Super User

Super User

 

Azərbaycanlı siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb.

Bu barədə öz sosial media hesabında qurumun sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib.

 

Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan doqquz əsərindən beşi AYB tərəfindən çap edilib. Hazırda Avrasiya Yazarlar Birliyi Sabir Şahtaxtının “Mil” və böyük Qarabağ Zəfərini tərənnüm edən “Duman çəkiləndə” romanlarını nəşrə hazırlayır.

Y. Öməroğlu bildirib: “İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Birliyimizin ali mükafatını məhz bu gün elan etmək həm də yazıçının peşəkar jurnalist fəaliyyətinə, eləcə də AzərTAC-ın bütün kollektivinə olan ehtiramımızdan irəli gəlir”.

Xatırladaq ki, Sabir Şahtaxtı həm də  AzərTAC-ın Türkiyə bürosunun rəhbəridir.

 

Xəbər verdiyimiz kimi Azərbaycan  Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planına uyğun olaraq mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonuna səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlcə İsmayıllı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Anar Kərimov 2009-cu ildən fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinə baş çəkib. Mərkəzlə tanışlıq zaman bildirilib ki, burada ulu öndərin dövlətçilik irsini əks etdirən ekspozisiya yaradılıb. Mərkəzdə rəssamlıq, şahmat və bacarıqlı əllər dərnəkləri də fəaliyyət göstərir.

Mədəniyyət naziri daha sonra İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub, rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə baxış keçirib. Nazirə kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib.

Anar Kərimov İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində də olub. Qeyd olunub ki, məktəbdə fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə tədris aparılır. Məktəbdə 69 nəfər müəllim çalışır, 292 şagird təhsil alır.

Səfər çərçivəsində həmçinin 2012-ci ildən fəaliyyət göstərən İsmayıllı Dövlət Rəsm Qalereyasına,  1981-ci ildə yaradılan İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib.

Nazir Anar Kərimov İsmayıllı şəhidlərinin uyuduğu məzarlığı da ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə dərin ehtiramını bildirib.

Anar Kərimov səfər zamanı İsmayıllı şəhərinin mərkəzində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baş çəkib. Məlumat verilib ki, müvafiq dövlət qeydiyyatında olan (inv. № 4356) tarixi tikili dördbucaqlı plan quruluşuna malikdir, divarları çaylaq daşı ilə hörülüb. Üç giriş qapısından birinin üstündə daş kitabə həkk olunub.

Sonra İsmayıllı rayonunun Diyallı kəndinə gələn nazir buradakı mədəniyyət evinə və rayon MKS-nin kənd kitabxana filialına baxış keçirib. Hər iki mədəniyyət ocağı 1985-ci ildə tikilən binanın müvafiq olaraq 1-ci və 2-ci mərtəbələrində yerləşir. Kitabxana filialının 12 minə yaxın kitab fondu var.

Səfər çərçivəsində Anar Kərimov İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Nazirə məlumat verilib ki, Mədəniyyət  Mərkəzi 1976-cı ildən fəaliyyət göstərir, 2014-cü ildən ulu  öndərin adını daşıyır. Mərkəzdə  Xalq  teatrı, “Niyal” instrumental  ansamblı fəaliyyət  göstərir.

Mədəniyyət Mərkəzində nazir Anar Kərimovun İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüşü keçirilib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Anar Kərimov çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, nazirlik tərəfindən bu istiqamətdə də layihələr həyata keçirilir. İyun ayında nazirliyin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində regional mədəniyyət idarələri üzrə media menecerlərinin bilik və bacarıqlarının artırılması məqsədilə ADA Universitetində treninqlər təşkil edilib. Bölgələrdəki muzey işçiləri üçün də müvafiq təlimlərə başlanılıb. Həmçinin kitabxana işi və digər sahələr üzrə peşə bacarıqlarının təşviqi istiqamətində layihələr nəzərdə tutulur.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə müraciət edib

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə müraciət edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir  ki, İdarənin müraciəti İçərişəhər ərazisində aparılan monitorinqlər zamanı xoşagəlməz halların aşkar olunması ilə bağlıdır.

