Super User

Super User

Günün fotosu: Meşə yanğınları Avropanı çökdürür

 

Anomal istilərin 40-42 dərəcəyə çatması İspaniya və Fransanı meşə yanğınlarına təslim edib. Fransanın Bordo ətrafında yanğınlar ətrafı külə döndərib. Ürəkdağlayıcı mənzərədir. 

 

Foto: Euronews

Şəhidlərın xatirəsinin əbədiləşdirilməsi amalı son vaxtlar yazıçıları, bəstəkarları, rejissorları əsl səfərbərliyə alıb. Növbəti belə iş sənədli-bədii filmin çəkilməsi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Gənclər Mərkəzində “Kitab yayımı işinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə rejissor Ötkəm İskəndərovun “Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin təqdimatı olub. Təqdimatda Vətən müharibəsi qaziləri, şəhid ailəsinin üzvləri, hərbçilər, mədəniyyət işçiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndiriləndən, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra çıxışlar dinlənilib. Filmin ssenari müəllifi Sənan Əlibəyov Vətən müharibəsi döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Babək Ramaldanovun həyat və döyüş yolundan bəhs edən qısametrajlı sənədli-bədii filmin əsas məqsədinin gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək, xalqımızın haqq işinin təbliği, erməni vandalizminin ifşa edilməsi olduğunu bildirib. 

Filmin təqdimatından sonra Babək Ramaldanovun həyat yoldaşı Aygün Ramaldanova və ailə üzvləri, eləcə də Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü və sədr müavini Şahin Qədirov, Sabunçu rayon Qazilər Birliyinin sədri Sadiq Quliyev, Sabunçu rayon Şəhid ailələri, “Qarabağ əlilləri və veteranları” İctimai Birliyin sədri Çingiz Tağıyev, “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyin sədri İradə Rzazadə, “Qarabağ əlilləri və veteranları” İctimai Birliyin sədri Növrəstə Yusifova, “Milli mədəniyyətin təbliği” İctimai Birliyin sədri Jalə Cəfərova və başqaları film haqqında təəssüratlarını bölüşüblər. 

“Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin layihənin rəhbəri Afət Alışova, operatoru Rais Bəhramidir.

 

MDB məkanının ən böyük kitab satışı platforması olan LitRes portalı ötən ay ən çox satılan kitabların siyahısını dərc edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, siyahıda konveyer kimi kitab nəşr etdirən Violetta Romanın dörd yeni kitabı da yer alıb. Bunlar “Sənin deyil”, “Mənə inan”, “Yaxşısı budur, gizlən” və “Mənim ağrımı götür” kitablarıdır. 

Növbəti buraxılışlarda bu kitabların qısa məzmunları ilə sizləri tanış edəcəyik.

 

Bu anı kinosevərlər səbirsizliklə gözləyirdilər. 6 dəfə “Oskar” mükafatı qazanan “Dyunlar: Səhra planeti” ekran əsərinin davamının çəkilişlərinə başlanılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, TASS agentliyi bu barədə məlumatı filmin rəsmi tviter hesabından götürərək açıqlayıb.

Filmin rejissoru Deni Vilnevin həm vizual ekstroordinal, həm də emosional-cəlbedici film çəkdiyini bəyan edən Warner Bros. Pictures Group.-un nümayəndəsi Tobi Emmerix filmin kassa mədaxili üzrə rekord qıracağına arxayınlığını bildirmişdir. 

Aktyorlar Timotey Çalamet, Rebekka Ferqyuson, Zendaya, Josh Brolin, Xavyer Bardem, Dave Bautista və Stellan Skarsqard birinci çəkilişində olduğu kimi, bu çəklişlərdə də iştirak edəcəklər.

“Dyunlar 2” filminin aktyor heyətinə qatılan yeni adlar arasında "Elvis" filmindəki performansı ilə yaddaşlarda iz buraxan Ostin Batler, "Qara dul" və "Kiçik qadınlar" kimi filmlərdə gördüyümüz Florens Pyu, son olaraq rejissor David Cronenbergin "Gələcəyin cinayətləri" filmində rol alan Lea Seydoux və “Oskar” mükafatlı aktyor Kristofer Uolken yer alırlar.

