Super User

Super User

 

Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla "Dəli kimi" adlı dueti ekranlaşdırıblar. “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, klip ötən gün musiqi platformalarında, eyni zamanda sənətçinin rəsmi "YouTube" kanalında dinləyicilərin ixtiyarına verilib.

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında lentə alınan ekran işinin rejissorluğu Leyla Bağırlıya, çəkilişi isə "Beat Group"a həvalə olunub.

Qeyd edək ki, nəğmənin müəllifi Ceyhun Bayramlıdır (Jay Hun).

Cümə, 09 Sentyabr 2022 16:32

“Cığır” Qubada təqdim olundu

 

Sentyabrın 9-u B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın da müzakirə olunduğu tədbirdə yazıçı, jurnalist Varis Yolçiyev, şair Cəlaləddin Budatoglu, Qubada fəaliyyət göstərən "Gülüstan" elmi-ədəbi məclisinin sədri, yazıçı, publisist Şıxamməd Şeyidməmmədov, Qubalı şairə Sərvinaz Sərvər və Vətən müharibəsi qəhrəmanı, 1985-ci il təvəllüdlü şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev, 1993-cü il təvəllüdlü şəhid Şahin Allahverdiyevin atası Hüseynbala Allahverdiyev, Vətən müharibəsi qəhrəmanı şəhidin anası və qazi Ağasıyev Tariyel qonaq qismində iştirak ediblər.

Tədbirin aparıcısı şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda şəhid və qazi ailələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib. 

Qeyd edək ki, tədbirdə bir neçə KİV nümayəndələri iştirak edib və sonda Yunus Oğuz tədbirlə bağlı təəssüratlarını bölüşüb.

 

 

“Ədəbiyyat və incəsənət” portalı Nemət Tahirin “Qorxulu yuxu” adlanan yeni hekayəsini təqdim edir.

                                                           
Həsən kirayə qaldığı evdən çıxıb həmişəki kimi dərsə tələsirdi. Yola çatanda sol tərəfə baxdı, maşınlar uzaqda olduğundan tez yolu keçməyə çalışdı. Birdən ayağı səkinin qırağına ilişdi və bədbəxtçilikdən yarımboğaz çəkməsinin üstü para-para oldu.

Anidən elə bil, Həsəni maşın vurdu. Yox, bəlkə də maşın vursaydı bu qədər ürək ağrısı, daxili sarsıntı keçirməzdi... Ya maşın vurub biryolluq öldürərdi, ya da yüngülcə zədələnərdi... Axı o, bu yarımboğaz çəkməyə 50 manat verib alanda onu payız və qış aylarında sərasər geyinməyi nəzərdə tutmuşdu, büdcəsini zora salmışdı. İndi nə edəcəkdi?
Ailəsinin maddi vəziyyəti yaxşı deyildi. O, bu il ikinci kursda oxuyurdu. Bu iki il ərzində valideynlərinin onun oxuması, ehityaclarının qarşılanması üçün nələrə qatlaşdıqlarını, nə əziyyətlər çəkdiklərini bir o bilirdi, bir də Allahı.
Şəkər xəstəsi olan anası ev işlərini güclə yola verirdi. Ayağındakı damar  genişlənməsindən əziyyət çəkən atası Həsənin ali təhsil alması ücün kiminsə şəxsi təsərrüfatında işləməsindən tutmuş, tikintidə fəhləliyədək hər şey edir, daş ustalığına qədər əziyyətli işlərdə çalışırdı. Halbuki, həkim ona 3 kilodan artıq ağırlıq qaldırmağa icazə vermirdi. Hazırda havalar soyuduğu üçün atasının əli bu mövsümi işlərdən də çıxmışdı...
Həsənin həm oxuyub, həm işləməsinə isə nə valideynləri razı idi, nə də ki oxumaqla işləməyi bir yerdə alındırmaq mümkün idi... Dərslərə ciddi yanaşmayıb işləsə idi, gərək qazandığı pulu da semestrin sonunda imtahandan keçmək üçün verəydi...
Həsən çarəsiz və ümidsiz halda səkinin üstənə çökdü, bir xeyli key kimi qaldı. Nə edəcəyini bilmirdi. Necə oldu axı, bu cür diqqətsizlik etdi? Həmişə üst-başının səliqəsinə, ayaqqablarına diqqətlə yanaşan o deyildimi?

