Xəzərin çəkilməsi sahilyanı ölkələri yeni çağırışlarla üzləşdirir
Xəzərin səviyyəsi milyon illərdir enib-qalxır. Lakin qədim dövrlərdə bu, dənizin sahilində yaşayan tayfaları elə də narahat etmirdi. İndi isə vəziyyət tamamilə başqadır. Müasir dövrdə dənizin səviyyəsindəki tərəddüdlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur layihələri başda olmaqla böyük iqtisadi və siyasi problemlər yarada bilər. Artıq həmin problemlərə hazırlaşmağın vaxtıdır.
Fəlakət proqnozları
Alman və holland alimlərinin "Nature" elmi jurnalında dərc etdirdikləri proqnoza görə, XXI əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr düşəcək. Bu, o deməkdir ki, Xəzərdə suyun səthi 23 faizdən 34 faizədək kiçiləcək, Şimali Xəzər və Türkmən şelfləri tamamilə quruyacaq, dənizin cənub və mərkəzi hissələrində də sahil xətti xeyli geri çəkiləcək. Qaraboğazgöl körfəsi tamamilə səhraya çevriləcək.
2018-ci ildə isə elə həmin " Nature" jurnalı NASA-nın bir qrup tədqiqatçısının araşdırmasını dərc etmişdi. Onların gəldiyi qənaətə görə, əgər Xəzərin səviyyəsinin azalması indiki templə davam edərsə, hazırda 78.000 giqaton suyu olan Xəzər dənizi 3000 ildən sonra tamamilə quruyaraq, Aral dənizinin vəziyyətinə düşə bilər.
Amma həyəcan təbilini heç də təkcə Qərb alimləri çalmırlar. İranın Xəzər Tədqiqatları və Araşdırmaları Mərkəzinin mütəxəssisləri də qarşıdakı 25 ildə dənizin səviyyəsinin azalmaqda davam edəcəyini proqnozlaşdırırlar.
- Xəzər dənizinin səviyyəsi son yüz ildə ən aşağı göstəricisinə 1979, ən yuxarı həddinə isə 1995-ci ildə çatıb. 1995-2010-cu illərdə dənizin səviyyəsi müəyyən qədər sabit qalıb. 2010-cu ildən sonra isə biz onun yenidən çəkilməyə başladığını müşahidə edirik,- İranın Ətraf Mühitin Qorunması nazirliyinin Dəniz Mühiti departamentinin başçısı Əhmədrza Lahicanzadə bildirib.
Əgər bu qorxulu proqnozlar reallaşarsa, Xəzərsahili ölkələrin hansı ekoloji, iqtisadi və siyasi problemlərlə üzləşəcəklərini təsəvvür etmək çətin deyil. Onları AzVisionun Videokast layihəsində qonaq olan BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov da sadalayıb.
Çingiz İsmayılov: "Son 180 ilin məlumatlarının üzərində aparılan hesablamalar əsasında biz müəyyən etmişik ki, suyun enib-qalxma səviyyəsi 3 metr təşkil edir"
Professorun sözlərinə görə, Xəzərin səviyyəsinin azalmasına 3 əsas amil təsir göstərir: Günəşin fəallığı, Yerin səthində gedən tektonik proseslər, bir də insanın antropogen fəallığı. Bunların ikisi ilə bağlı heç nə etmək mümkün deyil. Onlara ancaq uyğunlaşmaq olar. Antropogen təsirin haqqında ayrıca danışacağıq, amma əvvəlcə görək, təbii amillər doğrudanmı, deyildiyi qədər dəhşətli bir gələcək vəd edirlər?
Qiyamət təxirə salınır?
Məsələyə aydınlıq gətirmək üçün 3 ölkədən olan ekspertlərin rəylərinə baxaq. söhbətləşib. Onların hamısının fikri bir məsələdə üst-üstə düşür: 70-80 il sonranı proqnozlaşdırmaq mümkün deyil. Bununla bağlı deyilənlər qorxulu nağıllara daha çox bənzəyir.
Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi işçisi, Su Problemləri İnstitutunun aparıcı mütəxəssisi, okeanoqraf, coğrafiya elmləri doktoru, professor Pyotr Buxaritsının sözlərinə görə, ümumiyyətlə, 1 ildən o tərəfi etibarlı şəkildə proqnozlaşdırmaq mümkün deyil. Daha uzun müddətdən danışırıqsa, söhbət yalnız müxtəlif modellərdən gedə bilər ki, onların da etibarlığına heç kim zəmanət verə bilməz.
Konkret avropalı alimlərin "Nature" jurnalında dərc olunan proqnozuna gəlincə, professor Buxaritsının sözlərinə görə, onlar indi dəbdə olan qlobal istiləşmə modellərindən istifadə ediblər, Rusiyanın Avropa hissəsinə böyük miqdarda su gətirən Atlantik siklonlarının rolunu hesablayıblar, digər vacib amilləri isə nəzərə almayıblar.
- Volqanın və Xəzər hövzəsinin digər çaylarının sululuğuna, müvafiq olaraq dənizin səviyyəsinə digər əhəmiyyətli amillər də təsir edir. Bunlar cənub, Aralıq dənizi, Qara dəniz siklonları və Xəzərin özüdür. Onlar böyük miqdarda rütubət gətirir, Xəzərə tökülən çayların sululuğuna Atlantik siklonlarından daha çox təsir edirlər,- Buxaritsın bilirib.
Xəzərin problemləri üzrə tanınmış mütəxəssislərdən biri, Qazaxıstanın "Kazidromet" Dövlət Müəssisəsinin Xəzər dənizinin Hidrometeoroloji Tədqiqat Departamentinin rəhbəri, Dünya Dəniz Təşkilatının dəniz okeanoqrafiyası üzrə texniki komissiyalarının eksperti, "Hidrometeorologiya və ekologiya" jurnalının baş redaktor müavini, coğrafiya elmləri namizədi Natalya İvkina AzVision ilə söhbətində deyib ki, onlar iqlim dəyişikliyinin su balansının komponentlərinə və Xəzər dənizinin səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparıblar və gəldikləri qənaətə görə, hazırda Xəzərin səviyyəsi sabit enmə tendensiyası göstərir. Bu eniş 21-ci əsrin ikinci otuz ilində özünü xüsusilə aydın büruzə verəcək.
- 2006-cı ildən Xəzər dənizinin səviyyəsi aşağı düşmə tendensiyası nümayiş etdirir. 2021-ci ildə onun səviyyəsi Baltik Sistemi (BS) üzrə -28,42 metr idi, 2021-ci ilin dekabrında isə -28,55 metrə çatdı. 2005-ci ildən 2021-ci ilə qədərki dövrdə dənizin ümumi səviyyəsi 1,51 m enib. Bundan başqa, son bir ildə səviyyənin enmə intensivliyi 18 sm olub. Bu müddət ərzində dəniz suyu səthinin sahəsi 23 min kv. km-dən çox azalıb ki, bunun yarısı Şimali Xəzərin Qazaxıstan hissəsinə düşür,- İvkina bildirib.
Natalya İvkinanın proqnozları azərbaycanlı alim, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun şöbə müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyevin təxminləri ilə müəyyən qədər uzlaşır. Onun fikrincə, 2050-ci ilə qədər dənizin səviyyəsi 3 metr azalacaq. Lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi artmağa başlayacaq. Professor bunun aparılan arxeoloji qazıntılar, gəlinən elmi nəticələrə söykəndiyini vurğulayıb.
Ortaq məxrəc
Maraqlı vəziyyət yaranır: Qərb alimləri Xəzərin gələcəyilə bağlı bədbin olduları və qorxulu ssenarilər cızdıqları halda, sahilyanı dövlətlərinin mütəxəssisləri məsələyə nikbin yanaşırlar. Bəs həqiqət haradadır?
