SÖZ-ün hesabına ölümdən xilas olan adam... Featured

Elman Eldaroğlu yazır

 

 

Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb...

 

Deyir ki,- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”

 

Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir.

Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir...

“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qazetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qazeti buraxmaq istəyirlər. Mən də dedim əlimdə tərcümələrim var. Dedi gətir, çap edək. Elə oldu ki, həmin qazeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qazetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qazetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qazeti buraxdıq.”- söyləyir...

 

Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib. "Mücrü" jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 11 kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayn dillərinə tərcümə olunub...

 

Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var...

 

Deyir ki,- “Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq...”

 

Rəngli bir daxili aləmi var. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır...

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.