Mədəniyyət nazirliyinin Media və Kommunikasiya şöbəsi Londonda CNN kanalının qonağı olub və kanalın işi ilə tanış olmaq imkanı qazanıblar.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin şöbə müdiri Məryəm Qafarzadə və şöbənin baş məsləhətçisi Elnarə Kərimova CNN rəhbərliyi ilə görüşüblər. Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CNN illərdir əməkdaşlıq edir, ölkəmizlə bağlı çoxsaylı süjetlər yayımlanıb.
Telekanalı ziyarət zamanı nazirlik rəsmiləri kanalın işi, beynəlxalq layihələri ilə tanış olublar. Həmçinin çəkiliş prosesi, məşhur CNN Breaking News-un canlı yayımlarını, montaj və hazırlıq işlərin necə getdiyini, redaksiya işlərinin necə aparıldığını, strategiyaların necə hazırlandığını izləmək imkanı qazanıblar. Rəqəmsal və yaradıcı həllər üzrə təcrübələrini bölüşüblər.
Görüş zamanı Məryəm Qafarzadə və CNN rəhbərliyi arasında aparılan danışıqlar zamanı telekanalın saytında Azərbaycan tərəfindən Azərbaycan mədəniyyəti ilə bağlı məqalə hazırlanaraq sayta yerləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Görüş zamanı həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.
CNN rəhbərliyi media sxemi , xəbər ötürmə, marketinqlə bağlı illər ərzində əldə etdiyi təcrübələrini də bölüşüblər.
Məryəm Qafarzadə CNN-ə yaradılan şəraitə görə təşəkkür edərək, zəngin mədəniyyətimizin təbliği üçün yeni metodların tətbiqi və davamlı əməkdaşlığın perspektivlərindən söz açıb.
Qeyd edib ki, cari ildə kanal mədəniyyət paytaxtımız Şuşada keçirilən tədbirlər eyni zamanda Azərbaycan milli sərvəti olan muğam və xalça sənətimizlə bağlı videoçarxlar nümayiş etdirib.
Azərbaycan nümayəndə heyəti sonda şirkətin iş şəraiti və binası ilə yaxından tanış olublar.