Super User

Super User

 

Dünəndən etibarən Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzdə vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir.

Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir. 

Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərəcək.

Xidmət sahələri videomüşahidə üsulları vasitəsilə nəzarətdə saxlanılacaqdır.

 

Şəkildə: Mərkəzin otaqları.

Çərşənbə axşamı, 05 İyul 2022 16:00

112-ci mövsümün ən yaxşılarını mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünən saat 12-də ənənəvi mükafatlandırma mərasimi keçirilib. 

 

Tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mövsüm ərzində həyata keçirilən layihələrdən, görülən işlərdən, qazanılan uğurlardan danışıb. Sonra mükafatlandırma mərasimi keçirilib, mövsüm boyu yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mükafatlandırılıblar.

Mükafatları təqdim etmək üçün səhnəyə Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, həmçinin Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova, Musiqili Teatrın 85 yaşlı aktyoru, Əməkdar artisti Boris Qrafkin, Azərbaycanın Əməkdar artisti, Kalmıkiyanın Əməkdar incəsənət xadimi Mübariz Həmidov, teatrın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev dəvət olunublar. 

Xalq artisti Pərviz Məmmədrzayev “Mövsümün sevilən aktyoru”, Əməkdar artist Şövqi Hüseynov isə “Teatrın tarixində ilk monotamaşa” (“Utancaq qız” tamaşasına görə) nominasiyaları üzrə mükafatlandırılıblar.

Əməkdar artistlər Fərid Əliyev teatrın rus truppası üzrə "Mövsümün aktyoru”, Nərgiz Kərimova isə “Mövsümün aktrisası” seçilib. 

Ülviyyə Əliyeva “Mövsümün sevilən aktrisası”, Zaur Əliyev “Mövsümün perspektivli aktyoru”, Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Fərid Rzayev “Mövsümün ən məhsuldar aktyoru”, Mehriban Zaliyeva “Mövsümün ən məhsuldar aktrisası”, Səmədzadə Xasiyev “Mövsümün aktyoru”, Elnarə Nağdəliyeva “Mövsümün aktrisası, Məhəmməd Abdullayev “Mövsümün ən yaxşı balet artisti”, Mehriban Rəcəbova “Mövsümün ən yaxşı xor artisti”, Fərrux Günəşov “Mövsümün ən yaxşı musiqiçisi”, Məhəmməd Məhəmmədov “Mövsümün ən yaxşı texniki işçisi”, Əliməmməd Novruzov “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, Gülnarə Abdullayeva “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, Qabil Gözəlov “Mövsümün ən işgüzar əməkdaşı”, Nicat Əli “Mövsümün ən cəsarətli kişi roluna görə”, Gültac Əlili “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə”, Adelya Osmanova “Mövsüm ərzində uşaq rolunun ən yaxşı ifasına görə”, Tural Bədəlov “Mövsüm ərzində teatrın dostu” nominasiyalarında mükafatlara layiq görülüblər.

“Mövsümün ən yaxşı tamaşası” kimi “Lara Martin's Jazz Club” caz-tamaşası qeyd edilib və quruluşçu rejissoru İradə Gözəlova mükafatlandırılıb.

Mərasimdə, həmçinin Əməkdar artist Nahidə Orucovaya və teatrın quruluşçu rejissoru Samir Qulamova (“Paris Notr-Dama ithaf” tamaşasına görə) Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Büllur alma” mükafatı da təqdim olunub.

Tədbirdə təbrizli rəssam Qadir Fəthi də iştirak edib və 44 günlük Vətən müharibəsinin iştirakçısı, Şuşaya qədər şərəfli döyüş yolu keçən teatrın balet artisti Murad Ağayevin portretini tədbir boyu çəkərək onun özünə təqdim edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Şuşa - qürurum mənim” adlı ssenari müsabiqəsi elan edib.

İttifaqın mətbuat xidmətindən bildirilir ki, qurumun İdarə Heyətinin qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişiklik edilib və vaxtı uzadılıb.

“İndiyə qədər yaşı 18-30 olan şəxslər müsabiqəyə ssenari təqdim edə bilərdisə, indi yaş məhdudiyyəti yoxdur, hər kəs ssenari təqdim edə bilər. Müsabiqənin vaxtı isə 20 oktyabra qədər uzadılır. Nəticələr isə 8 Noyabr-Zəfər Günü ərəfəsində elan olunacaq.