 

Müraciətdə deyilir: “İçərişəhər və Qala Qoruğu kimi tanınan məkan Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda, tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur. İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir.

Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkanlardakı dünya, ölkə və yerli əhəmiyyətli memarlıq və tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir və Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə bu abidələri qorumaq hər bir şəxsin borcudur. Əsrlər sınağından keçmiş mədəni irsimizin bu günədək qorunub saxlanılması dövlətin siyasəti, cəmiyyətin mədəni irsimizə münasibəti və hər bir fərdin məsuliyyəti sayəsində baş verib.

Lakin təəssüflə qeyd etməliyik ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aparılan monitorinq zamanı bəzən xoşagəlməz hallar müəyyən olunur. Tarixi abidələrin bədii-estetik görünüşünü pozan vandalizm aktları ilə bağlı daima hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir. Hüquq mühafizə orqanları ilə bu sahədə edilən əməkdaşlıq hər zaman öz töhfəsini verir. 

Məlumat üçün bildiririk ki, tarixi abidələrə qarşı yol verilən hüquqazidd əməllər məsuliyyət yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə, eyni zamanda, Cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmağa əsasdır. Lakin zərər vuraraq cəza almaqdan fərqli olaraq mədəni irsimizə hörmətlə yanaşıb onu qorumaq hər bir vətəndaşın məsuliyyəti və borcudur.

Hörmətli həmvətənlər, tarixi-mədəni abidələrin qorunması hər bir kəsdən asılıdır! Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin mənəvi borcu və məsuliyyətidir. Tariximizi birlikdə qoruyaq!”

Cümə, 22 İyul 2022 12:23

…Dumandı, ay gedən, əylən!

 

Bu gün mərhum şair Akif Səmədin doğum günüdür. Sağ olsaydı, 63 yaşını qeyd eləyərdi. Allah ona qəni-qəni rəhmət eləsin! 

 

 

Bu nə yeriş, bu nə nazdı,

Amandı, ay gedən, əylən.

Bu günlər, yoxsa sabahlar

Gümandı, ay gedən, əylən.

 

Gülə can verən arıyıq,

Yönü sevdaya sarıyıq,

Ölüm heç nədi, ayrılıq

Yamandı, ay gedən, əylən.

 

Açıb yasəmən kolları,

Açılıb bizə qolları,

Tanı getdiyin yolları,

Dumandı, ay gedən əylən.

 

Elman Eldaroğlu yazır

 

 

Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

 

Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...

Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…

Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindəndir. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb...

Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini hipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…

Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…

Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər. 

El arasında belə bir ifadə var- canlara dəyən adam. Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən adamdır...

Rəsm qalereyası: Adil Hacıyev, “Balıqçılar”

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “ÖZÜNÜ QAYADAN ATAN QADINLAR” adlı şeirini təqdim edir. 

         

(Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı zamanı yerli qadın sakinlərdən bir neçəsi düşmənə əsir düşməmək üçün əl-ələ tutaraq özlərini qayadan atmışdılar)

 

Çovğunlu, şaxtalı, buz havalarda

Ağı havasına kökləndi Vətən.

Qəfil sınaqlarda, sərt çabalarda

El-el, oba-oba təkləndi Vətən...

 

Murov silsiləsi  -- tək xilas yolu;

Qarlı aşırımlar açdı nələri...

Əfsusla, fəryadla, eyvahla dolu

Ağdaban, Başlıbel faciələri!..

 

Yağılar qurduğu hiylə torunda

ümidlər dörd yandan mühasirədə...

Qətiyyət nə idi bu zor sorunda --

Yaşamaq anamuzd, həyat kirədə...

 

İsmət nuru hopdu qana, iliyə;

Son addım nə günah, nə də ki, suçdu...

Divar hörülüncə təslimçiliyə,

Faşistlik, vandallıq hasarı uçdu...

 

Qorxunc qayalıqlar sıldırım, girdə,

Üstə mərd ayaqdan sirr ələnirdi...