Cibində olan pul, əlbəttə ki, yeni ayaqqabı almağa kifayət etməyəcəkdi.

Fikirlər burulğanına düşdü. Ailəsinə zəng edib desə, ayaqqabı almaq üçün pulu hardan olsa - öz boğazlarından kəssələr də, kimdənsə borc alsalar da, hətta dilənmək də olsa, tapıb göndərəcəklər. Ancaq Həsən yaxşı bilirdi ki, valideylərinin 300 manat təqaüdünün yarıdan çoxu aylıq tələbatını ödəmək üçün ona göndərilir, qalanı isə özlərinin nəinki əksər  ehtiyaclarına, heç dərmanlarını almağa da kifayət etmir.

-Allahım, bu cür çarəsiz, köməksiz vəziyyətdə nə edəcəm, dərsə necə gedəcəm? Zalımın malı elə cırılıb, təmir də ediləsi deyil ki, təmir etdirim, –deyərək gözləri dolmuş şəkildə daxilən fəryad edirdi.

... Artıq yarım saat olardı ki, başı əllərinin arasında səkidə oturmuşdu.  Ayağı ilişib yıxılanda üst-başı toza qərq olmuşdu. Yanından keçən insanlar ona qəribə-qəribə baxırdı. Kiminə görə o, pulu qurtarmış “narkoman”, kiminə görə əyyaşlıq edən içki düşkünü, kiminə görə tüfeyli həyat sürən cavan, kiminə görə iş axtraran zavallı fəhlə idi... Hər kəsin öz həqiqəti olur. Ancaq heç kəs ayaq saxlayıb Həsənin dərdinə şərik olmaq istəmirdi.

Düşündü ki, böyük şəhərlər belədir, qara dəlik kimi insanların insanlığını, mərhəmət hissini udur. İnsanlar artıq qismən robotlaşıblar. Ancaq öz rayonlarında olsaydı, indi küçədən keçən hər kəs onun başına yığılmışdı...

Əslində, indi yanından ötən insanların nə düşündüyü onu o qədər də maraqlandırmırdı. “Bircə o, məni bu vəziyyətdə görməyəydi” deyə Allaha dua edirdi.

Birinci kursun ilk semestrindən aşiq olduğu mavi gözlü dağlar qızı onu görməsin, çox utanar, xəcalət çəkərdi. Onu bu vəziyyətdə görən qız haqqında nə fikirləşərdi?

Bu cavabsız və lal sevginin bir yaşı tamam olmuşdu. Qız da Həsənə qarşı etinasız deyildi. Mühazirələr zamanı Həsənin ona oğrun-oğrun baxdığını hiss etmişdi. Universitetin dəhlizində və pilləkənlərində hər dəfə üz-üzə gələndə hər ikisi dağ laləsi kimi qıpqırmızı qızarardı. Qız fikirləşirdi ki, əgər məni sevirsə, niyə gəlib ürəyini açmır, mənə sevgisini bəyan etmir? Həsənin isə öz həqiqəti vardı: “Ailəmin maddi vəziyyətinə və mənim kasıb tələbəliyimə sevmək, sevilmək əsla yaraşmır.”

Hərdən özünü lap qınayırdı. “Bu lal sevgi hardan gəldi düşdü könlümə, ilahi? Camaatın balasını bədbəxt etməyə mənim nə haqqım var?”

Hər dəfə özünü bu cür məzəmmət edəndən sonra bir daha qıza baxmayacağına qərar verirdi. Ancaq hər dəfəsində də ürəyi ağlına qalib gəlirdi. Düşdüyü aciz vəziyyətə daxilən gülürdü və Mirzə Şəfi Vazehin misralarını pıçıldayırdı:

Ağlımla qəlbimin özgə yolu var,
Hərəsi bir yolda puç elər məni.
Birisi sevdadan uzaqlaşdırar,
Birisi sevdaya tuş eylər məni.

