Super User

Super User

 

“Avroviziya 2023” mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək, bu barədə xarici KİV xəbər verir ki. Onlar Avropa Yayım Birliyini  (EBU) məlumatını yayıblar.

 

Təşkilat yarış iştirakçılarının, əməkdaşların və təşkilatçıların təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən məsuliyyəti nəzərə alaraq, bu qərarı verib. EBU ev sahibi ölkədə müvafiq şəraitin təmin edilməsi istiqamətində işlərin dərhal başlamalı olduğunu vurğulayıb.

Xatırladaq ki, Ukrayna 631 xalla “Avroviziya- 2022” mahnı müsabiqəsinin qalibi olmuşdu. Təşkilat “Avroviziya -2023”ün Ukraynadan keçiriləcəyi ilə bağlı qərar da qəbul etmişdi.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən “Qarabağ Gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək olan iştirakçılar təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, xalq artistləri Fəxrəddin Kərimov, Fərhad Bədəlbəyli, əməkdar artistlər Aygün Mübariz, Arzu Əliyeva, Ceyla Seyidova, Nərgiz Əliyeva, ifaçılar Günay İmamverdiyeva, Babək Şuşalı, Cəlal Kərimov, tarzən Rövşən Qurbanov, aparıcılar, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi “Təşəkkür Sertifikatı” ilə təltif olunub.

Qeyd olunmalıdır ki, xeyriyyə konsertindən əldə edilən vəsait işğaldan azad olunan ərazilərin bərpası və yenidən  qurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcəkdir.

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Vasif Adıgözəlova həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, musiqi  mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür.

Vasif Adıgözəlov Bakıda doğulub boya-başa çatsa da, ata yurdu Qarabağı heç vaxt unutmayıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.

Vasif Adıgözəlovun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən, Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən, "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Şuşanın, daha sonra bütün Qarabağın işğal edilməsi Vasif Adıgözəlovu son dərəcə sarsıtmışdı. Təsadüfi deyil ki, ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. “Qarabağ şikəstəsi” oratoriyası, “Qəm karvanı”, “Şuşam laylay” əsərləri, üzərində sərasər on bir il işlədiyi “Natəvan” operası Qarabağ həsrətindən yaranmışdı. 

Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi.

Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Vasif Adıgözəlovun “Qarabağ oratoriyası”na görkəmli bəstəkarın oğlu Yalçın Adıgözəlov dirijorluq edirdi.

Şuşadan, Qarabağdan ayrılmağı sonsuz kədərlə qarşılayan bəstəkar təbii ki, bu itkinin müvəqqəti olmasına inanırdı və bu inamın, bu təntənəli qayıdışın akkordları elə ilk notlardan hiss olunurdu. Bu unudulmaz günədək yaşamaq bəstəkara nəsib olmasa da, 30 ildən sonra onun möhtəşəm Zəfər müjdəli notlarının Cıdır düzündə səslənməsi qala-konsertin kulminasiya nöqtəsi oldu.

 

Bir qismi Bakıda çəkilən "The Gray Man" filmi 22 iyulda "Netflix" platformasında yayımlanıb.

 

Xarici mətbuat xəbər verir ki, ekran işində Ana de Armas, Rayan Qoslin, Kris Evans və Riqi-Cin Peys kimi dünya ulduzları yer alır. 

"The Gray Man" üçün 200 milyon dollardan çox büdcə sərf edilib.

Qeyd edək ki, sözügedən layihədə azərbaycanlı personaj da var.

 

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidlinin “Qloballaşma - beynəlxalq münasibətlərdə paritetlik problemi” adlı monoqrafiyası işıq üzü görmüşdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bir neçə il öncə çox az sayda çapdan çıxmış bu monoqrafiya aktuallığı nəzərə alınaraq yenidən nəşr edilmişdir. 

Moniqrafiya politoloqlar, diplomatlar, beynəlxalq münasibətlərlə maraqlananlar, tələbələr, mütəxəssislər üçün olduqca maraqlıdır, oxumağa dəyər.

2021-ci ildə ABŞ-ın Texas ştatında  hazırlanan Dünya Şeir Marşı videosu boyunca 67 ölkədən 329 şairin şəkil, ad və ölkələrinin bayrağı rəsmi paylaşım saytında yer almışdı, azərbaycanlı şairə Nigar Arif də onların arasındaydı.

“Ədəbiyyat və incəsənət”portalı xəbər verir ki, bu il bu siyahı daha da artırılıb, əlavə ölkələrdən şairlər əlavə olunub. Dünya şeir marşında iştirakına görə şairlərə “Global Poet 2022” sertifikatları verilib.

Həmyerlimiz də sertifikata layiq görülüb.

 

“Seçilmişlər” rubrikasında Elman Eldaroğlu sizlərə npvbəti seçilmişi təqdim edir. 

