Rusiyadakı “Kino Group" MMC-nin keçmiş baş direktoru Dmitri Bolşakov 5 il 6 ay müddətinə həbs cəzası alıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, buna səbəb prodüserin rüşvətxorluqda vasitəçi olması olub. Belə ki, o, "Çikatilo" serialının epizodlarından birinin çəkilişləri üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına 400 min rubl rüşvət təklif edib. Bunun qarşılığında Moskvanın mərkəzi küçələrindən biri bağlanıb.
Bəli, insan rüşvəti sadəcə kinoya sevgisinin təcəssümü kimi verib, amma bunu nəzərə alan kimdir?
Şerbinski Rayon Məhkəməsinin hökmü ilə Dmitri ölkənin cinayət məcəlləsinin 291.1-ci "rüşvətxorluqda vasitəçilik" maddəsi ilə nəzərdə tutulmuş üç cinayəti törətməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eyni cinayət işinə görə təqsirli bilinən polis əməkdaşları İqor Fayzullin və Dmitri Smolin külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Məhkəmə birincinin 8,5 il müddətinə cəzaçəkmə müəssisəsində, ikincinin isə 7,5 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilməsini qərara alıb.