Super User

Super User

Günün fotosu: Rusiyanın Rusiya yəhudilərinə təzyiqi Qoldşmitdi mühacirətə sürükləyib

 

Rusiyanın yəhudi icmasının başının üstünü qara bulud alıb. Moskvanın keçmiş ravvini, Qüdsə mühacirətə gedən Pinxas Qoldşmidt deyir: 

-Rusiya hakimiyyəti yəhudilərə aşkat təzyiq göstərir ki, biz onların Ukraynaya silahlı təcavüzünü dəstəkləyək. Bizsə buna getmirik, zorən ölkədən qaçmağa sürüklənirik.

 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” portalı Lalənin “Mədəniyyət” qəzetinin dünənki sayında  dərc ediımiş rəssam Bütünay Haqverdiyevdən bəhs edən yazısını diqqətinizə çatdırır. 

 

 Bu günlərdə İçərişəhərdəki “Qız qalası” qalereyasında Bütünay Haqverdiyevin sərgisinin açılışı barədə xəbər aldım. Sərginin adı diqqətimi cəlb etdi: “Abşeron küləkləri”.

Yayın cırhacırında bu ifadə, təbii ki, düşüncədə istirahət, dəniz, torpaq, səma anlayışını canlandırır. Onu da qeyd edim ki, sərginin açılışına tanınmış sənət adamlarının qatıldığını bilirdim. Deməli, Abşeron mövzusu hələ də maraqlı və aktualdır. Baxmayaraq ki, Abşeronun ekosistemi xeyli dərəcədə məhv edilib. Elə bu düşüncələrlə sərgiyə baxmağı qərara aldım...

Sərgidə 28 əsər təqdim edilir. Hər biri özünəməxsus aura bəxş edir və rəssamın yanaşması da diqqətçəkəndir. Abşeron mühiti, dəniz, yay fəsli və koloritə rəssamın məxsusi yanaşması. Təbii ki, hər bir yaradıcı şəxsin öz baxışı, öz hissi var. 40 il əvvəl Tahir Salahovun fırçasından çıxan Abşeronla müasir Abşeron motivləri arasında fərqi tam aydın görmək olur bu əsərlərdə. Zaman keçir, çox şey dəyişir. Ana təbiət də qloballaşmaya məğlub olur sanki.

Ekspozisiyada Bütünay Haqverdiyevin üç il əvvəl Bakıdan şəhərətrafı ərazilərə, Nardaran kəndinə, Lahıc bağlarına köçdükdən sonra yaratdığı əsərlərə baxdıqca keçmişlə bu gün arasındakı fərqi, daha doğrusu, uçurumu görmüş oluruq.

Rəssam özü sərgi haqqında deyib: “Pandemiya başlayandan Abşeronda qalıram. Köçdüm şəhərdən kənara və orada tərk edilmiş çimərlikləri çox gəzdim. Təbii ki, o, mənə çox təsir edib. Bu sərgini mən köhnə Abşeron mənzərələrinə həsr etmişəm. Həm də ətrafımda olan adamlara bu mənzərələri göstərmək istəyirdim. Günümün cədvəli ondan ibarətdir ki, səhər tezdən çıxıb dəniz kənarını gəzirəm, ya da axşama doğru Günəşin gözəl işığı olanda rəsm də çəkirəm, foto da. Günün axırında isə gəlib o təsvirləri kətana köçürürəm”.

Rəssam ətraf aləmi fəlsəfi şəkildə dərk etmək üçün əsərlərində keçmişlə bu günü  möcüzəvi şəkildə birləşdirib. Onun rəsmləri sadə süjeti ilə tamaşaçıların diqqətini cəlb edir. Məsələn, günəşli havada köhnə avtomobillərin üzərində bərq vuran işıq və kölgənin füsunkar oyunu insanı bir anlığa xəyallar aləminə qərq edə bilir. Sanki bu maşında sən nə zamansa həmin sahillərdə gəzib, hətta pəncərəsindən əl uzadıb qonşu bağın heyva ağacından bir heyva da qopartmısan...

