram.

 

- Söyüşcül adam idi bir az da...

 

- Elədir. Onun söyüşlə bağlı əyləci yox idi. Ürəyində saxlamırdı heç nəyi. Yeri gələndə deyirdi.

 

- Özünün qəbul edib, xoşladığı sənətkarlar kimlər idi?

 

- Azərbaycanda qəbul etdiyi sənətkarların hamısını dinləyirdi. Muğamı çox sevirdi, qulaq asırdı. Alim Qasımovu xoşlayırdı, çox istəyirdi. Rəhmətlik Habillə dost idi. Həsən Turabovu, Rasim Balayevi sənətkar, aktyor kimi çox sevirdi. Bəhmən Vətənoğlunun şeirlərini oxuyurdu, bəyənirdi

 

- Sücaəti necə?

 

- Çox sevirdi. Aşıq Ələsgəri, Məmməd İlqarı da çox istəyirdi. Onların şeirlərini də oxuyurdu.

 

- Yerlipərəstliyi vardı?

 

- Yox. Yerlipərəst deyildi, amma Qazaxı sevirdi. O, sənətkarlıqla yanaşı, həm də ağsaqqal idi. Dəfələrlə olmuşdu ki, kiminsə əlində güllə açılıb başqasını öldürmüşdü, atamı qan yatırtmaq, barışıq üçün aparmışdılar. Onun sözünü də dinləmişdilər.

 

- Nələri sevmirdi?

 

- Vaxtsız gələn qonağı sevmirdi (gülür). Anamın, mənim, digər uşaqlarının onu nəzarətdə saxlamasını xoşlamazdı. Azadlığı sevirdi. Son illər anam rayonda yaşayırdı, o, burda. Bu da onun azadlığının bir ifadə formasıydı. Həm də anam burda qala bilmirdi, atam da Qazaxda. Ancaq atam rəhmətə gedəndən üç gün sonra anamı infarkt vurdu. Biz ona atamın ölümü ilə bağlı heç nə deməmişdik. İnfarkt vurandan sonra yuxudan oyanıb dedi, kişi ölüb. Biz onu düz bir il iynə-dərmanla saxladıq. Bir il sonra sentyabrın 14-də atamın ilinə üç gün qalmış anam rəhmətə getdi.

 

- Musa Yaqubun xanımı rəhmətə gedəndən sonra onunla bağlı bir şeiri var. Xanımının məzarı üstündə etiraf edir ki, sağlığında ona çox zəhmət verib. Ədalətin ananızla bağlı belə bir narahatlığı vardı?

 

- Anam xəstəhal idi, atam bunu bilirdi. Həmişə deyirdi, allah elə edə, mən ondan bir az çox yaşayam, onu özüm lazımınca götürə, dəfn edə biləm. Ancaq bunu günah, borc, yoxsa cavanlıq məhəbbəti üçün dediyini demək çətindir.

 

- Sizcə ananıza qarşı sevgi yaşlanana qədər davam etdi?

 

- Bilirsiniz, atamın həyatında qadınlar çox olub. Amma anam bambaşqa idi, onun beş uşağının anası idi. Həm də atam onu sevib almışdı.

 

- Xəstəliyinə münasibəti necə idi?

 

- O, xəstəliyi barədə bildi. Biz də çalışırdıq onun başını qataq. Deyirdik, a kişi, narahat olma. Rəhmətlik Ağaxan Abdullayev təzə rəhmətə getmişdi, onun dəfn mərasimiini televizordan gördü, qayıtdı dedi, mən də eləyəm. Onda mən əsəbiləşdim, dedim, sənin xəstəliyin onunkundan deyil. Biz əlbəttə ona yalan deyirdik, o da susurdu. Amma bir dəfə atasından misal gətirdi, dedi, o, ağır xəstə olanda dostları yanına gəlib ürək-dirək verəndə atam demişdi ki, bilirəm, mənə təsəlli verirsiniz, amma üç gün sonra öləcəm. Son gününə qədər yaddaşı, xatirələri yerində idi. Bizə deyirdi, hər şeyi görəcəksiniz, amma yaddaşımın itməyini yox. Ölən gününə qədər şeir dedi. Ölümündən bir gün əvvəl onun yanına gələn adamlara şeir demişdi. Biz bilirdik ki, o, gedəcək, qalası deyil. Xəstəliyinin geci-tezi vardı. Onunku da tezindən oldu. O, beş-altı ay xəstə yatdı.

 

- Vəsiyyət edirdi?

