Super User

Super User

 

Təbii ki, payız kinonun oyanışı fəslidir. Daha bir mötəbər tədbirə Türkiyə evsahibliyi edəcək. Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan və bu il 10 yaşını qeyd edən Beynəlxalq Boğaziçi Film Festivalına oktyabrın 21-də start veriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Anadolu agentliyinə istinadla xəbər verir ki, festival oktyabrın 21-dan oktyabrın 28-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Festivalda baş mükafat olaraq “Ən yaxşı film”ə layiq görülən “Qızıl delfin” ilə yanaşı, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı operator işi” və “Ən yaxşı montaj” nominasiyaları üzrə mükafatlar təqdim edilcəcək.

Müsabiqəyə sənəd qəbulu üçün son tarix sentyabrın 23-ü müəyyən edilib.

Azərbaycan kinosu da festivalda təmsil olunacaq.

 

İstedadlı gənc dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq" monopyesi qardaş Türkiyədə "Salihli Sardes 7 Uluslararası DİONYSOS TİYATRO ŞENLİĞİ ve TİYATRO EĞİTİM KAMPI"nda nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa açıq havada - antik səhnədə tamaşıçılara təqdim edilib. 

Tamaşanın rejissoru Rasim Aşın, baş rolun ifaçısı Hatice Görçekdir.  

Ülviyyə xanımı təbrik edirik!

 

Azərbaycan Milli Elmlər Akademiyasına  (AMEA) sehirli bir çubuğun işarəsi ilə media hücuma keçdikdən sonra bunun heç də təsadüfi bir hücum olmaması öz təsdiqini tapıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, budur, AMEA-nın birdən-birə üç qurumu- Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmanda yer alıb.

 

Fotolar Milli Azərbaycan Tarixi Muzeyindəndir.

Cümə axşamı, 28 İyul 2022 18:21

Nazir məşhur rejissorla görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dünya şöhrətli rejissor və prodüser Timur Bekmambetovu qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.

 Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə

ADİL İSGƏNDƏROVun (1910-1978) xatirələrini təqdim edəcəyik. 

 

***

“Əhməd haradadır” filminin çəkilişləri gedirdi. O ərəfədə Musiqili Komediya teatrına Lütvəli Abdullayevin dəvəti ilə səhnəciklərdən ibarət komik parçalara baxmağa getmişdim. Səhnəciklərdə Bəşir Səfəroğlu bir-neçə sərxoş obrazı oynayırdı. Düzü, çox bəyəndim. Tamaşdan sonra səhnə arxasına keçib aktyor dostlarımı təbrik etdim. Üzümü Bəşirə tutub:

– Sabah Lütvəli ilə bir yerdə çəkilişə gələrsən, – dedim.

Bəşir də, Lütvəli də çaşıb qaldı. Bəşir:

– Hara gəlim, Adil müəllim? – deyib, xəbər aldı.

– Lütfəli hara gəlmək lazım olduğunu sənə başa salar, -dedim.

Ertəsi gün kostyumerə tapşırdım ki, Bəşirin əyninə bir ağ pencək, ağ köynək, şlyapa və qara şalvar götürsünlər.

Bəşiri “Əhməd haradadır?” filmində epizodik sərxoş roluna çəkdim. Həmin obraz ssenaridə yox idi, sadəcə, Bəşirin koloritli aktyor olmağı, istedadı kiçik bir epizodla bu filmə əlavə rəng qatdı.

***

Bir gün kinostudiyada işləyim vaxtlar idi. Həyətdə gəzişirdim. Birdən bizim orta yaşlı, amma avara aktyorlardan biri mənə yaxınlaşdı. O qədər içmişdi ki, ayaq üstə güclə dura bilirdi. Ailəsindən təzə ayrılmışdı.

Dedi:

– Adil müəllim, mənə təcili 150 manat verməsəz özümü də öldürəcəyəm, iki uşağımı da.

Əl atdım cibimə, cəmi 100 manat pulum var idi.

– Al götür, cəmi 100 manatım var, – deyib, pulu ona uzatdım.

Adam əlini geri çəkdi.

– Yox, nə danışırsız, Adil müəllim, mənə 150 manat lazımdır.

