Bu gün Xalça Muzeyində “Ləmpə” xalçasının təqdimatı keçiriləcək

Bu gün Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasının təqdimatı keçiriləcək. 

 

Qeyd edək ki, sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub.

Məlumata görə, belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.