- Xəzər dənizinin səviyyəsi ilə bağlı çoxlu fərziyyələr var. Lakin bu sahəni tədqiq edən alimlərin fikrincə, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil. Əvvəllər də belə proqnozlar verilib və onlar özlərini doğrultmayıblar. Müxtəlif proqramlar var, bir proqramlara hansısa tarixi rəqəmləri daxil edirsən və nəticə alırsan, digər proqramda başqa ssenarilər üzrə nəticə fərqli olur,- deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə AzVision.az-a bildirib.
Bütün rəyləri ümumiləşdirsək, elm adamları və rəsmi şəxslər "fəlakət ssenarisini" və uzunmüddətli proqnozları ciddi qəbul etməsələr də, bir məsələ ilə razlılaşırlar ki, hazırda dənizin geri çəkilməsi faktdır və proses təxminən əsrin ortalarına qədər davam edə bilər. O vaxta qədər dənizin səviyyəsinin təxminən 3 metrə qədər düşməsi mümkündür. Bu isə artq ciddi iqtisadi və sosial problemlərin yaranması üçün kifayətdir. Həmin problemləri bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür.
Gəmisiz limanlar
İqtisadçının gözü ilə baxanda dəniz - hər şeydən əvvəl, liman deməkdir. Xəzər dənizi isə özünün son vaxtlar böyük investisiyalar qoyulan mürəkkəb liman infrastrukturu ilə birlikdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin vacib halqasına çevrilməkdədir. Ələt, Mahaçqala, Olya, Həştərxan, Aktau, Kurık, Türkmənbaşı, Ənzəli kimi limanlara böyük investisiyalar qoyulur ki, onlar yaxın gələcəkdə bu dəhlizlərdə gözlənilən yüklənmənin öhdəsindən gələ bilsinlər. 2030-cu ildən sonra bu limanların tam gücü ilə işləyəcəkləri gözlənilir. Amma… əlahəzrət Xəzər bu planları pozmayacaq ki?!
- Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi dəniz üzərindən daşımalara ciddi təsir göstərəcək. Su geri çəkildikcə limanlara yanaşma, sualtı qayalıqların üzə çıxması gəmilərin hərəkət etdiyi yolların daha da çətinlişməsi ciddi problem yaradır. Şərq-Qərb dəhlizi şübhə altına düşür,- deyə nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev AzVision.az ilə söhbətində problemlərin real olduğunu qeyd edib.
Qazaxıstanda artıq bu problemi əyani olaraq hiss edirlər. Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti Lidiya Parxomçik AzVision-a bildirib ki, dənizin "Kaşaqan" yatağı hissəsində suyun səviyyəsi 2005-ci ildən bəri bir metrdən çox aşağı düşdüyündən, 2025-ci ilə qədər yatağın ərazisində naviqasiya ilə bağlı problemlər yarana bilər. Həll yolu kimi ümumi uzunluğu 56 kilometr olan iki kanalın qazılması təklif edilir.
Ekspertin sözlərinə görə, Şimali Xəzərdə gəmiçilik "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə (BND) birbaşa təsir edəcək problemlərlə üzləşəcək. Olya və Həştərxan limanlarında liman obyektlərinə giriş, həmçinin Volqa-Don kanalı boyunca sonrakı hərəkət məhdudlaşdırıla bilər. Cənub hissəsində dəniz səviyyəsinin aşağı düşməsi isə İran limanlarının fəaliyyətinə az da olsa təsir göstərəcək. Nəticədə 2030-cu ilə qədər "Şimal-Cənub" marşrutları üzrə konteyner daşımalarının 662 min iyirmifutluq ekvivalentə (İFE) çata biləcəyi haqda proqnozlar reallaşmayacaq.
Suyun səviyyəsinin düşməsi limanlara yaxınlaşa biləcək gəmilərin ölçülərinin kiçilməsinə səbəb olur. Başqa sözlə desək, oturacaqları daha dərin sulara hesablanmış böyük tonnajlı gəmilər limanlara yan ala bilmirlər. Bu da təbii ki, yük dövriyyəsinə birbaşa təsir göstərir.
