Super User
Hər seriya üçün aktrisaya 150 min lirə!
Ölkəmizdə çox populyar olan Türkiyə teleseriallarında inanılmaz büdcələr mövcuddur. Beş il fasilədən sonra "Gecenin ucunda" serialında yer alan aktrisa Tuba Ünsalın alacağı qonorar bəlli olub.
“Ədəbiyyat və incəsənət” unikal.org-a istinadən xəbər verir ki, aktrisa hər bölüm üçün 150 min lirə (təxminən 14 min manat) məvacib qazanacaq.
Qeyd edək ki, serialın baş rollarını Neslihan Atagül, Kadir Doğulu və Zuhal Olcay paylaşacaq. Bir görün indi onların qonorarı nə qədərdir.
“Kürəyimə palan qoyun...” – Güneyli şair Sevər Şəhabinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizləri Sevər Şəhabinin şeirləri ilə tanış edir. Rubrikanı təbrizli şair, portalımızınGüney Azərbaycan nümayəndəsi Əli Çağla təqdim edir.
Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.
ALZAYMER
Yerlə göyün arasında,
Yıxılıb yatmağım gəlir.
Nə göylərə ulaşmağım,
Nə yerə batmağım gəlir.
Bu dünyanın binasını,
O dünyanın anasını,
Hurisini, sonasını,
Müftəyə satmağım gəlir.
Buraxıb etdiklərimi,
Qaytarıb yediklərimi,
Unudub dediklərimi,
Alzaymer(1) tutmağım gəlir.
(Alzaymer – Altsheymer müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir
RƏNGLİ CÜCƏLƏR
Yumurtanın ağ divarın,
Ana eşqiylə dəldiniz.
Sizlər də ananız kimi,
Yetim dünyaya gəldiniz.
Ananızı qınamayın,
Sanmayın sizi atdılar.
Onları da atanız tək,
Buğda ilə aldatdılar.
Atanızın ayaqların,
Qarmaqlara bağladılar.
Yerə baxan başlarını,
Biçaq ilə dağladılar.
Onun səhər avazıyla,
Narın-narın süzmədiniz.
Mahmızının kölgəsində,
Məğrur-məğrur gəzmədiniz.
Saxta ana qucağında,
Uyumadan, oyandınız.
Boyaqçının qarşısında,
Öksüz-öksüz dayandınız.
Əlvan-əlvan boyalarla,
Kimliyizi dəyişdilər.
Boyaqçılıq sənətilə,
Səadətə yetişdilər.
MƏNƏ XƏBƏR GƏTİR
Məndən öncə ölsən əgər,
Ölülərə salam yetir.
Qırx günəcən gəl yuxuma,
Ordan mənə xəbər gətir.
Soraqlaş gör oralarda -
Neçə saat çalışırlar?
O dünyanın insanları,
Hansı dildə danışırlar?
Asılaraq gələnlərin -
Boğazları yaradırmı?
İşkəncədən ölənlərin -
Dəriləri qaradırmı?
Afrikanın zənciləri -
Kimlərə "Bəli" deyirlər?
Onların ağ ərbabları,
Nə içirlər, nə yeyirlər?
O dünyanın terminalı,
Necə yerbəyer olunur?
Cənnətin ağ biletləri,
Neçəyə al-ver olunur?
Sanki mənim bu istəyim,
İstəmədən üzdü səni.
Səndən öncə ölsəm əgər,
Qırx günəcən gözlə məni.
CƏHƏNNƏM - CƏHƏNNƏM
Pambıqları təpməmişdən,
Qulağıma yalan qoyun.
Altıma əqrəb döşəyin,
Üstümə də ilan qoyun.
Yalanlara alışmışam,
Zəhər ilə qarışmışam,
Taleyimlə barışmışam,
Baş altıma saman qoyun.
Burada minlər endilər,
Nədənsə çox sevindilər!
Bəlkə orda da mindilər!
Kürəyimə palan qoyun.
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
“İstanbul Türkcənin səltənət sürdüyü bir şəhərdir!” - Mehmet Doğan
Türkiyənin sayılıb seçilən görkəmli ədəbiyyat xadimi, Türkiyə Yazarlar Birliyinin Şərəf Başkanı ve Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət Başkanı, uluslararası ədəbi əlaqələrin yorulmaz və fədakar nümayəndəsi, yazıçı, tədqiqatçı və naşir olan Dr. Mehmet Doğanın Türkiyə Kültür ve Turizm Bakanlığının, Türkiyə Yazarlar Birliyinin rəhbərliyi və iştirakı ilə İstanbul şəhərində keçirilən (9-11 iyun 2022-ci il) Türkçənin 14-cü Uluslararası Şeir Şöləninin açılış mərasimindəki çıxışını şair Ramiz Qusarçaylınln təqdimatında diqqətinizə çatdırırıq.
Türkcənin Beynəlxalq Şeir Bayramı İstanbulda və ya “Şeir işi”
Nə qədər gec və ya bir xeyli erkən!
İlk bayramımızın üzərindən 30 il keçdi. Səbrimizin tarıma çəkildiyi illəri geridə buraxdıq…
Osmanlının ön sözündə, Bursada başlamış, oradan köklərimizə doğru yerimiş, Konyaya varmışdıq,-bu torpaqlardakı şeirimizin qaynağına, yəni Mövlanəyə və Yunusa.
İstanbul alınmaz bir şeir qalası idi bizim üçün. Güclü mühasirədən sonra fəth edilə bilən hündür bir qala…Buraya gəlmədən 12 ölkə dolaşdıq, toparlanmaq, güç toplamaq üçün!
“İstanbulun daşı-torpağı altun” deyirlər. Bunu bilmirik, fəqət İstanbulun daşının, torpağının, havasının, suyunun şeir olduğundan şübhə yox.
Şairi bol, şeiri hesabsız bir şəhərdir İstanbul. İstanbul üçün yazılan şeirlər cildlərlədir; İstanbulda yazılanlar ondan qat-qat çoxdur.
“Türkcənin şah əsəri olan şeirlərin çoxu bu şəhərdə yazılmışdır” desək əsla yanlış bir şey söyləmiş olmarıq.