Digər şərtlər isə olduğu kimi qalır.

- Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.

- Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

- Şrift “Courier New”, ölçü 12 tələb olunur.

- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

- Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.

- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.

- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur. Həvəsləndirici mükafatlar da veriləcək.

 

2019-2021-ci illərdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsi 350 tarixi mədəniyyət abidəsini İslam İrsi Siyahısına daxil edib.

 

AzərTAC xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik İslam Dünyası İrs Komitəsinin 10-cu iclasındakı çıxışında bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi təşkilat İslam dünyasında mədəni irs abidələrinin qeydiyyatı ilə yanaşı, onların mühafizəsini də prioritet vəzifə hesab edir. Bu məqsədlə ICESCO-ya üzv ölkələrin mütəxəssisləri üçün təlim kursları təşkil olunur, təcrübə mübadiləsi aparılır.

İslam Dünyası İrs Komitəsinin sədri Valid Əl-Seyf təşkilata üzv ölkələrdə qeydə alınmış irs abidələrinin qeydiyyatı prosesindən bəhs edib, İslam ölkələrində tarixi abidələrdən ibarət xəritənin tərtib edildiyini diqqətə çatdırıb. 

Komitənin bu gün davam edən iclasında siyahıya əlavə ediləcək yeni mədəni irs abidələri ilə bağlı hesabat təqdim olunacaq.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı oxucularla birlikdə “Xurşidbanu Natəvan-190” adlı tədbir keçirib.

 

AzərTAC xəbər verir ki, kitabxana filialının müdiri Arzu Xudayarova tədbirdə çıxış edərək, Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında xüsusi yeri olan söz ustalarından biri kimi tanındığını söyləyib. O bildirib ki, Qarabağ Xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın yaradıcılığında xalqa məhəbbət xarakterizə olunur: “Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində olub. 1960-cı ildə Bakıda şairənin heykəli və 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. 44 günlük Vətən müharibəsindən sonra Xurşidbanu Natəvanın büstü yenidən Şuşamıza qaytarılıb”, - deyə filialın müdiri bildirib.

Qeyd edə ki, Tədbirdə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasından səhnəcik nümayiş olunub. Şagirdlər, həmçinin Xurşidbanu Natəvanın şeirlərini söyləyiblər.

 Rəsm qalereyası: Aleksey Venetsianov, “Kəndçi müğənni”

Çərşənbə axşamı, 05 İyul 2022 09:36

Günün fotosu: Tbilisini etiraz dalğası bürüyüb

Günün fotosu: Tbilisini etiraz dalğası bürüyüb

 

Tbilisidə insanlar hakimiyyəti istefaya çağıran nümayişlərə başlayıb. Onlar mövcud hakimiyyəti Gürcüstanı Avropa İttifaqına apara bilməməkdə ittiham edirlər.

 

Foto: Euronews

 

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

 

AzərTAC xəbər verir ki, vəkilə üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.

Qeyd edək ki, Adəm Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ədliyyə kapitanıdır. Tanınmış vəkil bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində və magistr dərəcəsi üzrə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil alıb.

Adəm Məmmədov, həmçinin telejurnalist kimi də tanınır. Uzun illər “Lider” televiziyasında “Hüquq və ədalət”, “İnsan və qanun” verilişlərinin aparıcısı olub. O, oxucular tərəfindən böyük maraqla qarşılanan “Qətlin sonu” detektiv-triller romanın müəllifidir. Yazıçının hazırda “Oğurlanmış adam” romanı çapa hazırlanır.

Çərşənbə axşamı, 05 İyul 2022 11:00

Onun adı nə idi?

 

“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında Səbinə Yusifin yeni hekayəsini təqdim edir.

 

-Siz heç sevdinizmi?

-Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim.

-Bəs indi nədən tək yaşayırsınız? –deyə tələbələr ona sual etdilər.

Gülzar müəllimə eynəyini çıxarıb göz yaşlarını silməyə başladı.

-Bizi bağışlayın, müəllimə.

-Elə deməyin, övladlarım. Məni siz ağlatmadınız.

