Qədim diyarımız Şəkidə 2010-cu ildən etibarən Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il sənətsevərlər on birinci dəfə festivalın şahidi olacaqlar.
Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı sabah - iyul ayının 7-də açılacaq, iyulun 9-da isə festivalın bağlanışı olacaq. Festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə festivalın əhəmiyyətindən və bu illər ərzində festivalda iştirak edən görkəmli musiqiçilərdən və musiqi kollektivləri barədə məlumat verib.
O, festival çərçivəsində konsertlərin yüksək səviyyədə keçiriləcəyini qeyd edib. Bildirib ki, əsas məqsəd bu festivalı pandemiyadan sonra yenidən bərpa etməkdir. Firəngiz Əlizadə Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının zəngin proqramı haqqında ətraflı məlumat verib. O deyib ki, konsertlərdə səslənən əsərlərin əksəriyyəti bizim zəfərimizə həsr olunub. Bu da təbiidir, çünki bu il həm də “Şuşa İli” ilə əlaqədar olaraq ifaçılar da zəfər müjdəli əsərlərə öz repertuarlarında geniş yer verəcəklər.
“Ədəbiyyat və incəsənət” portalı Festivalın proqramını təqdim edir.
İyulun 7-də:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin çıxşı;
Saat 19.00-da “Dərviş” qrupunun,
saat 21.00-da isə Marxal Yay Teatrında festivalın təntənəli açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı.
İyulun 8-də:
Saat 13.00-da Şəkinin Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının iştirakı ilə konsert,
saat 20.30-da isə Yuxarı Karvansarada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifalarında “Sevil” operasını.
İyulun 9-da:
Saat 12.00-da Marxal Yay Teatrında Şəkinin “Zirvə” folklor ansamblının çıxışı;
Saat 20.30-da festivalın təntənəli bağlanış mərasimində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı.