Super User

Super User

 

“Bizim İşğaldan azad edilmiş torpaqlarımızla bağlı ilk əlamətdar hadisələrindən biri Vaqifin məqbərəsinin ucaldılması, Prezident İlham Əliyevin rəhbərliyi və iştirakı ilə birinci Vaqif Poeziya Günlərinin keçirilməsidir. Bu gün ikinci dəfə Vaqif Poeziya Günlərinə toplaşmışıq. Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir. Bu isə o deməkdir ki, bu gün buraya toplaşan ədəbiyyatçılar həm dövlətin, həm ədəbiyyatın, həm də Azərbaycan tarixinin yanındadırlar.”

 

Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Şuşada, Vaqif Poeziya günlərində söyləyib.

"Düşünürük ki, bu tədbirin əhəmiyyəti daha da artacaq və növbəti illərdə Poeziya Günlərinə xarici qonaqlar, dünya xalqlarının müxtəlif söz və sənət ustaları toplaşacaqlar. Əminik ki, Vaqif Poeziya Günləri təkcə Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan tarixinin, Qarabağ tarixinin də təbliğatçısı olacaq", - deyə S.Babullaoğlu bildirib.

 

“Mən 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Döyüşlərə Suqovuşandan başlayıb Ağdamda qədər getmişəm. Dövlətimizin başçısının sərəncamları ilə "Suqovuşanın azad olunması" və "Ağdamın azad olunması" medalları ilə təltif olunmuşam”.

 

Bunu mediaya açıqlamasında Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı şair Eyvaz Əyyub söyləyib.

O qeyd edib ki, Vaqif Poeziya Günləri təntənəli şəkildə qeyd olunan mədəniyyət tədbirlərimizdəndir. Burada Azərbaycanın bütün bölgələrindən yazıçılar var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün Şuşada belə gözəl tədbirlər keçirilir. Biz Vaqif Poeziya Günləri ilə həm də ədəbiyyatımızı yaşadırıq. Eyni zamanda, ədəbiyyatımızın inkişafında bu cür tədbirlərin əhəmiyyəti böyükdür”, - deyə E.Əyyub vurğulayıb.

Qeyd edək ki, Eyvaz Əyyub tanınmış şairə Nigar Həsənzadənin “Söz” ədəbi layihəsinin iştirakçısıdır.

 

İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

 

AzərTAC xəbər verir ki, Sərəncamda azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan Teatrın sonrakı dövrlər ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazandığı və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazdığı qeyd olunur. Bildirilir ki, Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.

Sənəddə vurğulanır ki, keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış Teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır. 1918–1920-ci illərdə ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutan Teatr öz fəaliyyətini 1922-ci ildə bərpa etmiş, Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu almış, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşımışdır.

Azərbaycanlıların Ermənistandan 1948–1953-cü illərdəki deportasiyasından da acı nəsibini alaraq, fəaliyyətini yalnız 1967-ci ildə bərpa edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1980-ci illərin sonlarında ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşmüş, qaçqın həyatı yaşamalı olmuşdur. 

Sərəncamda qeyd edilir ki, 1989-cu ildən Bakı şəhərində məskunlaşan Teatr ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirmiş və bir sıra yaradıcılıq uğurları qazanmışdır.

Azərbaycan Prezidenti İrəvan Dövlət Azərbaycan Dram Teatrının xalqımızın mədəni-ictimai həyatında özünəməxsus rolunu nəzərə alaraq Mədəniyyət Nazirliyinə Teatrın 140 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməyi tapşırıb.

 

İyulun 7-8-da Şəkidə keçirilən “İpək Yolu”Beynəlxalq Musiqi Festivalı barədə sizə məlumat vermişdik. Festivalın son iki gününün təfsilatını diqqətinizə çatdırırıq. 

 

Festivalın ikinci günü

Şəkidə davam edən “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının ikinci günündə  çərçivəsində iyulun 8-də musiqisevərlərə “Simurq” muğam ansamblının konserti təqdim olunub.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.

İfaçıları tarda Zəki Vəliyev, balabanda Rəfael Əsgərov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

Ansamblın təqdim etdiyi xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın proqramına uyğun olaraq, iyulun 8-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılara F.Əmirovun “Sevil” operasını təqdim edib.

Uğurla başa çatan festivalın ikinci gününün sonunda kollektivlərə festivalın xatirə hədiyyələri təqdim olunub.

 

Festivalın son günü

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

İyulun 9-da Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” kompleksinin Yay Teatrında Şəki şəhər Uşaq İncəsənəti Məktəbinin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblının konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları və musiqisevərlər iştirak ediblər.

Axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, festivalın təşkilatçı qurumlarının nümayəndələri, şəhərin qonaqları, musiqisevərlər qatılıblar. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayevanın (soprano), Ramil Qasımovun (tenor), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərlərinə minnətdarlığını bildirib.

Günün sonunda  “Zirvə” instrumental ansambılına və

Kamera Orkestrinin bədii rəhbəri Fəxrəddin Kərimova şəhər icra hakimiyyəti adından festivalın rəmzi xatirə hədiyyələr təqdim olunub.

