Super User
Prezident İlham Əliyev görkəmli tarzən Sadıqcanın Şuşadakı evinin layihələndirilməsi və bərpası ilə bağlı Sərəncam imzalayıb
Sentyabrın 7-də Prezident İlham Əliyev Şuşa şəhərində görkəmli tarzən, bəstəkar Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda qeyd edilir: “Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılsın.
Səfir Cuniçi Vada: Ölkələrimiz arasındakı bu gözəl əlaqələr daha da genişlənəcək
Otuz il bundan əvvəl sentyabrın 7-də Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Biz bu gün bu mötəbər günün 30-cu ildönümünü qeyd edirik. Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirilir.
AzərTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada deyib.
“Bu ötən illəri yad etsək, qeyd edə bilərəm ki, 30 il ərzində bir sıra sahələrdə bizim çoxlu uğurlu əməkdaşlığımız olub. Bu məni çox sevindirir. Bütün bunlar qısa zamanda hər iki ölkənin birlikdə gördüyü əməkdaşlığının nəticəsidir. Ümid edirəm ki, bizim bu gözəl əlaqələrimiz daha da genişlənəcək”, - deyə səfir qeyd edib.
Akademik Musiqili Teatr 113-cü mövsümü Şuşada açacaq
Sentyabrın 18-dən 24-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Hər il təşkil olunan ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da uğurla iştirak edir. Bu dəfə isə teatrın tarixində ilk olaraq mövsümün açılışı Şuşa şəhərində olacaq. Dahi Üzeyir Hacıbəylinin əsərləri bu dəfə “Şuşadan dünyaya yayılan musiqi” layihəsində gerçəkləşəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar Musiqili Teatr ötən mövsümdə də silsilə layihələr həyata keçirib.
Şuşada açıq səma altında dahi bəstəkarın “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyalarından parçaları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Naidə Orucova, Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Fərid Əliyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Aydan Həsənova, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları təqdim edəcəklər.
Qeyd edək ki, Musiqili Teatr beynəlxalq festival çərçivəsində sentyabrın 22-də Gəncədə "O olmasın, bu olsun” tamaşasını nümayiş etdirəcək.
Teatrın stasionarda çıxışları isə sentyabrın 24-dən başlayacaq.
“Buker” mükafatının qısa siyahısı açıqlanıb
2022-ci ilin nüfuzlu “Buker” mükafatının qısa siyahısı məlum olub. “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, bu il bir çox yeniliklərə imza atacaq “Buker” mükafatının finalına çıxan 6 kitabın adı açıqlanıb.
Qısa siyahıya NoViolet Bulavayonun “Şöhrət”, Claire Keeganin “Bu kimi kiçik şeylər”, Percival Everettinin “Ağaclar”, Şehan Karunatilakanın “Yeddi Ayı”, Elizabet Stroutun “Ey Uiliam!” və Alan Qarnerin “Treacle Walker” kitabları yer alıb.
Xatırladaq ki, iyulda mükafatın uzun siyahısında 13 kitabın adı açıqlanmışdı.
Mükafata ən real namizəd bəs kimdir? Ədəbi kuluarlarda Elizabet Stroutun adı daha çox hallanır.
Şəkildə: Elizabet Strout
İranla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixinin, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanıb, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub. Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər birgə tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.
“Artur Possinq” kvarteti Xəzərin sahilində caz ifa edəcək
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə keçiriləcək XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində sentyabrın 26-da “Enerji Club”da “Artur Possinq” kvarteti çıxış edəcək.
Saksofonda Pier Kok-Amann, kontrabasda Sebastyan Şlapbe Flax, zərb alətlərində Nils Engel ifa edəcək.
