“Ədəbiyyat və incəsənət” portalı Nemət Tahirin “Qorxulu yuxu” adlanan yeni hekayəsini təqdim edir.
Həsən kirayə qaldığı evdən çıxıb həmişəki kimi dərsə tələsirdi. Yola çatanda sol tərəfə baxdı, maşınlar uzaqda olduğundan tez yolu keçməyə çalışdı. Birdən ayağı səkinin qırağına ilişdi və bədbəxtçilikdən yarımboğaz çəkməsinin üstü para-para oldu.
Anidən elə bil, Həsəni maşın vurdu. Yox, bəlkə də maşın vursaydı bu qədər ürək ağrısı, daxili sarsıntı keçirməzdi... Ya maşın vurub biryolluq öldürərdi, ya da yüngülcə zədələnərdi... Axı o, bu yarımboğaz çəkməyə 50 manat verib alanda onu payız və qış aylarında sərasər geyinməyi nəzərdə tutmuşdu, büdcəsini zora salmışdı. İndi nə edəcəkdi?
Ailəsinin maddi vəziyyəti yaxşı deyildi. O, bu il ikinci kursda oxuyurdu. Bu iki il ərzində valideynlərinin onun oxuması, ehityaclarının qarşılanması üçün nələrə qatlaşdıqlarını, nə əziyyətlər çəkdiklərini bir o bilirdi, bir də Allahı.
Şəkər xəstəsi olan anası ev işlərini güclə yola verirdi. Ayağındakı damar genişlənməsindən əziyyət çəkən atası Həsənin ali təhsil alması ücün kiminsə şəxsi təsərrüfatında işləməsindən tutmuş, tikintidə fəhləliyədək hər şey edir, daş ustalığına qədər əziyyətli işlərdə çalışırdı. Halbuki, həkim ona 3 kilodan artıq ağırlıq qaldırmağa icazə vermirdi. Hazırda havalar soyuduğu üçün atasının əli bu mövsümi işlərdən də çıxmışdı...
Həsənin həm oxuyub, həm işləməsinə isə nə valideynləri razı idi, nə də ki oxumaqla işləməyi bir yerdə alındırmaq mümkün idi... Dərslərə ciddi yanaşmayıb işləsə idi, gərək qazandığı pulu da semestrin sonunda imtahandan keçmək üçün verəydi...
Həsən çarəsiz və ümidsiz halda səkinin üstənə çökdü, bir xeyli key kimi qaldı. Nə edəcəyini bilmirdi. Necə oldu axı, bu cür diqqətsizlik etdi? Həmişə üst-başının səliqəsinə, ayaqqablarına diqqətlə yanaşan o deyildimi?
Cibində olan pul, əlbəttə ki, yeni ayaqqabı almağa kifayət etməyəcəkdi.
Fikirlər burulğanına düşdü. Ailəsinə zəng edib desə, ayaqqabı almaq üçün pulu hardan olsa - öz boğazlarından kəssələr də, kimdənsə borc alsalar da, hətta dilənmək də olsa, tapıb göndərəcəklər. Ancaq Həsən yaxşı bilirdi ki, valideylərinin 300 manat təqaüdünün yarıdan çoxu aylıq tələbatını ödəmək üçün ona göndərilir, qalanı isə özlərinin nəinki əksər ehtiyaclarına, heç dərmanlarını almağa da kifayət etmir.
-Allahım, bu cür çarəsiz, köməksiz vəziyyətdə nə edəcəm, dərsə necə gedəcəm? Zalımın malı elə cırılıb, təmir də ediləsi deyil ki, təmir etdirim, –deyərək gözləri dolmuş şəkildə daxilən fəryad edirdi.
... Artıq yarım saat olardı ki, başı əllərinin arasında səkidə oturmuşdu. Ayağı ilişib yıxılanda üst-başı toza qərq olmuşdu. Yanından keçən insanlar ona qəribə-qəribə baxırdı. Kiminə görə o, pulu qurtarmış “narkoman”, kiminə görə əyyaşlıq edən içki düşkünü, kiminə görə tüfeyli həyat sürən cavan, kiminə görə iş axtraran zavallı fəhlə idi... Hər kəsin öz həqiqəti olur. Ancaq heç kəs ayaq saxlayıb Həsənin dərdinə şərik olmaq istəmirdi.
Düşündü ki, böyük şəhərlər belədir, qara dəlik kimi insanların insanlığını, mərhəmət hissini udur. İnsanlar artıq qismən robotlaşıblar. Ancaq öz rayonlarında olsaydı, indi küçədən keçən hər kəs onun başına yığılmışdı...