 

“Torpaqlarımız azad ediləndən sonra Prezident İlham Əliyevin ilk fərmanlarından biri Şuşanın mədəniyyət mərkəzi elan edilməsi oldu. Bundan sonra əvvəlki ənənələr bərpa edildi. İkinci ildir ki, Şuşada Vaqif Poeziya Günlərini keçiririk. Həmçinin “Xarıbülbül” festivalı da təşkil olundu.”

 

Bu sözləri mediaya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Biz şadıq ki, Qarabağın incisinin belə möhtəşəm tədbir və festivallara yenidən ev sahibliyi etdiyi günləri görə bildik. Bunu Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuza borcluyuq”, - deyə Anar bildirib.

Cümə axşamı, 14 İyul 2022 14:35

Şuşada Vaqif Poeziya Günləri başlayıb

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb. 

 

Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. 

AzərTAC xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisidir. 

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib. 

Qeyd edilib ki, əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı olub. 

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Məsələn, Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə iştirak edən yazıçılar və şairlər Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş kitablar nəşr etdiriblər. 

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışıb, şeirlər səsləndiriblər. Şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Şuşaya həsr olunmuş şerini oxuyub və öz təəssüratlarını bölüşüb. 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

Cümə axşamı, 14 İyul 2022 12:30

Mədəniyyət Nazirliyi yeni layihəyə start verir

 

Mədəniyyət Nazirliyi tarixən vətənimizdə əl-ələ, çiyin-çiyinə yaşayan xalqların yaratdıqları əsrarəngiz memarlıq nümunələri, zəngin mədəniyyətimizin carçısı olan abidələrimiz, dini məbədlərimiz haqqında ətraflı məlumatın təqdim olunacağı “Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə start verir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, çoxşaxəli mədəni irsinə, rəngarəng folkloruna daim sahib çıxan Azərbaycan xalqının qərinələr boyu nəslillərdən-nəsillərə ötürdüyü daş salnəməsinə həsr olunmuş videoçarxlar mütəmadi olaraq Mədəniyyət Nazirliyinin sosial media hesablarında paylaşılacaq.

Layihənin ilk paylaşımı Azıx mağarası tarixi yaşayış məskəninə həsr olunur. Videoçarxda Azıx mağarasının elmi, mədəni, tarixi, coğrafi, arxeoloji əhəmiyyəti barədə məlumatlar Azərbaycan və ingillis dillərində qeyd edilib. Bu çoxtəbəqəli abidə dünyada sayı az olan qədim mağara tipli insan düşərgələrindəndir.

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Lampa” xalçasına həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağ tipinin Şuşa qrupuna aid “Lampa” və ya “Ləmpə” xalçaları “Ləçəkturunc” strukturu əsasında şaquli sistemə əsaslanmaqla tərtib olunub.

Bu xalçalar XIX əsrin I yarısında Şuşada, sonra Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunmağa başladı. Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlib. Bir qayda olaraq, “Lampa” xalçaları dəst şəkildə: iki yan və bir ortalıq xalçası kimi toxunurdu.

“Lampa” xalçalarının mərkəzində böyük səkkizkünclü göl səciyyəvidir. Onun yuxarı və aşağı hissələrində “Lampa” üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Ara sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. Xalçanın künclərində geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da ara sahənin bədii tərtibatını zənginləşdirir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, Xan Şuşinskinin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri və xalq mahnıları dinləyicilərə təqdim olunub.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirin açılışında tamaşaçılara dünya mədəniyyətinə əvəzsiz töhfə vermiş Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Tədbirdə, həmçinin “Xan Şuşinski Fondu”nun rəhbəri və böyük sənətkarımızın qızı Bəyimxanım Verdiyeva atasının sənət yoluundan danışıb və Şuşa ilə bağlı xatirələrini bölüşüb. Ustad xanəndənin “O olmasın, bu olsun” filmində ifa etdiyi “Şahnaz” muğamından fraqment nümayiş olunub.

Belçikada yaşayan pianoçu-musiqişünas, “Fikrət Əmirov Beynəlxalq Assosiasiyası”nın rəhbəri və bəstəkar Fikrət Əmirovun nəvəsi Nəzrin Əfəndiyeva Azərbaycan muğamı, Qarabağ muğam məktəbi və müasir muğam istiqamətləri haqqında çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan Repsublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəniyyət inciləri” layihəsi çərçivəsində eyniadlı fotosərgi təşkil edilib. Sərgidə Şuşanın mədəniyyət və tarixi abidələrinin, geyimlərinin, xalçalarının və bu şəhərin yetirdiyi görkəmli yazıçıların, musiqiçilərin və mütəfəkkirlərin həyatını əks etdirən fotoşəkillər nümayiş olunub.

Tamaşaçıların böyük marağına səbəb olan tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı qurumlarının, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Benelüks ölkələrində yaşayan soydaşlarımız da iştirak etdilər.

 

Bu gün - İyulun 14-də Nizami Kino Mərkəzində Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında çəkilmiş film zəfərə aparan yola mühüm təkan vermiş Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub. 

Qeyd edək ki, filmin rejissoru Kəmalə Musazadə və prodüseri Nazim Hüseynovdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.