Super User

Super User

Çərşənbə, 06 İyul 2022 09:25

Ən çox oxunan: Rusiya kinosu çökməkdədir

 

Rusiyanın Ukraynada artıq beşinci aydır davam edən hərbi əməliyyatının ciddi iqtisadi əks-təsirləri ilə yanaşı, ölkənin mədəni həyatında, o cümlədən yaradıcı sənaye və əyləncə sektorunda fəsadları da genişlənməkdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, Qərbin nüfuzlu kino şirkətləri Rusiya ilə əməkdaşlığı kəsiblər. Tətbiq edilən sanksiyalara uyğun olaraq, ABŞ-ın “Kolumbiya pikçers”, “Disney”, “Warner Broses”, “Paramount” kimi kino nəhənglərinin Rusiyaya film prokatını dayandırması bu ölkədə kinozalların fəaliyyətinə mənfi təsir göstərib.

Rusiya Kinoteatrlar Assosiasiyasının məlumatına görə, ötən müddətdə ölkə üzrə kinozalların üçdəbiri fəaliyyətini dayandırıb. Səbəb tamaşaçı sayının azalması və rentabelliliyin olmamasıdır. Sadəcə, yerli filmlərlə zalları doldurmaq artıq mümkün deyil.

Məlumatda bildirilir ki, bu ilin yanvar ayında assosiasiyanın şəbəkəsi üzrə 5,7 min kinozalı fəaliyyət göstərirdisə, may ayında bu rəqəm 3,6 minə düşüb. O cümlədən həftəsonları kino nümayişləri  21 faiz azalıb. Nəticədə kinoteatrların gəliri də bu ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz azalıb.

Təcavüzkar dövlət bunun bədəlini almaqdadır.

Günün fotosu: Bu sədd normal həyata mane olmur? 

 

Polşa və Ukrayna sərhəddində - Belovejye şəhərində miqrantların qarşısının alınması üçün ucaldılan bu nəhəng hasar əslində normal həyatı durdurub.

 

Foto: Euronews

 

Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci teatr mövsümünü iyulun 16–da 2 tamaşanın nümayişi ilə yekunlaşdıracaq. 

Teatrdan bildirilib ki, sənət ocağı mövsümə Abdulla Şaiqin “Danışan gəlincik”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşasının nümayişi ilə yekun vuracaq. 

Qeyd edək ki, bu teatr mövsümü Şuşa teatrı üçün çox uğurlu və unudulmaz bir mövsüm olub.

Belə ki, Şuşa Dövlət Musiqili Dram Teatrı 30 ildən sonra iyun ayının 29–da Şuşa şəhərində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşası ilə çıxış edib.

Hər 2 tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.

Çərşənbə, 06 İyul 2022 11:30

Akademik Musiqili Teatrda premyera olub

 

İyulun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşanın premyerası keçirilib.

 

 Bizim gənclərə bir örnək və ismarış xarakteri daşıyan tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilib.

“Ədəbiyyat və incəsənət” portalı Ümid Nəccarininin tərcüməsində Laura Qaravaglianın “Correnti Ascensionali” (Yuxarı Axışlar) kitabından şeirlərini oxucularına təqdim edir. 

 

Laura Qaravaglia Milanda anadan olub və indi Komoda yaşayır. O, şair, jurnalist, tərcüməçi, “La Casa della Poesia di Como ODV”nin təsisçisi və prezidentidir. 2011-ci ildən Komoda təşkil olunan “Europa in versi” Beynəlxalq Poeziya Festivalının direktorudur. O, bir çox dillərə tərcümə edilib, milli və beynəlxalq mükafatlar qazanıb və altı şeir kitabının müəllifidir. Şeirləri bir çox dillərə tərcümə olunur, antologiyalarda və ədəbi jurnallarda çap olunur. O, IQdB nəşriyyatında beynəlxalq müəlliflərin bir sıra şeirlərinin redaktorudur. O, poeziyanın beynəlxalq səviyyədə təbliği işinə görə bir çox mükafatlara layiq görülüb. Dünyanın müxtəlif ölkələrində keçirilən poeziya festivallarına dəvət alır.

