Bu maraqlı layihədə Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən gənc rəssamların Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olundu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, rəsaamlar Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar karvansarasını ziyarət etmiş və Füzuli şəhərinin baş planı ilə tanış olmuşlar. Cəbrayıl rayonunda isə rəssamlar Dostluq bulağını və “Xan çinarı”nı ziyarət etmişlər.
İştirakçılar işğaldan azad edilmiş ərazilərin təbiətindən və tarixi məkanlarının ziyarətindən almış təsəvvüratlarını öz əsərlərində əks etdirlmişlər.
Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.
Mütəxəssislərin yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümüdür və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.
Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.