Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Sual-cavab” rubrikasında oxucumuz Yaqut Quliyevanın sualını və əməkdaşlarımızın hazırladıqları cavabı təqdim edəcəyik.

 

Sual: - Bu ilin ilk 6 ayında dünyada bir neçə böyük kitab yarmarkası keçirilib. Onlardan hansında ən çox kitab satılıb?

 

Cavab: - Ən çox kitab Madrid Kitab Yarmarkasında satılıb. 

 

Madridin Retiro parkında 17 gün davam edən 81-ci Madrid Kitab Yarmarkası kitab satışında rekord vuraraq iyunun 13-də başa çatıb. İlkin nəticələrdə bir neçə gün gecikmə olmasına baxmayaraq builki yarmarkada kitab satışında cüzi artım müşahidə olunub. Və bu məbləğ absolyut rekord elan olunub: 10, 3 milyon avro. 

Madrid Kitab Yarmarkasının rəhbəri Eva Oruenin sözlərinə görə, yarmarkanın tarixində son dəfə ən yüksək məbləğ 2019-cu ildə qeydə alınmışdı, pandemiyadan əvvəl keçirilən yarmarkada kitab satışından 10 milyon avro vəsait toplanmışdı.

Bu gün Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Anar Kərimov mətbuatın cəmiyyətdəki rolu və əhəmiyyətindən söz açıb.

Jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edən nazir bildirib ki, hər bir xalqın mətbuatı düzgün qurulsa, həmin cəmiyyət də düzgün inkişaf edəcək: “Mətbuat hər zaman ölkədə baş verən hadisələri dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətdə olan nöqsanları ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.

Mətbuatın informasiya müharibəsində rolunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi olduğunu qeyd edib: “Bu işdə mətbuatın çox böyük rolu oldu. Media, həmçinin Qarabağda aparılan quruculuq işlərini də geniş işıqlandırır və dövlətin apardığı sülhsevər siyasəti dünya ictimaiyyətinə çatdırır”.

Çərşənbə axşamı, 19 İyul 2022 10:49

Türkiyəli müğənni Demet Akalın Naxçıvanda konsert verib

 

 

Ötən gün bizim.media xəbər yayıb ki, türkiyəli müğənni və keçmiş model Demet Akalın Naxçıvana gedib, sənətçi "Saat Meydanı"nda konsert proqramı ilə çıxış edib.  

Demet Naxçıvana həyat yoldaşı Okan Kurtla gəlib. Pop ulduzun vizajı və saç düzümünü isə stilist Anar Ağakişiyev edib.  
Konsertdən əvvəl Azərbaycan mətbəxinin təamlarının dadına baxan Akalın əri ilə bərabər dovğanı çox bəyəndiklərini söyləyiblər. 
Konsertdən sonra Naxçıvan hava limanından göruntülərini paylaşan Demet əri ilə Bodruma yollandıqlarını bildirib.

Çərşənbə axşamı, 19 İyul 2022 13:30

Özünü yandıran Şuşa qazisi - Əlizadə Nurinin şeiri

 

Vətənə bənd idi, kim saldı bəndə?

Ahını küləklər daşıdı kəndə…

Bir şair Şuşada xəyal edəndə

Özünü yandırdı Şuşa qazisi

 

Susdu o yerlərin gur bulaqları,

Bir məmur Şuşada hələ buğlanır…

Yandı ürəyində Şuşa dağları-

Özünü yandırdı Şuşa qazisi.

 

Ey vətən, yıxıldı ər oğlu ərin,

Dünyası dar idi, yarası dərin.

Sən ey Cıdır düzü, varmı xəbərin-

Özünü yandırıb Şuşa qazisi?!

 

Bədəni qurd idi, ruhu göyərçin,

Yanmış canına da düşüb göy elçi.

Külünü Şuşaya səpin göyərsin…

Özünü yandırdı Şuşa qazisi.

 

Yalan  ortadadı, bəs hanı gerçək?

Allah da özünü itirdi görcək.

Yasına Şuşanın özü gələcək,

Özünü yandırdı Şuşa qazisi…

 

Sevir zəhərini ilan adamlar,

Düzü düzdə qoyan yalan adamlar.

Külündə dincəlir yanan adamlar…

Özünü yandırdı Şuşa qazisi.

 

İndi daş ağlasın, ya saz, ilahi?

Özün qıl sən ona namaz, ilahi…

Buna göz yaşı da çatmaz, ilahi

Özünü yandırdı Şuşa qazisi.

 

Kim tikib dünyanı?- bənnası ağlar,

Göl ağlar, göllərin sonası ağlar,

Bütün qazilərin anası ağlar-

Özünü yandırdı Şuşa qazisi.

 

Külü dağılmasın- çəkin, səd çəkin,

Biri kef çəkəndə, biri dərd çəkir…

Əzrayıl özü də xəcalət çəkir-

Özünü yandırıb Şuşa qazisi.

 

Orda da yağıydı, burda da yağı?

Hara qaçıb getdi zahid barmağı?

Atacaq özünü Şuşa bayrağı-

Özünü yandırdı Şuşa qazisi…

 

Londondan xoş xəbər almışıq. Dövlət Turizm Agentliyinin dəstəyi və Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli aşpazlardan ibarət nümayəndə heyəti Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında iştirak edib.

 

DÖvlət Turizm Agentliyi bildirir ki, festivalda milli mətbəx nümunələrimizlə yanaşı, Azərbaycanda çay mədəniyyəti, Qarabağ kətəsi də daxil olmaqla şəkərbura, paxlava, qoğal kimi milli şirniyyatlar, o cümlədən Azərbaycan şərabları təqdim edilib.

Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə Əmrahovadan ibarət komanda tərəfindən festival iştirakçılarına, o cümlədən tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaq dolması, kələm dolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra növləri hazırlanaraq təqdim edilib.

Festival çərçivəsindən milli mətbəximizin incilərini nümayiş etdirildiyi xüsusi ustad dərsi keçirilib.

100 nəfərlik böyük auditoriya qarşısında baş tutan ustad dərslərində aşpazlarımız tərəfindən 2017-ci ildə “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən milli yeməyimiz dolma hazırlanıb.

Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin formalaşmasına təsir edən əsas amillər barədə də məlumat verilib.

Azərbaycan stendini ziyarət edən qonaqların ən böyük marağına səbəb olan yeməklərdən biri də məhz “Cənub çələngi” olub. 6 növ plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı istiqamətində atılan mühüm addımdır. Bununla yanaşı, bu yeməkdə ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin flora və faunası, həmçinin biomüxtəlifliyi də təmsil olunub.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmid hər bir ölkənin qastronomiyasının onun mədəniyyətinin güzgüsü olduğunu qeyd edərək əlverişli coğrafiya və fərqli iqlim zonalarının təsiri ilə yaranan biomüxtəlifliyin, həmçinin tarixi İpək yolunun bir parçası kimi müxtəlif xalqların və mədəniyyətlərin qovuşma mərkəzi kimi çıxış etməsinin Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri kimi formalaşmasına təsir göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən Azərbaycanın zəngin kulinariya ənənələrinin təbliğatı və qastronomiya turizminin inkişaf etdirilməsi məqsədilə nüfuzlu beynəlxalq sərgilərdə və platformalarda irimiqyaslı işlərin icrası üzrə fəaliyyət davam etdirilir.

Mərkəzə yazıçı və jurnalist Orxan Fikrətoğlu başçılıq edir.

Çərşənbə axşamı, 19 İyul 2022 11:37

Günün fotosu: Cenifer Lopes və Ben Afflek evləndilər

Günün fotosu: Cenifer Lopes və Ben Afflek evləndilər

 

20 ildən sonra Cenifer Lopes və Ben Afflek bir-birinə “Hə” dedilər. Las-Veqasda evləndilər. 

Aktyorlar 2003-cü ildə tanış olmuş, uzun müddət küsüb-barışmış, evlənməyə tərəddüd etmişdilər. 

Toyda cütlüyün əvvəlki evliliklərdən olan 5 uşağının hamısı iştirak etmişdir.

 

Foto: Euronews

Çərşənbə axşamı, 19 İyul 2022 12:36

Rəsm qalereyası: Adil Hacıyev, “Mənzərə”

Rəsm qalereyası: Adil Hacıyev, “Mənzərə”

Çərşənbə axşamı, 19 İyul 2022 09:34

Rəngkar Adil Hacıyevin sənət dünyası haqqında

Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev yazır

 

 

Milli təsviri sənətimizin İkinci dünya savaşından sonrakı inkişaf mərhələsinin duyulası dərəcədə rəqabətli olduğu dövründə ixtisas təhsilini SSRİ-nin böyük şəhərlərində yox, Bakıdakı “Əzimzadə məktəbi”ndə alan gənc rəssamların paytaxtda yaşanın yaradıcı yarışmaya qatılmamaları zamanına görə təbii hesab olunurdu. 1950-ci ildə rəssamlıq məktəbini bitirəndən sonra yaradıcılığını doğma Neftçalada davam etdirməyə qərar verən Adil Hacıyev (1930-1991) həmin gənclərdən biri idi. Əslində, istedadına görə mərkəzi şəhərlərə üz tutan məzun-yaşıdları T.Salahov, A.Cəfərov, E.Şahtaxtinskaya, S.Şıxlı, M.Rzayeva, M.Qafarov, T.Nərimanbəyov və digərlərindən geri qalmayan, lakin ailə vəziyyətinə görə dədə-baba ocağına qayıtmalı olan Adil Hacıyev tez bir zamanda rəssamlar arasında mövcud olan paytaxt – əyalət ayrı-seçkiliyinin yoxluğunu tanınmış həmkarlarına sübut edəcəkdi.

Yuxarıda adlarını çəkdiyimiz məzun dostları SSRİ-nin nüfuzlu təhsil ocaqlarında oxuduqları vaxtlarda Adil Hacıyev Neftçaladakı orta məktəbdə və Pionerlər evində rəsm fənnini tədris etməkdə idi. Gününün çoxunu uşaqlarla təmasda keçirən gənc müəllim, müvəqqəti də olsa, fərdi yaradıcılıq işlərini kənara qoymuşdu. O vaxtlar Adil Hacıyevdən sənətin sirlərini öyrənən Sakit Məmmədov, Həsənağa Məmmədov, Təbriz Abdullayev, Fikrət İbrahimli, Nadir Bayrışov və digərlərinin bu gün sənət məkanında tanınmış yaradıcılar sırasında olmaları müəllimlərinin də mənəvi qazancıdır, desək, həqiqəti söyləmiş olarıq.

Yalnız paytaxtdakı internat məktəbində işə başlayandan sonra burada yaratdığı geniş emalatxana ona həm də çoxdan arzusunda olduğu yaradıcılıq işlərini də yoluna qoymağa imkan verdi. Bu təhsil ocağının çox tezliklə rəssamlıq təmayüllü internata çevrilməsi də bu məkana sənət həvəsli uşaqların marağının ildən-ilə artmasının nəticəsi idi. Başqa sözlə desək, bu emalatxanada o həm rəssamlıq peşəsinə həvəsi olan uşaqlarla məşğul olur, həm də təhsil sonrası rayonda apardığı müşahidələrinə bədii görkəm verirdi.

