Super User
“Sərhəddə bitən ağac, sən hansı ölkəninsən?” - güneyli şair Əli Cavadpurun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Əli Cavadpurun şeirləri təqdim edilir.
Əli Cavadpur 1973-cü ildə Güney Azərbaycanın Araz sahilində yerləşən Xudafərin bölgəsinin İskanlı kəndində anadan olub.1997-ci ildə Təbriz şəhərində Fars dili və ədəbiyatı fakültəsini bitirib. 2007-ci ildə Təbriz Universetetində “Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar” adlı elmi Tezindən müdafiə etməklə Ədəbiyat üzrə yüksək lisansını alıb. Neçə illər Xudafərin bölgəsində və indi isə Təbriz şəhərində orta məktəb Ədəbiyat müəllimidir. Aşağıdaki kitabların müəllifididr:
1-Bəyənsəndə budur, bəyənməsəndə (şeirlər). Təbriz:1998
2-Əsrimizin yuxusunda (şeirlər). Tehran:2007
3- Təbiyət və şeir/Budaqov (köçürmə).Tehran2002
4-Mənim dəli yaşıdlarım (poema). Təbriz:2016
5-Səsində bir hekayə var (şeirlər). Təbriz:2016
HƏR ŞEY XƏBƏRDİ!..
Hər şey xəbərdi,
Hər şey xəbər qədərdi.
Yalavaclıqdan baş götürüb
Gəmilərə təpilən mühacirlər
Hər gün qırılmaqdadır.
-Bir xəbərdi.
Havanın soyuqluğu neçə gün davam edəcək.
-Bir xəbərdi.
Səhərdən-axşama dünyada inqilab olur.
-Bir xəbərdi.
Diktatorlar həmişə diktə oturarlar
Və dinc oturmazlar.
-Bir xəbərdi.
Nobel adına verilən mükafatların kökü
Gedib Bakının neft quyularına dayanır.
-Bir xəbərdi.
Orta doğu bir ağ göyərçinin oxuduğu ağıdır.
Orta doğu qan ocağı, qan çanağıdı.
-Bir xəbərdi.
Ulayan yalquzaqdır,
Oxuyan bayquşdur Ərəb çölləri.
-Bir xəbərdi.
Çoxdandır səndən xəbərim yoxdu,
Necəsən dostum?
-Bir xəbərdi.
Afrika aclıqdan qaça bilər, amma “qaravaclıqdan” qaça bilməyəcək!
-Bir xəbərdi nə vaxtsa eşitmişəm.
Üstəki o “qaravaclıq” sözün özüm düzəltmişəm,
Yalavac sözünə borcluyam bu tapıntını
Təqdim edirəm ağ dərililərə.
-Bir xəbərdi.
Xəbərlərin gözüdür yaşamaq,
Bəbəyinə güllələr xoruzlanır.
Yaşamaq xəbər başlığıdır
Ayaq altında sürünür!
Bir xəbərdi:
Hələbin soyulan dərisi
Qarabağın oxunan şikəstəsi.
Urmu gölü bir duzlu xəbəridi
Yellər apardı uzaqlara,
Gətirdi yaxınlara!
“İqnosiya” matador xəbəridi Lorkadan.
“Günəş bir gün soyuyacaq” köhnə bir xəbərdi Nazimdən.
Kəndimizdə “Qarağanlı düz “ adında-
Mavi çalmalı, ipək yaylıqlı
Yovşan qoxulu bir otlaq var
Yaz gələndə onun üstündə uzanar, yaşıllanar
İndi loderlər ciyərini sökür
Şirkətlərə qum daşımaq üçün.
-Bir xəbərdi.
“İncirli Bulağı”nın üstündə bir bənövşəyə darıxdım
Və burnumun ucu göynədi, bu üzü yaza doğru gedən günlərdə.
-Sən deyən bir xəbər deyil,
Amma xəbərdi.
Artıq xəbərə dönmüşük
Nə var, nə yox, nə xəbər?
Xəbərik, xəbərə yaşayırıq!..