 

 

YAZ

 

İskele dibindən neft qoxusu,

gövdəsindən dəniz qabıqları çıxır.

Yazın rəngarəng köpüyü

Yuxarı axışlar ilə yüksəlir

ürək haraya yönəlir, bilməz.

Gün işığını sərmiş

yastığın solğun qumaşı qalmış

masanın üstündə Azize Lucianın gözləri,

boynunda bir meduzanın

ağrılı qucaqlaması…

 

 

ZAMAN ÜÇÜN ÇƏKDİYİMİZ OX

 

Sona çatacaq, sən yox olacaqsan

əgər yoxluğun bir mənası vardısa.

Zaman da sona çatacaq,

açıqlanmamış formullar kimi.

Səhərin zəif ulduzu

günlərdən taleyini oğurlayır.

 

 

İP

 

Çəkilmiş qara bir ip

dəniz qabıqlarından bir boyunbağı

dalğadan qoparılmış qızlar.

Yarpaq, zamanın metronomudur.

Ölü balıq,

gözü bağlı,

çəkilən qara ip qırılıb...

 

 

YAŞLILARIN TƏLƏSKƏNLİYİ

 

Artıq çox gec olsa da

Həyatı düzənə salmalıyam

Hər şeyi …

növbəyə riayət etməliyəm

İndi bir ənənəvi xəstəxanaya bənzəyir:

Havanın bənzərsiz təmizliyi,

qəribə gəlsə də

səni qoruyur.

 

 

ADSIZ

 

Sonunda,

gahdan bir qədəh şərab içərkən

qəhvə falında kədəri görmək

qalan kim, gedən kim, bilmədən.

Bədənin hər qismindən çox

sözə şəkil verən

yer üzü ilə bəslənən o ağzını sevirəm.

 

 

ANALAR

 

Sənə səslənirəm bir qadın və ana səsiylə

Çünki sən də ana və qadınsan, 

sən də bilirsən bunu

Nədir xəyal qurmadan yaşamağı,

acının qaranlığında getmək...

Bəli, tanıyırsan, mən də tanıyıram.

İçindəki çırpıntını, içimdəki çırpıntını

Bir yaz günü bir oğulu itirmək,

ətrafda həyat davam edərkən,

işıqlı saatlar axarkən,

ölüm yandırar və sən ona toxuna bilməzsən.

O ağ yolda,

əski bir kin necə iki həyatı məhv etdi.

İyirmi yaşında, günəş altında ölmək

rəhmsizcəsinə...

Oğlun uzaqdaydı və geri döndüyü zaman

Çox dəyişmişdi, bunu hiss edirdim.

Amma bilirdin, mən də bilirdim:

Tanrı adına öldürmək

Boşluq içinə qazı qazmaq kimidir.

İndi isə hər şey artıq,

hər şey gerçəklikdən uzaq.

Ən sevdiyimiz otaqlar qaranlıqda

cavabsız suallar ürəyə yaradır

xatirə bizdən qalanı silib yox edir...

Çərşənbə, 06 İyul 2022 13:00

Nazirliyin Buxarest səfərinin təfərrüatları

 

“Sual-cavab” rubrikasında “Ədəbiyyat və incəsənət” portalı sizə Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Buxarest şəhərinə səfəri təfərrüatı barədə məlumat verir. 

 

Cari il iyunun 30-u və iyulun 1-i tarixlərində Buxarest şəhərində Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası tərəfindən Rumıniyanın Mədəni Tədqiqatlar və Təlimlər üzrə Milli İnstitutu ilə birgə Kompendium Assosiasiyasının 5-ci Baş Assambleyası, “Mədəniyyət və mədəniyyət siyasəti böhranlar dövründə” adlı beynəlxalq konfrans və Kompendium Ekspertlərinin İllik Görüşü təşkil olunmuşdur. Göstərilən beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium layihəsinin milli eksperti Yaşar Hüseynli təmsil etmişdir.

Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr və təhlillər müvafiq veb-portalda yerləşdirilir (https://www.culturalpolicies.net/database/search-by-country/). Azərbaycan tərəfİ bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Layihənin təşkilati formatı dəyişdirildikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci ildən etibarən nazir Anar Kərimovun təşəbbüsü ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tam-hüquqlu üzvlüyünə qəbul olunmuşdur.

Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı  informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanan milli məruzələr, müqayisəli təhlillər və statistik hesabatlar hal-hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və peşəkar istinad mənbəyini təşkil edir. Mədəniyyət siyasətçiləri və idarəçilərindən, incəsənət institutları və şəbəkələrindən, tədqiqatçılar və sənədləşmə mütəxəssislərindən, jurnalistlər və tələbələrdən ibarət geniş auditoriyaya hesablanmış Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni proseslər haqqında obyektiv informasiyanı dünyanın yaradıcı və intellektual ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanlar yaradır.

Bu gün Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasının təqdimatı keçiriləcək. 

 

Qeyd edək ki, sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub.

Məlumata görə, belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir səhnə işini balaca teatrsevərlərin ixtiyarına verib. AzərTAC xəbər verir ki, kuklaçılar bu dəfə uşaqların sevimli yazıçısı, məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılına müraciət ediblər.

 

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Musiqili nağıl-tamaşada rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov ifa edirlər. 

Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub.

Yeni və maraqlı üslubda dekorasiya və əlbisələrin olduğu tamaşada pantom və mimikalar ilə oyun texnikalarından da istifadə edilib.

Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.

Xatırladaq ki, çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb.

Andersenin əksər nağılları kimi müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.

Qədim diyarımız Şəkidə 2010-cu ildən etibarən Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il sənətsevərlər on birinci dəfə festivalın şahidi olacaqlar. 

 

Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı sabah - iyul ayının 7-də açılacaq, iyulun 9-da isə festivalın bağlanışı olacaq. Festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə festivalın əhəmiyyətindən və bu illər ərzində festivalda iştirak edən görkəmli musiqiçilərdən və musiqi kollektivləri barədə məlumat verib.

O, festival çərçivəsində konsertlərin yüksək səviyyədə keçiriləcəyini qeyd edib. Bildirib ki, əsas məqsəd bu festivalı pandemiyadan sonra yenidən bərpa etməkdir. Firəngiz Əlizadə Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının zəngin proqramı haqqında ətraflı məlumat verib. O deyib ki, konsertlərdə səslənən əsərlərin əksəriyyəti bizim zəfərimizə həsr olunub. Bu da təbiidir, çünki bu il həm də “Şuşa İli” ilə əlaqədar olaraq ifaçılar da zəfər müjdəli əsərlərə öz repertuarlarında geniş yer verəcəklər. 

“Ədəbiyyat və incəsənət” portalı Festivalın proqramını təqdim edir.

 

İyulun 7-də:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin çıxşı;

 Saat 19.00-da “Dərviş” qrupunun, 

saat 21.00-da isə Marxal Yay Teatrında festivalın təntənəli açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı.

 

İyulun 8-də:

Saat 13.00-da Şəkinin Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının iştirakı ilə konsert, 

saat 20.30-da isə Yuxarı Karvansarada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifalarında “Sevil” operasını.

 

İyulun 9-da:

Saat 12.00-da Marxal Yay Teatrında Şəkinin “Zirvə” folklor ansamblının çıxışı;

Saat 20.30-da festivalın təntənəli bağlanış mərasimində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı.

 

İran İslam Respublikasının “qalampress.ir” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Mirbəhram Əzimbəylinin fars dilinə tərcümə olunmuş “Anama şeir”, “Özüm kimi” şeirlərinin yayımına başlayıb.

 

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin fars dilinə tərcümə müəllifi – fars dili mütəxəssisi Əli Şükrüdür.

Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən portal ədəbi əsərlərlə yanaşı, dünya ədəbi-mədəni prosesi və hadisələri ilə bağlı məlumat və məqalələri işıqlandırır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.