O, çox qısa müddətdə müxtəlif janrlarda əsərlər yaratsa da, nədənsə onları ictimailəşdirməyə tələsmirdi. Yalnız paytaxtdan onun görüşünə gəlmiş həmkarlarının təkidindən sonra Adil Hacıyev rəssam-müəllimlərin Bakıda təşkil olunmuş respublika sərgisində əsərlərini sənətsevərlərə təqdim etdi. Müqayisə üçün deyək ki, sərginin ekspozisiyasını təşkil edən 415 əsərdən 22-nin müəllifi əyaləti təmsil edən Adil Hacıyev idi. Bu çoxsaylı rəngkarlıq əsərlərinin leytmotivini Neftçala torpağı, onun əmək adamlarının və təbiətinin romantik vəsfi təşkil edirdi. Müəllifin “Muğan haqqında mahnı”, “Görüş”, “Əmək qəhrəmanı Qüdrət Səmədov”, “Ana”, “Balıqçılar”, “Pambıqçı qız”, “Arx kənarında” və s. lövhələrində vurğulanan mövzuların əksini görmək mümkün idi. Müəllifin həmin tabloların bədii həllində nümayiş etdirdiyi özünəməxsusluq isə, doğrudan da, fərdi və fərqli estetikaya malik olmaqla, gənc fırça ustasının yaradıcı “mən”ini təsdiqləyirdi.

Paytaxtda qazanılan ilk uğur onu sənətsevərlərlə yeni-yeni görüşlərə həvəsləndirdi. 1969-cu ildə qonşu Salyanda rəssamın ilk fərdi sərgisinin təşkil edilməsi bunun əyani göstəricisi oldu. Bu ümidverici başlanğıc onu zamanın axarında həm Azərbaycanda, həm də respublika sərhədlərindən uzaqlarda keçirilən müxtəlif miqyaslı sərgilərin daimi iştirakçısına çevirdi. Neftçala internat məktəbindəki “Adil Hacıyev studiyası” isə çox tezliklə bölgənin ən məşhur sənət ocağına çevrildi. Qənaətimizcə, onun adını zamansızlığa qovuşduran amillərdən biri də vaxtilə bu studiyada sənətin sirlərini öyrənən istedadlı uşaqların tezliklə milli təsviri sənət məkanında tanınmaları oldu. Beləcə, zaman həm də rəssamın uğurlu yaradıcı-pedaqoji fəaliyyətinin Neftçala çərçivəsinə sığmadığını təsdiqlədi. Onun ötən əsrin 80-ci illərində Bakıya işə dəvət olunması və S.Bəhlulzadə adına sərgi salonunun direktoru vəzifəsində fəaliyyətə başlaması həyatında yeni mərhələnin başlanğıcına çevrildi.

Həmin illər onun bir-birindən maraqlı əsərlərinin yaradılması ilə də yadda qaldı. Bu mənada rəssamın “Xonçalar”, “Bahar təranəsi”, “Bulaq başında”, “Bahar”, “Xalq mahnısı”, “Görüş”, “Gənc rəssamın portreti” və s. əsərlərinin adını çəkmək olar. Həmin əsərlərin hər birində məlum janrların estetik çərçivəsini genişləndirmək istəyi duyulmaqda idi. Real biçimli əsərlərində mövzuların obrazlı həllinə yönəli gözlənilməz rakursların mövcudluğu həmin lövhələrin diqqətçəkən xüsusiyyətlərindən idi.

“Xonçalar” tablosu bu mənada duyulası maraq kəsb edir. Adından da göründüyü kimi, əsərdə milli adət-ənənələrimiz tərənnüm olunur. Çoxfiqurlu şaquli kompozisiyada müxtəlif yaşlı qadınların qayıqla Kürün bir sahilindən digər sahilinə toy xonçaları aparmaları təsvir edilmişdir. Sərt qayalığın arasından salınmış pillələrlə sahildəki qayığa doğru hərəkət edən başı xonçalı fiqurların ümumi görüntüsünü səciyyələndirən axıcı-oynaq ritm və nikbin rəng çalarları motivin ürəkaçan görkəm almasını şərtləndirmişdir. Zamanında respublika təsviri sənət məkanında bədii hadisə kimi dəyərləndirilən bu əsərə ictimaiyyət də biganə qalmamışdı. Adil Hacıyevin yaradıcılıq uğurlarına şahidlik edən görkəmli kimyaçı alim Yusuf Məmmədəliyev, tanınmış fırça ustaları Səttar Bəhlulzadə və Tahir Salahov, eləcə də rəssamın müasirləri olan həmyerliləri – filoloq-alim İmamverdi Əbilov və qabaqcıl maarif xadimi Əbdülsəmid Axundov onun barəsində xoş sözlər söyləmişlər.

Rəssamın yaradıcılığının ilk dövrünə aid olan əsərlərində bədii ümumiləşdirmələrin hesabına monumentallıq əldə olunması qabarıq duyulur. “Briqadirin portreti”, “Bahar”, “Kənd məktəbində”, “Kür balıqçıları” və s. tablolarda motivin daşıdığı məna-məzmun yükü real və inandırıcı bədii vasitələrlə ifadə olunduğundan, mövzu müxtəlifliyinə baxmayaraq, bu əsərlərin hər biri duyğulandırıcı qəbul olunur.

