Vətənə bənd idi, kim saldı bəndə?
Ahını küləklər daşıdı kəndə…
Bir şair Şuşada xəyal edəndə
Özünü yandırdı Şuşa qazisi
Susdu o yerlərin gur bulaqları,
Bir məmur Şuşada hələ buğlanır…
Yandı ürəyində Şuşa dağları-
Özünü yandırdı Şuşa qazisi.
Ey vətən, yıxıldı ər oğlu ərin,
Dünyası dar idi, yarası dərin.
Sən ey Cıdır düzü, varmı xəbərin-
Özünü yandırıb Şuşa qazisi?!
Bədəni qurd idi, ruhu göyərçin,
Yanmış canına da düşüb göy elçi.
Külünü Şuşaya səpin göyərsin…
Özünü yandırdı Şuşa qazisi.
Yalan ortadadı, bəs hanı gerçək?
Allah da özünü itirdi görcək.
Yasına Şuşanın özü gələcək,
Özünü yandırdı Şuşa qazisi…
Sevir zəhərini ilan adamlar,
Düzü düzdə qoyan yalan adamlar.
Külündə dincəlir yanan adamlar…
Özünü yandırdı Şuşa qazisi.
İndi daş ağlasın, ya saz, ilahi?
Özün qıl sən ona namaz, ilahi…
Buna göz yaşı da çatmaz, ilahi
Özünü yandırdı Şuşa qazisi.
Kim tikib dünyanı?- bənnası ağlar,
Göl ağlar, göllərin sonası ağlar,
Bütün qazilərin anası ağlar-
Özünü yandırdı Şuşa qazisi.
Külü dağılmasın- çəkin, səd çəkin,
Biri kef çəkəndə, biri dərd çəkir…
Əzrayıl özü də xəcalət çəkir-
Özünü yandırıb Şuşa qazisi.
Orda da yağıydı, burda da yağı?
Hara qaçıb getdi zahid barmağı?
Atacaq özünü Şuşa bayrağı-
Özünü yandırdı Şuşa qazisi…