Öz nəslinin perspektivli pianoçularından biri kimi görünən Artur Possinq musiqiyə çox təbii yanaşır. O, 1996-cı ildə musiqiyə dəyər verən bir ailədə anadan olub. Lüksemburqlu gənc ilk addımlarını perkussiyadan başlasa da, tezliklə fortepianoya keçir. Bu addım onun caz dünyasına baş vurmasına səbəb olur. Orta məktəbi bitirdikdən sonra o, fortepianoda caz ifasını davam etdirib və Brüssel Kral Konservatoriyasında Erik Lenininin dərslərinə qatılıb. Artur Possinqin kvarteti 2013-cü ildə formalaşıb və bu günədək “Four Years” (2018) və “Natural Flow” (2021) albomlarını buraxıb. Son beş ildə qrup Avropada və ondan kənarda geniş qastrol səfərləri etmək imkanı əldə edib.
“Cadenza” orkestri Beynəlxalq Muğam Mərkəzində yenidən konsert verəcək
Sentyabrın 20-də “Cadenza” orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsert proqramı ilə yeni mövsümə başlayır.
Mövsümün ilk konsertində orkestr tərəfindən Firəngiz Əlizadənin “Crossing II”, Azər Dadaşovun 14 saylı Simfoniya “Angel`s day” (ilk dəfə) və Firudin Allahverdinin balaban və ansambl üçün “Barokko” konserti (ilk dəfə) ifa olunacaq.
Qeyd edək ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
Belçikanın “Schntzl” qrupu Bakıda çıxış edəcək
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bildiririk ki, festival çərçivəsində sentyabrın 26-da “Madrid Restobar”da “Schntzl” qrupu çıxış edəcək.
“Schntzl” hipervizual musiqi yaradan bir Belçika duetidir. Onların musiqisi təxribatçı və mülayimdir, paralel kainatın pop musiqisi, müəyyən edilmiş dəyərlərin sökülməsi kimi xarakterizə olunur. Perkussiya, klaviş və zərb alətlərinin müşayiətilə onlar sanki bir orkestri əvəz edir.
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə Nazirliyin 2022-ci il 20 aprel tarixli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, test imtahanı 7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir. Test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır. Onlardan da 383 nəfər Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçərək namizədliklərini təsdiq etmişlər.
5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılmışdır. Artıq bu gün müsahibənin üçüncü günüdür və ötən iki gün ərzində 151 nəfər müsahibələrdə iştirak etmişdir.
Müsahibələrdə namizədlər uzun müddət müvafiq sahədə peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən, qaydalarda qeyd edilən meyarlar üzrə qiymətləndirilir, mümkün 15 baldan 10 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. Gün ərzində 6 müxtəlif ixtisas üzrə komissiyalar fəaliyyət göstərir.
Müsabiqənin müsahibə mərhələsinə 9 sentyabr tarixində yekun vurulması nəzərdə tutulub. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcəkdir.
Mədəniyyət naziri ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 7-də ölkəmizdə səfərdə olan ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələrindən ibarət heyəti qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələn Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri, cəmiyyətin üzvləri Nigar Pənahova və Seva Əzimova, məşhur rəqs şirkətinin icraçı direktoru Andryu Çanq, türkəsilli amerikalı jurnalist Cemil Fatih Özyurt və digərləri iştirak ediblər.
Nazir qonaqları səmimi salamlayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin mühüm rolu olduğunu vurğulayıb.
Anar Kərimov bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş qərargahında, eləcə də bu ölkənin bir sıra mədəniyyət müəssisələrində keçirilən görüşlər barədə məlumat verib. Deyib ki, ABŞ-da yaşayan diasporumuz Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Nazir mədəniyyət sahəsində əməkdaşlıqda, eləcə də mədəni irsimizin təbliğində diaspor təşkilatlarının dəstəyinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsü və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də nümayəndə heyətinə məlumat verən Anar Kərimov deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir. Qeyd olunub ki, bu qlobal kampaniya eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətimizə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən diaspor nümayəndələri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdə iştiraklarından məmnunluqlarını ifadə ediblər. Bundan sonra da mədəniyyətimizin təbliğinə yönələr layihələrə dəstək olacaqlarını vurğulayıblar.