Adil Hacıyevin sonrakı dövrlərdə ərsəyə gətirdiyi tabloların bədii məziyyətlərini Azərbaycan rəngkarlığı üçün yeni olan bədii şərhin təşkil etdiyini deməliyik. İkinci mərhələni daha dəqiq dəyərləndirməli olsaq, kətan üzərində təqdim edilmiş təsvirlərin realist-gerçəkçi formada təqdimatının kiçikölçülü yaxılarla ifadə olunduğunu vurğulamaq olar. Bu da ilk baxışda “sakit” görünən obrazların və motivlərin romantikaya bələnmiş ekspressiv tutum almasını şərtləndirmişdir, desək, yanılmarıq. Qrafik cizgilərlə anlam yaradan bu yaxıların əlvan boyalarla qovşağının tamaşaçısına bəxş etdiyi estetik zövq kifayət qədər yeni və zəngin çalarlı olduğundan uzun müddət unudulmur. Vurğuladığımız bədii məziyyətlər “Xonçalar”dan əlavə, “Balıq ovu”, “Kür balıqçıları”, “Bala Kürün Xəzər dənizinə qovuşduğu yer”, eləcə də rəssamın işlədiyi çoxsaylı portretlər üçün də səciyyəvidir.

Yuxarıda da qeyd etdiyimiz kimi, əksər əsərlərinin mövzusunu bilavasitə Neftçala və Salyan mühitindən alan rəssam müxtəlif janrlı tablolarında müasirlərinin onları şöhrətləndirən əməyini yaddaqalan – romantik tutumda bədiiləşdirməyə nail olmuşdur. Balıqçı və pambıqçı əməyi həmin əsərlərin əsas leytmotivini təşkil edir. Onun məşhur pambıqçılar Qüdrət Səmədov və Ayna Quliyevaya həsr etdiyi portretlər bu qəbildəndir. Rəssamın başqa peşə adamlarına həsr etdiyi əsərlərdə də obrazlılığın əldə olunması görünməkdədir. Bu mənada məşhur el sənətkarı, aşıq Pənah Pənahovun və tanınmış müəllim-filoloq İmamverdi Əbilovun portretini qeyd etmək olar.

Adil Hacıyevin haqqında söz açdığımız müxtəlif janrlı əsərlərinin çoxsaylı tamaşaçı marağına səbəb olması həm də onların hər birinin müəyyən ovqat daşıyıcısı olması ilə bağlıdır. Daha dəqiq desək, pambıqçının torpaq sevgisinə (”Sosialist Əməyi Qəhrəmanı Ayna Quliyevanın portreti”), ananın körpə məhəbbətinə (“Bahar təranəsi”), gənclərin yaşayıb-yaratmaq eşqinə (“Bulaq başında”), insanların adət-ənənəni yaşatmaq istəyinə (“Xonçalar”) rəssam marağını qatan fırça ustası son nəticədə təqdim etdiklərini romantik ruhlu mənəvi-estetik qaynağa çevirməyi bacarmışdır. Ona görə də onun zamansızlığa qovuşmuş yaradıcılığı bu gün də təravətli, hamı üçün maraqlı görünməkdədir...

Çərşənbə axşamı, 19 İyul 2022 10:31

Trilyonluq tərəddüd

Xəzərin çəkilməsi sahilyanı ölkələri yeni çağırışlarla üzləşdirir

 

Xəzərin səviyyəsi milyon illərdir enib-qalxır. Lakin qədim dövrlərdə bu, dənizin sahilində yaşayan tayfaları elə də narahat etmirdi. İndi isə vəziyyət tamamilə başqadır. Müasir dövrdə dənizin səviyyəsindəki tərəddüdlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur layihələri başda olmaqla böyük iqtisadi və siyasi problemlər yarada bilər. Artıq həmin problemlərə hazırlaşmağın vaxtıdır.

 

Fəlakət proqnozları

 

Alman və holland alimlərinin "Nature" elmi jurnalında dərc etdirdikləri proqnoza görə, XXI əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr düşəcək. Bu, o deməkdir ki, Xəzərdə suyun səthi 23 faizdən 34 faizədək kiçiləcək, Şimali Xəzər və Türkmən şelfləri tamamilə quruyacaq, dənizin cənub və mərkəzi hissələrində də  sahil xətti xeyli geri çəkiləcək. Qaraboğazgöl körfəsi tamamilə səhraya çevriləcək.

2018-ci ildə isə elə həmin " Nature" jurnalı NASA-nın bir qrup tədqiqatçısının araşdırmasını dərc etmişdi. Onların gəldiyi qənaətə görə, əgər Xəzərin səviyyəsinin azalması indiki templə davam edərsə, hazırda 78.000 giqaton suyu olan Xəzər dənizi 3000 ildən sonra tamamilə quruyaraq, Aral dənizinin vəziyyətinə düşə bilər.

Amma həyəcan təbilini heç də təkcə Qərb alimləri çalmırlar. İranın Xəzər Tədqiqatları və Araşdırmaları Mərkəzinin mütəxəssisləri də qarşıdakı 25 ildə dənizin səviyyəsinin azalmaqda davam edəcəyini proqnozlaşdırırlar.

- Xəzər dənizinin səviyyəsi son yüz ildə ən aşağı göstəricisinə 1979, ən yuxarı həddinə isə 1995-ci ildə çatıb. 1995-2010-cu illərdə dənizin səviyyəsi müəyyən qədər sabit qalıb. 2010-cu ildən sonra isə biz onun yenidən çəkilməyə başladığını müşahidə edirik,- İranın Ətraf  Mühitin Qorunması nazirliyinin Dəniz Mühiti departamentinin başçısı Əhmədrza Lahicanzadə bildirib.