 

Qayğıkeş adamdır. İmkanlarını bölüşməyi bacarır. Xeyli dostları var. Mübahisə etməyi xoşlamır. Bu da ona insanlarla münasibətdə sevgi və şöhrət gətirir. Həyatda nəyinsə həddindən artıq olmasını arzulamır, tünlükdən, gündəmə düşməkdən yayınır…

Haqqında söhbət açmaq istədiyim Vüqar Zifəroğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 № orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olunub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə isə yüksək nəticələrlə magistr pillələrini bitirib. 1997-ci ildən mediada analitik və araşdırma məqalələrilə çıxış edir. Eyni zamanda müxtəlif televiziya kanallarına ekspert olaraq dəvət olunur.

2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışırır. 2001-2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004-2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010-2017-ci illərdə “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanıdır. 2005-ci ildə jurnalistika ixtisası üzrə elmi iş müdafiə edərək, filologiya elmləri namizədi, 2017-ci ildə isə yenə də həmin ixtisas üzrə doktorluq dissertasiyasını müdafiə edərək, Filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib.

“Əməkdar jurnalist” fəxri adına layıq görülüb…

Yüksək bilik, mütaliə istedadın cövhəridir. İfadə olunan fikri cilalayıb, məzmununa xüsusi rəng qatır. Vüqar Zifəroğlu məhz bu keyfiyyətləri sayəsində uğurlara imza atıb və jurnalistikanın işıqlı simalarından biri kimi tanınır. Bir neçə kitabın müəllifidir…

Tapdım! O, böyüklüyə tərəf gedən yolun zəvvarıdır. İbadətin qəbul olsun, professor!..

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğusunda bu dəfə əməkdaşımız Ümid Nəccari yazarlarımızın Yay mövsümünü necə keçirməsi sualına cavab axtarıb.

 

Aqşin Evren:  

- Əvvəlki illərdən fərqli olaraq, bu il yay mövsümündə səyahət etməmişəm, çox güman, bu yay ölkədən çıxmayacam. Mənim üçün istirahət, səyahət başqa ölkələrə gedi b oradakı xalqların tarixi, mədəniyyəti, yaşam tərzi ilə maraqlanmaqdır. Təbii ki, bu ölkələrin mütləq dənizə, okeana, ümu miyyətlə, suya çıxışı olmalıdır ki, heç olmasa gündə 1-2 saat üzə, balıq tuta biləsən.

Bu yay həm meymunçiçəyi, həm yeni korona dalğası, həm də hazırkı müharibənin (Rusiya-Ukrayna) yaratdığı xaosa görə ölkədən çıxmayacam. Avropaya getməklə bağlı təklif almışam, əgər payızda viruslar səngisə, İtaliya və Fransanı gəzmək istəyirəm.

Bu yay doğma yurdum Ərdəbilə getmək istəyirdim, onu da təxirə saldım. Qısası, yayı planlarımı təxirə salmaqla keçirirəm.

 

 

Fərid Hüseyn:

-Həftə içi səhər saat 09:00-dan 18:00-a qədər işdə oluram. Axşamüstü ya dostlarımla görüşürəm, ya da ailə üzvlərimi parka, bulvara, dəniz kənarına aparıram. İki kitab üzərində işləyirəm deyə səhərlər 05:00-da oyanıb 08:00-a qədər onları çapa hazırlayıram. Şənbə-bazar isə ailəmizlə birgə ya yaxın rayonların birinə gedirik, yaxud da hava xoş olanda dənizə. Axşamlar asudə vaxtımda da kitab oxuyuram.

 

 

 

 

 

 

Ruslan Dostəli:

-Adətən insanlar yay mövsümündə məzuniyyətə çıxır, istirahət edirlər. Mənim üçün fəslin fərqi yoxdur. Maddiyyat olandan sonra qışda da istirahət etmək olar. Bu yayı Şəki şəhərində keçirəcəm. Burda həm işləyirəm, həm də istirahət edirəm. Qapım dostların üzünə açıqdır.

 

 

 

 

 

 

 

İntiqam Yaşar:

-Bakıda fəsillərin hamısı eyni rəngdə olduğundan hansı fəsildən hansına keçid o qədər də hiss olunmur, yayın istisini və qışın soyuğunu nəzərə almasaq. Yay mövsümündə adətən doğulduğum rayona gedirəm hər il. Bu yay bir həftəlik getdim, qayıtdım. Fəaliyyət qrafikimlə uyğunlaşdıra bilsəm yenə də bir müddətlik getmək planım var.  Bu yay işlərimiz də çoxdur. Müəyyən layihələr, səfərlər var ki, onların da görülməsinin hazırlıq prosesi ilə məşğul oluram. Bundan başqa, yeni kitabımı çapa hazırlayıram. Şeirlərin toplanılması, seçilməsi və s. - bunlarla məşğulam. Bir sözlə, builki yay mövsümü işlər, səfərlər və s. ilə sıx qrafikə söykənib.

