Super User

Super User

 

Oktyabrın 15-də Bakı Konqres Mərkəzində möhtəşəm səsi və musiqiləri ilə hərkəsin sevimlisi, bassdan sopranaya qədər bütün səs temberlərində ifa edən Bosniya əsilli türkiyəli ifaçı Cem Adrian yenidən Bakıda heyranlarının qarşısına çıxacaq. 

 

Musiqidə sərhədlər, tərzlər və qaydalardan kənar olan, 7 oktavalıq səsin 4.5-5 oktavasından istifadə edə bilən güclü səsi və möhtəşəm performansı ilə C.Adrian azərbaycanlı musiqisevərləri üçün sevilən mahnılarını oxuyacaq.

Qeyd edək ki, Türkiyənin Ədirnə şəhərində dünyaya gələn müğənni ilk olaraq etnik qrup "Mystica" qrupunda solist və rəqqas kimi fəaliyyət göstərib. Elə həmin vaxt işlədiyi radio stansiyanın studiyalarında özünün bəstələdiyi 250 mahnı yazdırıb. 2005-ci ilin fevral ayında Cem Adrianın ilk albomu işıq üzü görür. Həmin ildə ifaçı silsilə konsert proqramları ilə çıxış edərək, bir çox beynəlxalq musiqi festivallarında iştirak edib. Daha sonra ifaçının digər musiqi albomları işıq üzü görüb.

 

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və “Premier LTD” şirkətinin təşkilatçılığı, Yunus Əmrə İnstitutunun (Türkiyə) dəstəyi ilə 6-7 iyul tarixlərində “Bakı Yay Caz Günləri” (Baku Summer Jazz Days) festivalı keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, bu yayın əsl multikultural caz dialoqu iyulun 6-da Heydər Əliyev Mərkəzinin parkında təşkil edildi. Pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edən festivalın açıq səma altında ilk konserti izləyicilərdə böyük təəssürat yaratdı.

Konsert proqramını amerikalı cazmen və pianoçu Emmet Koen və onun rəhbərlik etdiyi “Emmet Kohen Trio” kollektivi açdı. Onlarla birgə səhnəyə tanınmış saksofon ifaçısı Patrik Bartli də çıxmışdı. “Qremmi” mükafatı laureatı olan Patrick Bartli multiinstrumentalist, bəstəkar və aranjimançıdır. O, həddən artıq universallığı, güclü səsi və ruhlandırıcı ifası ilə tanınır. Cazmenlər müəllif kompozisiyaları və improvizələrindən ibarət çıxışlarla Bakı tamaşaçıları və şəhərimizin qonaqlarının rəğbət və məhəbbətini qazandılar.

Festivalın möhtəşəm konserti daha sonra caz trubaçısı Firudin Həmidovun çıxışı ilə davam etdi. Hazırda Azərbaycanın ən məşhur gənclər qruplarından biri olan “H3 Collective”in təsisçisi və rəhbəri olan Firudin Həmidovun fərqli ifaları Bakının caz ruhuna sanki sığal çəkdi. Kollektiv eysid-caz, fank-caz və müasir cazın digər janrlarında kompozisiyalarla çıxış etdilər. 

Tələbələrin, caz musiqi həvəskarları və turistlərin heyranlıqla izlədikləri konsert proqramı ölkəmizdə musiqiyə və xüsusən də caza yüksək marağın olduğunu bir daha sübut etdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Rizvan Nəsiboğlunun “Külək döyən qapılar” adlı yeni şeirlər kitabı işıq üzü görüb. 

 

Kitabda şairin son illərdə yazığı, dövrü mətbuatda dərc olunan şeirləri və iki poeması yer alıb. 

Şeirlərin mövzusu, əsasən, ana məhəbbəti, yurd-Vətən sevgisi, torpağa, elə bağlılıq, sədaqət, etibar və ülvi hisslərdir. 

Qeyd edək ki, Rizvan Nəsiboğlu “Elçi dağı”, “Ömrüm qələmdən adlayır”, “Ey kimsə”, “Ömrümü atmışam göyün altında” şeir kitablarının müəllifidir.

 

Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunmuş dağılan vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.

 

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bərpa olunan abidə paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir: “Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunan mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.