Əgər bu qorxulu proqnozlar reallaşarsa, Xəzərsahili ölkələrin hansı ekoloji, iqtisadi və siyasi problemlərlə üzləşəcəklərini təsəvvür etmək çətin deyil. Onları AzVisionun Videokast layihəsində qonaq olan BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov da sadalayıb.

Çingiz İsmayılov: "Son 180 ilin məlumatlarının üzərində aparılan hesablamalar əsasında biz müəyyən etmişik ki, suyun enib-qalxma səviyyəsi 3 metr təşkil edir"

Professorun sözlərinə görə, Xəzərin səviyyəsinin azalmasına 3 əsas amil təsir göstərir: Günəşin fəallığı, Yerin səthində gedən tektonik proseslər, bir də insanın antropogen fəallığı. Bunların ikisi ilə bağlı heç nə etmək mümkün deyil. Onlara ancaq uyğunlaşmaq olar. Antropogen təsirin haqqında ayrıca danışacağıq, amma əvvəlcə görək, təbii amillər doğrudanmı, deyildiyi qədər dəhşətli bir gələcək vəd edirlər?

 

Qiyamət təxirə salınır?

 

Məsələyə aydınlıq gətirmək üçün 3 ölkədən olan ekspertlərin rəylərinə baxaq. söhbətləşib. Onların hamısının fikri bir məsələdə üst-üstə düşür: 70-80 il sonranı proqnozlaşdırmaq mümkün deyil. Bununla bağlı deyilənlər qorxulu nağıllara daha çox bənzəyir.

Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi işçisi, Su Problemləri İnstitutunun aparıcı mütəxəssisi, okeanoqraf, coğrafiya elmləri doktoru, professor Pyotr Buxaritsının sözlərinə görə, ümumiyyətlə, 1 ildən o tərəfi etibarlı şəkildə proqnozlaşdırmaq mümkün deyil. Daha uzun müddətdən danışırıqsa, söhbət yalnız müxtəlif modellərdən gedə bilər ki, onların da etibarlığına heç kim zəmanət verə bilməz.

Konkret avropalı alimlərin "Nature" jurnalında dərc olunan proqnozuna gəlincə, professor Buxaritsının sözlərinə görə, onlar indi dəbdə olan qlobal istiləşmə modellərindən istifadə ediblər, Rusiyanın Avropa hissəsinə böyük miqdarda su gətirən Atlantik siklonlarının rolunu hesablayıblar, digər vacib amilləri isə nəzərə almayıblar.

- Volqanın və Xəzər hövzəsinin digər çaylarının sululuğuna, müvafiq olaraq dənizin səviyyəsinə digər əhəmiyyətli amillər də təsir edir. Bunlar cənub, Aralıq dənizi, Qara dəniz siklonları və Xəzərin özüdür. Onlar böyük miqdarda rütubət gətirir, Xəzərə tökülən çayların sululuğuna Atlantik siklonlarından daha çox təsir edirlər,- Buxaritsın bilirib.

Xəzərin problemləri üzrə tanınmış mütəxəssislərdən biri, Qazaxıstanın "Kazidromet" Dövlət Müəssisəsinin Xəzər dənizinin Hidrometeoroloji Tədqiqat Departamentinin rəhbəri, Dünya Dəniz Təşkilatının dəniz okeanoqrafiyası üzrə texniki komissiyalarının eksperti, "Hidrometeorologiya və ekologiya" jurnalının baş redaktor müavini, coğrafiya elmləri namizədi Natalya İvkina AzVision ilə söhbətində deyib ki, onlar iqlim dəyişikliyinin su balansının komponentlərinə və Xəzər dənizinin səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparıblar və gəldikləri qənaətə görə, hazırda Xəzərin səviyyəsi sabit enmə tendensiyası göstərir. Bu eniş 21-ci əsrin ikinci otuz ilində özünü xüsusilə aydın büruzə verəcək.

- 2006-cı ildən Xəzər dənizinin səviyyəsi aşağı düşmə tendensiyası nümayiş etdirir. 2021-ci ildə onun səviyyəsi Baltik Sistemi (BS) üzrə -28,42 metr idi, 2021-ci ilin dekabrında isə -28,55 metrə çatdı. 2005-ci ildən 2021-ci ilə qədərki dövrdə dənizin ümumi səviyyəsi 1,51 m enib. Bundan başqa, son bir ildə səviyyənin enmə intensivliyi 18 sm olub. Bu müddət ərzində dəniz suyu səthinin sahəsi 23 min kv. km-dən çox azalıb ki, bunun yarısı Şimali Xəzərin Qazaxıstan hissəsinə düşür,- İvkina bildirib.

Natalya İvkinanın proqnozları azərbaycanlı alim, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun şöbə müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyevin təxminləri ilə müəyyən qədər uzlaşır.  Onun fikrincə, 2050-ci ilə qədər dənizin səviyyəsi 3 metr azalacaq. Lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi artmağa başlayacaq. Professor bunun aparılan arxeoloji qazıntılar, gəlinən elmi nəticələrə söykəndiyini vurğulayıb.

 

Ortaq məxrəc

 

Maraqlı vəziyyət yaranır: Qərb alimləri Xəzərin gələcəyilə bağlı bədbin olduları və qorxulu ssenarilər cızdıqları halda, sahilyanı dövlətlərinin mütəxəssisləri məsələyə nikbin yanaşırlar. Bəs həqiqət haradadır?