 

 

 

 

 

Pərviz Cəbrayıl:

-Yay mövsümünü necə keçirirəm? Elə qış mövsümü kimi. Sadəcə, indi əynim yay mövsümünə uyğundu. Üşümürəm daha, əksinə bir az isti olur. Yəni elə həmişəki kimi: get naxıra, gəl axura. Normal məzuniyyət götürsəm, onda işlədiyim saytın işi bir qədər axsayacaq, götürməsəm, canım. Götürsəm belə, hara gedəcəyəm? Harasa getmək üçün pul lazımdır. O da ki, bizə aid olmayan bir şeydir. Demək ki, nökər nə, bekar nə? Otur oturduğun yerdə, ölüm mövsümünü gözlə - pulsuz, parasız, iznsiz. Torpaq var olduqca dincəl ki, dincəl...

 

 

 

 

 

Ələsgər Əhməd:

-Bəlkə də, ən sərinləndirici mövsümümdür. Günəşin şölələrinin ən cah-cəlallı vaxtında sevda içkisindən qurtumladım, hələ də sərxoşam, yay kimi də ən xoşbəxt hədəflərə çəkilirəm. Evlilik şeirsəldi, hər şey qaydasındadır.

 

 

 

 

 

 

 

 

 

Sevinc Elsevər:

-Bu yay gərgin keçdi. Bütün yayı doktorantların minimum imtahanına həsr etdim. Təəssüf ki, cəmi 4 balla kəsildim. Bütün əziyyətim hədər oldu. Üzüldüm, ağladım, həyəcan, stress. Nəticədə nə istirahət edə bilmişəm, nə də nəsə yaza bilmişəm. Uşaqlar üçün roman yazırdım. Yarılamışam, planım o idi ki, yayda bitirim. Yayın yarısı imtahanın hesabına getdi. Bu ayı dincələcəm. Bir cümlə yazmağa həvəsim  yoxdur. Ümid edirəm, avqustda romanı bitirərəm. Bitirə bilsəm, yaxşı bir kitab alınacaq.

 

 

 

 

 

 

Tural Turan:

-Hələ ki, məzuniyyətə çıxa bilməmişəm. Avqust ayında 15 günlük Qərb bölgəsinə səfər planlaşdırıram. Bizim tərəflər yayda sərin olur. Doğma kəndimizi, Ağlavaşlını, valideynlərimi ziyarət etməyi düşünürəm. Hazırda ancaq işləyirəm. İstirahət günləri isə, az da olsa, mütaliə edə bilirəm...

 

 

 

 

 

 

 

 

Rəbiqə Nazimqızı:

-Yay mövsümünü ümumiyyətlə sevmirəm. Adam bilmir, şəhərin istisində harda qalsın, dincəlməyi necə planlaşdırsın. Ola bilsin, bir neçə günlük dincəlməyə imkan tapdıq. Belə ümumilikdə, Bakıda olacam, kondisionerlə dincəlməyə çalışıram. Gundəlik işlər - redaktə, şeir... Əslində, yaradıcı məzuniyyət üçün şərait istərdim. Məsələn, elə bir yer ki, mubadilə getsin, yazaq, təbiətin qoynunda yazdıqlarımızı dostlarımıza oxuyaq, müzakirə edək. Yaradıcılıq evləri kimi məsələn. Hələlik, arzu olaraq qalır.

 

 

 

 

 

Kənan Hacı:

-Bu yay mövsümü çox gərgin keçdi. İşlə əlaqədar Şamaxıya, İsmayıllıya, Xızıya  səfərlərimiz oldu, sonra Şuşa səfəri, kitabxanalarda görüşlər...

Hələ ki, istirahətə vaxt yoxdur. Həm də, iki kitabım çapa hazırlanır, son oxunuşlara baxıram.

 

 

 

 

 

 

 

 

Sizlərə bol xatirəli, gözəl yay arzusu ilə, əziz oxucularımız!

 

 

 

 

Bazar ertəsi, 25 İyul 2022 10:27

Mayk Omerdən növbəti bestseller

“Amazon bestsellerleri” buraxılışından Rusiyada – Eksmo nəşriyytatında dərc edilən növbəti kitab Azərbaycanın satış şəbəkəsinə daxil olub. Söhbət tanınmış yazıçı Mayk Omerin “Qatilin daxilində” adlanır.

Roman triller janrındadır. Profaylerdən – kriminal psixoloqdan bəhs edir roman. Bu şəxs hətta olduqca mənasiz görünən ən xırda detallardan ən hiyləgər caninin, qatilin belə obrazını yarada bilən peşəkardır.