Xəbərəm
Xəbərdi
Xəbərsən,
Hər şey xəbərdi, xəbərin yoxdu!
Xəbər var daha heç nə yox!...
İTİN BALASI DA BALADIR..
Bu qədər it balasına
Kimdir yal verən deyə?!
Beş küçükdən dördünü
Basdırdılar diri-diri!
Bir birindən gözəl və totuq idi
İt küçükləri.
Zingiltiləri yandırdı göyü-yeri
İt ürəyi dözmədi, ana ürəyi idi
Eşdi çıxartdı balaların.
Ağzından alıb yenə basdırdılar adamlar!
Ana itin başına hava gəldi
O havada bala səsi var idi
Dilin yelə verə-verə qudurdu
Küçüklərin anası!
Adamların balasına hürdü
Küçüklərin anası!
Havalar soyudu, qar yağdı
Hələ dünyanın üzü də ağardı.
Qancıqlar köpəklər uladı yana-yana
Hər şey qarın altında qaldı
Qaldı gün çıxana.
YOL ADAMI
Başının üstündə qaralar bulud
Başının üstündə çaxmaq daşı, od
Başının üstünü sən unut, unut...
Yol adamı.
Üzü uzaqlara yol gedən adam
Keçər neçə gündən, kölgədən adam...
Yollar quş dimdiyi
Sən də dən adam
Yol adamı.
Yolda ay işığı, qaranlıq da var
İşıqda olmayan qaranlıqda var
Yürü saçlarını darasın rüzgar
Yol adamı.
Yeri öz yolunu it hürsün səni
Korlar kərməlikdə itirsin səni
Uzaq işıqlara yetirsin səni
Yol adamı.
Hay-haraydan boyu uca bir sükut -
Yol yoldaşın, birdə yolun özün tut
Get...
Get...
Qalan nə var
Unut, sən unut...
Yol adamı.
İÇİNDƏ BÖYÜYÜR ÇİN DİVARLARI
Dünya süd üzüdür, qatıq qaymağı
Sevinci də təzə, qəmi də təzə.
Nə vaxtdır yol gedir dəvənin ağı
Qarası da çatmır hələ Təbrizə!
Hardanmı başlayıb haramı gedir -
O dəvəsi ölən Ərəb qardaşım?
Ərzrum gədiyi hələ də qardır
Soyur öz dərisin Hələb qardaşım.
Sən deyə bilməzsən, deyə bilərsən
Nə vaxt barışacaq özündən küsən?!
Hələ bir qocanın Quzey Koredə,
Gözündən yaş kimi düşən ümidsən.
Yol çəkir gözlərin kəhkəşanlara
İçində böyüyür Çin divarları.
Özündən-özünə bir addım yolun,
Kəsilmir hələ də boranı, qarı!..
Qoşmamı yazırsan postmodern qardaş?
Maşınlar götürmür at çapanları.
Əlçatmaz qayadan süzülən ballar
Qaldı dağ ayısına sarı tel arı.
Baxtımız düşübdür gündoğanlara
Hələ də göyümüz qıp-qırmızıdır.
Günəşi göylərə doğmaq asandır
Bu çətin ağaran yerin üzüdür.
Nə çox qumbarası belində gəzən -
Alan cənnət iyin intiharından.
Dünya süd üzüdür, qatıq qaymağı
Hələ doyan yoxdur dadlı varından
Belə-belə şirin yuxularından...
SƏRHƏDDƏ BİTƏN AĞAC...
Sərhəddə bitən ağac,
Sən hansı ölkəninsən?
Astanada duran dost,
Nədir səni incidən?
Bağda dar ağacları,
Ucalır yerdən-göyə.
Boyumuz da çatmadı,
Ordan çiçək dərməyə!
Bura ki, qar yağırdı,
Ora gün hardan çıxdı!?
Biz harda durmuşuq ki,
Göy quru, yer palçıqdı!
Dağın qaşında duran -
Ay qaraltı, ay adam;
Günəşmi batır bəlkə
Mən belə sayıqlıram!
