Prezident İlham Əliyev “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb

 

İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

 

AzərTAC xəbər verir ki, Sərəncamda azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan Teatrın sonrakı dövrlər ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazandığı və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazdığı qeyd olunur. Bildirilir ki, Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.

Sənəddə vurğulanır ki, keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış Teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır. 1918–1920-ci illərdə ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutan Teatr öz fəaliyyətini 1922-ci ildə bərpa etmiş, Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu almış, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşımışdır.

Azərbaycanlıların Ermənistandan 1948–1953-cü illərdəki deportasiyasından da acı nəsibini alaraq, fəaliyyətini yalnız 1967-ci ildə bərpa edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1980-ci illərin sonlarında ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşmüş, qaçqın həyatı yaşamalı olmuşdur. 

Sərəncamda qeyd edilir ki, 1989-cu ildən Bakı şəhərində məskunlaşan Teatr ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirmiş və bir sıra yaradıcılıq uğurları qazanmışdır.

Azərbaycan Prezidenti İrəvan Dövlət Azərbaycan Dram Teatrının xalqımızın mədəni-ictimai həyatında özünəməxsus rolunu nəzərə alaraq Mədəniyyət Nazirliyinə Teatrın 140 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməyi tapşırıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.