Kimi soruşsan, deyəcək ki, köhnə Azərbaycan filmlərindən ötrü sinov gedirəm. Həqiqətən də o filmləri peşəkar rejissorlar və mahir aktyorlar birgə ərsəyə gətirərək kino tariximizin qızıl salnaməsini yaradıblar. 2023-cü ildə “Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100, Azərbaycan kinosunun isə 125 ili tamam olacaq.
Bu münasibətlə tədbirlər planı tərtib edilib və kino qurumları bu planları açıqlayıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2022-2023-cü illəri əhatə edən tədbirlər planında “Azərbaycanfilm”də indiyə qədər istehsal olunan filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulub. Bundan başqa, filmlərin təbliği ilə bağlı olan planda klassik filmlərin posterlərinin, treylerlərinin, ingilis dilində subtitrlərinin hazırlanması, köhnə filmlərimizin rəqəmsal formata keçirilməsi, sosial media ilə bağlı həftəlik müzakirə verilişlərinin hazırlanması da nəzərdə tutulub.
Tədbirlər planında “Azərbaycanfilm 100 -afişalar”, “Azərbaycanfilm 100- kadr arxasında”, həmçinin rekvizit-geyim, eskiz- dekorların sərgisi, dəyirmi masalar, konfransların keçirilməsi də öz əksini tapır. Bununla yanaşı, “Azərbaycanfilm”in 100 illik tarixini, fəaliyyət istiqamətini, həyata keçirdiyi ən uğurlu layihələri bir neçə versiyadan ibarət olan tanıtım çarxlarında nümayiş olunacaq.
Kinostudiyanın nəşrlərə bağlı planında isə, kino ilə bağlı fundamental nəşrlərin tərcüməsi və nəşri, klassik filmlərin ssenarilərinin çapı, “Azərbaycanfilm – 100” kataloqunun iki dildə hazırlanıb nəşr edilməsi nəzərdə tutulub. İstehsalın inkişaf etdirilməsi məqsədilə mütəmadi müsabiqələrin keçirilməsi, ssenari portfelinin formalaşdırılması da planda yer alıb.
Qeyd edək ki, tədbirlər planında tələbələr üçün “Açıq qapı günü – “Azərbaycanfilm” turu”nun təşkil edilməsi, hər ay bir bölgədə olmaqla seçilmiş 12 bölgədə (Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran, Zaqatala, Biləsuvar, Ağdam, Yevlax, Qazax, Şirvan ) “Azərbaycanfilm-100” kino həftəsinin keçirilməsi – həftə ərzində həmin bölgədə tamaşaçılarla kino mütəxəssislərinin görüşlərinin, film nümayişlərinin və müvafiq sərgilərin təşkil olunması xüsusilə qeyd olunub.
Türkdilli ölkələrdə və MDB məkanında “Azərbaycanfilm” tanıtım tədbirlərinin keçirilməsi də bu plana daxildir.
Bir sözlə, əlamətdar tarixlər geniş qeyd ediləcək.