Mədəniyyət naziri Anar Kərimov Misirin ölkəmizdəki səfiri ilə görüşüb Featured

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 1-də Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və planlaşdırılan layihələr haqqında fikir mübadiləsi aparılıb.

Səfiri salamlayan Anar Kərimov Misir Ərəb Respublikası ilə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ötən ilin dekabr ayında Misirə səfərini xatırladan nazir səfər çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığın inkişafına töhfə verə biləcək addımların atıldığını qeyd edib.

Anar Kərimov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi daşıyan “Bakı Prosesi” haqqında məlumat verib. Bildirib ki, “Bakı Prosesi” artıq nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən qlobal platforma kimi qəbul olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə də səfirə məlumat verən nazir bu çağırış vasitəsilə ölkəmizin bölgədə və dünyada sülhü qorumaq üçün səylər göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsinə töhfə verməkdir. Eyni zamanda bu qlobal kampaniya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır. 

Səfir Hişam Mohamed Nağı Abdel Həmid səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Diplomat səfirliyin nazirlik tərəfindən həyata keçirilən layihə və təşəbbüslərdə iştirakından məmnunluğunu bildirib.

Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi ilə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.