YAZIQ
Getmək istəmirsə ürəyin sənin
Zorla apardığın, ayaqlar yazıq!
Gedəndə ayağın yolları deyil -
Yazıq ürəyini ayaqlar, yazıq!
Başını basdıran çiçəyin, otun,
Payını günəşdən ayırmaq çətin.
Yuxusu dağlardan ağır millətin,
Yükünü daşıyan, oyaqlar yazıq.
Bu dünya qurutmaz alın tərini,
Dağıdar, uçurar hördüklərini,
Gündüz gözlərilə gördüklərini,
Gecə yuxusunda sayaqlar, yazıq!
İndi arabaya qoşulan atdan,
QırAtlıq umusu çıxıbdı yaddan!
İçini yandıran alovdan-oddan-
Necə qızarmasın, yanaqlar yazıq!
Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)
Azər Turanın dramaturgiyada debütü olacaq
Fevralın 15-də Aktyor evində Azər Turanın yazdığı və Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi "Atam, anam, qardaşım, mən və Stalin" tamaşası nümayiş olunacaq. Tamaşa Hüseyn Cavidin 140 illiyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Cavidlərin- Hüseyn Cavidin, Müşkinaz Cavidin, Ərtoğrul Cavidin və Turan Cavidin Stalin represiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi daha çox redaktorluğu, üstəlik ədəbiyyatşünaslıq sahəsindəki diqqətçəkən fəaliyyəti ilə bizə tanış olan Azər Turanın dramaturgiyada ilkinin parlaq olacağı şübhə doğurmur.
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)
Anarın hekayə sənəti - Adilə Nəzər
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə ədəbi tənqid mövzusunda Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin “Anarın hekayə sənəti” yazısını təqdim edirik.
Hər bir yazıçının şüurundan cəmiyyətə, cəmiyyətin yaddaşından da yazıçının yaradıcılıq prosesinə qədər insanı mərkəzdə saxlayan ədəbiyyat, sözü boşluqdan götürüb lazım olan yerə qoyan ən güclü iksirdir. Bu kontekstdə çoxqatlı ədəbiyyatda ədəbi tənqidin xüsusi yeri var. Tənqidi məqalə, haqqında yazılacaq müəllifə subyektiv baxışa görə dəyişməməlidir, yalnız bədii əsərləri üzərində aparılan ədəbi tənqid bir yazıçının olduğu qədər tənqidçinin də ədəbiyyatdakı rolunun göstəricisidir. Məlumdur ki, istər xalqların, istərsə də dünya ədəbiyyatının sayılıb-seçilən əsərləri öz gücünü tənqidin davamlılığından alıb. Bu həqiqətdən yola çıxaraq, mənim də baxışımın Xalq yazıçısı Anarın hekayələrinin daha çox “diri qalmağına” kömək edəcəyini düşündüm.
Ssenariləri, romanları, povestləri, hekayələri və şeirləri ilə Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Anar müəllimin yaradıcılığı bir çox sahələr üzrə araşdırma obyekti ola bilər.
Tarix bizə cəmiyyətdə yaşanan ziddiyyətləri göstərir və yaddaşa yazır. Anar müəllim bir yazısında belə demişdi: “Sevginin yaşı olmur. Nə həyatda, nə ədəbiyyatda”. Bu, bəzilərinin “qürurlu sükut” adlandırdığı reallıqdan qaçış yox, konkret həyata işarə etmək reallığını və etikanı ehtiva edir. Bu, həm də azadlığı və ədəbiyyatı “mərsiyə”ləşməkdən uzaq tutmaqdır. İnsani dəyərləri doğru zamanda dəyərləndirmənin adı saflaşmaq-saflaşdırmaq, nurlanmaq-nurlandırmaqdır.
Anarın hekayələrinə təsir edən bir çox faktorlar – dastanlar, nağıllar, miflər, ekzotizimlər, mənəvi dəyərlərin itməsi, təkləşmə-təcridolma psixoloji problemi və s. nəzərə alınmaqla qurulub.