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Ələt Limanı Xəzər dənizində ən böyük və əhəmiyyətli limanlardan sayılır. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi qovşaq kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir, regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. Limanın yükaşırma qabiliyyəti birinci mərhələdə ildə 10 milyon ton yük və 50 min konteyner olacaq. İkinci mərhələdə 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Amma dəniz geri çəkilməkdə davam edərsə, bu məqsədlərə çatmaq üçün "B planı" varmı?
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli Azvision.az-a bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yaranan vəziyyət hələ ki limanın fəaliyyətinə heç bir təsir etmir: "Limanın hövzəsindəki hazırkı dərinlik dənizdə üzən və ən çox quru yük götürən gəmilərinin suda hərəkətinə tam uyğundur. Hazırda ən böyük gəmilərin belə limana daxil olmasına heç bir maneə yoxdur. Bakı Limanında ən müasir qurğular vasitəsi ilə suyun dərinliyi mütəmadi ölçülür və müvafiq işlər görülür. Gələcəkdə suyun səviyyəsinin azalması hər hansı bir problemə səbəb olarsa, dib dərinləşdirmə işləri görülə bilər, lakin belə bir problem hazırda mövcud deyil".
Ekspertlərin fikrincə, dəniz kritik səviyyədə çəkilərsə, son çarə kimi kanal gəmiçiliyinin imkanını nəzərdən keçirmək lazım gələcək. Amma bir limanın əlahiddə şəkildə bunu etməsi kifayət olmayacaq. Əgər Xəzərdəki liman təsərrüfatları vəziyyətə uyğun çevik proqramlar həyata keçirsələr, problemdən yan keçə biləcəklər. Əks təqdirdə təbii ki, sifarişçilər digər limanlar axtaracaqlar.
Su ilə od arasında
Suyun səviyyəsindəki tərəddüdlərin hansı sosial-iqtisadi ziyanları vura bləcəyini təsəvvür etmək üçün tarixə baxmaq lazımdır. 1977-1995-ci illərdə dənizin səviyyəsinin 2,5 metr artması nəticəsində yalnız Azərbaycanda 50 min hektar ərazi su altında qaldı və ölkə büdcəsinə 2 miyard dollar həcmində ziyan dəydi. Ümumilikdə isə sahildəki əraziləri suyun basması nəticəsində cəmi 5 il ərzində Xəzəryanı ölkələr 10 milyard dollar itirdilər. Son 20 il ərzində dəniz səviyyəsinin çəkilməsi nəticəsində həmin ərazilər su altından çıxır. Lakin orada torpaq artıq şoranlaşıb və rekultivasiya olunmalıdır. Bu isə böyük vəsait tələb edir.
Ən böyük zərbə təbii ki, balıqçılığa dəyəcək. Balıqların çay deltalarında yem bazası kəskin azalır. Xəzər dənizində çəkilmə nəticəsində bir sıra ərazilər, xüsusilə şimal şelfində 10-20 km. ərazi su altından çıxacaq. Azərbaycan ərazisində ən böyük çəkilmələr Abşeron yarımadasının yuxarı hissəsində, Sumqayıt tərəfində olacaq, haradasa 100 m-ə qədər ərazi su altından çıxacaq. Çəkilmənin fəsadları Azərbaycanın cənub ərazilərində Neftçala, Kür çayı, Astaraya qədər olan ərazilərdə də müşahidə ediləcək. Bu isə balıqçılıq təsərrüfatları üçün yeni şəraitə uyğunlaşmaqla bağlı ciddi çağırış deməkdir.
Turizm sənayesini də çətin günlər gözləyir. Çimərliklərin sahəsi dəyişəcək və dəniz çimərlikdən xeyli uzaqlaşacaq. Bu isə sahildə qalan infrastrukturun yararsız vəziyyətə düşməsi deməkdir.
