Super User

Super User

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı sənədli film hazırlayıb.

 

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən bildirilib ki, 1989-cu il iyulun 14-də baş vermiş hadisəyə həsr olunmuş film “Gizli qalsın” adlanır.

Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcərin Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.

Faciəni də həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter törədib. Belə ki, 8 uşaq stadionda vertolyotun ətrafına toplaşaraq bu nəhəng nəqliyyat vasitəsinə baxmağa başlayıblar. Helikopter havaya qalxanda qəzaya uğrayıb, pəri uşaqları tikə-parça eləyib. Həmin faciənin şahidi olan hər bir kənd sakini deyir ki, uşaqları sanki ət maşını doğramışdı.

Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.

Bu faciə sovet dövründə gizli saxlanılıb, hətta hadisə ilə bağlı müxtəlif qurumlara dayanmadan şikayət edən valideynlərdən birinə susması üçün təzyiq göstərilib.

1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulub.

Uşaqların ailələri filmdə 30 il sonra şəhidlərinin qəbrini tapıb ziyarət ediblər. Onlar evlərinə də baş çəkiblər, həmin hadisədən danışıblar, Kəlbəcər xatirələrini bölüşüblər.

Həmçinin abidəni ziyarət ediblər, lakin kadrlardan da görünür ki, erməni cəlladları onu da dağıdıblar.

“Gizli qalsın” dünən axşam, saat  21:30-da AzTV-də yayımlanıb.

Qeyd edək ki, faciə nəticəsində həlak olan uşaqların ən kiçiyinin 6, ən böyüyünün isə 14 yaşı olub: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Razim Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu (6 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında) və Orucov Azər Zakir oğlu (7 yaşında).

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin daha bir sənədli filmi isə 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən igid oğullardan birinə - qazi Sahil Həsənliyə həsr olunub. “Salam, Sahil” adlı sənədli film bir salamı ilə milyonların sevgisini qazanan igidin həyat hekayəsidir.

Sahil Azərbaycanın haqq savaşına könüllü gedib, kəşfiyyat qrupunda döyüşüb. Döyüşlərin birində ağır yaralanıb, qolu amputasiya olunub, elə yaralı halda hospitaldan qaçıb cəbhəyə qayıtmaq istəyib. Lakin həkimlər icazə verməyiblər. 

Qarabağ qazisi Sahil Həsənli deyir ki, müharibə olsa, yenə könüllü döyüşə gedər. 

Sahil Həsənli evlə, maşınla, işlə təmin edilib. 

Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, prodüseri Fatimə Əzimova, operatoru Adil Abbasovdur.

“Salam, Sahil” filmi “Azərbaycantelefilm”in yaradıcı qrupunun bu əfsanəvi qaziyə ünvanladığı salamdır.

Sənədli film dünın saat 19:30-da AzTV-də yayımlandı.

 

İqtisadiyyat elmləri doktoru, professor. Əlibala Məhərrəmzadə yazır

 

İnsanlar çox vaxt istədikləri kimi dolana bilmədiklərindən şikayətlənirlər. Əlbəttə, bunun səbəbləri çoxdur, amma ən başlıcası iqtisadi savadsızlıqdır. Yaxşı yaşayışın mənbəyi kimi hansısa vəzifəni, korrupsiya mənbəyinə çıxışı, “yeyib-dağıtmaq” imkanını görəcəyiksə (təəssüf ki, hələ də belə düşünənlər var), bu, düzgün yol deyil.  

 

Bunun axırı bizə lazım olan yerdə qurtarmayacaq. Doğru yol iqtisadi və maliyyə savadlığının artırılmasından keçir.

Xoşumuza gəlsə də, gəlməsə də, kapitalizm böyük bir bazar, biz isə həmin bazardakı əmtəələrik. Hərəmizin öz qiyməti var və nə etsək də, heç kim bizə həmin qiymətdən artığını verməyəcək. Bu, hakimiyyətlə bağlı məsələ deyil, tələb və təklif qanunudur: əgər bazarda bizə, bilik və bacarıqlarımıza tələb yoxdursa, qazancımız da az olacaq. Hər şeydən əvvəl bunu başa düşməli və özümüzü elə yetişdirməliyik ki, əmək bazarında bizə daim tələbat olsun.

İkincisi, iqtisadi proseslərin iştirakçısı olmaq (məsələn, biznes qurmaq) üçün öz cəmiyyətimizdə bu mexanizmin necə işlədiyini bilmək lazımdır. Demək, müəyyən mənada “əbədi tələbə” olmağa məcburuq.  Bazar necə öyrənilir, biznes-model necə qurulur, kredit necə alınır və necə xərclənir – bütün bunları bilmədən yüksək rifaha qovuşmaq mümkün olmayacaq.

Xarici müəlliflərin yazdığı biznes və motivasiya kitablarını oxuyub, sonra ruh düşkünlüyünə qapılmaq lazım deyil. Öz reallığımızın iqtisadi və maliyyə mexanizmlərini dərk etməliyik.