Fırça ustasının detallara məxsusi diqqəti, kompozisiya ilə həssas işi valehedicidir. O, mənzərəni əsl realist sənət nümunəsinə çevirə bilib. Əsərlərin hər biri Abşeronun təkrarolunmaz səmimiyyət və nostalji dolu aurasını hopdurur. Sanki bu rəsmlər bütöv bir dünyadır. O dünya ki, nağıl kimi uçub gedən, dağılan dünyamızın xatirələrini yaşadır özündə. Paytaxt sakinlərinin bir çox nəsillərinin uşaqlığının parlaq, unudulmaz xatirələrini, Abşeronun qızıl qumunun, Xəzərin şıltaq dalğalarının sənətə çevrildiyi məqamı seyr etmək də insanda qəribə hisslər yaşadır. 

Bütünay bu əsərlərlə sanki doğma torpağa sevgi etirafı edir. Mənim, sənin və başqalarının dillə deyə bilmədiyi sevgi etirafını rənglərin sehri ilə çatdırır. Rənglərin harmoniyası da elə bil Abşeron nəğmələri pıçıldayır bu əsərlərdə. Sakit və mülayim, küləkli və çılğın Abşeronun xəzrisinin şoran qoxusuna, gilavarının isti yelinə, Buzovna mehinin sərinlik çiləyən havasına qərq olursan bu rəsmlər içində. Müxtəlif texnikalarla işlənmiş əsərlərin hər biri sanki Tofiq Quliyevin Bakısından, Vaqif Mustafazadənin Bakı gecələrindən soraq verir.

Bütünay Haqverdiyevi digərlərindən fərqləndirən xüsusiyyət hamıya tanış olan obrazda başqalarının gözündən qaçan məqamı göstərmək bacarığıdır. Onun əsərlərində hər şey harmoniya içərisindədir. Qayğısız yay, yayın sonu və payız motivləri... Bütün bunlar rənglərin harmoniyasında seyrçiyə elə incəliklə təqdim olunur ki, iki mövsüm arasında keçidi əhval-ruhiyyəyə mənfi təsirsiz, demək olar yüngülvarı hiss edirsən. Və bu məqamda Yelena Haqverdiyevanın fikrini xatırlayıram: “Bu dünyada hər şey dəyişir, çox şey keçmişdə qalır, yeniliklər bizi cəlb edir, amma Abşeronun ruhu həmişə dəyişməz qalır. Bu, şairlərin, yazıçıların, rəssamların, musiqiçilərin oxuduğu neçə-neçə nəsillərin qəlbinin musiqisidir! Abşeron küləkləri bizi romantik xatirələrə aparır və bizə ən gözəl mənəvi hisslər bəxş edir”.

Qürub edən günəş, tənha qalmış sahil, bir zamanlar dəbdə olması ilə qürrələnən sovet avtomobilləri, talvardan boylanan qara şanı və küləyin vıyıltısında rəqs edən taxta külafirəngilər... Duyğulu və duyğusuz küləkləri rəssam elə ustalıqla təsvir edib ki, bütün bunlar təbiətdən, reallıqdan rəssamın sənət dünyasına inteqrasiya edən, sanki köçərək əbədi bu dünyada məskən salan atributlara çevriliblər. 

Sərgidən xoş və bir az da kədərli hisslərlə ayrılıram. Rəssam ailəsində dünyaya gələn, bu mühitdə böyüyən Bütünayın budəfəki sərgisinin özəllikləri isə hələ də məni düşündürür. Görəsən, niyə “Abşeron küləkləri”?...