İstanbul Türkcənin səltənət sürdüyü bir şəhərdir!
Gəncliyini İstanbulda geçirdikdən sonra uzun sürə bu şəhərdən uzaq qalan Yusuf Nəbi:
Nəbi əcəbmi sözlərimiz olsa binemek
İstanbulun lisanını unutduq kənarda.
(Nəbi, sözlərimizin duzsuz olması şaşırtıcı deyil, çünki İstanbulun dilini kənarda unutduq.)
İstanbulun dili şeirli bir dil idi, sağlam bir şeir dili idi.
Yer üzündə ən çox “şeir kimi” deyilən yer, İstanbul olmalıdır. Həqiqətən elədir.
“Şeir kimi”, amma şeir deyil! Şeirə aid edilən yüksək dəyər belə bənzətmələrə, ümumiləşdirmələrə yol açır; şeir bir baxıma gözəlliyin sinonimi olur. Özü də şeir kimi bir yerdə, İstanbulda şeirdən danışırıq, şeirdən bəhs edirik. Gözəllik hər zaman ağlımızı aşır, hissimizi hərəkətə gətirir.
İstanbuldaki bu şeir bərəkətini nəyə bağlamalıyıq?
Məndən soruşsanız, “İstanbulu bir şair fəth etdi, ondan” deyərdim.
Dəliqanlılığını şairliyi müşayət edən bir komandan, bahar aylarında, əsgərləri ilə Konstantinopolis divarlarını mühasirəyə aldı. Şeir kimi bir mövsümdür; gəlinciklər, lalələr, güllər açmışdı, tam da lalə mövsümü sona yaxınlaşarkən Bizans bu mühasirəyə tab gətirə bilmədi. Divarlar yarıldı, müqavimət qırıldı, bütün bahar çiçəkləri divarlardan içəri doluştu. Və divarların üzərində bayrağımız lalə şəklində göründü. İstanbulun fatihi şair Avni, bu xoş hadisəni tarixə həkk etdi:
“Fəthi İstanbula fürsət bulmadılar evvelün
Fethidüb Sultan Məhəmməd dedi tarih: Ahirun.”
(Əvvəl gələnlər İstanbulu fəth edə bilmədilər, sonra gələn sultan Mehmet fəth etdi, bu da Son!- dedi.)
Elə bu “ahirun” hicri 857-yə uyğun gəlir.
20-ci yüzilimizin böyük şairi, şeir təfəkkürü olan ustad Yəhya Kamal şeir yazmaqdan deyil, söyləməkdən söz açır. Şeir söyləmək, tərənnüm etmək, yaratmaq, oxumaq...Şairin gördüyü iş budur.
Köhnə Türkcədə hələ də bəzi ləhcələrdə ır, cır, yır şeirin qarşılığı olaraq görülür. Irlamak, cırlamak, yırlamak...(Şarkı söyləmək.)
“Yır” Divanü Lügati't-Türkdə "şeir oxumaq" deməkdir.
Asim ictimai məkanda şeir söyləyən adama deyilir,-ifadəsi var. Yəhya Kamalın zamanı, 20-ci yüz il, şeirin söyləndiyi deyil, yazıldığı dövrdür halbuki. Buna rəğmən oxunan, səsləndirilən və dinlənən sözün şeir olduğunu vurgulamaq arzu olunur. Şeirin ahəngi, musiqisi diqqətdən qaçırılmamış olur beləcə.
Şeirin sıradan bir söz olmadığı çox təkrarlanan bir görüşdür. Köhnə şairlərimizə ipucu kimi deyildiyini burada xatırlamamız gərəkir. Bunlar cazibəli halda şeir söylərdilər ve əksəriyyət bunu sazla da tərənnüm edərdilər. Ötələrdən gələn bir səsdir onların səsi...Əslində Anadoluda geniş yayılan “aşıq” sözü də eynı zəmindən bəslənən bir kəlmədir. Aşıq Haqq aşığıdır, o “Haqdan gələn şərbəti içmiş” sənətkardır. Və onun sözü bu olur:
Süzüldük, bulaq olduq, birləşib bir çay olduq,
Axıb dənizə dolduq, daşdıq əlhəmdulillah.
Bütün köklü ədəbiyatlarda şair başlangıcda kahin, münəccim, sehrbaz və ya şamandır. Şeir də sehrdir, əsla sıradan bir söz deyildir.
Şeir zühur edər, doğular...Bir eşqə, hətta ilahi bir qaynağa yol açar. Fuzuli şairin ilahi bir yardıma nail olmadan qüsursuz şeir söyləyəməyəcəyini bəyan edir. Yenə də şeir ilahi mesajı yayan peyğəmbərlərə deyil, şairlərə məxsus bir sənətdir.
Şeir kəlməsinin kökünə düşsək, mənsubiyyətinə varsaq, buraya qədər söylədiklərimizin təsdiqinə məcbur edilə bilərik. Şeir “bilmək”, daha doğrusu “intuisiya etmək” demək; bu halda şair də “bilgili”, “duyumlu” demək olur. Şeirin bu mənada şüurla bağlantısını asanlıqla qura bilərik.
Bir az öncə böyük lirik şairimiz Fuzulinin görüşlərini paylaşdıq. Fuzuli bunu söyləməklə bərabər, elmsiz şeirin təməlsiz divara bənzəyəcəyini bildirir, bu üzdən dəyəri yoxdur deyir. Şairin gerçək şeirlə ulaşması üçün ağıl ve nağıl elmləriylə zəngin olması şərtdir. Bilgiylə, elmlə yüklənən şair yenə də ilahi ilhama möhtaçdır. Fuzuli də çox böyük şairlər kimi quru elmlə könlü xoş deyildir əslində:
İlim kesbiyle paye-i rifat
Arzu-i muhal imiş ancak.
Aşk imiş her ne var alemde
İlim bir kıyl ü kaal imiş ancak.
(Elm əldə edərək yüksək dərəcəyə ulaşmak imkansız bir arzu imiş, aləmdə nə varsa eşq imiş, elm bir dedi-qodu imiş ancaq!)
