Nazirliyin Buxarest səfərinin təfərrüatları

 

“Sual-cavab” rubrikasında “Ədəbiyyat və incəsənət” portalı sizə Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Buxarest şəhərinə səfəri təfərrüatı barədə məlumat verir. 

 

Cari il iyunun 30-u və iyulun 1-i tarixlərində Buxarest şəhərində Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası tərəfindən Rumıniyanın Mədəni Tədqiqatlar və Təlimlər üzrə Milli İnstitutu ilə birgə Kompendium Assosiasiyasının 5-ci Baş Assambleyası, “Mədəniyyət və mədəniyyət siyasəti böhranlar dövründə” adlı beynəlxalq konfrans və Kompendium Ekspertlərinin İllik Görüşü təşkil olunmuşdur. Göstərilən beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium layihəsinin milli eksperti Yaşar Hüseynli təmsil etmişdir.

Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr və təhlillər müvafiq veb-portalda yerləşdirilir (https://www.culturalpolicies.net/database/search-by-country/). Azərbaycan tərəfİ bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Layihənin təşkilati formatı dəyişdirildikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci ildən etibarən nazir Anar Kərimovun təşəbbüsü ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tam-hüquqlu üzvlüyünə qəbul olunmuşdur.

Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı  informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanan milli məruzələr, müqayisəli təhlillər və statistik hesabatlar hal-hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və peşəkar istinad mənbəyini təşkil edir. Mədəniyyət siyasətçiləri və idarəçilərindən, incəsənət institutları və şəbəkələrindən, tədqiqatçılar və sənədləşmə mütəxəssislərindən, jurnalistlər və tələbələrdən ibarət geniş auditoriyaya hesablanmış Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni proseslər haqqında obyektiv informasiyanı dünyanın yaradıcı və intellektual ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanlar yaradır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.