Qızlar sığındığı qanlı dərədə

Mərdlik tariximiz zirvələnirdi!..

 

Qeyrəti bayraqtək tutan qadınlar

Uçrumlar başında baş taclarımdır.

Özünü qayadan atan qadınlar

Məğrur analarım, bacılarımdır!..

 

...Paytaxtda kreslo davası tin-tin...

Meydanda məsləki birdi qadınlar.

Əldən yapışmayan hakimiyyətin

səhvindən...əl-ələ verdi qadınlar...

 

Qalxıb könüllülər döyüşə haqla

Darda haray çəkən elimə yetdi.

İqtidar əl-ələ vermədi xalqla,

Qadınlar əl-ələ ölümə yetdi...

 

Hərc-mərclik içində yol əyiş-üyüş...

O yolda hər yoldan ötən gedirdi...

Arxada vəzifə uğrunda döyüş,

Cəbhədə arxasız Vətən gedirdi...

 

Yanar ürəklərə yol versəydilər,

Xəyanət ağzında dil açmazdılar...

Məmurlar bu xalqa əl versəydilər,

Əllər ölümlərə əl açmazdəlar...

 

Neyçün bağlanmışdı nicat  qapılar?!

Nədən xilas meylə qatlanmaq olmur?!

Dərədən, təpədən at da çapılar,

Amma dərd üstündən atlanmaq olmur...

 

Orda zaman özü dayanaydı kaş;

Özünəqəsd tənə biyabanıdır...

Onlar həlak olan o qaya, o daş

Könüllü şəhidlər xiyabanıdır!..

 

Geniş götür-qoya zaman yox darda,

Hər an amansıza öc ayətiydi.

Ölüm ağuşuna atılmaq orda

Millətin yaşarı şücayətiydi!..

 

Qorxu -- bir silah ki, geri təpilən,

Hünər -- qanda bitən dilək fidanlar...

Namus toxumuydu Yurda səpilən

özünü qayadan atan qadınlar!

 

Məsləki, məramı titan qadınlar

Acı həqiqəti rəmzə atdılar..

Özünü qayadan atan qadınlar

Şərəf tariximə imza atdılar!

 

Bu gün - iyulun 22-də Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. 

 

Görüşdə Əməkdar rəssam Yelena Haqverdiyeva, publisist, musiqişünas Fərizə Babayeva, filoloq, fotoqraf-rəssam və publisist Leyla Sultanzadə, eləcə də sənətşünas Toğrul Əfəndiyev iştirak edəcəklər. Görüş zamanı hazırda Azərbaycan Rəngkarlığı Muzeyində açılan azərbaycanlı rəssam Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisi, habelə onun həyat və yaradıcılığından danışılacaq. Həmçinin qonaqlar iştirakçıların sualını cavablandıracaq, maraq doğuran mövzular müzakirə ediləcək. 

Tədbirin moderatoru kurator, “BARZA Art Bureau”nun təsisçisi Samira Sefidir. 

Görüş rus dilində keçiriləcək.

 

Bizim üçün əlamətdardır ki, Şuşa şəhəri məhz Türkiyənin Bursa şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Böyük Qarabağ Zəfərindən sonra Şuşa şəhərinin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bizi sevindirir. Əminik ki, Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı missiyasını layiqincə yerinə yetirəcək. 

 

Bu fikirləri AzərTAC-a açıqlamasında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.

“Şuşa türk dünyasının incisi, fəxrimiz və iftixarımızdır!”, - deyən bələdiyyə sədri Alinur Aktaş bildirib ki, Bursanın türk dünyasının mədəniyyət paytaxtı estafetini Şuşaya verməsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir təzahürüdür. Hazırda Bursa türk dünyasının birliyi və həmrəyliyinə yönələn böyük layihələrə ev sahibliyi edir. Azərbaycanın bu proseslərdə fəal iştirakından çox məmnunuq. 

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Günün fotosu: Dəhşətli istilər və fillər

 

Kopenhagen zooparkında dözülməz isti filləri də əldən salıb.

Foto: TASS

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.