- Xəzər dənizinin səviyyəsi ilə bağlı çoxlu fərziyyələr var. Lakin bu sahəni tədqiq edən alimlərin fikrincə, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil. Əvvəllər də belə proqnozlar verilib və onlar özlərini doğrultmayıblar. Müxtəlif proqramlar var, bir proqramlara hansısa tarixi rəqəmləri daxil edirsən və nəticə alırsan, digər proqramda başqa ssenarilər üzrə nəticə fərqli olur,- deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə AzVision.az-a bildirib.

Bütün rəyləri ümumiləşdirsək, elm adamları və rəsmi şəxslər "fəlakət ssenarisini" və uzunmüddətli proqnozları ciddi qəbul etməsələr də, bir məsələ ilə razlılaşırlar ki, hazırda dənizin geri çəkilməsi faktdır və proses təxminən əsrin ortalarına qədər davam edə bilər. O vaxta qədər dənizin səviyyəsinin təxminən 3 metrə qədər düşməsi mümkündür. Bu isə artq ciddi iqtisadi və sosial problemlərin yaranması üçün kifayətdir. Həmin problemləri bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür.

 

Gəmisiz limanlar

 

İqtisadçının gözü ilə baxanda dəniz - hər şeydən əvvəl, liman deməkdir. Xəzər dənizi isə özünün son vaxtlar böyük investisiyalar qoyulan mürəkkəb liman infrastrukturu ilə birlikdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin vacib halqasına çevrilməkdədir. Ələt, Mahaçqala, Olya, Həştərxan, Aktau, Kurık, Türkmənbaşı, Ənzəli kimi limanlara böyük investisiyalar qoyulur ki, onlar yaxın gələcəkdə bu dəhlizlərdə gözlənilən yüklənmənin öhdəsindən gələ bilsinlər. 2030-cu ildən sonra bu limanların tam gücü ilə işləyəcəkləri gözlənilir. Amma… əlahəzrət Xəzər bu planları pozmayacaq ki?!

- Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi dəniz üzərindən daşımalara ciddi təsir göstərəcək. Su geri çəkildikcə limanlara yanaşma, sualtı qayalıqların üzə çıxması gəmilərin hərəkət etdiyi yolların daha da çətinlişməsi ciddi problem yaradır. Şərq-Qərb dəhlizi şübhə altına düşür,- deyə nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev AzVision.az ilə söhbətində problemlərin real olduğunu qeyd edib.

Qazaxıstanda artıq bu problemi əyani olaraq hiss edirlər. Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti Lidiya Parxomçik AzVision-a bildirib ki, dənizin "Kaşaqan" yatağı hissəsində suyun səviyyəsi 2005-ci ildən bəri bir metrdən çox aşağı düşdüyündən, 2025-ci ilə qədər yatağın ərazisində naviqasiya ilə bağlı problemlər yarana bilər. Həll yolu kimi ümumi uzunluğu 56 kilometr olan iki kanalın qazılması təklif edilir.

Ekspertin sözlərinə görə, Şimali Xəzərdə gəmiçilik "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə (BND) birbaşa təsir edəcək problemlərlə üzləşəcək. Olya və Həştərxan limanlarında liman obyektlərinə giriş, həmçinin Volqa-Don kanalı boyunca sonrakı hərəkət məhdudlaşdırıla bilər. Cənub hissəsində dəniz səviyyəsinin aşağı düşməsi isə İran limanlarının fəaliyyətinə az da olsa təsir göstərəcək. Nəticədə 2030-cu ilə qədər "Şimal-Cənub" marşrutları üzrə konteyner daşımalarının 662 min iyirmifutluq ekvivalentə (İFE) çata biləcəyi haqda proqnozlar reallaşmayacaq.

Suyun səviyyəsinin düşməsi limanlara yaxınlaşa biləcək gəmilərin ölçülərinin kiçilməsinə səbəb olur. Başqa sözlə desək, oturacaqları daha dərin sulara hesablanmış böyük tonnajlı gəmilər limanlara yan ala bilmirlər. Bu da təbii ki, yük dövriyyəsinə birbaşa təsir göstərir.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Ələt Limanı Xəzər dənizində ən böyük və əhəmiyyətli limanlardan sayılır. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi qovşaq kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir, regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. Limanın yükaşırma qabiliyyəti birinci mərhələdə ildə 10 milyon ton yük və 50 min konteyner olacaq. İkinci mərhələdə 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Amma dəniz geri çəkilməkdə davam edərsə, bu məqsədlərə çatmaq üçün "B planı" varmı?

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli Azvision.az-a bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yaranan vəziyyət hələ ki limanın fəaliyyətinə heç bir təsir etmir: "Limanın hövzəsindəki hazırkı dərinlik dənizdə üzən və ən çox quru yük götürən  gəmilərinin suda hərəkətinə tam uyğundur. Hazırda ən böyük gəmilərin belə limana daxil olmasına heç bir maneə yoxdur. Bakı Limanında ən müasir qurğular vasitəsi ilə suyun dərinliyi mütəmadi ölçülür və müvafiq işlər görülür. Gələcəkdə suyun səviyyəsinin azalması hər hansı bir problemə səbəb olarsa, dib dərinləşdirmə işləri görülə bilər, lakin belə bir problem hazırda mövcud deyil".