*

Konseptual heykəltəraş və rəssam Bütünay Haqverdiyevin daim təkmilləşən kreativ təcrübəsi müxtəlif incəsənət sahələrini və janrları əhatə edir. 1989-cu ildə Bakıda tanınmış rəssam Ucal Haqverdiyevin ailəsində dünyaya gələn Bütünay Əzim Əzimzadə adına İncəsənət Kollecində oxuyub, sonra təhsilini Moskvadakı Britaniya İncəsənət və Dizayn Ali Məktəbində davam etdirib. 2003-2008-ci illərdə rəssamlar qrupu ilə birgə Bakıda yerləşən pravoslav kilsəsinin freskalarının çəkilməsi və restavrasiyası ilə məşğul olub. İlk fərdi sərgisi 2010-cu ildə Bakıdakı Müasir İncəsənət Mərkəzində keçirilib. Bundan sonra ölkəmizdə, həmçinin Rusiya, Fransa və İtaliyada baş tutan qrup sərgilərinə qatılıb. 2013-cü ildə əl işi İtaliyada keçirilən 55-ci Venesiya Biennalesində Azərbaycan pavilyonunda yer alıb. 2015-ci ildə isə onun taxtadan hazırlanan Azərbaycan xalça motivləri Kann Festival Sarayında keçirilən “İncəsənətdə Azərbaycan xalçaları” sərgisində nümayiş etdirilib.

 

Azərbaycan xalq musiqisinin, milli estradasının təşviqi və təbliği çərçivəsində “Space” televiziyası “Milli səs” adlı yeni layihə təqdim edir.

 

AzərTAC xəbər verir ki, “Milli səs” müsabiqəsinin təşkili son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin və boğazların, eləcə də düzgün olmayan ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək. Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi layihənin əsas hədəflərindəndir.

Qeyd edək ki, xalq və bəstəkar mahnılarını ifa edən və səsinə güvənən 16 yaşından yuxarı hər kəs bu yarışmaya qatıla bilər.

Qeydiyyatdan 055 309 94 94 və 070 309 94 94 əlaqə nömrələri vasitəsilə keçmək olar.

 

Bu gün- iyulun 30-da Səbail rayonu, Şıx çimərliyində “Xəzərin sahilində” adlı rok festivalı keçiriləcək.

 

Festival Sumqayıtda yaranmış əfsanəvi “Yuxu” rok qrupunun məşhur mahnısının şərəfinə bu cür ad alıb.

Festival çərçivəsində bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış edəcəklər. 

Konsert zamanı bir-birindən maraqlı musiqi nömrələri səsləndiriləcək.

 

Kolumbiya dünyaya tək mənfi imicli narkobaron Pablo Eskobarı bəxş etməyib ki. Bu ölkədən dünyaşöhrətli ədəbiyyat nəhəngi, yazıçı Qabriel Qarsia Markes də çıxıb. Kolumbiyanın yeni ulduzu isə müğənni, pop ulduz Şakiradır. Amma Şakiranın başı deyəsən qeyrü-qaldan açılan deyil.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat verir ki, müğənni Şakira bir müddər öncə istintaqa cəlb edilib. Hətta onun həbs olunacağı da gündəmə gəlib. Budur, İspaniya Prokurorluğu kolumbiyalı müğənninin vergidən yayınma ilə bağlı məhkəməsi ərəfəsində ona həbs cəzasının cərimə ilə əvəzlənməsini təklif edib. 

Bu yandan ittiham tərəfi hələ vaxtı müəyyən edilməmiş məhkəmə prosesinin baş tutmaması üçün təklif səsləndirib. Humanist addımdır, eləmi?

Di gəl, ifaçı bunu qeyri-mütənasib və maraqlarına zidd hesab edərək, razılaşmadan imtina edib. 

Razılığa gəlmək mümkün olmadığından, prokurorluq məhkəməyə ittiham aktı təqdim edəcək və məhkəmə onu təqsirli bildiyi təqdirdə Şakiranın həbsini tələb edəcək.

İndi isə oxucularımız üçün mübahisə predmeti barədə ətraflı məlumat verək. İspaniya Prokurorluğu müğənnini 2012-ci ildən 2014-cü ilə qədər İspaniyada yaşadığı zaman vergi ödəməməsi ilə bağlı cinayətlərdə ittiham edir. (Bildiyiniz kimi, Şakira həmin dövrdə  "Barselona" futbol klubunun müdafiəçisi Jerar Pike ilə eşq romanı yaşamaqdaydı). Ümumilikdə, söhbət 14,5 milyon avrodan gedir. Müğənninin müdafiəsi isə israr edir ki, həmin dövr üçün onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsinə dair heç bir birbaşa sübut yoxdur. Belə olduqda da Şakiranı vergi rezidenti hesab etmək olmaz.

