Şuşada Vaqif Poeziya Günləri başlayıb

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb. 

 

Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. 

AzərTAC xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisidir. 

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib. 

Qeyd edilib ki, əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı olub. 

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Məsələn, Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə iştirak edən yazıçılar və şairlər Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş kitablar nəşr etdiriblər. 

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışıb, şeirlər səsləndiriblər. Şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Şuşaya həsr olunmuş şerini oxuyub və öz təəssüratlarını bölüşüb. 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.