Ekspertlərin fikrincə, dəniz kritik səviyyədə çəkilərsə, son çarə kimi kanal gəmiçiliyinin imkanını nəzərdən keçirmək  lazım gələcək. Amma bir limanın əlahiddə şəkildə bunu etməsi kifayət olmayacaq. Əgər Xəzərdəki liman təsərrüfatları vəziyyətə uyğun çevik proqramlar həyata keçirsələr, problemdən yan keçə biləcəklər. Əks təqdirdə təbii ki, sifarişçilər digər limanlar axtaracaqlar.

 

Su ilə od arasında

 

Suyun səviyyəsindəki tərəddüdlərin hansı sosial-iqtisadi ziyanları vura bləcəyini təsəvvür etmək üçün tarixə baxmaq lazımdır. 1977-1995-ci illərdə dənizin səviyyəsinin 2,5 metr artması nəticəsində yalnız Azərbaycanda 50 min hektar ərazi su altında qaldı və ölkə büdcəsinə 2 miyard dollar həcmində ziyan dəydi. Ümumilikdə isə sahildəki əraziləri suyun basması nəticəsində cəmi 5 il ərzində Xəzəryanı ölkələr 10 milyard dollar itirdilər. Son 20 il ərzində dəniz səviyyəsinin çəkilməsi nəticəsində həmin ərazilər su altından çıxır. Lakin orada torpaq artıq şoranlaşıb və rekultivasiya olunmalıdır. Bu isə böyük vəsait tələb edir.

Ən böyük zərbə təbii ki, balıqçılığa dəyəcək. Balıqların çay deltalarında yem bazası kəskin azalır. Xəzər dənizində çəkilmə nəticəsində bir sıra ərazilər, xüsusilə şimal şelfində 10-20 km. ərazi su altından çıxacaq. Azərbaycan ərazisində ən böyük çəkilmələr Abşeron yarımadasının yuxarı hissəsində, Sumqayıt tərəfində olacaq, haradasa 100 m-ə qədər ərazi su altından çıxacaq. Çəkilmənin fəsadları Azərbaycanın cənub ərazilərində Neftçala, Kür çayı, Astaraya qədər olan ərazilərdə də müşahidə ediləcək. Bu isə balıqçılıq təsərrüfatları üçün yeni şəraitə uyğunlaşmaqla bağlı ciddi çağırış deməkdir.

Turizm sənayesini də çətin günlər gözləyir. Çimərliklərin sahəsi dəyişəcək və dəniz çimərlikdən xeyli uzaqlaşacaq. Bu isə sahildə qalan infrastrukturun yararsız vəziyyətə düşməsi deməkdir.

Hesablamalara görə, Xəzərdə suyun səviyyəsinin optimal dərəcədə qalmasından təminən 80 milyon insan faydalana bilər. Bu baxımdan, səviyyələri xeyli aşağı enmiş Aral və Ölü dənizlərindən fərqli olaraq, Xəzərin sosial-iqtisadi əhəmiyyəti qat-qat böyükdür. Milyonlarla insanın dolanışığı və ərzaq təhlükəsizliyi Xəzər dənizindən asılı olduğundan, ekosistem xidmətlərinin itirilməsi kəskin sosial-iqtisadi nəticələrə səbəb olacaq və bütün regionun iqtisadiyyatlarına mənfi təsiri göstərəcək.

Söhbət təkcə sahilyanı dövlətlərdən getmir. Dənizdə suyun səviyyəsinin enməsi İraqın, Türkiyənin və Suriyanın da iqtisadiyyatlarına da mənfi təsirini gösərəcək. Çünki qış küləkləri Xəzərin rütubətini bu ölkələrdən axan çayların hövzələrinə aparır. Xəzərdə suyun səviyyəsinin enməsi buxarlanmanın miqdarını azaldacaq ki, nəticədə də Yaxın Şərqdə içməli su ehtiyatlarında qıtlıq yaranacaq.  

Dənizin çəkilməsi siyasi problemlər də yarada bilər. Çünki dəniz orta xətt ilə bölünüb, üstəlik, bəzi neft-qaz yataqları həmin orta xəttin düz yanında yerləşirlər. Sahil xətlərinin dənizin içinə doğru çəkilməsi orta xəttin yerinin dəyişməsinə gətirib çıxaracaq, bu zaman sərhədləri və karbohidrat yataqlarının mənsubiyyətini yenidən dəqiqləşdirmək lazım gələcək.

 

İnsan və dəniz

 

Ekspertlərin demək olar ki, hamısının fikirləri bir məqamda üst-üstə düşür: Dənizin səviyyəsindəki tərəddüdllər təbii prosesdir. İnsan amilinin təsiri qısa müddətdə lokal ərazilərdə olur, amma ümumi tendensiyanı dəyişdirə bilmir. İnsan bu prosesin səbəbkarı olmadığı kimi, qarşısını ala da bilməz və ümumiyyətlə, müdaxilə etməməyə çalışmalıdır. Çünki insanın müdaxiləsi təbiətdə milyon illər boyunca yaranmış balansı pozaraq, daha böyük fəsadlar törədə bilər.

Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutu Səth Sularının Modelləşdirilməsi Laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, UNESCO-nun hökumətlərarasi hidroloji proqramı üzrə Şurasının sədr müavini Mixail Bolqovun sözlərilə desək, "Dənizin səviyyəsini tənzimləmək üçün praktik olaraq heç bir variant yoxdur.  Uzağı, Qaraboğazgöl körfəzini dənizlə birləşdirən boğazı bağlamağa cəhd edə bilərsiniz, vəssalam".

Bu vəziyyətdə insan əsasən iki istiqamətdə fəaliyyət göstərə bilər və göstərməlidir.