İttiham tərəfi isə hesab edir ki, müğənni Pike ilə sevişdiyi dönəmdə vaxtının çox hissəsini Barselonada keçirib.

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir. Amma Şakiranın çoxmilyonlu fanat ordusu hərəkətə keçə bilər, onda İspaniya Prokurorluğunun geri çəkiləcəyi real görünür.

Çox güman, elə olduqda, Şakira da qalib ədası ilə “Waka, waka” oxuyacaq.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Söz dünyası" kitabı işıq üzü görüb. Kitaba kitabın üz qabığında şəkilləri həkk olunmuş 22 nəfər haqda yazılar və onların müxtəlif vaxtlarda Anar haqda yazdığı yazılar və ya yazılardan, müsahibəlrədən parçalar daxil edilib.

 

Burada kimlər yoxdur? Yazıçılardan Kamal Abdulla, Mövlud Süleymanlı, Çingiz Abdullayev, Natiq Rəsulzadə, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Pərvin, şairlərdən Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Önər, Rəşad Məcid, Səlim Babullaoğlu, tənqidçilərdən və alimlərdən Nizami Cəfərov, İsa Həbibbəyli, Rəfael Hüseynov, Əsəd Cahangir...

Əsəd Cahangir qeyd edir ki, “Kitabı son 30 ilin ədəbi-bədii prosesinin  güzgüsü adlandırmaq olar. Bu güzgüdə hər kəs öz dəqiq əksini tapır. Kitaba daxil edilən materiallarda müəllifin sərt, güzəştsiz obyektivliyi və ədaləti aydın görünür”.

Kitabın işıq üzü görməsi münasibətilə həm müəllifi, həm də onun 22 həmmüəllifini təbrik edirik.

 

 

 

 

 

Sirr deyil ki, bədii ədəbiyyat nümunələri arasında detektivlər çoxoxunma statistikası ilə öyünürlər. Elə bizim ölkədə ən çox satılan kitablar listəsinə baxanda orada Çingiz Abdullayevlə Elxan Elatlının detektivləri həmişə ön sıralarda olur. Bu yay günlərində istirahət zamanı təbii ki, yüngül ədəbiyyat janrı hesab olunan bu janrlara müraciət edənlər çoxdur. Bəs indi ən çox hansı detektiv və triller nümunələri oxunur? Dünyanın ən populyar kitab platformalarından biri olan “Litres”in bu sahədə araşdırmasını “Ədəbiyyat və incəsənət” portalı sizlərə təqdim edir.

 

1. Aleksandra Endryus, "Mod Dikson kimdir?"

Florens Mod Dikson təxəllüsü altında gizlənən bir yazıçının köməkçisi olaraq çalışır. Bir gün qadınlar Mərakeşdə qəzaya uğrayırlar. Mod itir və Florens xəstəxanada özünə gəldikdən sonra özünü Mod kimi qələmə verməyə qərar verir. Patrisiya Haysmitin milyonlarla oxucusu olan "İstedadlı Mister Ripli" romanı ruhunda yazılmış  psixoloji trillerdir.

 

2. Viktor Metos, "Gecə məxluqatları”

Bu, “Qatilin arvadı" adlı bestsellerin davamıdır. Jessika Yardli - Federal prokurorun köməkçisidir. Onun həyat yoldaşı isə seriya qatilidir və o, bunu başa düşməkdə acizdir. Cesika layiq olduğu vəzifəni daşıdığını sübut etmək üçün şəhəri lərzəyə gətirən növbəti manyakın tutulmasında iştirak etməyə başlayır. Manyak qurbanlara hədsiz əzablar verir və cinayətlərin yerlərində Sarpong rəsmləri ruhunda iz qoyur. Jessika növbəti qanlı bir qurban olmağa risk edir. Və görəndə ki, manyak onun həyat yoldaşıdır... Gerisini sadəcə oxumaq gərəkdir.