Biz şair deyilik, təriflərlə məşguluq. Fəqət müşkül bir mövqedəyik, tərifi çox zor bir şeyi açıqlamağa çalışırıq.
Bəzı şairlər gördükləri işi tərif etmək ehtiyacını hiss etmişlər. Bunlardan biri, sağlığında şairliyi öndə görünən, fəqət vəfatından sonra ədəbiyyat nəzəriyyəsi ilə, romancılığı ilə daha çox tanınan Əhməd Həmdi Tanpınardır. Onun tərifi belədir: “Bu bəlkə ani bir cəhdlə özünü tapan ruhun, insandakı əzəli həqiqətlə təmasından doğan bir söz konusudur; bəlkə gözəllik dediyimiz idealla bir an başbaşa qalmanın verdiyi məst halıdır. Bu mənada deyilə bilər ki, şeir və sənət fərdin ən mütləq və hürr sürətlə özünü idrak etdiyi zirvədir.”
Tanpınardan söz açıb onun üstadından, Yəhya Kamaldan bəhs etməmək olmaz.
İstanbuldayıq, şeir kimi bir yer olduğunu hər kəsin qəbul etdiyi bir yerdə...Şeir kimi yer, bizdə estetik hissləri qızışdırır, bədii həyəcanlar oyadır. Belə yerlərdə bir an şair olacağımız gəlir, şeir söyləmə hissi, ürpərtisi ağuşuna alır bizi. Hə, demək yaxşı şeir sırf belə hisslərdən, həyəcanlardan doğan bir şeydir, eləmi? Bu suala tamamən “xeyr” deyə bilmərik, fəqət şeirin qaynağı sadəcə belə hisslər, həyəcanlar olmamalıdır.
Yəhya Kamal deyib: “Şair doğulmuş olanlar belə nəzm etmək qabiliyyətini yavaş-yavaş əldə edirlər. Şairin şair olaraq doğulduğuna dair əski bir inanc vardır ki, bu doğrudur; bununla belə, heç bir ədəbi tərbiyəyə möhtac olmazlığın yetişə biləcəyini iddia edənlərin sözləri isə əfsanədir.” “Hər sənətdə olduğu kimi şeir sənətinə də doğuluş zamanı arxayın olmaq olmaz. Ya bir eşq və ya bir ideal bir şairin inkişaf etməsinə, hissini ifadə etmək üçün dilində bir qüdrət aramasına səbəb ola bilər.”
Hər tarif (spesifikasiya) başımızı qarışdırır, deyilmi? Bu qaçınılmaz, çünki gördüyümüz iş qolay bir iş deyil, ciddi bir işdir, “şeir işi”dir.
Hər sənət sənətkarına təsir etdiyi kimi şeir də bizə təsir edir. Hissiyatı oyandırır, düşüncə doğurur, həzz verir. Dil zövqü ən yüksək şəkildə şeirdən alınır. Bəs bu zövq şeirin təsiri anlamıyla, açıqlığı iləmi olur? Buna ən kəskin etirazı 20-ci yüzilimizin ən böyük şairlərindən Əhməd Haşim etmişdir: “Şeir demə dərin qatların aydınlığına açılan şeir kitabının sələfidir.” Bu ön söz, “Bir günün sonunda arzu” şeirinə edilən etirazlar üzərinə yazılmışdır. Şair bu axşam vaxtı şeirini “Göllərdə bu dəm bir qamış olsam” misrası ilə bitirir ki, ən çox da bu misra dartışılır. Şair bizə bir axşam təsviri yapır, fəqət bu alışılmış bir təsvir deyildir. Güllərdən, sübh vaxtı günəşdən, qamışdan, qızılı qüllələrdən, aləmlərimizdən səfər eyləyən quşlardan, suya əks edən gümüş kəmərdən, sehrli bir yay-kaman olan səmadan söz edər və axşam kəlməsini bir sehr formalaşdıracaq şəkildə təkrarlar:
Axşam, yenə axşam,
yenə axşam,
yenə axşam,
yenə axşam...
Və Haşim belə söylər: “Şairin dili nəsr kimi anlaşılmaq üçün deyil, fəqət duyulmaq üzrə vücud tapmış musiqi ilə söz arasında sözdən ziyadə musiqiyə yaxın bir lisandır, dildir.” “Məna araşdırmaq üçün şeiri deşib sökmək, yəni, tərənnümü yay gecələrini həzinliyə bələyən məsum quşu əti üçün öldürməkdən fərqli olması gərək. Bir ət zərrəsi susdurulmuş o sehrli səsi doldurmağa kifayət edərmi?”
Sənəti özüylə açıqlayan görüşlər şübhəsiz öz gerçəkliyi üzərinden təhlil edilir. Fəqət qayəsi özü olan bir sənət haraya qədər insanı qucaqlar? Tamamən faydasız sənətdən söz etmək nə qədər doğrudur? Şübhəsiz sənət da faydasız deyildir, sənət qayədən, məqsəddən yoxsul ola bilməz. Sənətin gözəlin, insan ruhu, hissiyyatı və ağlı üzərindəki təsirini əzəmətli qayə və məqsədlər üçün hərəkətə keçirmək tamamən vaz keçilə, imtina edilə biləcək bir şey deyildir. Təbliğ, daha xəfif təlqin, tamamən səadət xaricində buraxıla bilərmi? Bu arada şeirin təlqini, təbliği aşacaq şəkildə, propaganda (təbliğat) məqsədli olaraq istifadə edildiyini unutmayaq.