Filmin 2023-cü ilin noyabr ayında nümayiş olunacağı gözlənilir. Necə deyərlər, yaşayarıq, görərik.

 

Anomal istilərin 40-42 dərəcəyə çatması İspaniya və Fransanı meşə yanğınlarına təslim edib. Fransanın Bordo ətrafında yanğınlar ətrafı külə döndərib. Ürəkdağlayıcı mənzərədir. 

 

Foto: Euronews

 

İosif Brodski (1940-1996) XX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, yəhudi əsilli böyük rus şairidir,

1987-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

 

Otaqdan çıxmayasan

 

Otaqdan çıxmayasan, səhv də buraxmayasan.

Çəkdiyin “Şipka”dırsa, “Günəş”ə baxmayasan.

Qapıdan o tərəfə puçdur hər şey, xüsusən xoşbəxtəm hay-həşiri.

Yalnız ayaqyoluna və dönəsən tez geri.

 

Otaqdan çıxmayasan, nə gərək var taksiyə -

dəhliz boyda bir məkan səninlə isnişibsə

və sayğacla bitirsə? Şirin-şəkər birisi

ağzın açıb girirsə içəri, dəymə, getsin.

 

Otaqdan çıxmayasan, guya azarlamısan.

Yaxşı nə var dünyada stuldan və divardan?

Bir yerə eyni adam dönəcəksə axşamı-

bəlkə də daha əzgin, varmı bunun anlamı?

 

Otaqdan çıxmayasan, rəqs edəsən təkcənə

çılpaq bədəndə palto, yalın ayaqda çəkmə.

Giriş kələm qoxuyur, bir də ki kirşə yağı.

Çoxlu hərf yazmısan, nəyə gərək artığı.

 

Otaqdan çıxmayasan. Qoy təkcə elə otaq

bilsin ki, necəsən sən. Qoy qəlbində bir dodaq

inkoqnito ergo sum söyləsin zahiriyə.

Otaqdan çıxmayasan. Yaddır bura Parisə.

 

Axmaq olma! Başqası olmayan şeyə bənzə.

Otaqdan çıxmayasan! Mebelə bənzə bəzən -

divar üzlüklərinə qarış. Səngər qur, gizlən

aləmdən, eşdqən, irqdən, hər cürə xəstəlikdən.

 

 

Söyləmişəm həmişə, tale var ha - oyundur

 

L. V.Lifşitsə

 

Söyləmişəm həmişə , tale var ha - oyundur.

Kürü varsa balığı nə təmizlə, soyundur.

Qotik üslub qalibdir həmişə məktəb kimi,

Həm də gözə girirsə, batmır ki, iti tini.

Pəncərinin yanında oturmuşam. Və qovaq…

Az adamı sevmişəm. Amma ki, qoruyaraq.

 

Saymışam meşəliklər çox vaxt elə odundur.

Bütün qız nəyə gərək; bəyaz dizlər saçır nur.

Əsrin yeli qaldıran tozanaqdan yorulur

eston günbəzlərində rusun gözü yumulur.

Ev təmiz. Pəncərənin yanında oturmuşam.

Burda xoşbəxt idim mən. Bir də yəqin olmaram.

 

Yazmışam hər lampada var tavanın qorxusu.

Sevişmək bir iş kimi feillərdən yoxsuldur,

və Evklid səhv edir, dırmananlar konusa-

sıfır tapmaz axırda, yol açarlar kosmosa.

Pəncərənin yanında oturmuşam. Önümdən

gəlib keçir gəncliyim: gülürəm, tüpürürəm.

 

Demişəm, hə, yarpaqlar deşir tumurcuqları,

zay torpağa düşdüsə bir ağacın tumları

pöhrə verməz heç zaman; laləzar ilə çəmən

belə istimnanadır təbiətdə də bəzən.

Pəncərənin yanında oturmuşam. Dizimi

qucub söhbət edirik - yorğun kölgəm… ikimiz.

 

Nəğmənin bir mənası yoxdursa da nə eybi,

xorla ki, oxumurlar, bu da bir cür təsəlli.

