Super User

Super User

 

Bu gün - iyulun 7-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Artxronika” layihəsi çərçivəsində Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya və gənc rəssam Bütünay Haqverdiyev ilə görüş keçiriləcək. 

 

Görüşün təşəbbüskarı YARAT-dır. Və görüş zamanı hazırda mərhum rəssam Ucal Haqverdiyevin Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunan “Mövcudluqda ünsiyyət” fərdi retrospektiv sərgisinə əsaslanaraq, onun yaradıcılıq yolu, üzvü olduğu “Labirint” rəssamlar qrupunda fəaliyyəti və əsərlərinin ümumi analizini müzakirə olunacaq.

Rus dilində aparılacaq tədbirin moderatoru incəsənət və mədəniyyət üzrə menecer, müstəqil məsləhətçi Olqa Seleznyovadır.

 

Şəkildə: Ucal Haqverdiyev və onun rəsmi.

“Xəzərin sahilində” mahnısı yadınızdadırmı? Sumqayıtın Xəzər sahilində, uçuq xilasedici qülləsində bu rok mahnıya klip çəkilmişdi. Rejissoru Vahid Naxış idi. ANS-də nümayiş olunurdu. Solist Cəsur idi. Bas gitarada Namiq, solo gitarada qrupun yaradıcısı İbrahim Emin ifa edirdi, zərb alətlərində Çingiz…

 

Sumqayıtın 8-ci mikrorayonundan çıxmış bu uşaqlar ölkə rok musiqisinin ilk yaradıcıları sayılırdı. Onlardan əvvəl də kimlərsə rok oxumuşdular, sonra da. Ancaq roku milyonlara məhz onlar sevdirmişdi. 

Nə yaxşı oldu, “Yuxu”nun adı əbədiləşdi. 

İyulun 30-da Səbail rayonu, Şıx çimərliyində “Xəzərin sahilində” adlı ilk rok festivalı təşkil olunacaq. 

Bu festival çərçivəsində bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış edəcəklər. 

Festivalın məhz “Xəzərin sahilində” mahnısı ilə açılması və məhz Xəzər sahilində keçirilməsi, əlbəttə ki, rəmzidir. 

Gəlin Haqq dünyasında olan “Yuxu”nun yaradıcısı İbrahim Eminə Allahdan rəhmət diləyək. İnsanlar yaşayıb gedirlər, amma gördükləri böyük işlər heç vaxt unudulmur. 

Və biz “Ədəbiyyat və incəsənət” portalı olaraq təşəbbüs irəli sürmək istəyirik. Sumqayıtın 8-ci mikrorayonunda “Yuxu” qrupuna bir barelyef qoyulsun. Rok əfsanələri buna layiqdirlər. Sumqayıtlılardan da təklifimizə dəstək durmalarını xahiş edirik.

 

Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək mötəbər festivala dəvət alıb. 

 

Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında BMM-nin solistləri də çıxış edəcəklər.  BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər.

Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Tamaşaçılar ritual tamaşalara, filmlərə və şərq incəsənətinə baxmaq, həmçinin Mərakeş, Misir, Suriya, İran, Türkiyə və dünyanın müxtəlif ölkələrindən qatılan musiqiçilərin ifasında poeziya və sufi musiqisini dinləmək üçün toplaşırlar. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunur. Üç gün ərzində bir araya gələn 180 iştirakçı dövlətin nümayəndələri sessiya ərzində bütün dünyada canlı irsin qorunması və Konvensiyanın gələcəyinə dair mühüm məsələləri müzakirə edəcəklər. Həmçinin sessiyada Qeyri-maddi Mədəni İrs Fondunun resurslarından istifadə Planı və qeyri-hökumət təşkilatlarının akkreditasiyası məsələlərinə də baxılacaq. 

Sessiya çərçivəsində Qeyri-maddi Mədəni irsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12 yeni üzvü seçiləcək.

 

Azərbaycanda ilk dəfə bu gün iyulun 7-də başlayan və avqustun 7-dək davam edəcək  Milli Qurama Festivalı çərçivəsində dekorativ-tətbiqi sənətin bu növü haqqında kitab təqdimatı da keçiriləcək.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Təhsil nazirlikləri , eləcə də Bakı Şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda bir sıra tədbirlər, kitab təqdimatı, elmi-praktik konfrans, autizm sindromlu uşaqlar üçün art-terapiya, sərgi, ustad dərsləri, kulinariya və poeziya gecələri təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ildə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qurama Mərkəzi açılıb. Qurama Azərbaycan bədii incəsənətində xüsusi yerə malik dekorativ-tətbiqi sənət növü olmaqla yanaşı, qədim tarixi köklərə və ənənələrə söykənərək bu gün də öz aktuallığını qoruyur.

Bir sözlə, olduqca maraqlı və rəngarəng bir festival gözləyirik.