Beləliklə, bildiyimiz, dəyər verdiyimiz xeyli şair var ki, sənətlə ideal arasında güclü bir bağ qurublar. Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil, Nazım Hikmət...Bu isimlər, bu adlar Haşimlə, Tanpınarla eyni dövrdə yaşamış ve hər biri düşüncələrini, ideallarını şeir diliylə ifadə etmək yolunu tutublar. Bunun dönəmlə, bəzi zərurətlərlə əlaqəsini qurma məsələsində Mehmət Akif bizə yardımcı ola bilər. Şeirini imanı, idealı, vətəni, milləti üçün bilmiş olan Akif, böyük şeir qüdrətini bu uğurda həyata keçirmişdir. O, günlük hadisələrdən tarixə yazılacaq mühim və baha başa gələcək hadisələrə qədər bir çox mövzunu nəzm şəklində ifadə etmək yolunu seçmiştir. İçini, ruhunu narahat edən vəziyyətlərdən xilas olmaq, saf poeziya kimi saf insanlıq onun şüarı olmuşdur. Fəqət bir zaman gəlmişdir ki, şairin həyatın içindən çıxış etməsi anlamını itirmişdir. Halbuki “Gecə”, “Hicran”, “Səcdə” kimi şeirləri belə bir dövrün məhsuludur. Bu durum, bu vəziyyət Akifin yaxınında olanlar tərəfindən də fərq edilmiş və vadini dəyişdirdiyi, tərzinin kənarına çıxdığı ifadə edilmişdir. Akif buna qarşılıq əsil vadinin bu olduğunu, millətinin, vətəninin içində olduğu durumdan ötrü təlqinci, təbliğci şeirler yazdığını ifadə etmişdir. Hətta onun “gül dövründə yaşasaydım, bülbül olardum” dediyi söylənilir.*
Şeirimizin yenidən təşkili sonrası daha çox vətən, millət, insan və.s. kimi anlayışlar üzərindən danışması şeirin özünün qeyb olmasına yol açmışdır. Şeirin əsil yatağına dönməsi haqqında Əhməd Haşim kimi şairlərimizin ortaya qoyduqları münasibət çox önəmlidir. Şeiri içimizə, mənimizə döndərmək, təmiz şeirin qaynaqlarını xatırlamaq da bu istiqamətdə bir vəzifə halına gəlmişdir.
“Söndürün lampaları uzaklara gideyim
Nurdan bir şehir gibi ruhumu seyredeyim!”
Haşimlə ən əks nöqtədə bulunan, “sözüm odun kimi olsun, doğru olsun təki” deyən Mehmet Akif an gələr, ruhunun vəhyini duymaqdan söz edər. “Çanaqqala şəhidlərinə” şeirinin yüz ildir əksilməyən təsirini bu duyuma bağlamaq yanlış olmaz.
Sözün burasında gerçək şeirin sirrinə təsir etmənin heç də qolay olmadığını söyləmək əzmindəyik: Şeir sözü qanadlandırır, hissi dərinləşdirir, düşüncəni zənginləşdirir. Şairlərin insan olma keyfiyətimizi yüksəldən hikmətlər halında zehinlərimizə yerləşən sözləri ümidlərimizi bəslər. Fəqət şeir artıq həyatımızda əvvəlki qədər yer tutmur. Son illərdə içinə yuvarlandığımız sıxlığın, bəsitliyin, bayağılığın, əvvəllki təbirlə çökməsinin səbəblərindən biri də budur. Artıq şeirdən danışmırıq, şeiri müzakirə etmirik, şeiri oxumuruq, şeirin dünyasının kənarında qaldığımız üçün üfüqümüz daralır, hissimiz korşalır, insanlığımız əksilir.
Burada şeirin də ərazisini daraltdığını xatırlamamız gərəkir. Şeir vəzni, qafiyəni, ahəngi, musiqini bir kənara buraxdı. Bunlar gərəklimiydi? Anlam tək kişinin şifrəsinə çevrilməliydimi? Şeir bu qədər kişiləşməli, fərdiləşməliydimi? Bu suallara cavab vermək fikrində deyiləm, sadəcə müşahidələrimi paylaşıram...Şairlər artıq əvvəlki kimi topluma mal ola, sahib ola bilmirlər; qüsur onlardamı, xalqdamı?
Xalqın zövqünün də şeirden uzaqlaştığı görünməkdədir. Heç bir dövrdə, xalqın paylaştığı müsiqi, ədəbiyyat, şeir, sənət zamanımızdakı qədər bəsitləşmədi, görünür xalqın zövqü poeziyadan uzaqlaşıb. Heç bir zaman xalqın paylaşdığı musiqi, ədəbiyyat, şeir və incəsənət bizim dövrümüzdəki qədər sadə, dayaz və çılız olmamışdı. Elə bir dövrdə yaşayırıq ki, seçkinlər-seçilmişlər də kütlə kültürünə, kütlə mədəniyyətinə qapıldı, yüksək sənəti idrakdan, incə zövqləri təftişdən seçib ayırmaqdan uzaqlaşdı. Cövhərin qədrini bilən sərraf qalmadı. “Kütlə kültürü” dediyimiz dəniz isə en böyük okeanlardan belə böyükdür, fəqət dərinliyi bir neçə santimetrdən ibarətdir!
İstanbulda, şeirin paytaxtında bu məsələlərin təhlilinə və izah olunmasına yardımçı olan təfəkkürə ehtiyacımız var.
Nə yanar kimsə mənə atəşi dildən özgə,
Nə açar kimsə qapım badi səbadan qeyri.
Şair üçün yanan könül ateşidir, başqa bir şey deyil, qapısını açan sabah rüzgarıdır, qeyrisi deyil!
Şeir dünyamızın mərkəzindəyik, şərqimiz, qərbimiz, cənubumuz, şimalımız burada. Bu geniş coğrafiyaların şairlərinin şeir tərənnümlərini dinləyəcəyik üç gün boyunca. Bu şölən vəfatının 60-cı ilində Əhməd Hamdi Tanpınara ithaf edildi.
Bu şöləndə adına ödül verilən böyük şairlərimizdən biri Baxtiyar Vahabzadədir.
Onun şeirdən ötə ilgiləri bəsləyən bir tərzi var idi. Və o Qarabağ məsələsini dərd edənlərdən idi. Yazılarında, şeirlərində bu mövzu çok işlənmişdir və o, Qarabağ həsrəti ilə getdi, fəqət nə mutlu bizlərə ki, Qarabağdakı işğalın bitdiyini gördük, hamımız şad olduq. Bu şölənimiz eyni zamanda Qarabağa ve Azərbaycana bir salamdır.
İlk şölənimizdə, 1992-ci ildə Bursada Türk dünyasının şairlərinin ilk dəfə bir araya gəldiyi günlərdə Qarabağ acısı ürəklərimizdə idi. Özbəkistanın böyük şairi Rauf Parfi kürsüdən bu şeiri oxudu:
Azərbaycan, sən yalnız imissən!