 

- O, elə həmişə vəsiyyət janrında danışırdı. Hərdən əlini qoyub cibinə otaq boyu gəzişərək deyirdi ki, vəsiyyət edirəm, qulaq asın, ölümə doğru gedirəm. Mən öləndə məni harda basdıracaqsınız? Bilirdi ki, bu, bizim xoşumuza gəlmir. Mən də əsəbiləşib deyirdim, səni Bakıda basdıracam. Nə ölmək-ölmək salmısan?! Mən elə deyəndə xoşuna gəlmirdi, pis olurdu. Hətta bir dəfə küsüb üzünü divara çevirmişdi. Çox küsəyən idi. Elə biz də ona oxşamışıq.

 

- Öz ifasında hansı havaları xoşlayırdı?

 

- “Göyçə gülü”nü, “Qaraçı” havasını, “Ruhani”ni çox xoşlayırdı. Amma ümumilikdə hamısını. Çünki bütün havaları ürəklə çalmışdı. O, saz çalmırdı ki, sazın fəlsəfəsini çalırdı. Filmlərdə də bir-iki dəfə ifa etmişdi. “Yeddi oğul istərəm” filmində xırda bir parçası var. Amma “Tütək səsi”ndəki “Ruhani”ni o yox, Hüseyn Saraclı çalmışdı. Özü deyirdi, mən elə saz çalmaram. Özü ilə son dövrlərin aşıqlarından söhbət edəndə deyirdi, aşıq qalmayıb, köhnələrdən bircə Mais qalıb. Cavanlardan heç kimi bəyənmirdi. Deyirdi, izlə gedənin izi qalmaz. Fonoqrama ilə çalmaq yox, canlı nəsə yaratmaq lazımdır.

 

- Ən çox nəyi xatırlayıb, nəyə heyfsilənərdi?

 

- Uşaqlığından danışmağı xoşlayırdı. Ölümündən iyirmi gün əvvəl uşaqlığını lap çox xatırlayırdı. Danışırdı ki, uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında bir dəfə qonşunun bağına şəftəli oğurluğuna gediblərmiş. Ev yiyəsi gələndə hamı qaçır, atam qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur. Bu xatirəsini ürəklə danışardı. Onun Akif adlı bir şair dostu vardı, Ağstafadan idi. Onun ölümünə yaman heyfsilənirdi.

 

- Son günlərini necə xatırlayırsınız?

 

- Son günlərini biz çox ağır keçirdik. Yeməkdən kəsiləndən sonra biz onu həkimlərin yanına aparırdıq. Həkimlərə deyirdik, yemək-içməkdən kəsilib, bədəni də iynə götürmür. Onlar da bizə deyirdilər, ona toxunmayın, iynələri vurun. Biz onu Bakıda yoxlatdıranda diaqnozunu çox dəqiq qoymuşdular, demişdilər, bu xəstəlik altı ay çəkməz. Altı aya xəstəlik kişini aparacaq. Sonra qərara gəldik ki, Türkiyəyə aparaq. Atam dedi, mən bilirəm dərdimi, Türkiyəyə də getmərəm. Amma onu da bilirəm ki, mən öləndən sonra sizi topa tutacaqlar, deyəcəklər, atalarını aparıb, gətirmədilər, müalicə etdirmədilər. Ona görə də gedək. Türkiyədə də eyni diaqnoz qoyuldu, aparatlarla yoxladılar, havayı yerdən kişiyə əziyyət verildi.

 

- Dünyasını dəyişəndə yanındaydınız?

 

- Son nəfəsinəcən yanındaydım. Son iki, üç gündə ümumiyyətlə yerindən qalxa bilmirdi, tam hərəkətsiz idi, əl-ayaq, bədən heç bir reaksiya vermirdi. Çox çətinliklə danışırdı. Ölümündən iki gün əvvəl onu qaldırıb ağlaya-ağlaya hamama apardım. Qaytarıb gətirib yerinə qoyanda gördüm, o da ağlayır. İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq. Mən də bilirdim ki, sondu, özü də. Birdən qayıtdı mənə dedi ki, ağrın alım, ay Hekayət, ağlama. O mənə yaxşı ata olub, mən də ona yaxşı oğul olmuşam. İndi fikirləşirəm ki, bu sözlə o, mənə halallıq verirdi. Ondan iki gün sonra səhər vaxtı bir nöqtəyə zillənib baxırdı. Bir neçə saat sonra da rəhmətə getdi. Gənclik illərində sazın o qədər də fərqinə varmırdım. İndi elə gün olmur ki, onu xatırlamayım. Ondan ötrü çox darıxıram, hər gün açıram telefonundakı çıxışlara, ifalara, səs yazılarına qulaq asıram. Hərdən onun öldüyünü də unuduram. Deyirəm, gedim bir babama baş çəkim, sonra yadıma düşür ki, yoxdur. Təsəllim isə neçə kilometrsə gedib, onun qəbrini ziyarət etməkdir.