Belə çıxışlar üçün heç olmasa bir kimsə

boynuma minə bilmir. Oturmuşam bu gecə

pərdələri dalğalı pəncərənin yanında,

dəniz-təcili yardım qıyya çəkir o yanda.

 

İkinci növ zamanın vətəndaşıtək, diri,

ikinci növ mal sayıb ən yaxşı fikirləri-

acı təcrübəsini gələcək əsrlərə

boğanaqla davamın vəsiyyət eləyirəm.

Oturmuşam, gecədir. Nə fərq edər otaqda

qaranlıq nə cürədir, ya necədir qıraqda.

 

 

Kənddə Allah künc-bucaqda deyil ki...

 

Kənddə Allah künc-bucaqda deyil ki,

hər yerdədir, qoy danışsın təlxəklər,

qab-qacağa, dam-daşa nur ələyər,

düz ortadan qapını bölər iki.

Kənddə Allah aşıb-daşar. Çuğunda

axşamları o mərçimək bişirər,

o duyular yeməklərin buğunda,

şahid kimi hələ mənə gülümsər.

Çəpər çəkər. Qızı meşəbəyiyə

qismət edər. Yayındırar ördəkdən

gülləsini qoruqçunun o Yiyə

hər dəfə bir zarafatla, ürəkdən.

Düzü baxsan, bu şeyləri seyr etmək

duyulanda vıyıltısı payızın

yeganə bir nemətdir ki, bəxtinə

düşübdür bu ateistin, yazığın.

“Ədəbiyyat və incəsənət” portalı tədqiqatçı-jurnalist Vasif Quliyevin yazısını təqdim edir. 

Xalq memarı XIX əsr Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği əslən qarabağlıdır. Nadir şah Əfşarın dövründə valideynləri Qarabağdan İrana sürgün olunub. Səfixan da Təbriz yaxınlığındakı Əhər şəhərində doğulmuş, uşaqlıqdan atasının yanında bənnalıq sənətini öyrənib. Dərin zəkaya, ağıllı düşüncəyə malik olub, hələ gəncliyində tikəcəyi binaların layihəsini müstəqil surətdə özü verib. Kərbəlayi İmam Hüseynin məqbərəsini ziyarət etdiyinə görə Kərbəlayi Səfixan Qarabaği kimi məşhurlaşıb. Memarlıq və inşaat sənətini Təbrizdə öyrənib. XIX əsrin birinci yarısında Şuşaya köçüb, ömrünün sonuna qədər burada yaşayıb. Özü ilə Qarabağa Məhəmməd Şükuhi Təbrizi və digər sənət adamları da gətirib.

Kərbəlayi Səfixanın Qarabağ memarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Onun inşa etdiyi binalarda, xüsusilə məscidlərdə Şərq memarlıq ənənələri Azərbaycan memarlıq ənənələri ilə əlaqələndirilib. Bərdədə Zaqafqaziyada yeganə dördminarəli “İmamzadə” kompleksinin yenidən qurulması (1868), Ağdam (1870), Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidləri (XIX əsr), eləcə də Odessa şəhərində “Tatarlar” (1870), Aşqabadda “Qarabağlılar” (1880) məscidləri memarın ən yaxşı işlərindəndir. Onun Şuşada tikdiyi Uğurlu bəyin. Hacı Bəşirin, Bəhmən Mirzə Qacarın, Mehmandarovların, Hacı Dadaşın, Zöhrabbəyovların yaşayış kompleksləri özünəməxsusluğu və orijinallığı ilə seçilir. Malıbəylidə, Abdal-gülablıda, Bəhmənlidə, Qoçəhmədlidə, Azad Qaraqoyunluda, Qarabulaqda, Horadizdə və s. yerlərdə inşa etdiyi hər bir bina, hər bir tikili Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir.

XIX əsrə yaşayıb-yaratmış məşhur el sənətkarı, rəssam, dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabağı Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekorativ panno və kompozisiyaların müəllifidir. Şuşada Mehmandarovların yaşayış kompleksindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, İsgəndər bəy Rüstəmbəyovun evindəki divar rəsmləri isə son işlərindən hesab olunur.