Başımı bulayıb:

– Sən belə elə də, – dedim, – özünü öldür, uşaqlarla işin olmasın. 100 manatı apar uşaqlara ver.

Adam bir də gözümə görünmədi.

 

 

 

Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarlara qeyri-leqal rəsm çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşı işlərini təqdim edir.

 

Etam Kryu

İlk olaraq sizə Etam Kryunu təqdim edirik - haqlarında ən çox danışılan küçə rəssamlarını. Bu, iki polşalı küçə rəssamının psevdonimidir. Onların çəkdikləri murallar – divar rəsmləri öz ölçülərinə görə adamı hədsiz təsirləndirir, hətta heyrətləndirir. Onlar tək Polşada deyil, bütün Şərqi Avropada gözəl izlər qoyurlar. İndi planlarında Avropanın Qərbini də bəzəyib Amerikaya üz tutmaq dayanır.

İlk vaxtlarda onlar qeyri-qanuni fəaliyyətə görə cərimələnirdilər, amma indi Polşa hökuməti rəssamlara sifarişlər verir, onlara böyük paralar ödəyir. Onlar da ölkəni, bir növ, abadlaşdırırlar. Təsəvvür edin ki, Polşaya gələn minlərcə turist Varşava, Qdansk, Xojuv, Zaqlembe, Vrotslav, Katovitse kimi şəhərlərdə xüsusi ekskursiya turlarına çıxaraq Etam Kryunun divar rəsmlərinə tamaşa edirlər.

Öz işlərində folklor motivlərinə və sürrealizmə müraciət edən rəssamlar bir işi başa çatdıranacan aylarını sərf edib hədsiz yorulurlar, bununla belə, əsla bezikmirlər. Çünki həqiqətən ortaya şedevr qoyurlar.

Şəkillərdə: Etam Kryunun rəsmləri

 

Cümə axşamı, 28 İyul 2022 14:00

Günün fotosu: 1600 yaşlı skeletlər tapılıb

Günün fotosu: 1600 yaşlı skeletlər tapılıb

 

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı qəsəbəsində 1600 yaşı olduğu təxmin edilən 27 insan skeleti tapılıb.

 

Foto: Magazine

Cümə axşamı, 28 İyul 2022 13:00

Bu gün “Artım”da vorkşop təşkil olunacaq

 

Bu gün “Artım” layihə məkanında “Qavrayışı formalaşdıraraq” adlı vorkşop təşkil olunacaq. Vorkşop - ingiliscə iş və emalatxana, mağaza anlamlı iki sözün birləşməsindən əmələ gəlib, müasir təlim formasıdır. 

 

Vorkşop zamanı rəssam Murad Vəliyevin rəhbərliyi altında iştirakçılar inşaat köpüyü, sap və akril daxil olmaqla müxtəlif materiallardan və texnikalardan istifadə edəcəklər, həmçinin modanı müasir incəsənətdə necə tətbiq etməyi öyrənəcəklər.

Murad, İstanbul, Moskva və Bakı kimi şəhərlərdə moda və müasir incəsənət sahələrində çalışan gənc rəssamdır. Onun yaradıcılığının ilham mənbəyi cəmiyyətimizin müxtəlif stereotipləridir və o, modanı müasir incəsənətlə birləşdirərək əsərlər yaradır. 

Onun əsərləri "L’Officiel Azerbaijan", "Elle Russia", "Cosmopolitan Turkiye", "GQ", "Esquire", "Schön!", "Based Istanbul" və "Vogue" kimi nəşrlərdə dərc olunub.

 

Mədəniyyət nazirliyinin Media və Kommunikasiya şöbəsi  Londonda CNN kanalının qonağı olub və kanalın işi ilə tanış olmaq imkanı qazanıblar.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin şöbə müdiri Məryəm Qafarzadə və şöbənin baş məsləhətçisi Elnarə Kərimova CNN rəhbərliyi ilə görüşüblər.  Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CNN  illərdir əməkdaşlıq edir, ölkəmizlə bağlı çoxsaylı süjetlər yayımlanıb.