Hesablamalara görə, Xəzərdə suyun səviyyəsinin optimal dərəcədə qalmasından təminən 80 milyon insan faydalana bilər. Bu baxımdan, səviyyələri xeyli aşağı enmiş Aral və Ölü dənizlərindən fərqli olaraq, Xəzərin sosial-iqtisadi əhəmiyyəti qat-qat böyükdür. Milyonlarla insanın dolanışığı və ərzaq təhlükəsizliyi Xəzər dənizindən asılı olduğundan, ekosistem xidmətlərinin itirilməsi kəskin sosial-iqtisadi nəticələrə səbəb olacaq və bütün regionun iqtisadiyyatlarına mənfi təsiri göstərəcək.
Söhbət təkcə sahilyanı dövlətlərdən getmir. Dənizdə suyun səviyyəsinin enməsi İraqın, Türkiyənin və Suriyanın da iqtisadiyyatlarına da mənfi təsirini gösərəcək. Çünki qış küləkləri Xəzərin rütubətini bu ölkələrdən axan çayların hövzələrinə aparır. Xəzərdə suyun səviyyəsinin enməsi buxarlanmanın miqdarını azaldacaq ki, nəticədə də Yaxın Şərqdə içməli su ehtiyatlarında qıtlıq yaranacaq.
Dənizin çəkilməsi siyasi problemlər də yarada bilər. Çünki dəniz orta xətt ilə bölünüb, üstəlik, bəzi neft-qaz yataqları həmin orta xəttin düz yanında yerləşirlər. Sahil xətlərinin dənizin içinə doğru çəkilməsi orta xəttin yerinin dəyişməsinə gətirib çıxaracaq, bu zaman sərhədləri və karbohidrat yataqlarının mənsubiyyətini yenidən dəqiqləşdirmək lazım gələcək.
İnsan və dəniz
Ekspertlərin demək olar ki, hamısının fikirləri bir məqamda üst-üstə düşür: Dənizin səviyyəsindəki tərəddüdllər təbii prosesdir. İnsan amilinin təsiri qısa müddətdə lokal ərazilərdə olur, amma ümumi tendensiyanı dəyişdirə bilmir. İnsan bu prosesin səbəbkarı olmadığı kimi, qarşısını ala da bilməz və ümumiyyətlə, müdaxilə etməməyə çalışmalıdır. Çünki insanın müdaxiləsi təbiətdə milyon illər boyunca yaranmış balansı pozaraq, daha böyük fəsadlar törədə bilər.
Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutu Səth Sularının Modelləşdirilməsi Laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, UNESCO-nun hökumətlərarasi hidroloji proqramı üzrə Şurasının sədr müavini Mixail Bolqovun sözlərilə desək, "Dənizin səviyyəsini tənzimləmək üçün praktik olaraq heç bir variant yoxdur. Uzağı, Qaraboğazgöl körfəzini dənizlə birləşdirən boğazı bağlamağa cəhd edə bilərsiniz, vəssalam".
Bu vəziyyətdə insan əsasən iki istiqamətdə fəaliyyət göstərə bilər və göstərməlidir.
Birincisi, dənizə əsaslanan bütün təsərrüfat sahələrinin yeni reallıqlara uyğunlaşa bilməsi üçün çevik sistem tətbiq olunmalıdır. Limanlardan tutmuş, vətəgələrə, otellərə qədər hamı "əgər sabah dənizin səviyyəsi 1-2-3 metr aşağı düşərsə, nə edəcəyik" şəklində "B planı" hazırlamalı və icrası üçün resursları səfərbər etməlidir. Əgər bunun üçün birgə fəaliyyət tələb olunursa, sahilyanı dövlətlərin səylərini birləşdirmələri vacibdir. Çünki ziyan hamıya dəyəcək. Bizimlə danışan bütün ekspertlər bu məsələdə də həmrəy oldular: 5 dövlət dənizin vəziyyətini monitorinq edən Birgə Mərkəz yaratmalıdırlar. Həmin mərkəzin kritik anda lazım olan addımları atmaq üçün vəsaiti və səlahiyyətləri də olmalıdır.
