Ən çox oxunan: Roma Papası hindulardan üzr istəyib

 

Ən böyük mədəniyyət insani rəftar, humanizm deyilmi? Kanadada səfərdə olan Roma Papası Fransisk Kanadanın xüsusi internat məktəblərini ziyarət edən yerli xalqların – hindu ailələrinin uşaqları ilə qəddar davranışa yol verən katolik kilsəsinin hərəkətləri üçün üzr istəyib. O, həmçinin kilsə və dini icmaların bir çox üzvlərinin yerli xalqların mədəni məhvinə və məcburi assimilyasiyasına yönələn layihələrdə iştirak etməsi üçün bağışlanmalarını istəyib. Kanadaya etdiyi beş günlük səfər çərçivəsində Pontifik (Papanın dini rütbəsidir – red.) ölkənin yerli sakinləri üçün ilk milli kilsə olan Edmontondakı Müqəddəs Ürək kilsəsində insanların dualarını qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xəbər ötən günün ən çox oxunan xəbəri kimi manşetlərdə yer alıb. Euronews-un məlumatına görə, Roma Papası Fransisk mərasim zamanı söyləyib: “Pisliyin, təhqirin və aldadılmış etimadın ləyaqətə vurduğu ləkəni heç nə silə bilməz. Və biz xristianlar heç vaxt üzərimizə rüsvayçılıq yığıb onu silməklə məşğul olmamalıyıq. İndi hər şeyi yenidən başlamaq lazımdır".

Gəlin faktlara diqqət edək: 1881-1996-cı illərdə Kanadada yerli xalqlardan 150 mindən çox uşaq öz ailələrindən ayrılaraq, əsasən katoliklərin idarə etdikləri internat məktəblərinə göndərilmişdir. Bir çox uşaqlar ana dilində danışdıqları və ənənəvi ritualları tətbiq etdikləri üçün cinsi istismara, döyülmə və digər cəzalara məruz qalmışdır.

Edmonton yaxınlığındakı Kanadanın ən böyük internat məktəbi olan Ermineskinə getməzdən əvvəl Roma Papası bu məktəbin bir çox şagirdinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Ümumilikdə, Kanadanın internat məktəbləri sistemində 4 mindən çox uşaq indiyənədək dünyasını dəyişib.

Gəlin razılaşaq ki, ağdərilər Amerikanı zəbt edtikdən sonra o zamanlar yerli qırmızıdərili xalqlara qarşı necə genosid siyasəti aparırdılarsa, indi də həmin siyasət davam edir. Sadəcə, daha sivil formaya salınıb.

 

Şəkildə: Roma Papası hindu tayfalarından birinin nümayəndəsi ilə görüşərkən.

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.