İşlədiyi kollektivdə istiqanlılığı, diqqətcilliyi, mehribanlığı ilə seçilən Gülzar xanım tələbələrin də sevimlisi idi. Nə qədər gülərüz olsa da, bir o qədər zəhmli idi. Tələbələr onun dərsinə hazır olardılar. Tədris etdiyi ədəbiyyat fənninə böyük sevgi qatıb öyrədərdi tələbələrini. İmtahan vaxtı Gülzar xanımın dərs dediyi tələbələr xüsusilə seçilərdi. Bu il onlar sonuncu kurs idilər. Gülzar xanım onlarla həm ana, həm bacı, həm dost idi. Bu səmimiyyətdən istifadə edib tələbələr Gülzar xanıma bu sualı ünvanladılar. Yeni dərsin mövzusu məhəbbət dastanları idi. Dərsi izah edən müəllimə ona qəfil ünvanlanan sualın təsirindən istər-istəməz 30 il əvvəli xatırladı. Müharibənin odlu-alovlu illərini. Qarabağın işğal olunduğu o ağrılı-acılı illəri xatırladı.

-Əzizlərim, siz həyatınızın ən gözəl illərini – gənclik illərini yaşayırsınız. Siz baxdığınız hər nə varsa, sizə bir söz söyləyir: “Sevgi”! Siz xoşbəxt gənclərsiniz ki, artıq Qarabağ azad olub. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərin, zabitlərin, əsgərlərin canları həmişə sağlam olsun. Mənim sevdiyim insan da zabit idi. Vətən üçün hər an ölümə getməyə hazır idi. Qarabağ işğal olunmuşdu. Qarabağın işğalına dözə bilmirdi. Müstəqil Azərbaycan Respublikasında təhsil alan ilk zabitlərdən idi. Biz onunla eyni yurdun övladları idik. İnstitut illəri Bakıda tanış olmuşduq. O vətənpərvər gənc idi. Qarabağın işğalı ona da ağır təsir etmişdi. Bu itki ilə barışa bilmirdi.

-Müəllimə, olar bir sual verim?

-Buyur, qızım.

-Onun adı nə idi? Niyə öz adını demirsiniz?

-Bilirsən qızım, onun haqqında niyə öz adı ilə danışmıram? Çünki o Vətən amalı ilə yaşayan Qəhrəman idi. Onun özü bir yana, adı da mənim qibləmdir. Mən onu öz adı ilə çağırmadım. Mən ona Vətən Sevgim deyirdim. Elə siz də onu bu adla tanıyın. Bizi bir dəyər birləşdirmişdi – Vətən! Hərbi Akademiyanı bitirdi və ön cəbhəyə təyinat aldı. İkimiz də çox xoşbəxt idik. İkimiz də ali təhsilimizi başa vurmuşduq. 4 il idi tanıyırdıq bir-birimizi. O, mənə sevməyi öyrətdi. Yadınızda saxlayın, Vətəni sevən kişilər sevgilərinə sadiq olurlar. Həm də çox mərhəmətli olurlar hər kəsə qarşı. Mən sevgini də ona görə sevdim. O məni həmişə qorumağa çalışdı. Bakıda oxuduğumuz  illərdə mən özümü kəndimizdə yaşayırmış kimi hiss etdim. Çünki mənim arxamda o dayanmışdı. Onunla bir yerdə addım atanda elə bilirdim əl atsam göydəki ulduzları belə dərə bilərəm. Çünki onunla Göylər də əlçatan idi. Hərdən öz-özümə deyirdim: Yatsaydım, belə bir xoşbəxt həyat yuxuma da gəlməzdi. Bəlkə də öz sevgimə özümün gözü dəydi. Çünki bizim sevgimiz bir başqa idi.  O mənimlə görüşə elə gəlirdi ki, heç yolun da xəbəri olmazdı. Elə Abbas Tufarqanlının dediyi kimi:

 

Qədəm qoyub yar bağına gələndə,

Elə gəl, elə get, yol inciməsin.

Şəkər ləblərindən mənə busə ver,

Dodaq tərpənməsin, dil inciməsin.