Ən yaxşısını istəyərsən, ən pisi qismətin olar: Həsən başını qaldırıb sağa baxanda mavi gözlü qızın səki ilə ona tərəf gəldiyini gördü. Bircə bu çatmırdı. Hıçqırıb hönkür-hönkür ağlamaq, dərdini hayqırmaq istədi, səsi çıxmadı, bütün qəhəri boğazında düyünlənmişdi.

Ora-bura vurnuxdu, dükanların arxasında keçmək, gizlənmək istədi, ayağa qalxa bilmədi. Taqəti qalmamışdı. Onu buz kimi tər basdı...

...Qəfildən dik atılıb yuxudan oyandı. Gecənin bir aləmi idi. Dəli kimi gah pəncərəyə  baxdı, gah da digər çarpayıda yatan otaq yoldaşı səmtə boylandı. Özünü çimdiklədi, üzünə şillə vurdu. Hövlnak özünü dəhlizə atdı. Uzunboğaz çəkmə ayaqqabı rəfinin üzərindəydi.

Nəfəsi çıxmırdı, tez eyvana çıxdı. Şəhərin bu vədələrdə maşınların tüstüsündən azacıq xilas olmuş havasını ciyərlərinə çəkdi...

Bir az keçdi. Arxaya çönüb divardakı saata baxdı. Saat 03:44 dəqiqəni göstərirdi. İndi yuxuda keçirdiyi həyəcandan, qorxudan, bir də ki, bütün gördüklərinin yuxu olmasının sevincindən gülümsədi, ixtiyarsız olaraq yanaqlarından göz yaşı süzüldü...

Özünə gələndən sonra üşüdüyünü hiss etdi, əynindəki gecəköynəyi su idi, otağa keçdi, onu dəyişdi. İstədi yatağına uzansın. Sövq-təbii dəhlizə adladı. Yarımboğaz çəkməsi ayaqqabı rəfinin üzərindən ona tərəf baxmaqdaydı. Əski götürdü, çəkməni sildi, sonra maz götürüb qəşəngcə parıldatdı.

Yataq otağına qayıtdı. Yerinə uzanmaq istəyəndə hansısa hiss onu yenidən dəhlizə çəkib apardı. Çəkməni götürdü, gətirib çarpayısının baş tərəfindən yerə qoydu.

Sonra yatağına girib yuxulamağa çalışdı.

Səhərə az qalmışdı. 

 

Elman Eldaroğlu yazır

 

Uzun illərdir ki, aktyor kimi çalışır. Həm teatr və həm də kinoda müxtəlif obrazlar yaradıb. Təhminə və Zaur filmində oynadığı “Spartak” rolu ilə tamaşaçıların sevgisini qazanıb, məşhurlaşıb. Özünü şanslı sayır- bir sıra uğurlu filmlərdə rol alıb, zəif filmlərə çəkilməyib. Qəribə xüsusiyyətləri çoxdur, hər əsərdə rol almağa cəhd etmir və hər kəslə tərəf müqabili olmaq, hər rejissorun filmində çəkilmək istəmir. Bu xüsusiyyətinə görə çoxları onu kaprizli adam hesab edir, amma özü bunu tələbkarlıq kimi dəyərləndirir...

 

Haqqında söhbət açdığım Füzuli Hüseynov 1962-ci ildə Balakən rayonunda dünyaya gəlib. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib.  Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. O vaxtdan bu günədək həmin teatrda çalışır. Həm teatrda və həm də filmlərdə müxtəlif obrazlar yaradıb. Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb, bir neçə ildir ki, Prezident təqaüdü alır...

Deyir ki,- “Nədənsə dəqiq elmlərə heç vaxt həvəsim olmayıb. Etiraf edirəm ki, məhz bu səbəbdən sənədlərimi incəsənət institutuna verdim. Yəni bu sənətə tam təsadüfi gəlmişəm. Heç ailəmizdə də, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci kimsə yoxdur...”