 

Litvanın Yuodkrante şəhərində ənənəvi olaraq “Baltic Voice” gənc vokalçıların beynəlxalq müsabiqəsi keçirilib, müsabiqədə ölkəmizi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi Tamilla Həsənova təmsil edib.

20 ölkədən 136 gənc vokalçının qatıldığı müsabiqədə 11 yaşlı Tamilla Həsənova üçüncü yerə layiq görülüb.

 

Mədəniyyət naziri Anar Kərimov heritage.gov.az saytının təqdimat mərasimində deyib: “Ermənilər abidələri məhv edə bilərlər, amma tarixi yaddaşımızı silə bilməzlər. 44 günlük müharibə bir daha sübut etdi ki, biz keçmişimizi unutmamışıq.”

 

Nazir daha sonra söyləyib:

“Prezident İlham Əliyevin sərəncamlarından biri də işğaldan azad olunmuş ərazilərdə inventarlaşdırmanın aparılması idi. Hava şəraitinə və minalara baxmayaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə 403 tarix mədəniyyət abidəsi aşkar edildi, daha 162 tarixi abidə üzə çıxdı ki, dövlət reyestrində yox idi. Onların əsasında Şuşa ilə bağlı kataloq işıq üzü gördü. Şuşa ilə bağlı ikinci kataloqun da nəşr olunması üçün hazırlıq işləri görülür. Biz bunu informasiya mübarizəsi zamanı əyani sübut kimi istifadə edəcəyik. İnformasiya müharibəsinin ən başlıca elementləri həqiqəti düzgün formada ictimaiyyətə çatdırmaqdır”.

 

Ermənilərin həyata keçirdiyi vandalizm, özününkiləşdirmə və dağıntı faktları yeni yaradılan portal vasitəsilə ifşa olunacaq. 

 

Az öncə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününküləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə ictimaiyyəti geniş məlumatlandırmaqdan ibarətdir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunmuş Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününküləşdirməyə məruz qoyulub. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur.

Nazir vurğulayıb ki, yeni yaradılan sayt işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz tarixi-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı bu istiqamətdə mühüm informasiya resursudur.

Qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası üçün Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilib və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

Vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Azad Cəfərli bildirib ki, heritage.gov.az saytında azad olunmuş ərazilərdə aparılan tarixi-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb: “Saytda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar əksini tapıb. Eyni zamanda, abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Vurğulanıb ki, internet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində hazırlanıb. Belə ki, saytın hazırlanmasında müasir proqram təminatlarından istifadə olunub. Sayt “google”nin seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatlar istifadəçilər üçün ən ön sırada göstərilməsinə imkan yaradır.

Bildirilib ki, məzmun baxımından daha dəqiq, elmi, əsaslandırılmış məlumatlarla zənginləşdirilən internet resursu işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəniyyət abidləri haqqında məlumatları və bu sahədə olan yeniliklərin də operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək.

Sonda mədəniyyət naziri Anar Kərimov və Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərin suallarını cavalandırıblar.

Günün fotosu: Entoni Blinken Sergey Lavrovu pərt edib

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İyirmilərin sammitində” ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcəyindən hədsiz sevinc duyurdu. Amma amerikalı onu pərt edib. Ukrayna təcavüzünə görə onunla görüşməyəcəyini bildirib. 

 

Foto: Euronews

 

İnanılmaz şeylər baş verir. Dünya “Squid Game” ilə nəfəs aldığı bir zamanda ortaya 

“Qəribə şeylər“ (Stranger Things) çıxır və bütün fikirləri alt-üst edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, “Qəribə şeylər” serialı “Netflix”də dünya üzrə baxış rekordunu yeniləyərək “Top 10” siyahısında birinci yerdə qərarlaşıb. 

Ekran işi “Netflix”in bir milyard saatdan çox izlənilən ilk ingilisdilli serialı olub.

Serial təkcə ötən həftəsonu 301 milyon saat izlənilib. Bu nəticəylə sözügedən ekran əsəri hətta “Netflix”in ən çox izlənilən serialı “Squid Game”ni geridə buraxıb.

Qeyd edək ki, Daffer qardaşlarına məxsus olan, rejissor Şon Levinin çəkdiyi bu dəhşət filminin əsas qəhrəmanları yeniyetmələrdir.

Janrı elmi fantastik və dramdır.

Rəsm qalereyası: Ucal Haqverdiyev, “Sirli rəsm”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.