Azərbaycan, sən yalnız deyilsən!
Anlatmağa, anlayan başlar hanı?
Ağlatmağa, ağlayan yaşlar hanı?
Sən yalnız deyilsən, ey Azərbaycan,
Ürpərtməyə hayqıran daşlar hanı?
Sən yalnız deyilsən, ey Azərbaycan.
Bu vəsilə ilə mərhum Rauf Parfi ve ilk şölənimizdən bu günə sonsuzluq aləminə köçən şairlərimizə rəhmətlər diləyirik.
Əziz şairlərimiz, bu dünyada yalnız deyilik. Şərqdən qərbə, şimaldan cənuba dildə, fikirdə, işdə birliyə susayan və can atan milyonlarıq! Və İstanbuldayıq!
Şeirli günlər dilyii ilə...
*Viranələrin yasçısı bayquşlara döndüm,
Gördüm də xəzanında bu cənnət kimi yurdu.
Gül dövrünü bilsəydim onun bülbül olardım
Ya Rəbb, məni əvvəl gətirəydin nə olurdu?…
1935-ci ilin avqust ayında xəstəliyi ilə bağlı Antakya ziyarətində yazılmışdır.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü qeyd edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sənliyə gələnlər əvvəl foyedə yaradılan "İstiqlalının 31-ci ildönümü mübarək əziz Özbəkistan" adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, Özbəkistanın mədəniyyət xadimləri, ziyalılar, ali məktəblərin müəllimləri iştirak ediblər.
Tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın müstəqillik əldə etdiyi illərdəki uğurlarından danışıb. S.Abbasov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə aparılan köklü islahatlardan söhbət açıb.
Direktor iyunun 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri haqqında da danışıb, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə səmərəli danışıqlar aparıldığını, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində xeyli sənədlər imzalandığını diqqətə çatdırıb: “Bununla da Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub”.
S.Abbasov deyib: “Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü Yeni Özbəkistan konsepsiyası uğurla həyata keçirilir. Yeni Özbəkistan isə yeni iqtisadi münasibətlər, bu məsələlərə yeni baxış deməkdir”.
Diplomat 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib, bildirib ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan işğaldan azad olunan Füzuli şəhərində böyük bir orta məktəbin tikintisini öz üzərinə götürüb və təhsil ocağının tikinti layihəsi artıq Azərbaycan Hökumətinə təqdim edilib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və Özbəkistan Milli Universitetinin professoru Niqina Şermuxammedova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndirilməsi, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət haqqında məlumat veriblər.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan gələn gənc müğənni Mehdi Həsənov, həmçinin Rəna Əzizova, Yusif Əliyev, Timur Rəhmanov və Davron Kadırov Azərbaycan və Özbək mahnılarını ifa ediblər.
“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihə davam edir
Bu maraqlı layihədə Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən gənc rəssamların Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olundu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, rəsaamlar Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar karvansarasını ziyarət etmiş və Füzuli şəhərinin baş planı ilə tanış olmuşlar. Cəbrayıl rayonunda isə rəssamlar Dostluq bulağını və “Xan çinarı”nı ziyarət etmişlər.
İştirakçılar işğaldan azad edilmiş ərazilərin təbiətindən və tarixi məkanlarının ziyarətindən almış təsəvvüratlarını öz əsərlərində əks etdirlmişlər.
Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.
Mütəxəssislərin yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümüdür və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.
Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin BeynəlxaIq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransında iştirakının icmalı
20-28 avqust tarixlərində Çexiyanın Praqa şəhərində dünyanın müxtəlif ölkələrindən 4500-dən artıq muzey mütəxəssisinin iştirakı ilə BeynəlxaIq Muzeylər Şurasının (ICOM) “Muzeylərin gücü” devizi altında 26-cı Baş Konfransı keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Qurbanova, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və digər mədəniyyət müəssisələrindən olan böyük nümayəndə heyəti ilə təmsil olundu.
Hər bir nümayəndə heyəti BeynəlxaIq Muzeylər Şurasının (ICOM) müvafiq sahə üzrə üzv olduqları komitələrdə iştirak və təqdimatlarla çıxış etdi. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı Çexiya və Azərbaycan muzeylərinin təcrübə mübadiləsi və birgə sərgilərin təşkili, o cümlədən mədəni sərvətlərin ölkədən qeyri-qanuni yollarla çıxarılması və qeyri-qanuni ticarətə məruz qalma ehtimalı yüksək olan daşınar mədəni sərvətlərin növlərinin müəyyən edilməsi, təhlükədə olan daşınar mədəni sərvətlər ilə bağlı fikir mübadiləsi aparmışdır. ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, pandemiya dövründə muzeylərin onlayn fəaliyyəti, 44 günlük Vətən müharibəsi zamanı muzeylər tərəfindən aparılan təşviqat kampaniyaları, Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycanda ilk inklüziv muzeyi kimi fəaliyyəti haqqında ətraflı məlumat verdi, ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitəsinin iclasında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda təqdimatı iclas iştirakçılarına nümayiş etdirildi. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Geyimin ritual gücü” adlı iclasda “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış etdi. “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü Pərvin Gözəlovun Muzey, silah kolleksiyaları və hərb tarixi Beynəlxalq komitəsinin iclasında “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində” adlı məruzəsi dinlənildi və müəllifi olduğu “Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabı komitə üzvlərinə təqdim edildi.
Konfrans zamanı müasir çağırışlara cavab verən yeni muzey tərifi də konfrans iştirakçılarına və beynəlxalq muzey ictimaiyyətinə təqdim edildi: “Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir”.Ğ
Qeyd edək ki, ICOM-un 2025-ci ildə keçiriləcək növbəti Baş Konfransına Dubay şəhəri ev sahibliyi edəcək.