Xeyli vaxtdır ki, “sehirli qutuda” görünmür. Səbəbini özünəməxsus təmkinlə belə izah edir:- “Mən şou adamı deyiləm və o verilişlərə çıxmıram. Bir də çox heyiflər olsun ki, addım-addım irəliyə getmək əvəzinə, qaçaraq geri getdiyimiz seriallar ortaya çıxır. Təbii, içində normal olanı da var. Hər halda bunları ayırmaq lazımdır, artıq ələkdən keçirmək dövrdür. Bu işi professionala vermək lazımdır, çünki professional adamlar bir az sakit olurlar, özlərinə qapanırlar. Hər halda, onlardan xahiş etmək lazımdır ki, gəlib bu işi öhdələrinə götürsünlər. Ümumiyyətlə, bu kino, serial, teatr sahəsini çox normal yollarla yoluna qoymaq olar. O gün İctimai Televiziyada kino ilə bağlı problemlərdən danışırdılar. Hamının dediyindən belə çıxır ki, maddi tərəfin günahıdır. Bu, doğrudur, çünki maddi tərəfimiz kəsrdədir, ona görə də alınmır. Hələ Lenin demişdi ki, incəsənətin içində ən bahalısı, qiymətlisi kinodur. Bu, bahalı peşədir, amma kinonun görə biləcəyi işi heç bir siyasətçi görə bilməz. Bu baxımdan mən bir neçə dəfə təklif etdim ki, bəzi Avropa ölkələrində olduğu kimi, dövləti bu yükdən azad etmək üçün bir fond yaradılsın, adını nə istəyirsiniz qoyun. Hər satılan spirtli içki şüşəsindən 50 qəpik və hər çəkilən bir qutu siqaretdən 5 qəpik bu fond üçün ayrılsın. Bunu da biz dostlarla hesabladıq, ayda hardasa 6-7 milyon pul edir. Bu məbləğ filmlərin çəkilişinə, gənclərin oxumasına xərclənsin. Sonra professionallardan ibarət bir komissiya düzəldilsin, ssenarilər gəlsin, oxusunlar, fikirlərini bildirsinlər, yəni onlara maaş verərək bunları etmək olar. Təbii ki, bunu etməyəcəklər. Təsəvvür edin, ayda 5-6 milyon pul yığılacaqsa, bununla nələr etmək olmaz. Səhv etmirəmsə, Avstriyada 17 teatr var, onların illik büdcəsi 15 milyon avrodur. Bizdə isə 27-28 teatr var. Əvvəllər ümumi mədəniyyət sahəsinə ayrılan məbləğ 6 milyona yaxın idi. Bununla dövlət yalnız işçilərin maaşını verə bilər, amma qalan şeylərin hamısını bu fond edə bilərdi, vergidən də azad olmaq şərtilə. Ən azı 1-2 ilə bu sahəni çox yüksək səviyyəyə qaldırmaq olar, çünki bacarıqlı gənclərimiz var. Onların hərəsinə 50 min pul verəcəksən ki, gedin 15-20 dəqiqəlik film çəkib gətirin. Şükür Allaha ki, ustad sənətkarlarımızın bir çoxu hələ də yaşayır. Onları bir yerə toplayıb bir komissiya yaradılsın və həmin komissiya kimin filminin daha maraqlı, səviyyəli olduğunu təyin etdikdən sonra həmin qalibin inkişafı üçün nə lazımdırsa edilsin. Deyək ki, Hollivuda, Bollivuda, “MosFilm”ə gedib 6 aylıq kurs keçməlidir, onu maliyyələşdirmək olar ki, gedib öyrənib gəlsin...”

Nə qədər haqlı olduğunu deyə bilmərəm, amma doğrudan da Azərbaycan teatr və kino sənətini dirçəltmək, köhnə şöhrətini özünə qaytarmaq vacibdir...

Deyir ki,- “Götürək bizim serialları. Adam nə qədər eyni mövzuya baxar? Filan oliqarxın evində tərbiyəsizlik, bu onu vurdu, o bunu öldürdü - real heç nə yoxdur. Yazıçılarımız, başbilənlərimiz deyirlər ki, bizim qədər tarixi, mədəniyyəti olan ikinci bir dövlət yoxdur. Şərait yaradılmalıdır ki, ssenaristlər bu haqda yazsınlar. Hazırda kimin ağlına nə gəldi, qələmə alır. Anormal, köpük operalarıdır. Deyirlər ki, pulumuz azdır. Qardaşım, pul yoxdur, çəkmə də! Səni kim məcbur edir? Düzdür, bəzi filmlərimiz festivallarda iştirak edir. Digər tərəfdən, sizə bildirim ki, hər gün haradasa festival keçirilir. Kiməsə diplom verilir. Diplom almaqla kinonun, teatrın siması dəyişirmi? Əlbəttə yox. Artıq neçə ildir ki, "MAP" teatr festivalı keçirilir. Bu çox gözəldir. Maraqlı tamaşalar olur. Bakının teatral şəhər adını qazanması hamımıza xeyir gətirməzmi? Gəlin, bunun üçün çalışaq...