 

O da görüşə elə gələrdi ki, yol da inciməzdi. Hamıdan xəbərsiz, bəxtəvər bir sevgi yaşadıq. İnstitutu bitirdik. O, ön cəbhəyə yollandı. Mən də kəndimizə. O vaxtlar mobil telefonlar satışa yeni gəlmişdi. Hər adamda yox idi. Yanvar ayı idi. Ev telefonumuza zəng gəldi. O, idi. Məzuniyyətə gəldiyini, məni görmək istədiyini dedi. Mən də evdən rəfiqəmlə görüş adı ilə çıxdım.  Məhəlləmizin qurtaracağında görüşdük. Elə bil dünyanı mənə verdilər. Çox az söhbət etdik. Dedi, birdən görən olar. Sonra atangilə deyən olar. O, istəmirdi ki, mənim haqqımda kimsə bir kəlmə artıq söz danışsın. Sevgisinin ucalığından idi. Məni hər addımda qorumağa çalışırdı. Əlindəki hədiyyə qutusunu mənə verib sağollaşdı. Onu elə möhkəm qucaqladım ki. Polad kimi möhkəm idi. Ətrini hələ də unutmamışam. Cənnətin ətri var idi onda. 

Evə gəlib hədiyyəni açanda gördüm ki, bir mobil telefon var, bir də bir məktub. Məktubda yazmışdı: “Sən bu dünyada ən çox güvəndiyim insansan. Sənə inanıram. İnanıram ki, sən sevgimizə sadiqsən. Sən mənim nəfəsimsən. Nəfəssiz durmaq olmur. Bu telefonu sənə hədiyyə etdim ki, heç olmasa həftədə bir dəfə də olsa sənin səsini, nəfəsini eşidim”. 

Hamıdan gizlin, hamıdan xəbərsiz həftədə bir dəfə ona zəng edərdim. Ayrılmaq istəməzdim. Vaxt elə tez gələrdi ki. Onunla danışdığım dəqiqələr elə qiymətli idi ki. Telefonda onun nəfəsini duyanda dünyanın ən xoşbəxt insanı olurdum. Həmin gün anam mənə nə qədər ev işi gördürsə belə yorulmazdım. Bilirsinizmi, sevgi insanı güclü edir. Mən onunla birlikdə elə güclü idim ki...

Böyük ümidlə, böyük arzu ilə gözləyirdim qovuşacağımız günü. Bir gün axşam saat 8-də atam xəbərlərə baxırdı. Aparıcı xanımın dediyi cümlələri eşidəndə dünya gözlərimdə qaraldı: “Bu gün səhər saatlarında ermənistən ordusu tərəfindən atəşkəs yenidən pozulub. N saylı Hərbi Hissənin zabiti düşmənin açdığı snayperdən Şəhid olub”.

Gözümü açanda xəstəxanada idim. O zaman artıq hər kəs xəbər tutdu bizim sevgimizdən.

Ondan mənə bir məzarı yadigar qalıb, bir də sevgimiz.

O mənim dünyam idi. Dünyamı da apardı özü ilə.

Onunla birlikdə addımladığımız küçələr indi mənim ən isti yuvamdır. Sizə bir məsləhətim var: Elə sevin ki, heç vaxt heyf deməyin.

-Müəllimə, siz heyslənmədiniz? Tək qaldız. Tək yaşlandız.

-Artıq yaşa dolmuş bir insanam. Bir dəfə də olsun heyf demədim. Çünki mən bir Qəhrəmanı sevdim. Kim deyir ki, mən tək qaldım. Mən Vətən boyda bir sevgiyə sahibəm!

Çərşənbə axşamı, 05 İyul 2022 12:00

“Sünbüllər saralanda” kitabının təqdimatı olub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu Afət Ruhan Arslanın “Sünbüllər saralanda” kitabının təqdimatı keçirilib.

 

Qeyd edək ki, kitabın redaktoru Vahid Əhəd, “Ön söz”ün müəllifi isə şair-publisist, “Qızıl qələm” mükafatı laureatı Sakit Məmmədovdur.

Tədbirdə çıxış edən şair Sakit Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, təqdim edilən roman əsasən bir ailənin, təxminən 30 ilə yaxın müddətdə həyatını təsvir edir. Romanın süjeti əsasən 5 personajın üzərində qurulub.

Yazıçı Esmiralda Şükürova, Yasamal rayon MKS-nin şöbə müdiri Yeganə Qafarova və digər çıxışçılar kitab haqqında təəssüratlarını bölüşərək müəllifə yaradıcılıq uğurları arzulayıblar. Bildiriblər ki, kitab oxucuların rəğbətini qazanacaq.

Sonda müəllif təşkilatçılığa görə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına və Yasamal rayon Heydər Əliyev Mərkəzinə öz minnətdarlığını bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.