 

3. Meri Kubik, "Digər xanım"

Netflix-in ekranlaşdırmağa hazırlaşdığı, The New York Timеs-ın bestsellerləri sırasında qərarlaşan bu roman dedikcə maraqlı və çəkicidir, həyəcan verir və nəfəs kəsir. Uill və Seydi Foust uşaqlarıyla birlikdə Uillin dədə-babadanqalma köhnə evində məskunlaşıblar. Uillin bacısı illər öncə çardaqda özünü asaraq öldürüb, qardaşsa keçmişin mistikasına qapanmaq haqda düşünmək istəmir. Amma nahaq. Gələcəkdə bu evdə yaşadıqca ailəni yaxşı bir şey gözləməyəcək. Bir gün Seydi bir mesaj alacaq: "Ölməlisən". Başqa bir gün kimsə onların qonşusunu öldürəcək...

 

4. Cennifer Mikmaxon, "Məni qorxutmayın”

“Qış insanları” və "Məni içəri dəvət edin" trillerlərinin müəllifindən yeni bir şedevr. Neptun ləqəbli seriya qatili kiçik bir şəhəri qorxu içində saxlayır. O, qadınları oğurlayır, sonra isə cəsədləri polis binasının yaxınlığında qoyur. Reginanın anası beləcə itir, lakin 20 il sonra onu evsizlər üçün sığınacaqda sağ tapırlar. Bu bir mesaj deyilmi? Neptunun yeni məqsədi Taranı ovlamaqdır, Reginanın dostunu.

 

5. Nita Prouz, "Qulluqçu"

 

Kanadalı ədəbi redaktorun debüt romanıdır. Molli Grey erkən valideynlərini itirib və nənəsinin nəzarəti altında böyüyüb. Qız qapalıdır, insanlardan qaçır, amma tapmacaları sevir. Bəli, bəli. Tapmacaları sevir. Oteldə qulluqçu işləyən Molli bir dəfə iş növbəsi zamanı otelin nömrələrindən birində Mister Blekin meyitini aşkar edir. Polis Mollini əsas şübhəli hesab edir. O, təqsirsizliyini necə sübut etsin?

 

6. Jan-Kristof Qrange, "Tanrıların vədləri"

Berlində, 1939-cu ildə yüksək zümrədən olan qadınları öldürməyə başlayırlar. Onların hamısı qapalı kluba gedirlərmiş və hansısa Mərmər insan barədə yuxu görürmüşlər. İşi gizli polisə və mülki psixiatrlara verirlər, çünki ənənəvi təhqiqat üsullarına bu cür işdə etibar etmək olmaz. Nəticə başgicəlləndirici olur...

Tarixi dekorasiyalarda triller yazmaq tanınmış Fransa detektiv ustası Qrange üçün bir sınaq olub. Deyək ki, çox maraqlı və canlı çıxıb.

 

7. Tani Frenç, “Feytful-Pleys”

Məşhur müəllifdən çoxdan gözlənilən daha bir yenilik. Frenç janrın pərəstişkarlarına "Arxasında kölgə" və "Gizli yer" kimi bestsellerlər hədiyyə edib. Buna görə də bu növbəti romanı çoxları oxumaq həsrətində olublar. Feytful-Pleys küçənin adıdır və buradakı tərk edilmiş evlərdən birindən bir köhnə çamadan tapılır. Dublində yaşayan  detektiv Frenk Makki çamadandakı ilk sevdiyi qızın əşyalarını tanıyır. 20 il əvvəl o, səhərə qədər Rozini gözləmişdi. Sevgililər birlikdə xoşbəxtliklərinin ardınca qaçmaq istəyirdilər, amma qız gəlməmişdi. Nə baş verdiyini anlamaq üçün Frank keçmişə qayıtmaq məcburiyyətində qalır...

 

8. Stiven Kinq, "Billi Sammers"

Qəhrəman – Billi Sammers ABŞ dəniz piyadalarının keçmiş snayperidir, eləcə də əxlaq kodeksinə malik muzdlu qatildir. O, yalnız pis insanları təmizləyir. Sammers bu işdən uzaqlaşmağa qərar verir, amma son əmri yerinə yetirmək lazımdır – prinsipsiz killer Alleni öldürmək.