Əslində, indi yanından ötən insanların nə düşündüyü onu o qədər də maraqlandırmırdı. “Bircə o, məni bu vəziyyətdə görməyəydi” deyə Allaha dua edirdi.
Birinci kursun ilk semestrindən aşiq olduğu mavi gözlü dağlar qızı onu görməsin, çox utanar, xəcalət çəkərdi. Onu bu vəziyyətdə görən qız haqqında nə fikirləşərdi?
Bu cavabsız və lal sevginin bir yaşı tamam olmuşdu. Qız da Həsənə qarşı etinasız deyildi. Mühazirələr zamanı Həsənin ona oğrun-oğrun baxdığını hiss etmişdi. Universitetin dəhlizində və pilləkənlərində hər dəfə üz-üzə gələndə hər ikisi dağ laləsi kimi qıpqırmızı qızarardı. Qız fikirləşirdi ki, əgər məni sevirsə, niyə gəlib ürəyini açmır, mənə sevgisini bəyan etmir? Həsənin isə öz həqiqəti vardı: “Ailəmin maddi vəziyyətinə və mənim kasıb tələbəliyimə sevmək, sevilmək əsla yaraşmır.”
Hərdən özünü lap qınayırdı. “Bu lal sevgi hardan gəldi düşdü könlümə, ilahi? Camaatın balasını bədbəxt etməyə mənim nə haqqım var?”
Hər dəfə özünü bu cür məzəmmət edəndən sonra bir daha qıza baxmayacağına qərar verirdi. Ancaq hər dəfəsində də ürəyi ağlına qalib gəlirdi. Düşdüyü aciz vəziyyətə daxilən gülürdü və Mirzə Şəfi Vazehin misralarını pıçıldayırdı:
Ağlımla qəlbimin özgə yolu var,
Hərəsi bir yolda puç elər məni.
Birisi sevdadan uzaqlaşdırar,
Birisi sevdaya tuş eylər məni.
Ən yaxşısını istəyərsən, ən pisi qismətin olar: Həsən başını qaldırıb sağa baxanda mavi gözlü qızın səki ilə ona tərəf gəldiyini gördü. Bircə bu çatmırdı. Hıçqırıb hönkür-hönkür ağlamaq, dərdini hayqırmaq istədi, səsi çıxmadı, bütün qəhəri boğazında düyünlənmişdi.
Ora-bura vurnuxdu, dükanların arxasında keçmək, gizlənmək istədi, ayağa qalxa bilmədi. Taqəti qalmamışdı. Onu buz kimi tər basdı...
...Qəfildən dik atılıb yuxudan oyandı. Gecənin bir aləmi idi. Dəli kimi gah pəncərəyə baxdı, gah da digər çarpayıda yatan otaq yoldaşı səmtə boylandı. Özünü çimdiklədi, üzünə şillə vurdu. Hövlnak özünü dəhlizə atdı. Uzunboğaz çəkmə ayaqqabı rəfinin üzərindəydi.
Nəfəsi çıxmırdı, tez eyvana çıxdı. Şəhərin bu vədələrdə maşınların tüstüsündən azacıq xilas olmuş havasını ciyərlərinə çəkdi...
Bir az keçdi. Arxaya çönüb divardakı saata baxdı. Saat 03:44 dəqiqəni göstərirdi. İndi yuxuda keçirdiyi həyəcandan, qorxudan, bir də ki, bütün gördüklərinin yuxu olmasının sevincindən gülümsədi, ixtiyarsız olaraq yanaqlarından göz yaşı süzüldü...
Özünə gələndən sonra üşüdüyünü hiss etdi, əynindəki gecəköynəyi su idi, otağa keçdi, onu dəyişdi. İstədi yatağına uzansın. Sövq-təbii dəhlizə adladı. Yarımboğaz çəkməsi ayaqqabı rəfinin üzərindən ona tərəf baxmaqdaydı. Əski götürdü, çəkməni sildi, sonra maz götürüb qəşəngcə parıldatdı.
Yataq otağına qayıtdı. Yerinə uzanmaq istəyəndə hansısa hiss onu yenidən dəhlizə çəkib apardı. Çəkməni götürdü, gətirib çarpayısının baş tərəfindən yerə qoydu.
Sonra yatağına girib yuxulamağa çalışdı.
Səhərə az qalmışdı.