Pop ulduz Şakira İspaniya Prokurorluğu ilə qovğadadır Featured

 

Kolumbiya dünyaya tək mənfi imicli narkobaron Pablo Eskobarı bəxş etməyib ki. Bu ölkədən dünyaşöhrətli ədəbiyyat nəhəngi, yazıçı Qabriel Qarsia Markes də çıxıb. Kolumbiyanın yeni ulduzu isə müğənni, pop ulduz Şakiradır. Amma Şakiranın başı deyəsən qeyrü-qaldan açılan deyil.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat verir ki, müğənni Şakira bir müddər öncə istintaqa cəlb edilib. Hətta onun həbs olunacağı da gündəmə gəlib. Budur, İspaniya Prokurorluğu kolumbiyalı müğənninin vergidən yayınma ilə bağlı məhkəməsi ərəfəsində ona həbs cəzasının cərimə ilə əvəzlənməsini təklif edib. 

Bu yandan ittiham tərəfi hələ vaxtı müəyyən edilməmiş məhkəmə prosesinin baş tutmaması üçün təklif səsləndirib. Humanist addımdır, eləmi?

Di gəl, ifaçı bunu qeyri-mütənasib və maraqlarına zidd hesab edərək, razılaşmadan imtina edib. 

Razılığa gəlmək mümkün olmadığından, prokurorluq məhkəməyə ittiham aktı təqdim edəcək və məhkəmə onu təqsirli bildiyi təqdirdə Şakiranın həbsini tələb edəcək.

İndi isə oxucularımız üçün mübahisə predmeti barədə ətraflı məlumat verək. İspaniya Prokurorluğu müğənnini 2012-ci ildən 2014-cü ilə qədər İspaniyada yaşadığı zaman vergi ödəməməsi ilə bağlı cinayətlərdə ittiham edir. (Bildiyiniz kimi, Şakira həmin dövrdə  "Barselona" futbol klubunun müdafiəçisi Jerar Pike ilə eşq romanı yaşamaqdaydı). Ümumilikdə, söhbət 14,5 milyon avrodan gedir. Müğənninin müdafiəsi isə israr edir ki, həmin dövr üçün onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsinə dair heç bir birbaşa sübut yoxdur. Belə olduqda da Şakiranı vergi rezidenti hesab etmək olmaz.

İttiham tərəfi isə hesab edir ki, müğənni Pike ilə sevişdiyi dönəmdə vaxtının çox hissəsini Barselonada keçirib.

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir. Amma Şakiranın çoxmilyonlu fanat ordusu hərəkətə keçə bilər, onda İspaniya Prokurorluğunun geri çəkiləcəyi real görünür.

Çox güman, elə olduqda, Şakira da qalib ədası ilə “Waka, waka” oxuyacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.