 

9. Kamilla Lekberq və Henrik Fekseus, "Mentalist".

Stokholmda qılınclarla deşilmiş sirk qutusu tapılır. İçində də qadın cəsədi. Kim özündən dəhşətli bir sehrbaz obrazı təsəvvür edib?

Müfəttiş Mina Dabiri məsləhətçisi qismində illüzionçu Vinsenti cəlb edir. Hər ikisi komandada işləməyə öyrəşməyiblər, amma indi ortada çox məsuliyyətli bir iş var: günahsız həyatın qırılması.

 

10. ANONUMİS layihəsindən ikinci roman, "Mixail Bulqakovun gizli gündəliyi” Bu layihənin kitabları ikiqat xəfiyyəçilik vərdişləri tələb edir. Müəllifliyi göstərilmədən çıxan kitabları oxuyan oxucular yalnız cinayətkarın kimliyini deyil, müəllifin də kimliyini axtarmış olurlar. Orest Volinin yeni istintaqı - Moskva Muzeyindəki bir qətldir. Bıçaqlanmış bir naməlumun cəsədi aşkar edildikdən sonra mistik bir şəkildə yoxa çıxıb. Bunun arxasında kim dayanır və Bulqakovun qeydlərinin bura nə dəxli? Oxuduqca heyrətlənir və heyrətlənirsən.

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Şair və yazıçılarımızı necə tanıyırıq?” adlı tədbir təşkil olunub.

 

Baş İdarədən bildirilib ki, kitabxananın daimi oxucuları Azərbaycan ədəbi aləminin zəngin irsini və poeziya nümunələrini ətraflı müzakirə ediblər.

Kitabxana əməkdaşı Dilşad Əliyeva oxuculara şair və yazıçılarımız, eləcə də onların əsərləri haqqında geniş məlumat verib. “Azərbaycan ədəbiyyatının görkəmli simaları hər biri ayrı-ayrılıqda gələcək nəsillər üçün böyük yadigardır. Onlar dünənimizin qədim ənənələrini, eləcə də bu günümüzün yenilikçi fikirlərini öz qələmi ilə Azərbaycan ədəbiyyatının tarixinə qızıl hərflərlə həkk edib. Hər bir azərbaycanlı gəncin borcudur ki, ədəbiyyatımıza hərtərəfli bələd olub, şair və yazıçılarımızı yaxşı tanısın”, - deyə kitabxana əməkdaşı bildirib.

 

Dünyaca məşhur aktyor, “Karub dənizinin quldurları” fiımi ilə məşhurlaşmış Conni Depp bu dəfə sevənlərinin qarşına rəssam kimi çıxıb. O, özünü portret ustası kimi tanıda bilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xarici KİV-ə istinadən xəbər verir ki, Londonda “Castle Fine Art” onlayn mağazasında əsərlərini satışa çıxaran Deep ümumilikdə 3,65 milyon dollar pul qazanıb. 

Qeyd edək ki, Conni Deepin portretlərdə çəkdiyi məşhurlar arasında müğənni Bob Dilan, aktyor Al Paçino, aktrisa Elizabet Teylor var.

Conni Deepin ümumilikdə 780 əsəri satılıb.

Ölkəmizdə Amerikalı dünyaşöhrətli müğənni Beyonssevərlər hədsiz çoxdur. Onlar üçün xoş xəbər: Beyons altı illik fasilədən sonra “Renaissance” adlı albom buraxıb. Hadisə dünən - iyulun 29-a təsadüf edib. Bu, dünyaşöhrətli müğənninin sayca yeddinci albomudur. Və bu hadisə dünya mədəniyyətində həftənin ən əsas hadisəsi hesab olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Lenra.ru-ya istinadən xəbər verir ki, bu barədə ifaçı öz saytında məlumat verib. 

Üç ildir albom üzərində işlədiyini söyləyən müğənni yeni albomuna 16 mahnı daxil edildiyini bildirib. Albomun səslənmə müddəti 62 dəqiqədir. Mahnılar müxtəlif stildədir: fankdan hip-hopa qədər. Onun sözlərinə görə, həmin mahnılar rəqəmsal platformalarda da əlçatan olacaq. 

Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.