Mənim anlamıma görə, teatr sərbəst və azad olmalıdır. Təəssüf ki, bu cür yanaşma bizdən hələ çox uzaqdır. Peşəkar rejissor və dramaturqların yoxluğundan həmişə şikayət edirlər. Amma mən hesab etmirəm ki, ölkədə yaxşı dramaturq yoxdur. Ola bilər ki, azdır, fəqət bu “yoxdur” demək deyil. Məncə, rejissorlara münasibət dəyişilməlidir. Onlara şərait yaradılmalıdır. İmkan verilməlidir ki, sifarişlə yox, istədikləri əsəri səhnələşdirsinlər. Ümid edirəm ki, 80-ci illərdə gördüyüm teatrın imici nə vaxtsa geri qayıdacaq. Ümumiləşdirib onu da deyim ki, bəli Azərbaycan teatr, kino sənəti bu gün öz tənəzzül dövrünü yaşayır...”

Tələbkar olduğundan hər adam onunla dostluq edə bilmir. Əslində o, sadiq dostlara qarşı çox diqqətlidir, nəvazişini onlardan heç zaman əsirgəmir. Maraqlı həyat tərzi, eləcə də öz şəxsi prinsipləri var. Boş vaxtlarında balıq tutmağı xoşlayır, necə deyərlər, bu hobbidən yaranan ehtiyacını təmin etmək üçün, hətta xüsusi olaraq Rusiyanın Astraxan vilayətinə də gedir. Bir sözlə, əməkdar artist Füzuli Hüseynov məzmunlu adamlardandır, mənalı ömür sürür. Müdriklər kimi, dünənə ötüb keçən, əlçatmaz həqiqət, sabaha isə qismət olacaq güman, ümid kimi baxmağı bacarır və ən başlıcası bu gününü zövqlə yaşayır... 

Bu gün - sentyabrın 9-u Füzuli  Hüseynovun 60 yaşı tamam olur. Bu münasibətlə Onu təbrik edir, möhkəm cansağlığı arzulayırıq.

Yubileyiniz mübarək!

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış aktyor və aparıcı Azər Axşamın moderator.az saytına müsahibəsini Daycest bölümündə təqdim edir.

 

-Azər bəy, yeni televiziya mövsümünə necə hazırlaşırsınız?

 

- Mən artıq heç nə gözləmirəm. Əvvəllər nəsə gözləyirdim, indi isə nə veriliş varsa onu da aparmaq məcburiyyətində qalırsan. Çünki söylədiyin fikirlər, ideyalar onsuz da həyata keçmir. Nə verəcəklər, onu da yeyəcəyik məsələsi. Yenilik ancaq yeniliyin olmamasıdır.

 

- Bu kimi hallar sizi televiziyadan küsdürmür?

 

- Küsdürsə də, küsdürməsə də görəcəyim başqa bir iş yoxdur. Televiziyadan küsdüm, nə işləyəcəksən, harada işləyəcəksən?! Başqa seçim varmı?! Bu yaşıma çatmışam indiyə qədər heç bir telekanaldan mənə təkliflər gəlməyib. Kimsə deməyib ki, sizinlə bir layihə etmək istəyirik.

 

- Bütün bunlar nə ilə əlaqədardır?

 

- Mən düşünürəm ki, televiziyaların peşəkar, işini bilən insanlarla işləmək istəyi yoxdur. Vallah bu sualın cavabını o qədər də dəqiq bilmirəm. Mən o qədər də bacarıqsız, istedadsız biri deyiləm. Mənə elə gəlir ki, bu gün Azərbaycanda televiziya sahəsində də yaxşı verilişlər, veriliş saatları, imkanlar yalnız tanışa, ya da tanışın, bilişin tanışına, bilişinə görə tətbiq olunur.