Üçüncüsü, müşahidələrimə əsasən, Azərbaycanda əhalinin əksəriyyəti kreditlərlə necə davranmağın lazım olduğunu bilmir. Bu, böyük problemdir. Əksəriyyət məhz bu səbəbdən maliyyə çuxuruna düşür. Sevinə-sevinə alır, kəsilə-kəsilə qaytarır, 3-4 ildən sonra banka borcu qurtaranda ilan ağzından çıxmış kimi sevinirlər. Bəs həmin kredit nəyə xərclənir?! Əksər hallarda məişət qayğılarına. Halbuki, krediti alanda əvvəlcə bütün şərtləri aydın təsəvvür etmək, buna dəyib-dəymədiyi haqqında azı on dəfə düşünmək, onun hər qəpiyini necə xərcləmək və necə qaytarmaq haqqında aydın plana malik olmaq lazımdır.

Bizdə insanlar Robert Kiyosaki, Bodo Şafer və s. kimi xarici kouçları dinləyir, kitablarını alırlar, amma heyhat, onların məsləhətləri çox vaxt bizim reallıqda tam işləmir. Bəzi ideyaları isə götürmək olar. Məsələn, qazancınız nə olursa-olsun, 1/10 hissəsini gələcəkdə nəyəsə yatırmaq üçün kənara qoymaq kimi. Xaricdə həmin pulu səhmlərə və s. yatırırlar. Azərbaycan reallığında bunu etmək mümkün də olsa, asan deyil. Yeri gəlmişkən, bu istiqamətdə konsultasiya verən şirkətlərin özü yaxşı biznesə çevrilə bilər.

Ümumiyyətlə, ölkədə iqtisadi və maliyyə maarifçiliyinin aparılmasına, bunu edən saytlara, qurumlara, hətta TV-lərə ciddi ehtiyac var. Biz artıq elə bir mərhələyə çatmışıq ki, insanların getdikcə daha çox qisminin əlində xərclədiyindən artıq vəsait toplanır. Onlar bu pulu etibarlı yatırmağa yer tapmadıqları üçün adətən xaricdə ya daxildə daşınmaz əmlaka qoymaqla, “ölü vəsaitə” çevirirlər. Bizdə “pullar işləməlidir” təfəkkürü hələ də formalaşmayıb. Nəticədə çoxumuz pullarımızı düzgün idarə edə bilmirik.

Azərbaycan xalqı biznes qurmağa həvəsi olan xalqdır. İnsanımız hətta primitiv səviyyədə də olsa, əlinə pul gələndə nəsə etməyə çalışır, məsələn, bir maşın alıb, taksi kimi icarəyə buraxır, yaxud, ev alıb, kirayə verir. Problem ondadır ki, bundan artığını etməyə fantaziya və biliyimiz çatmır. Çatması üçün heç olmasa qonşu ölkələrin biznes həyatını yaxından izləməli, yeniliklərin kursunda olmalıyıq.

Amma ən yaxşısı əlbəttə, dil biliyimizi artıraraq, inkişaf etmiş ölkələrin biznes həyatını izləmək, oradakı trendləri vaxtında tutmaqdır. Normalda bunu bizim yerimizə edən iqtisadi nəşrlər, konsultantlar olmalıdır, fəqət yoxdursa, oturub deyinmək də çıxış yolu deyil. Düzgün seçilmiş layihələrə yatırılsa, kirayə vermək məqsədilə alınan bir evə sərf edilən pul 5-6 ildən sonra rahatca azı iki ev almağa yetəcək qədər gəlir gətirə bilər.

Elə dövrdə yaşayırıq ki, hər insan ilk növbədə özünə öz biznesi kimi baxmalıdır: özünə yatırım qoymalı, özünün bazardakı dəyərini artırmalıdır. Bunu etmədikcə ciddi inkişaf və rifah gözləməyə də dəyməz.

Günün fotosu: Avropada anomal istilər hökm sürür

 

Anomal istilər Avropada meşə yanğınlarına səbəb olub. Fransanın qərbində - Jironda departamentində 9 min hektar meşə ərazisi yanmaqdadır. Minlərlə insan evakuasiya olunub. 

Portuqaliyada meşə yanğınları nəticəsində ölən və yaralananlar var. Eləcə də İspaniyada. Salamankada kurort zonası sıx tüstü əsarətindədir. 

İtaliyada isə Venesiya ərazisi sos siqnalı altındadır.

 

Foto: Euronews

 

“Azərxalça” ASC ilk dəfə olaraq ipək xalçalar toxumağa başlayıb: İpək xalçaların boyanması və hazırlanması prosesi bütövlükdə Azərbaycanda təşkil olunub. 

 

Biz İpək sapları AZƏRİPƏK-dən əldə edirik, onların təbii boyalarla boyanması isə “Azərxalça” ASC-nin müəssisələrində baş verir.

AzərTAC xəbər verir ki, bu sözləri “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva qurumun İsmayıllı filialına təşkil etdiyi mediatur zamanı deyib. 

İpək xalçaların hazırda 5 emalatxanada toxunulduğunu deyən Xatuna Abdullayeva bildirib ki, yaxın zamanlarda bu növ xalçaların digər filiallarda da toxunması təşkil olunacaq. Eyni zamanda yerli və xarici alıcıların istəklərini nəzərə alaraq istehsalatın həcminin artırılması da nəzərdə tutulub.