Uzaq buzlaqlardakı isti ürək
Natalya xanımın – Saxa-Yakutiyanın yeganə xanım Xalq şairi, Saxanın Yazıçılar Birliyinin başqanı Natalya İvanovna Xarlampyevanın yubiley günüdür. Uzaqlardakı Yaxın Ürəyin, mötəbər xanım əfəndinin 70 yaşı tamam olur. Biz ona “Türk poeziyasının yakut-saxaca döyünən Ürəyi” (Akd. Nizami Cəfərov), “Saxa şeirinin anası”, “Dilbər Xatun”, “TürkAna” və bu kimi yaraşıqlı sözlərlə müraciət edirik.
Xanım Xarlampyeva incə ruhlu lirik şairdir, ictimai xadimdir, mədəniyyət-sənət xadimidir.
O, öz xalqının yığvalı haqqında tarixi düşüncələrlə, quzey türklərinin mənəvi dəyərlərinin qorunması, təbliği işi ilə ardıcıl məşğul olur. Saxa (Yakut) ədəbiyyatının tanıtımı, tərənnümü yönündə onun böyük xidmətləri var. Məhz onun təşəbbüsü ilə Saxa-Yakutiya Respublikasında “Böyük qarın kəraməti” adlı Uluslararası Poeziya Festivalı təşkil edilir. (Mənə də nəsib olub, həmin festivalda nümayəndə olmuşam).
1952-ci ildə Saxa-Yakutiyanın Manqan oymağında doğulan Natalya xanım Yakutiya Dövlət Universitetinin (indiki M.K.Ammosov adına Quzey-Doğu Federal Universitetinin) Tarix-filologiya fakültəsini bitirib. 1975-ci ildən məqalələri və şerləri dövrü mətbuatda dərc olunur. 15 şer kitabının, 20-dən çox nəsr əsərinin müəllifidir. O, Saxada, Rusiya Federasiyası içində keçirilən çoxsaylı festivallardan başqa Varşavada, Londonda, Hanoyda keçirilmiş uluslararası poeziya festivallarının, eləcə də, Bakı və Sumqayıtda keçirilmiş tədbirlərin iştirakçısı olub. 2016-cı ildə Natalya xanımın kitabları Londonda (ingiliscə), Kazanda (tatarca), Kızılda (tuva dilində), 2018-ci ildə isə bu sətirlərin müəllifinin təşəbbüsü ilə Bakıda çıxıb (“Mənim rəfiqim Aprel” – Afaq Şıxlı, Rəsmiyyə Sabir, Oqtay Hacımusalı və bu sətirlərin yazarının çevirməsində).
Natalya İvanovna Saxada jurnalist və nəşr işinin təşkilatçısı olaraq da tanınır. O, mətbu fəaliyyətə “Severnaya trassa” qəzetində müxbir olaraq başlayıb; yerli gənclər qəzetinin redaktoru, “Kıım” adlı qəzetin mədəniyyət şöbəsinin müdiri, “Saxa-Sire” qəzetinin baş redaktoru (1990-2012), Yakutsk şəhərindəki ən böyük kitab nəşriyyatının baş redaktoru kimi fəaliyyət göstərib.1994-cü ildə Saxa (Yakut) dilində gün üzü görən “Dilbər Xotun” (“Dilbər Xatun”) adlı qadın jurnalının ilk redaktoru da o olub. Doqquz mövsüm dövlət televiziyasında “Ааҕарбалаҕан” adlı televiziya verilişinin aparıcısı olub, 2015-ci ildən “Saxa” radiokanalında canlı verilişlər aparıb. 2012-ci ildən 2017-ci ilin iyun ayına qədər Saxa-Yakutiya Dövlət başçısının mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
Natalya Xarlampyeva Qazaxıstan Respublikasının Uluslararası “Alaş” Ədəbiyyat Ödülü (1998), Rusiyanın “Böyük Ədəbi Ödül”ü (2003), Rusiya Yazıçılar Birliyinin və Smolensk vilayətinin Aleksandr Tvardovski adına ödülü (2003) ilə təltif olunub. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 2002-ci ildə Saxa-Yakutiyanın Xalq şairi fəxri adına, 2015-ci ildə Rusiya federasiyasının Puşkin medalına, 2021-ci ildə Saxanın Platon Oyunski adına Dövlət Mükafatına layiq görülüb.
***
Bundan tam 4 il öncə NatalyaXarlampyeva Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) dəvəti ilə respublikamızda səfərdə oldu. Natalya xanım səfəröncəsi bir xahişdə bulundu. O, I Türkoloji Qurultayın keçirildiyi binanı ziyarət etmək istəyirdi. Onun mənəvi babaları bu zalda I Türkoloji Qurultayda iştirak etmişdi. İctimai və dövlət xadimi İsidor Baraxovun (1898-1938) başçılığı ilə 3 saxalı türkoloq Qurultaya yola düşmüş, onlardan biri sağlıq durumuna görə, yalnız Moskvayadək gələ bilmişdi; digər iki nümayəndə geri döndükdən sonra Saxada müqəddəs ziyarətdən gəlmişlər kimi qarşılanmışdı....
Natalya xanım mənəvi babaları haqqında, onların Bakıya səfəri ilə bağlı xatirələrin işığında böyüyüb... O, Azərbaycanlı araşdırmaçı-yazar Aida Eyvazlıya verdiyi müsahibədə bu mövzuya toxunub:
A.E.: -Bakıya ilk gəlişinizdə 1926-cı ildə I Türkoloji Qurultayı keçirilən zalda süzülən göz yaşlarınızı xatırlayıram...
