“Ədəbiyyat və incəsənət” portalı Lalənin “Mədəniyyət” qəzetinin dünənki sayında dərc ediımiş rəssam Bütünay Haqverdiyevdən bəhs edən yazısını diqqətinizə çatdırır.
Bu günlərdə İçərişəhərdəki “Qız qalası” qalereyasında Bütünay Haqverdiyevin sərgisinin açılışı barədə xəbər aldım. Sərginin adı diqqətimi cəlb etdi: “Abşeron küləkləri”.
Yayın cırhacırında bu ifadə, təbii ki, düşüncədə istirahət, dəniz, torpaq, səma anlayışını canlandırır. Onu da qeyd edim ki, sərginin açılışına tanınmış sənət adamlarının qatıldığını bilirdim. Deməli, Abşeron mövzusu hələ də maraqlı və aktualdır. Baxmayaraq ki, Abşeronun ekosistemi xeyli dərəcədə məhv edilib. Elə bu düşüncələrlə sərgiyə baxmağı qərara aldım...
Sərgidə 28 əsər təqdim edilir. Hər biri özünəməxsus aura bəxş edir və rəssamın yanaşması da diqqətçəkəndir. Abşeron mühiti, dəniz, yay fəsli və koloritə rəssamın məxsusi yanaşması. Təbii ki, hər bir yaradıcı şəxsin öz baxışı, öz hissi var. 40 il əvvəl Tahir Salahovun fırçasından çıxan Abşeronla müasir Abşeron motivləri arasında fərqi tam aydın görmək olur bu əsərlərdə. Zaman keçir, çox şey dəyişir. Ana təbiət də qloballaşmaya məğlub olur sanki.
Ekspozisiyada Bütünay Haqverdiyevin üç il əvvəl Bakıdan şəhərətrafı ərazilərə, Nardaran kəndinə, Lahıc bağlarına köçdükdən sonra yaratdığı əsərlərə baxdıqca keçmişlə bu gün arasındakı fərqi, daha doğrusu, uçurumu görmüş oluruq.
Rəssam özü sərgi haqqında deyib: “Pandemiya başlayandan Abşeronda qalıram. Köçdüm şəhərdən kənara və orada tərk edilmiş çimərlikləri çox gəzdim. Təbii ki, o, mənə çox təsir edib. Bu sərgini mən köhnə Abşeron mənzərələrinə həsr etmişəm. Həm də ətrafımda olan adamlara bu mənzərələri göstərmək istəyirdim. Günümün cədvəli ondan ibarətdir ki, səhər tezdən çıxıb dəniz kənarını gəzirəm, ya da axşama doğru Günəşin gözəl işığı olanda rəsm də çəkirəm, foto da. Günün axırında isə gəlib o təsvirləri kətana köçürürəm”.
Rəssam ətraf aləmi fəlsəfi şəkildə dərk etmək üçün əsərlərində keçmişlə bu günü möcüzəvi şəkildə birləşdirib. Onun rəsmləri sadə süjeti ilə tamaşaçıların diqqətini cəlb edir. Məsələn, günəşli havada köhnə avtomobillərin üzərində bərq vuran işıq və kölgənin füsunkar oyunu insanı bir anlığa xəyallar aləminə qərq edə bilir. Sanki bu maşında sən nə zamansa həmin sahillərdə gəzib, hətta pəncərəsindən əl uzadıb qonşu bağın heyva ağacından bir heyva da qopartmısan...
Fırça ustasının detallara məxsusi diqqəti, kompozisiya ilə həssas işi valehedicidir. O, mənzərəni əsl realist sənət nümunəsinə çevirə bilib. Əsərlərin hər biri Abşeronun təkrarolunmaz səmimiyyət və nostalji dolu aurasını hopdurur. Sanki bu rəsmlər bütöv bir dünyadır. O dünya ki, nağıl kimi uçub gedən, dağılan dünyamızın xatirələrini yaşadır özündə. Paytaxt sakinlərinin bir çox nəsillərinin uşaqlığının parlaq, unudulmaz xatirələrini, Abşeronun qızıl qumunun, Xəzərin şıltaq dalğalarının sənətə çevrildiyi məqamı seyr etmək də insanda qəribə hisslər yaşadır.