Şəki xanlarının sarayında çəkdiyi divan və tavan rəsmləri bədii-estetik dəyərinə görə ən kamil əsərlərdəndir. Sarayın bədii tərtibatı zamanı çəkdiyi bu rəsmlər məzmun və kompozisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekorativ üslubda, yeni realist təsvir xüsusiyyətləri üzvi surətdə əlaqələndirilib. Rəssamlıqla yanaşı dekorativ tətbiqi sənətin müxtəlif sahələrində də çalışmışdır. Hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəziləri son illərə qədər salamat qalmışdı. XIX əsrdə xəttat Əsədulla Ağahadı oğlunun şikəstə-nəstəliq xətlə fars dilində yazdığı 200 səhifəlik “Nuşafərin Gövhərtac və Sultan İbrahim” dastanının əlyazmasındakı müxtəlif ölçülü 23 miniatürün müəllifi də Usta Qənbər Qarabağidir.

Onun gənc rəssamların yetişməsində mühüm xidmətləri olmuşdur. Rəssamın şagirdlərindən oğlu Şükür Qurbanəli, Əliqulu, Abbasqulu, Səfər və başqa rəssamlar Azərbaycan monumental-dekorativ boyakarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.

Məhəmməd Şükuhi Təbrizi XIX əsrdə yaşamışdır. Həmin əsrin birinci yarısında məşhur xalq memarı Kərbəlayi Səfixan Qarabaği Cənubi Azərbaycandan Şuşaya köçərkən özü ilə müxtəlif sənət adamları da gətirmişdi. Məhəmməd Şükuhi Təbrizi də onların arasında idi. O da öz ustadı kimi Şuşada məskunlaşmış, ömrünün sonunadək burada yaşayıb-yaratmışdır. 1868-1870-ci illərdə tikilmiş Ağdam məscidinin kitabəsindən məlum olur ki, onun mehrabındakı bəzək işləri Məhəmməd Şükuhi Təbriziyə məxsusdur. Qarabağda bir çox iri binalarıdakı nəqqaşlıq işlərinin müəllifi odur.

XIX əsrin ikinci yarısında Şuşada doğulmuş və burada yaşayıb-yaratmış el sənətkarı, naqqaş Usta Əli (Əli Abbasqulu oğlunun təxəllüsü) uzun müddət atasına şəyirdlik edib, sonra sərbəst surətdə fəaliyyət göstərib. 

Usta Əli Qurdlar məhəlləsindəki məscidin ornament və bəzək işlərinin müəllifidir.

Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Dədə Qorqud kitab və rəsm sərgilərinin açılışı olub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Sonra TÜRKSOY tərəfindən nəşr olunan tanınmış tərcüməçi və yazıçı Kənan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, eləcə də millət vəkillərinə təqdim olunub. 

Azərbaycan da daxil olmaqla, türk dünyasının görkəmli rəssamlarının Dədə Qorqud mövzusunda fırça ilə çəkdikləri rəsm əsərləri, eləcə də nəşrlər iyulun 23-dək Bayburtun “Çoruh” Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzalayıb.

Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

İyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.

Xəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar 12-13 iyul tarixlərində Şuşa şəhərini ziyarət etmiş, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuşlar. 

Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıb. 

18 iyul tarixində mədəniyyət naziri Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub. Rəsssamların Şuşa barədə təəssüratlarını dinləyən nazir onların yaratdığı rəsm əsərlərinin Nazirlik tərəfindən təşkil olunacaq sərgidə nümayiş etdiriləcəyini bildirib.

Rəsm əsərləri isə həqiqətən çox gözəl alınıb.

İyulun 19-da mədəniyyət naziri Anar Kərimov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç görüşüb. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Anar Kərimov birgə mədəni əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını bildirib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin önəmini vurğulayıb. 

Nazir Anar Kərimov, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən danışıb. O, bu kampaniya çərçivəsində də Serbiya ilə əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb. 

Səfir Draqan Vladisavljeviç qeyd edib ki, gerçəkləşdirilən birgə layihələr nəinki mədəniyyətlərimizin, eləcə də xalqlarımızın doğmalığının göstəricisidir. 

Görüş zamanı, həmçinin tarixi irsimizə sahib çıxmağın, mədəniyyətimizi gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs olunub. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.