 

- Tanınmış aparıcı Yusif Ağayev bir müddət öncə müsahibəsində bildirmişdi ki, "televiziyalar peşəkar aparıcıların yox, həmin aparıcıların sponsorlarının üzünə açıqdır". Siz də belə düşünürsünüz?

 

- Təbii ki. Mən sizə deyim ki, insan var ki, gəlib deyir ki, "mənim 4 dənə sponsorum var, veriliş edirəm". Azər Axşamın sponsoru yoxdur, o yaşım deyil ki, özümə sponsor tapım. Bu illər ərzində ona görə çalışdım ki, 50 yaşımda qapı-qapı gəzib, sponsor axtarım?! Kimin qapısını döyüm ki, mənə sponsorluq et?! Azər Axşamın həm yaşı, həm televiziya təcrübəsi ona cavabdır ki, sponsor axtarıb tapıb, onu dəvət edib, potensialından istifadə etmək lazımdır. Bu yoxdur. Mən bilmirəm kimin toyuğuna daş atmışam, kimin pişiyinə brız demişəm?! Hətta televiziya məkanlarında elə layihələr işlənilir ki, fikirləşirsən ki, bu layihəni mən böyük məmnuniyyətlə apara bilərəm. Amma təklif yoxdur. Hətta onlar da bilirlər ki, həmin verilişi Azər Axşamdan yaxşı aparan olmayacaq. Bunu bilə-bilə təklif etmirlər. Hər yerdə tamaşaçılardan böyük sevgi görürəm. Harada at var arpa vermirlər, harada arpa var at yoxdur. Bu duruma gəlib düşmüşük. Elə verilişlər götürüb işləyirlər ki, reytinq verir. Nə olsun ki, reytinq verir? Səviyyə yoxdur! Reytinq verməyinə səbəb dedi-qodudur da. O verilişlərin heç biri insanlara nə mənəvi, nə savad baxımından heç bir şey vermir, öyrətmir. Belə başa düşürəm ki, efirlərə maarifləndirici, düşündürücü verilişlər lazım deyil. Azər Axşam artıq bir televiziya aparıcısı kimi, şoumen kimi tələbatlı deyil?! Vallah 1 ay öz üzərimdə çalışsam efirə çıxıb xəbərləri də apararam. Əvvəl televiziya qərar verəndə ki, bir layihə edək, o dəqiqə göz önünə Azər Axşam kimi aparıcılar gəlirdi. Amma indi yox! Aparıcılığı elə insanlara verirlər ki, efirdə "gəlmərsən" deyir. Onların sponsorları, pul buraxanları var, Azər Axşamın sponsoru, pul buraxanı yoxdur. Azər intelektual, əyləncəli verilişlər aparıcısıdır, şoumendir. Deyəndə də deyirlər ki, "siz özünüz nə fikirləşirsiniz?". Mən çox şey fikirləşə bilərəm, axı sən sonda məndən sponsor istəyirsən.  

 

- "Qız atası" serialına çəkilirsiniz?

 

- "Qız atası" yeni mövsümdə də davam edəcək. Gördüyümüz işlər içərisində ən uzun ömürlüsü, ən etibarlısı hələ ki, "Qız atası"-dır. Tamaşaçılar da izləyir, hara gediriksə soruşurlar, maraqlanırlar. 

 

- Bir müddət əvvəl uzun illər öncə çalışdığınız Azərbaycan Dövlət Pantomima teatrında yenidən çalışmaq istəyinizi də bildirmişdiniz. O necə oldu?

 

- Mən belə görürəm ki, heç teatra da lazım deyiləm. Bu təkcə televiziyaların problemi deyil, bu ümumiyyətlə Azərbaycan incəsənətində və mədəniyyətində baş vermiş boşluq və xaosdur...

 

Bilik Günü ərəfəsində – sentyabrın 9-dan 11-dək paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına parkda “Bilik” kitab sərgisinin keçiriləcəyi ilə bağlı sizə məlumat vermişdik. 