Profaylerlər kənardan hər şeyə qadir superqəhrəmanlar kimi görünürlər. Xüsusən də, onlar qadındırlarsa. Başgicəlləndirici süjet, sonadək gərginlik və intriqa ilə səciyyələnir “Qatilin daxilində” romanı.

Xatırladaq ki, romanın ilk ABŞ nəşri 2018-ci ilə təsadüf edir.

 

Əfsanə qayıdır

 

Əfsanəvi  The Rolling Stones qrupunun solisti Mick Jagger bu həftə qeyd edəcəyi 79-cu doğum günü ərəfəsində şənbə axşamı Parisdə verdiyi konsertlə dünya musiqisevərləri üçün unudulmaz anlar yaşadıb. Bulon meşəsindəki Lonşan Cıdır Düzündə keçirilən konsert 1961-ci ilin payızında yaradılmış Britaniya qrupunun yaranmasının 60-cı ildönümü münasibətilə təqdim edilən yubiley turnesinin bir hissəsi olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.

50 min nəfərlik tribunalarda qrupun pərəstişkarlarının bir neçə nəsli toplaşmışdı. Maraqlıdır ki, konsertə tamaşa edən yaşlı insanlar etiraf edirdilər ki, bu yaşımızda Mick Jagger kimi bol enerjiyə və dözümlülüyə malik olmağı arzulayırıq.

 

 

Yubiley turu

 

Cıdır Meydanında şənbə çıxışı Rolling Stones qrupunun bütün tarixi ərzində Fransada verdiyi 54-cü konserti oldu. Qrupun ilk Paris konserti 1964-cü ilin oktyabrında "Olimpiya" zalında baş tutmuşdu.

Yubiley turu iyunun 1-də Madriddə başlayıb, avqustun 3-də Berlində başa çatacaq. Fransada qrup Lionda da çıxış edib. Amsterdam və Berndə iyun ayına planlaşdırılan konsertlər Mick Jagger-in coronavirus üçün verdiyi müsbət test səbəbiylə ləğv edilmişdi.

The Rolling Stones-in konsert repertuarına onların ən məşhur kompozisiyaları daxildir: Klassika şedevrləri Paint It black və Satisfaction-dan tutmuş ta ki, sonrakı dövrlərin Midnight rambler və Ghost Town şedevrlərinə qədər.

Mütləq qeyd edək ki, Paris konsertində biletlərin qiyməti 95 avrodan 330 avroya qədər olub və satışa çıxarılandan bir neçə saat sonra tam şəkildə satılıb qurtarıb.

 

 

Fransada bayram

 

Maykl Filip (Mick) Jagger 26 iyul 1943-cü ildə Böyük Britaniyanın Hartford şəhərində anadan olub. Musiqiyə blues və rok-n-roll dəbi gətirib. Mətnlərin müəllifi, bəstəkar, vokalçı olub, 1961-ci ildə isə The Rolling Stones-un təsisçilərindən birinə çevrilib. 2021-ci ildə qrupun təbilçisi Çarli Uottsun 80 yaşda vəfat etməsinə baxmayaraq, musiqiçilər çıxışlarını dayandırmağı planlaşdırmırlar.

Hələ bəlli deyil ki, məşhur müğənni doğum gününü Fransada necə qeyd edəcək. Ola bilsin ki, bayram  Parisətrafı Turendə - ona məxsus qəsrdə keçirilsin. 24 hektarlıq ərazidə fransız bağı və parkına, tennis kortuna və Yapon havasına (süni havalandırma sisteminə) malik qəsrdə yay aylarında gəlib dincəlməyi müğənni çox sevir.

Əvvəlki illərdə də Mayklın Fransadakı bu qəsrində atəşfəşanlıqlar təşkil edilib. 2020-ci ilin yazında COVİD-19 pandemiyasının pik zamanında o, uzun müddət burada yaşamış, yeni disklərin yazılmasına vaxt ayırmışdı.

 

 

Səhnəyə əbədi bağllıq

 

Mick Jagger ser tituluna malik ən nüfuzlu britaniyalılardan biridir, bu titulu ona 2002-ci ildə kraliça II Yelizaveta verib.

Jagger-in vəziyyəti bu gün üçün 250 milyon avro olaraq qiymətləndirilir. Razılaşın ki, qocaman müğənni kifayət qədər varlı adam hesab edilə bilər.

Bir dəfə müsahibələrin birində "Səhnəyə" qayıtmağa" ehtiyacım yoxdur, çünki onu heç vaxt tərk etməmişəm", - deyə Jagger jurnalistə bildirmişdi, həqiqətən də o, səhnə ilə yaşayır, hətta çıxış etməyəndə belə özünü səhnədə hesab edir.

İnsan can qoyduğu fəaliyyətdən şöhrət və var-dövlər kimi dividendlər götürə bilirsə, nə xoş onun halına.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.