 

- Siz milyonlardan ona daha yaxın olmusunuz, oğlu olmağınız təsəlli deyil?

 

- İnanın, siz - yəni tamaşaçılar ona bizdən yaxın olub. O, xalqla daha yaxın, iç-içə idi.

 

Samirə Əşrəf, Kulis.az

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının Qazaxıstandan reportajı

 

Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilən Dünya Liderlərinin və Ənənəvi Dinlərin VII Qurultayında dünyanın 50 ölkəsindən 100-dən artıq dini lider qonaq qismində qarşılanıb. Bundan əlavə,  Dini Liderlərin Qurultayını dünyanın 60-dan artıq ölkəsindən gəlmiş 160 nəfərə qədər xarici jurnalist, o cümlədən təkcə Vatikandan gəlmiş 81 Kütləvi İnformasiya təmsilçisi işıqlandırır.

Qazaxıstanın 2003-cü ildən bəri ev sahibliyi etdiyi Dünya Liderlərinin və Ənənəvi Dinlərin Qurultayında ilk dəfə olaraq Poma Papası Fransisk də iştirak edir. Ötən gün Qazaxıstan prezidenti Kasım Cömərt Tokayev dünyanın tanınmış din xadimləri ilə, eləcə də Misirin, həmçinin Əl-Əzhər Universitetinin ali imamı Şeyx Əhməd ət-Tayyibi ilə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə, Roma Papası, Roma Pontefiki Fransisklə tet-a-tet görüşlər keçirib. Dünən habelə Qazaxıstan Prezidenti Roma Papası vətəndaş cəmiyyətinin və diplomatik korpusun nümayəndələri ilə  “Qazaxıstan” Konsert Mərkəzində  görüş keçirib. Təbii ki, xristian dünyasının dini lideri və onun təmsilçiləri ilə müsəlman ölkəsində düzənlənən bu görüş medianın ən çox diqqətini çəkən bir görüş idi. Odur ki, biz də böyük məmnuniyyətlə bu görüşə qatılıb onun detallarını portalımızın oxucularına açıqlamaq qərarına gəldik.

Görüşü açaraq Qazaxıstanın dövlət Başçısı Qasım Comərt Tokayev bu günün tarixi əhəmiyyətindən danışdı, dedi ki, Roma Papası Fransisk ilk dəfədir ki, Qazaxıstana apostol səfəri edir. Bu il həm də Qazaxıstanla  Vatikan arasında diplomatik əlaqələrin 30 ili tamam olur. O, həmçinin bəşəriyyətin rifahı naminə Pontifikin yorulmaz və fədakar səylərini alqışladığını dedi. 

“Belə hesab edirəm ki,  artıq  dünyanın müxtəlif mədəniyyətlərinin və dinlərinin insanlarını sülh naminə, sosial harmoniya və birgə dəyərlər naminə birləşdirməyin vaxtı yetişib”, -deyən dövlət başçısı, eyni zamanda  Qazaxıstanın 30 illik müstəqilliyi dövründə millətlərarası və dinlərarası həmrəylik sahəsində “Müxtəliflikdə Birgəlik” adlı  xüsusi modelinin olduğunu diqqətə çatdırdı. Mərkəzi Asiya regionunda Qazaxıstanın burada yaşayan insanlara və dinlərə tolerant münasibətdə xüsusi rolu olduğunu söylədi. 2003-cü ildən bəri Dünya Liderlərinin və Ənənəvi Dinlərin ilk Qurultayından sonra bu platformada keçirilən müzakirələrin və qəbul olunana qərarların regionda sabitliyin və dincliyin qorunmasında xüsusi rolundan, katolik kilsəsinin rəhbərinin ölkəyə ilk səfərinnin də ölkədəki dinlərarası münasibətlərə, dünyadakı bütün katoliklərin ürəklərində xoşbəxtlik və sevinc yaradacağına əmin olduğunu bildirdi.