Telekanalı ziyarət zamanı nazirlik rəsmiləri  kanalın işi, beynəlxalq layihələri ilə tanış olublar. Həmçinin çəkiliş prosesi,  məşhur CNN Breaking News-un canlı yayımlarını, montaj və hazırlıq işlərin necə getdiyini, redaksiya işlərinin necə aparıldığını, strategiyaların necə hazırlandığını izləmək imkanı qazanıblar. Rəqəmsal və yaradıcı həllər üzrə təcrübələrini bölüşüblər.

Görüş zamanı Məryəm Qafarzadə və CNN rəhbərliyi arasında aparılan danışıqlar zamanı telekanalın saytında Azərbaycan tərəfindən Azərbaycan mədəniyyəti ilə bağlı məqalə hazırlanaraq sayta yerləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Görüş zamanı həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.

CNN rəhbərliyi media sxemi , xəbər ötürmə, marketinqlə bağlı illər ərzində əldə etdiyi təcrübələrini də bölüşüblər. 

Məryəm Qafarzadə CNN-ə yaradılan şəraitə görə təşəkkür edərək, zəngin mədəniyyətimizin təbliği üçün yeni metodların tətbiqi və davamlı əməkdaşlığın perspektivlərindən söz açıb.

Qeyd edib ki,  cari ildə  kanal mədəniyyət paytaxtımız Şuşada keçirilən tədbirlər eyni zamanda Azərbaycan milli sərvəti olan muğam və xalça sənətimizlə bağlı videoçarxlar nümayiş etdirib.

Azərbaycan nümayəndə heyəti sonda şirkətin iş şəraiti və binası ilə yaxından tanış olublar.

 

Ən böyük mədəniyyət insani rəftar, humanizm deyilmi? Kanadada səfərdə olan Roma Papası Fransisk Kanadanın xüsusi internat məktəblərini ziyarət edən yerli xalqların – hindu ailələrinin uşaqları ilə qəddar davranışa yol verən katolik kilsəsinin hərəkətləri üçün üzr istəyib. O, həmçinin kilsə və dini icmaların bir çox üzvlərinin yerli xalqların mədəni məhvinə və məcburi assimilyasiyasına yönələn layihələrdə iştirak etməsi üçün bağışlanmalarını istəyib. Kanadaya etdiyi beş günlük səfər çərçivəsində Pontifik (Papanın dini rütbəsidir – red.) ölkənin yerli sakinləri üçün ilk milli kilsə olan Edmontondakı Müqəddəs Ürək kilsəsində insanların dualarını qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xəbər ötən günün ən çox oxunan xəbəri kimi manşetlərdə yer alıb. Euronews-un məlumatına görə, Roma Papası Fransisk mərasim zamanı söyləyib: “Pisliyin, təhqirin və aldadılmış etimadın ləyaqətə vurduğu ləkəni heç nə silə bilməz. Və biz xristianlar heç vaxt üzərimizə rüsvayçılıq yığıb onu silməklə məşğul olmamalıyıq. İndi hər şeyi yenidən başlamaq lazımdır".

Gəlin faktlara diqqət edək: 1881-1996-cı illərdə Kanadada yerli xalqlardan 150 mindən çox uşaq öz ailələrindən ayrılaraq, əsasən katoliklərin idarə etdikləri internat məktəblərinə göndərilmişdir. Bir çox uşaqlar ana dilində danışdıqları və ənənəvi ritualları tətbiq etdikləri üçün cinsi istismara, döyülmə və digər cəzalara məruz qalmışdır.

Edmonton yaxınlığındakı Kanadanın ən böyük internat məktəbi olan Ermineskinə getməzdən əvvəl Roma Papası bu məktəbin bir çox şagirdinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Ümumilikdə, Kanadanın internat məktəbləri sistemində 4 mindən çox uşaq indiyənədək dünyasını dəyişib.

Gəlin razılaşaq ki, ağdərilər Amerikanı zəbt edtikdən sonra o zamanlar yerli qırmızıdərili xalqlara qarşı necə genosid siyasəti aparırdılarsa, indi də həmin siyasət davam edir. Sadəcə, daha sivil formaya salınıb.

 

Şəkildə: Roma Papası hindu tayfalarından birinin nümayəndəsi ilə görüşərkən.

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.