N.X.: - Bakıya gəlincə ilk görmək istədiyim yer həmin bina oldu. Siz bilirsiniz ki, biz ruhlara inanırıq. Daşların da ruhu var, yaddaşı var. Mən bizim ədəbiyyatımızı, əlifbamızı yaradan dahilərə minnətdaram. XIX əsrdə Rusiyanın özünün elə alilmləri barmaqla sayaılırdı. Çar Rusiyası elmin bütün sahələrində inkişaf əldə etmək üçün alimləri Almaniyadan, Avropadan dəvət edirdi. Yakutiyanı zəbt etsinlər deyə, buraya da alimlər, ekspedisiyaçılar göndərilirdi; buraya göndərilən əksər ziyalılar isə ya inqilabçılar, ya da siyasi baxışlarına görə rejimə etiraz edənlər idi. Hətta onların qarşısında şərt qoylurdu ki, həmin ziyalı insanlar burada yakut və digər yerli xalqların dillərini öyrənməməlidir. Sürgün olunan insanların içərisində polyak linqvisti Edvard Pekarskiy var idi. Pekarskiy bizim dilimizin yazılışını, transklipsiyasını yaratdı – ilk dördcildlik “Yakut-Rus dili sözlüyü”nün müəllifi oldu. Sizə maraqlı gələ bilər ki, o bizim dili bu qədər incəliklərinə qədər necə bilirdi? Çünki həyat yoldaşı yakut qızı idi. Bizim ədəbiyyatçılarımız və dilçilərimiz də 1926-cı ildə I Türkoloji Qurultaya həmin lüğəti gətirmişdilər. Çünki o böyük kişilər ortaq əlifba yaratmaq istəmişdi... Böyük Mustafa Kamal Atatürk də ərəb qrafikalı əlifbadan latın qrafikalı yeni Türk əlifbasına keçid edəndə, Pekarskinin yaratdığı “Yakut-Rus dili sözlüyü” istəmişdi. Yakut dili bir çox türk dillərindən fərqli olaraq, öz ilkinliyini qoruyub saxlamşdı. Ötən yüzilin 20-30-cu illərində yaşayan maarifçi kişilər ancaq xalq üçün, ümumi dil üçün çalışırdı. Onlar həmin zaman kəsiyində bilmirdi ki, 1926-cı ildən az müddət keçəndən sonra türklük ideyalarına görə təqib olunacaqlar, yaratdıqlarının tarixdən silinmək təhlükəsi yaranacaqdır... İndi filoloq kimi onların nə düşündüklərini daha yaxşı anlayıram, hiss edirəm”...
Natalya xanım öz həyat, sənət kredosu olan, milli dəyərlərə sadiq, bəşəri dəyərlərə sayğılı xanım əfəndidir. Onun şeirlərini oxumaq, onu dinləmək, onunla söhbət etmək çox xoşdur, bir sözlə, o, zövqün özüdür. İstedad və insanlıq, mötəbərlik və təvazö, ədəbiyyat-sənət və dövlət təfəkkürü bir canda, bir ömürdə ən yaxşı şəkildə necə birləşə bilərsə, o, məhz Natalya xanımın şəxsiyyətində, yaradıcılığında təcalla tapır...
***
Natalya xanımın poeziyasında hansı etnoqatlar, hansı üfüqlər və o üfüqlərə daşıyan möhkəm qanadlar var?
Öz dədə-baba torpaqlarında yaşayan türk xalqlarının çox geniş coğrafiyası zaman-zaman ədəbiyyatda, mədəniyyətdə, bir sözlə, həyatda öz müsbət və mənfi təzahürləri ilə səciyyələnib. Örnəyi, Güneydən Quzeyə, Gündoğardan Günbatara keçidlərin, böyük köçlərin güzərgahı olmuş qaynar Qafqazlardan fərqli olaraq, burdan çox uzaqlardakı Saxa-Yakutiyada uzun, soyuq qış gecələrinin hüznü (Natalya Xarlampyevanın önəmli təmsilçisi olduğu) poeziyaya nağıl kimi hopub... Saxada milli ərazi çox böyük, əhali çox az, qışlar uzun, yazlar qısa, doğma qardaşlarsa oralardan xeyli uzaqdır... Öz ilkin dini inancı ilə xristian dini inancının, üçqatlı dünya inanc sistemi ilə “Tanrının oğlu İsa”nın təliminin Saxa ədəbiyyatında interperetasiyalara gətirib çıxardığı görünməkdədir – Natalya xanımın yaradıcılığında olduğu kimi... Saxa ədəbiyyatı sözdən artıq səs kimi gəlir adama – elə bil Şaman qımqımısı, gümüldənməsi, sözsüz danışmasıdır...
Natalya xanım həmvətəni olan tanınmış mədəniyyət xadimi – Saxa-Yakutiya Respublikasının Xalq artisti Andrey Borisovun dəyərləndirməsinə diqqət edək: “O bizim olonxosutların, toyuksutların, Kulakov poeziyasının, Alampanın, Oyunskinin, Semyen Danilovun yadigarıdır, onların ocağını qoruyandır, yakut poeziyasının anasıdır”.
Akademik Nizami Cəfərovun 2018-ci il sentyabrın 15-də “Ədəbiyyat qəzeti”ndə yayınlanmış “Türk poeziyasının yakut-saxaca döyünən Ürəyi” adlı yazısında oxuyuruq: “Saxa (Yakutiya) Respublikasının Xalq şairi Natalya Xarlampyevanın "Mənim rəfiqim aprel" kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, Natalya Xarlampyevanın poeziyasında Oljas Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda "akademik sistem"ə çevrilmiş mükəmməl harmoniyası var.
...Natalya Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür...
Mən də ulu türkün bir parçasıyam -
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kültigin dövrünün varisi.
Hansı uğursuzluğun əliylə
Quzeyə üz tutdu
Mənim ulu babam,
Quzeydə məskən saldı?..
Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
Uzaqlarda qaldı...
...Bu yazını "Türk poeziyasının yakut-saxaca döyünən ürəyi" adlandırdım. Görünür, ona görə ki, burada söhbət xanım şairdən gedir... Ancaq ona eyni müvəffəqiyyətlə "Türk poeziyasının yakut-saxaca düşünən beyni" adını da vermək olardı”...
Saxadan başlamış Tatarıstanadək olan Sibir coğrafiyasındakı azsaylı türk xalqlarının ədəbiyyatı ritm etibarı ilə musiqilidir, nəğmə türündədir. Sibir türküləri ilahi özləmi barındırır...