Bütünay bu əsərlərlə sanki doğma torpağa sevgi etirafı edir. Mənim, sənin və başqalarının dillə deyə bilmədiyi sevgi etirafını rənglərin sehri ilə çatdırır. Rənglərin harmoniyası da elə bil Abşeron nəğmələri pıçıldayır bu əsərlərdə. Sakit və mülayim, küləkli və çılğın Abşeronun xəzrisinin şoran qoxusuna, gilavarının isti yelinə, Buzovna mehinin sərinlik çiləyən havasına qərq olursan bu rəsmlər içində. Müxtəlif texnikalarla işlənmiş əsərlərin hər biri sanki Tofiq Quliyevin Bakısından, Vaqif Mustafazadənin Bakı gecələrindən soraq verir.
Bütünay Haqverdiyevi digərlərindən fərqləndirən xüsusiyyət hamıya tanış olan obrazda başqalarının gözündən qaçan məqamı göstərmək bacarığıdır. Onun əsərlərində hər şey harmoniya içərisindədir. Qayğısız yay, yayın sonu və payız motivləri... Bütün bunlar rənglərin harmoniyasında seyrçiyə elə incəliklə təqdim olunur ki, iki mövsüm arasında keçidi əhval-ruhiyyəyə mənfi təsirsiz, demək olar yüngülvarı hiss edirsən. Və bu məqamda Yelena Haqverdiyevanın fikrini xatırlayıram: “Bu dünyada hər şey dəyişir, çox şey keçmişdə qalır, yeniliklər bizi cəlb edir, amma Abşeronun ruhu həmişə dəyişməz qalır. Bu, şairlərin, yazıçıların, rəssamların, musiqiçilərin oxuduğu neçə-neçə nəsillərin qəlbinin musiqisidir! Abşeron küləkləri bizi romantik xatirələrə aparır və bizə ən gözəl mənəvi hisslər bəxş edir”.
Qürub edən günəş, tənha qalmış sahil, bir zamanlar dəbdə olması ilə qürrələnən sovet avtomobilləri, talvardan boylanan qara şanı və küləyin vıyıltısında rəqs edən taxta külafirəngilər... Duyğulu və duyğusuz küləkləri rəssam elə ustalıqla təsvir edib ki, bütün bunlar təbiətdən, reallıqdan rəssamın sənət dünyasına inteqrasiya edən, sanki köçərək əbədi bu dünyada məskən salan atributlara çevriliblər.
Sərgidən xoş və bir az da kədərli hisslərlə ayrılıram. Rəssam ailəsində dünyaya gələn, bu mühitdə böyüyən Bütünayın budəfəki sərgisinin özəllikləri isə hələ də məni düşündürür. Görəsən, niyə “Abşeron küləkləri”?...
*
Konseptual heykəltəraş və rəssam Bütünay Haqverdiyevin daim təkmilləşən kreativ təcrübəsi müxtəlif incəsənət sahələrini və janrları əhatə edir. 1989-cu ildə Bakıda tanınmış rəssam Ucal Haqverdiyevin ailəsində dünyaya gələn Bütünay Əzim Əzimzadə adına İncəsənət Kollecində oxuyub, sonra təhsilini Moskvadakı Britaniya İncəsənət və Dizayn Ali Məktəbində davam etdirib. 2003-2008-ci illərdə rəssamlar qrupu ilə birgə Bakıda yerləşən pravoslav kilsəsinin freskalarının çəkilməsi və restavrasiyası ilə məşğul olub. İlk fərdi sərgisi 2010-cu ildə Bakıdakı Müasir İncəsənət Mərkəzində keçirilib. Bundan sonra ölkəmizdə, həmçinin Rusiya, Fransa və İtaliyada baş tutan qrup sərgilərinə qatılıb. 2013-cü ildə əl işi İtaliyada keçirilən 55-ci Venesiya Biennalesində Azərbaycan pavilyonunda yer alıb. 2015-ci ildə isə onun taxtadan hazırlanan Azərbaycan xalça motivləri Kann Festival Sarayında keçirilən “İncəsənətdə Azərbaycan xalçaları” sərgisində nümayiş etdirilib.