Tədbir iştirakçılarına salamlayan Roma Papası Fransisk öz nitqində qədim Qazaxıstan torpağına apostol səfərindən zövq aldığını, buraya dünyada sülh və sabitliyin yolunu, dialoq və  birliik yolunu tapmaq üçün ziyarətə gəldiyini dedi. O öz çıxışına  “Uğurun əvvəli Birlikdədir” –atalar sözü ilə başladı. Bəli, bu belədir,- dedi. Əlavə etdi ki, “Qazaxıstanda 150 etnik qrup və 80 dən çox dildə danışan millətlər yaşayır. Bu dillərdə danışan insanların hər biri öz tarixini, mədəniyyətini, din və ənənələrini qoruyaraq Qazaxıstanın   nadir yarımetnik, multikultural və çoxkonfessiyalı laboratoriyasına gözəl bir simfoniya yaradırlar”.

Roma Papası Qasım Comərt Tokayevin ölkədə  ölüm hökmünü qadağan etməsini də alqışladı. O, eyni zamanda  bu gün dünyada hökm sürən qeosiyasi gərginliklərin fonunda diplomatik səylərin artırılmasının vacibliyindən danışdı. Dinlərarası dialoqda bəşəriyyətin ümumi nəfi naminə görülən işlərdən ümidlə nəticə gözlədiyini bildirdi. Roma Papası bu yolda səylərini əsirgəməyənlərin hamısını dəstəklədiyini xüsusən qeyd etdi.

“Qazaxıstan” Konsert Mərkəzində keçirilən görüşdə necə ki millətlər, eləcə də dinlər arasındakı sərhədlər olduqca şəffaf, görünməz idi. Bu isə dünyamızda gec-tez sülh, əmin-amanlıq qurulacağına bir inam doğururdu. İnam doğururdu ki, hər yanda toplar susacaq, əvəzinə şən musiqi səsləri ərşə ucalacaq.

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının Qazaxıstandan reportajı

 

Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilən Dünya ənənəvi din liderlərinin VII Qurultayında iştirak edən Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Şeyx Allahşükür Paşazadə tədbirə Azərbaycandakı dini konfensiyaların rəhbərləri ilə birlikdə gəlib. Dini liderlərin VII Qurultayında dünyanın bir çox tanınmış din xadimləri iştirak edir. Roma kilsəsinin baş yepiskopu, Roma Papası Fransisk də Qazaxıstan Prezidenti Kasım Comərt Tokayevin dəvəti ilə tədbirdə iştirak edir.

Dünən Roma Papası və Qazaxıstan Prezidentinin ölkənin vətəndaş cəmiyyəti və diplomatik korpusunun nümayəndələri ilə görüşü olub. Azərbaycan Katolik Kilsəsinin ordinarisi, apostol prefekti Vladimir Fekete Roma Papası Fransiskin Qazaxıstana ilk gəlişindən böyük sevinc hissi keçirdiyini bildirib. O, portalımıza verdiyi aşıqlamada deyib:

 “Biz bu gün dünyanı narahat edən məsələlərə öz münasibətimizi bildirmək, münaqişələrin həlli yolunu tapmaq, müxtəlif xəstəliklərin Yer üzünündə yayılmasının qarçısını almaq üçün burada toplaşmışıq. Biz istəyirik ki, dini liderlərin sözü siyasi hakimiyyətlərə təsir etsin. Onlar bizim danışdıqlarımızdan nəticə çıxararaq dünyanı məhv olmaqdan qorusunlar. Çünki əgər hər hansı bir böyük yanlışlıqdan nüvə silahına əl atılarsa, dünya və onun insanları , canlıları məhvolar. Biz istəyirik ki, dünyanın hər yerinə, o cümlədən bizim Azərbaycana, Ukraynaya da sülh və əmin-amanlıq gəlsin! Biz istəyirik ki, din mənsublarının sülhün qorunması fikirlərinə bütün siyasətçilər şərik olsunlar. Bİz istəyirik ki, dünyada sülhün, birliyin bərqərar olması üçün birlikdə dualar edək. Unutmamalıyıq ki, biz hamımız bir Yaradanın övladlarıyıq”. 

Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete eyni zamanda dünən bölgəmizdə ermənilərin törətdiyi son təxribata da münasibətini bildirib:

“Dini liderlər hərb işində heç bir göstərişvermə hüququna malik deyillər. Onlar ancaq ölkə prezidentlərinə, xalqlarına çağırış edə bilərlər. Siyasətçilər hər hansı bir qərar qəbul edəndə hər şeydən əvvəl başlarının üstündə Allahı düşünsünlər ki, bəs görəsən Allah bu qərarları qəbul edirmi? Qoy bütün siyasətçilər hər hansı bir qərar qəbul edəndə vicdanlarının səsini dinləsinlər. Biz də buna görə Tanrıya dua edirik”.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.