Qeyd edib ki, Azərbaycan xalçalarını beynəlxalq arenada tanıtmaq məqsədilə satış nöqtələrin sayı artırılır: “Bu yaxınlarda Bruneydə məşhur ticarət mərkəzlərindən birində bir satış nöqtəsi açılıb, Avstraliyada isə onlayn satış fəaliyyətə başlayıb. Azərbaycanda isə İçərişəhərdə “Azərxalça” ASC-nin nümayiş və satış məntəqəsi vardır ki, alıcılar geniş çeşidlə tanış ola bilər.

 

Türkiyənin Baybut şəhərində Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı (Bayburt Uluslar Arası Dede Korkut Kültür ve Sanat Şölenleri) keçiriləcək. 

 

Bu gün start götürəcək festivalda Azərbaycanla bərabər bütün türk dünyasının təmsil olunması nəzərdə tutulub. 

Beş gün davam edəcək festival rəsmi hissə və zəngin mədəni proqramlardan ibarətdir. Ənənəvi olaraq 26-cı dəfə təşkil edilən festivalın məqsədi türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzalayıb.

Bazar ertəsi, 18 İyul 2022 12:00

6 yaşlı rəssam Şuşadaydı

 

6 yaşlı Safiya İsgəndərli də Şuşada keçirilən  Vaqif poeziya günlərinin qonağı idi. 

Cldır düzündə  Dağ çiçəklərinin, güllərinin, igidlərimizin azad etdiyi qayaların rəsmini çəkirdi.

 

Aida Eyvazlı

 

Bu gün - iyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Nakamura Tempeyin konserti keçiriləcək.

 

Konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunur.

Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçaları ilə çıxış edəcək.

Qeyd edək ki, Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib.

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Repertuarı təqdim edirik:

 

16 sentyabr – “Qar kraliçası”, “Durna balığı” (rus dilində)

 

17 sentyabr – “Düyməcik”, “Çippollino” (rus dilində)

 

18 sentyabr – “Ağca və yeddi cırtdan”, “Qoğal” (rus dilində)

 

23 sentyabr - “Maşa və ayı” (İki dəfə - Azərbaycan və rus dillərində)

 

24 sentyabr - “Cırtdan”, “Üç cəsur” (rus dilində)

 

25 sentyabr – “Yeddi nar çubuğu”, “Çippollino” (rus dilində)

 

30 sentyabr – “Pişiyin evi”, “Qoğal” (rus dilində)

 

Elman Eldaroğlu yazır

 

Anadan aktyor olmaq üçün doğulub, son nəfəsinədək də aktyor qalacaq. Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır.

Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu guşəsində izi qalacaq...

Mükəmməl insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcəkdir ki, hətta kövrək vaxtına düşsə sizi bağrına basıb, öpə də bilər. Allahdan aşağı hər hansı bir zirvədə onu görsəniz heç də məətəl qalmayın, o, öz yerindədir...

Tez hirslənir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir. Əl tutmağa tələsir...

Gözəl təşkilatçılıq qabliyyəti var. Ürəkləri fəth edəcək xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar...

Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. 2000-ci ildən Azərbaycanın xalq artistidir. 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, on beş adamdan irəlidədir. Amma nədənsə özündə güc tapıb, bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır...

Bəzən adamda tənbəl insan təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır. Məğrur yerişi var, amma sakit təbiətli, mənən çox sadədir. Zəngin dünyagörüşünə, dərin zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlasa da, özü icra edəndə daha məmnun olur. Açıq danışmağı bacarır, nəsə xoşuna gəldikdə, bəyəndikdə, eyni zamanda nəyisə istəmədikdə və bəyənmədikdə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərifləyəndə, onu utandıra biləcək səviyyədə şişirdə bilir...

Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla ram edə bilir.

Deyir ki, - “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim. Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! "Bunlar nədir, anormaldırlar, səhəri gözləyə bilməzdilər bəyəm?” - deyə düşündüm və yatmağa getdim.

Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi. Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola saldılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsini qəbul edən bir insana çevrilmişdim.

Yadımdadır bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccüblənmişdim! Bu bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki çox asandır!..”

Bəli, hər bir insan Allahın əsəridir, hər kəsin həyat ssenarisi də Allaha məxsusdur. Bilmirəm, kim necə dəyərləndirir, amma mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan bir aktyor kimi tanıyıram. Necə deyərlər, biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun çəkildiyi filmlər Azərbaycanın ömrü qədər əbədi olacaq...

 

Yay tətilində olan Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

 

Böyüklər üçün:

16 sentyabr - “Və qadın gəlirdi...”; 

17 sentyabr – “Evlilik”; 

18 sentyabr – “Maskarad”; 

23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)” 

24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”;

25 sentyabr – “Sürprizlər günü”; 

30 sentyabr - “Qürur və qərəz”.

 

Uşaqlar üçün:

17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”; 

18 sentyabr – “Düyməcik”;

24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;

25 sentyabr – “Nağılı tap–5”.

Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.