Birincisi, dənizə əsaslanan bütün təsərrüfat sahələrinin yeni reallıqlara uyğunlaşa bilməsi üçün çevik sistem tətbiq olunmalıdır. Limanlardan tutmuş, vətəgələrə, otellərə qədər hamı "əgər sabah dənizin səviyyəsi 1-2-3 metr aşağı düşərsə, nə edəcəyik" şəklində "B planı" hazırlamalı və icrası üçün resursları səfərbər etməlidir.  Əgər bunun üçün birgə fəaliyyət tələb olunursa, sahilyanı dövlətlərin səylərini birləşdirmələri vacibdir. Çünki ziyan hamıya dəyəcək. Bizimlə danışan bütün ekspertlər bu məsələdə də həmrəy oldular: 5 dövlət dənizin vəziyyətini monitorinq edən Birgə Mərkəz yaratmalıdırlar. Həmin mərkəzin kritik anda lazım olan addımları atmaq üçün vəsaiti və səlahiyyətləri də olmalıdır.

İkincisi, dənizdə suyun səthinin aşağı düşməsi ekoloji problemləri qabardır. Dənizinin özünün çəkilməsindən yaranan ekoloji problemlər insanın yaratdığı problemlərlə üst-üstə düşəndə ziyanı daha da artır. Buna görə də dənizin ekologiyası ilə bağlı məsələlərdə birgə addımların atılması vacibdir. Xüsusilə Xəzərə axan çayların çirkləndirilməsi məsələsi kritik əhəmiyyət daşımağa başlayır.

Avropa Birliyi transsərhəd çaylarının çirkləndirilməsilə bağlı bir sıra sənədlər qəbul edib. Amma daxili çaylarının hamısı Xəzər hövzəsinə axan Ermənistan və Gürcüstan transsərhəd çayların qorunması ilə bağlı müqavilələrə qoşulmaqdan imtina edirlər. Bu isə Xəzərin təkcə məişət yox, həm də daha təhlükəli olan sənaye tullantıları ilə çirkləndirilməsi deməkdir. Məsələn, Ermənistanın cənubundakı Zəngəzur Mis-Molibden mədəninin Oxçuçaya axıtdığı zərərli maddələr dolayısı ilə Arazdan və Kürdən keçərək, Xəzər dənizinin toksiklik dərəcəsini artırır. Bu cür halların qarşısını almaq üçün 5 sahilyanı dövlətin səylərini birləşdirməsi vacib xarakter almağa başlayır. Çünki Xəzərin unikal, qiymətli faunası var və onun qorunması sahilyanı dövlətlərin hamısının ümumi işi olmalıdır.

2003-cü ilin noyabrında Xəzəryanı dövlətlər Tehranda "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası imzaladılar. Azərbaycan 2006-cı ilin aprelində bu sənədi ratifikasiya edib. Amma bu istiqamətdə indiyədək 4 protokol imzalansa da, təəssüf ki, tərəflərin hamısı onlardan ancaq birini ratifikasiya ediblər.

Sovet İttifaqının süqutundan sonra Xəzər dənizinin ətraf mühitinin mühafizəsi ilə bağlı ilk hüquqi sənəd kimi bu Konvensiyanın böyük əhəmiyyətini vurğulayan Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov AzVision-a deyib ki, "Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol" qüvvəyə minib. "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və "Biomüxtəlifliyin mühafizəsi haqqında" protokollar isə qəbul olunsalar da, bütün tərəflər təsdiqləmədiyinə görə hələ də qüvvədə deyillər.

Konvensiyanın tərəfləri protokollarının müddəalarının yerinə yetirilməsi ilə bağlı prosedurlar hazırlayırlar. Əgər protokolların hər prinsipləri pozularsa və dənizin ətraf mühitinə ziyan dəyərsə, bunu törədən tərəf müvafiq sanksiyalara məruz qalacaq.

 

Epiloq

 

...İnsanla dənizin münasibətlə

ri haqqındakı ən gözəl əsər, şübhəsiz, Heminqueyin "Qoca və dəniz"idir. Romandakı qoca balıqçı dənizi qadın kimi təsəvvür edirdi: İstəyəndə böyük nəvaziş və lətafət bəxş edən, şıltaqlığı tutanda, düşünülməmiş və mərhəmətsiz davrananda isə üz çevirib gedən qadın kimi.

Qoca eyni zamanda deyirdi ki, insan məğlub olmaq üçün yaranmayıb.

Onun ən böyük məsləhəti isə belə idi: "İndi nəyin olmadığı haqda düşünməyin vaxtı deyil. Əlində olanlardan necə istifadə etmək  haqqında düşünməlisən!"

Bu məsləhət qarşıdakı illərdə Xəzər dənizi ilə münasibətlərimizdə çox yerinə düşəcək. İndi əldə olan imkanlardan necə daha düzgün istifadə etmək haqqında düşünmək vaxtıdır.

Çərşənbə axşamı, 19 İyul 2022 15:00

Vaqif Mustafazadənin yadigarı Bakıda konsert verəcək

 

Oktyabrın 30-da Bakı Konqres Mərkəzində tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadənin konserti keçiriləcək.

 

COVID-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmayacaq və alınmış biletlər də geri qaytarılmayacaq.

Qeyd edək ki, “Fast Track” xidmətini əldə edən qonaqlar Bakı Konqres Mərkəzinin ərazisinə B girişindən daha rahat və sürətli daxil ola biləcəklər. 

Biletləri iticket.az saytından əldə etmək olar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.