Natalya xanımın özünə mənəvi ustad qəbul etdiyi Platon Oyunskinin əsərləri, özkeçmişi ilə tanış olduqca, Türk dünyasının XX yüzildə yaşayıb-yaratmış başqa bir mütəfəkkir ədibi– Hüsyen Cavid (və Cavidin yaratdığı obrazlar) gözlərimiz önündə canlanır. Nə təvafüqdür ki, hər iki mütəfəkkir ədibin aqibəti eyni olub, hər ikisi repressiyaya məruz qalıb, hər ikisi İrkutskda öldürülüb. Aida Eyvazlı ömür paralellərinə diqqət çəkir: “Hər ikisi 1955-ci ildə bəraət alıb. Talelərinin başqa bir oxşar cəhəti də ibrətamizdir: Cavidin qızı Turan Cavid və Oyunskinin qızı Sardana Oyunski! –Hər iki xanım öz atasının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmayıb”...
Saxa-Yakutiya ədəbiyyatının klassiki Platon Oyunskinin bizim təşkilatçılığımız, Aida Eyvazlının uyğunlaşdırması ilə Bakıda (2019) və Ankarada (2021) gün üzü görən “Qırmızı şaman” kitabı da Natalya xanımın ideyası əsasında hazırlanıb.
Natalya xanımın öz kitabının Bakı və Sumqayıtda, Oyunskinin kitabının Yakutskda təqdimat törənləri unudulmazdır... Hər üç təqdimatda Natalya xanımın əsaləti özünü parlaq şəkildə göstərdi, oxucular onun sözünün və özünün sehrinə düşdü...
***
“Mən Natalya Xarlampyevanın yazmaq eşqini yaddaşının qutkültür süxurlarından aldığını bilirəm. O qutluluq onun damarlarındakı əsl qanda mövcuddur və elə ona görə şeirləri hər nə qədər insana kövrəkmiş, lirik duyğular üzərində köklənibmiş kimi görünsə də, bu lirikanın, bu kövrəkliyin içində qərib bir təlatüm də var; bu təlatüm türk xatununun ərcə, ərkəkcə, hər zaman meydanlarda olmasından, at minib qılınc qurşanmasından irəli gəlməkdədir. Bu onun qədəridir. Ruhunu, mənliyini, yüzilliklərdir söykəndiyi ulus kimliyini unutmaması, yaddan çıxarmaması, tam tərsi, övladlarına (mənəvi övladlarına) ötürmək istəyi onun qədəridir”. – Natalya xanımın Azərbaycanda çıxmış ilk və hələlik yeganə şeirlər kitabına ön söz yazan dostumuz Oqtay Hacımusalı belə vurğulayır.
Bu fikirlər isə filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzərə aiddir: “Bu adda şeirlər toplusu şairin duyğuları olmaqla bərabər onun dünyagörüşü və yazıldığı dövrün sosial, mədəni və siyasi həyatı haqqında məlumat kitabçasıdır. Daha dəqiq desək, şairlər dövrünün nəbzi, şeirlər isə güzgüsüdür. Elə buna görə deyirlər ki, ədəbiyyat ən doğru tarixdir.
Kitab bir qabdır, şeirlər də bir içim su... Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da dəyərini vermək gərəkdir. Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum. Şair nə qədər desə də ki, “Mən atəşəm! Məni anlamağa çalışmayın! Mənim ruhum alovun tüstüsü kimidir”... Mən yenə də onu anladım”...
***
Natalya xanım deyir (yazır):
Mən də ulu türkün bir parçasıyam -
Canımda, qanımda duyuram bunu,
Hikmətini duyuram daşüstü yazıların,
Elmlərin qüdrətini
Yaddaşıma yazıram mən,
Yazıram ki,
unutmayım kim olduğumu”!
Sizi unutmamışıq, əziz Natalya xanım!
Yubileyiniz qutlu olsun! Çox yaşayın!
URUY-AYXAL!
Əkbər QOŞALI
Mədəniyyət naziri Anar Kərimov Misirin ölkəmizdəki səfiri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 1-də Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və planlaşdırılan layihələr haqqında fikir mübadiləsi aparılıb.
Səfiri salamlayan Anar Kərimov Misir Ərəb Respublikası ilə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ötən ilin dekabr ayında Misirə səfərini xatırladan nazir səfər çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığın inkişafına töhfə verə biləcək addımların atıldığını qeyd edib.
Anar Kərimov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi daşıyan “Bakı Prosesi” haqqında məlumat verib. Bildirib ki, “Bakı Prosesi” artıq nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən qlobal platforma kimi qəbul olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə də səfirə məlumat verən nazir bu çağırış vasitəsilə ölkəmizin bölgədə və dünyada sülhü qorumaq üçün səylər göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsinə töhfə verməkdir. Eyni zamanda bu qlobal kampaniya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Diplomat səfirliyin nazirlik tərəfindən həyata keçirilən layihə və təşəbbüslərdə iştirakından məmnunluğunu bildirib.
Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi ilə davam edib.
Azərbaycan kəlağayıları Bursada keçirilən beynəlxalq festivalda sərgilənir
Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur.
Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.
Sərgidə Şəkidə “Azəripək” MMC tərəfindən istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçirilir. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.
Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Vəqfin direktoru Rəfi Qurbanov bələdiyyə sədrinə milli stendimiz haqqında ətraflı məlumat verib. Daha sonra “Azəripək” MMC-nin marketinq və biznesin inkişafı üzrə şöbə müdiri Elvira Məmmədova tərəfindən xarıbülbüllə bəzədilən ipək kəlağayı Alinur Aktaşa hədiyə edilib.
Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgiləri təşkil olunur. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.
Tədbirdə nümayiş etdirilən Azərbaycan milli geyimləri modelyerlər, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tərəfindən hazırlanıb.
Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın İstanbuldakı Baş konsolluğunun əməkdaşları, Nizami Gəncəvi Vəqfinin və “Azəripək” MMC-nin rəsmi nümayəndələri, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin rəhbər heyəti, Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı gənclər, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqlar iştirak ediblər.
Van Dammın oğlu Bakıya gəlib
Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə ailəsi ilə bağlı paylaşımlar edib.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Suada və Kristofer Avropa gəzintisindən sonra Azərbaycana gəliblər. Pianoçu həyat yoldaşı ilə valideynlərinin görüntüsünü yayımlayıb.
O bildirib ki, Kristofer onların evində qonaq olub.
Qeyd edək ki, Kristofer və Suada ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Bir müddət əvvəl isə cütlük Avropa gəzintisinə çıxaraq, orada görüşüblər.