 

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgi bu yaxınlarda yol qəzası nəticəsində həyatını itirən “Bakumoz” kitab evinin sahibi, ANAİB-in kitabçı yoldaşı Nurəddin Məmmədlinin xatirəsinə ithaf edilir.

Sərgidə məktəbli ləvazimatı, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.

Sərgidə iştirak edəcək 24 nəşriyyat və mağaza öz məhsullarına 80 faizədək endirimlər nəzərdə tutub.

Sərgi çərçivəsində həmçinin yazıçıların imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, ustad dərsləri və s. tədbirlə təşkil olunacaq.

 

Sentyabrın 26-da XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Enerji Club”da “Bendik Hofset” qrupu çıxış edəcək.

 

Bu İsveç qrupunun yaradıcısı Bendik Hofset (saksofon-vokal) pandemiya zamanı “Forest” layihəsi çərçivəsində 4 albom üzərində işləyib. Onlardan “Roots”, “Trunks” və “Branches” albomları rəqəmsal formatda artıq işıq üzü görüb. İfaçının “Pollen and Leaves” albomu isə bu ilin oktyabr ayında musiqisevərlərə təqdim olunacaq.

Qrupun üzvləri uzun illərdir birlikdə çalışır. Eyvind Aarset (gitara) 1985-ci ildən qrupda aparıcı ifaçı kimi çıxış edir. Helge İberq, həmçinin 1995-ci ildə böyük səs-küyə səbəb olan “Plantes, Rivers and IKEA” kompozisiyasına böyük töhfələr verən qrupun digər istedadlı ifaçısıdır. Bas ifaçı Mats Eilertsen 2005-ci ildə qrupa "Itaka" mahnısı ilə daxil olub. O, qrupda dünyasını dəyişən zərb ifaçısı Per Oddvar Yoxanseni əvəz edir.

 

Oktyabr-dekabr aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi keçiriləcək.

 

Baş İdarədən bildirilib ki, rəqs müsabiqəsinin keçirilməsində əsas məqsəd rəqs sənətini inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələrini qoruyub saxlamaq, bu sənətin təbliğini genişləndirmək, həmçinin rəqs sənəti üzrə istedadları aşkar etmək və onlara bu sahədə geniş imkanlar yaratmaqdır.

Müsabiqə iki turdan ibarət olacaq və ilkin olaraq 2022-ci ilin oktyabr-dekabr aylarında Bakı şəhərinin 12 rayonu üzrə keçiriləcək. Gələcəkdə isə bütün ölkə ərazisini əhatə edəcək. Müsabiqədə iştirakçıların yaş həddi 3 qrup üzrə (6-10, 11-15 və 16-18) müəyyənləşdirilib.

Qaliblərin seçimini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirəcək. Müsabiqənin seçim turları Baş İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində olmaqla, ilk seçim turu oktyabrın 1-də H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti dekabrında Bakı şəhərində təşkil olunacaq.

Qeyd edək ki, iştirakçılar qeydiyyat və müsabiqə barədə ətraflı məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına və ya (012) 492-91-59 telefon nömrəsinə müraciət edə bilərlər.

 

Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasında "Üzeyir ənənəsinin sönməyən ulduzları" adlı konsert proqramı təşkil olunacaq.

Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsert proqramında "Avanqard" Kamera Orkestrinin təqdimatında kinematoqrafiya tariximizə qızıl hərflərlə yazılmış, milli kinofilmlərimizdə istifadə olunmuş musiqi parçaları səsləndiriləcək. Retro və nostalji hisslərlə dolu musiqi parçaları paytaxt sakinləri və şəhərimizin qonaqlarında xoş əhval-ruhiyə yaradacaq. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

 

Bakı Dövlət Sirkində “Fil və dostları” adlı beynəlxalq sirk proqramı təqdim olunacaq.

Bu proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

Budəfəki proqramda fillər sözün əsl mənasında mümkün olmayanı gerçəkləşdirəcək, balaca “dostları” ilə möhtəşəm bir şou yaradacaq. 

Bundan başqa, sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirəcək.

“Fil və dostları” adlı beynəlxalq sirk proqramı oktyabrın 14-dən başlayaraq noyabrın 27-dək davam edəcək. Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə nümayiş olunacaq.

Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.