 

Gəncə Dövlət Kukla Teatrında Xalq şairi Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında eyniadlı tamaşa hazırlanıb. 

 

Məktəblilərin yay tətili üçün hazırlanmış bu birhissəli uşaq tamaşasının quruluş müəllifi teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı Şamil Məmmədlidir. 

Tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova oynayırlar.

 

İyulun 13-14-də Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsi çərçivəsində Lerik rayonunda filmlər nümayiş olunacaq.

Ekran əsərləri saat 11:00-da rayonun Mədəniyyət Mərkəzində və saat 15:00-da Piran kəndinin Folklor Klubunda göstəriləcək. 

Tamaşaçılara Mirbala Səlimlinin “Qırmızı bağ”, Elvin Adıgözəlovun “Biləsuvar”, İlqar Nəcəfin “Nar bağı”, Namiq Ağayevin “Ol”, Məzahir Həşimovun “Sizə məktub var”, Amil Amalın “Titrəmə”, Kamal Yaşarın “Dan yeli”, Amil Amalın “Dəhlizdə”, Nurlan Həsənlinin “Bir Ata haqqında”, Rövşən Nicatın “Hədiyyə”, Türkan Hüseynovanın “Papanin”, Ərturan Nəcəfin “Səs” qısametrajlı və tammetrajlı filmləri göstəriləcək.

Qeyd edək ki, “Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.

 

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Beynəlxalq "ALAŞ" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının türk xalqları ədəbiyyatının dövrləşməsinə dair məqaləsi qardaş Türkiyənin “TARİH - türk dünyası tarix, mədəniyyət” dərgisində yayımlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə türk xalqları ədəbiyyatının yeni bölgüsü irəli sürülüb. Bu, yazarın "TARİH"də çıxan ikinci irihəcmli məqaləsidir. O, cari ilin fevralında, "Ermənilərin Orta Asiya politikası" adlı araşdırma yazısı ilə çıxış etmişdi.

Ə.Qoşalının şeirləri isə digər qardaş ölkədə - Özbəkistanın nüfuzlu "Cahan ədəbiyyatı" dərgisinin yeni sayında yayımlanıb. Burada yazarın yeddi şeiri oxuculara təqdim olunub. Şeirləri özbəkcəyə özbək şair-tərcüməçisi Rəhmət Babacan uyğunlaşdırıb.

 

İslam Dünyası Komitəsinin (IWHC) ISESCO-nun baş qərargahında keçirilən 10-cu iclasının yekun iclasında təşkilata üzv ölkələrin nümayəndələrinin iştirak edəcəyi “Gənc səfirlər proqramı” təsdiq olunub. 

 

Proqramın birinci mərhələsində İslam ölkələrindən, o cümlədən Azərbaycandan 3 min gənc maddi və qeyri-maddi irs abidələrinin təbliği və qorunması üzrə təlim kurslarına cəlb olunacaq, həmçinin onların arasından 30 səfir seçiləcək. Proqram üç coğrafi regionu əhatə edəcək.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən bildirir ki, iclasda 8 ölkədəki – İraq, Pakistan, Kamerun, Mavritaniya, Küveyt, Mərakeş, İndoneziya və Nigeriyadakı 141 tarixi məkan və mədəni elementi İslam Dünyası İrsi Siyahısına daxil edilib. Azərbaycanın da daxil olduğu coğrafi məkan üzrə yeni maddi və qeyri-maddi irs abidələrinin siyahıya daxil edilməsi məsələsinə gələcək iclasda baxılacaq.

Komitənin 10-cu iclasında qəbul edilmiş qərarlarda, həmçinin “Maddi və Qeyri-Maddi Mədəni İrs Elementlərinin Qorunması üzrə Ən Yaxşı Təcrübələrin Siyahısı” adı altında yeni layihənin hazırlanması, iki sessiya arasında IWHC-nin nailiyyətləri haqqında hesabatın təsdiqi də yer alıb.

Komitə üzvləri artıq birinci hissəsi hazırlanmış “İslam dünyasının irsi” kitabını nəzərdən keçirib və ona lazımi düzəlişlər ediblər. Bu kitabın son variantı çap edilərək üzv dövlətlərə göndəriləcək.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyinə həsr olunmuş sərgi təşkil edilib.

 

Baş İdarədən verilən məlumata görə, sərgidə müəllifin həyat və yaradıcılığından bəhs edən kitablar nümayiş edilib. Gün ərzində kitabxanaya gələn oxucular sərgi ilə tanış edilərək iştirakçılara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, M.F.Axundzadə görkəmli dramaturq, maarifçi, şair, materialist filosof, həmçinin Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisidir. 

Qeyd edək ki, Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa şəhərində anadan olub. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. M.F.Axundzadə 1878-ci ildə Tiflisdə vəfat edib və köhnə müsəlman qəbiristanlığında (indiki Tbilisi botanika bağının ərazisində) dəfn olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.