İkincisi, dənizdə suyun səthinin aşağı düşməsi ekoloji problemləri qabardır. Dənizinin özünün çəkilməsindən yaranan ekoloji problemlər insanın yaratdığı problemlərlə üst-üstə düşəndə ziyanı daha da artır. Buna görə də dənizin ekologiyası ilə bağlı məsələlərdə birgə addımların atılması vacibdir. Xüsusilə Xəzərə axan çayların çirkləndirilməsi məsələsi kritik əhəmiyyət daşımağa başlayır.
Avropa Birliyi transsərhəd çaylarının çirkləndirilməsilə bağlı bir sıra sənədlər qəbul edib. Amma daxili çaylarının hamısı Xəzər hövzəsinə axan Ermənistan və Gürcüstan transsərhəd çayların qorunması ilə bağlı müqavilələrə qoşulmaqdan imtina edirlər. Bu isə Xəzərin təkcə məişət yox, həm də daha təhlükəli olan sənaye tullantıları ilə çirkləndirilməsi deməkdir. Məsələn, Ermənistanın cənubundakı Zəngəzur Mis-Molibden mədəninin Oxçuçaya axıtdığı zərərli maddələr dolayısı ilə Arazdan və Kürdən keçərək, Xəzər dənizinin toksiklik dərəcəsini artırır. Bu cür halların qarşısını almaq üçün 5 sahilyanı dövlətin səylərini birləşdirməsi vacib xarakter almağa başlayır. Çünki Xəzərin unikal, qiymətli faunası var və onun qorunması sahilyanı dövlətlərin hamısının ümumi işi olmalıdır.
2003-cü ilin noyabrında Xəzəryanı dövlətlər Tehranda "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası imzaladılar. Azərbaycan 2006-cı ilin aprelində bu sənədi ratifikasiya edib. Amma bu istiqamətdə indiyədək 4 protokol imzalansa da, təəssüf ki, tərəflərin hamısı onlardan ancaq birini ratifikasiya ediblər.
Sovet İttifaqının süqutundan sonra Xəzər dənizinin ətraf mühitinin mühafizəsi ilə bağlı ilk hüquqi sənəd kimi bu Konvensiyanın böyük əhəmiyyətini vurğulayan Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov AzVision-a deyib ki, "Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol" qüvvəyə minib. "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və "Biomüxtəlifliyin mühafizəsi haqqında" protokollar isə qəbul olunsalar da, bütün tərəflər təsdiqləmədiyinə görə hələ də qüvvədə deyillər.
Konvensiyanın tərəfləri protokollarının müddəalarının yerinə yetirilməsi ilə bağlı prosedurlar hazırlayırlar. Əgər protokolların hər prinsipləri pozularsa və dənizin ətraf mühitinə ziyan dəyərsə, bunu törədən tərəf müvafiq sanksiyalara məruz qalacaq.
Epiloq
...İnsanla dənizin münasibətlə
ri haqqındakı ən gözəl əsər, şübhəsiz, Heminqueyin "Qoca və dəniz"idir. Romandakı qoca balıqçı dənizi qadın kimi təsəvvür edirdi: İstəyəndə böyük nəvaziş və lətafət bəxş edən, şıltaqlığı tutanda, düşünülməmiş və mərhəmətsiz davrananda isə üz çevirib gedən qadın kimi.
Qoca eyni zamanda deyirdi ki, insan məğlub olmaq üçün yaranmayıb.
Onun ən böyük məsləhəti isə belə idi: "İndi nəyin olmadığı haqda düşünməyin vaxtı deyil. Əlində olanlardan necə istifadə etmək haqqında düşünməlisən!"
Bu məsləhət qarşıdakı illərdə Xəzər dənizi ilə münasibətlərimizdə çox yerinə düşəcək. İndi əldə olan imkanlardan necə daha düzgün istifadə etmək haqqında düşünmək vaxtıdır.