“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Kulis.az-a istinadən Xalq artisti Həsən Məmmədov haqqında on maraqlı faktı təqdim edir.
1. Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) Salyan rayonunda doğulub. Valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O, isə 2-ci kursda təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə - Mehdi Məmmədovun kursuna daxil olur. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.
2. Kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Ata oğlunu ürəyində bağışlayır.
3. Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni "Böyük dayaq" filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt "Qaraş" rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşünür ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində "Qaraş" obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl "Qaraş"dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
4. Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb edir. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşür. Bir gün Lətifə fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz.
5. 1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəp gəlir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
6. Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Olduqca mülayim adam olub. Hamıya "qurban sənə" deyə müraciət edirmiş.
7. Kino sahəsində Həsən Məmmədov ən rahat aktyor hesab olunur. Film çəkilişləri başlananda o, rejissorlardan bircə kəlmə soruşurmuş, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən.
8. Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə "7 oğul istərəm" filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
9. Rejissor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik büllur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə.
10. Bir gün tədbirlərin birində çəkinə-çəkinə nazir Polad Bülbüloğluna yaxınlaşıb yenidən teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu dərhal "Azdrama"nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırır ki, Həsən Məmmədovu işinə bərpa etsin. Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.
Şəkildə: Həsən Məmmədov “Gün keçdi” filmində.