Hekayələrin bədii dili qəhrəmanın vəziyyət və situasiya ilə üzvi şəkildə bağlılığını göstərir, bu təsvirlərlə müəllif qəhrəmanın psixoloji durumunu da incələyir: “Qırmızı limuzin” hekayəsində “O, ay ziyasının kəməndinə bağlanıb gecələr gözüaçıq gəzən lunatik deyildi. Yuxuda da deyildi. Ayıqdı. Vaxtı, saatı dəqiq müəyyənləşdirə, hərəkətlərinə nəzarət edə bilirdi. Bəzən yuxuda çəkisizlik aləmindəymiş kimi ayaqlarının yüngülcə bir təkanıyla yerdən aralanıb uzun bir məsafəni tullantıyla qət etdiyini də xatırladı, yenə də yuxuda qıçlarının qıc olub bircə addım ata bilmədiyini də. Amma indi nə ayaqları qıc olmuşdu, nə də çəkisizliyin yüngüllüyünü duyurdu. Yuxu deyildi bu” cümlələri oxucunu fərdin psixoloji problemləri üzərində düşünməyə vadar edir. Və ya, “…son iki-üç ildə O. da bu şəhərin başqa köhnə sakinləri kimi öz şəhərlərini elə bil tanımırdılar, elə bil yadırğamışdılar, elə bil şəhəri tamam başqa bir əhali doldurmuşdu. Nəinki sifətlər, adamlar – rəftar, özünü tutmaq, özünü aparmaq vərdişləri də dəyişmişdi. Sanki şəhərin binaları, küçələri, meydanları da başqalaşmışdı, özgələşmişdi, yabançılaşmışdı” təhkiyəsi ilə çoxqatlı dəyərlərə yelkən açır, hekayəni ağırlaşdırmadan ictimai və siyasi problemlərə toxunur, bu problemlərin arasında təklənən insanın, ağrının və kədərin xəritəsini çəkir.
Yazıçı “Nisbət nəzəriyyəsi” hekayəsindəadi insanların həyat ümidlərini bütün məsamələri ilə təqdim etməklə yanaşı, ölkənin kasıb təbəqəsini və varlı coğrafiyasını pərdəarxası görüntüləyir: “Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu. Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin yaraşığını pozurdu. Dilənçi də haqlı idi. Bu küçədə gedib-gələn, qazanc nisbətən çox olurdu. O biri küçələr adamsız idi”. Hekayənin davamında “Gecə Hikmət özünü asdı. Arvadı, uşaqları, dost-aşna, qohum-qardaş yasa batdı. Hamı təəccüblənirdi. – Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul. Onlar haqlı idilər. Amma Hikmət də haqlı idi.” cümlələriylə seçdiyi personajların bir-birindən fərqli olmasına baxmayaraq, yaşadıqları dövrün və həyatın fərqlənməyən tərəflərinin cəmiyyətdə üstünlük təşkil etməsinə diqqət çəkir.
Anarın böyük əsərlərindəki baş qəhrəman obrazlarının klassik ədəbiyyatda (nağıllarda, dastanlarda) və ya kinoda mövcud olan güclülüyü, zəifliyi onun hekayələrində də hiss olunur. Hekayələrdə aşkarlanmağı gözləyən sirlər müəllifin güclü müşahidə qabiliyyətindən, yaratdığı təsvir və obraz zənginliyinin isə insanın yaşadığı mühitdən qaynaqlandığını göstərir. Yazdığı ən kiçik mətnlərdə də görünməyən tərəflər vardır.
Anarın hekayələrində beş mühüm element seçilir. Bu elementlər müəllifin təbiətlə insan arasındakı bağı möhkəm saxlamaq istəyindən irəli gəlir. Hekayələrdə təbiət-insan bağı dörd başlıq altında intensiv şəkildə açıqlanır: “Rəng, Qoxu, Səs, Say, Qorxu”.
“Rəng”də təbiətdən insana, insandan dövlətə, dövlətdən zülmə, zülmdən ölümə doğru bir davamlılıq var. Məsələn, qara rəng mənfi, ağ və qırmızı rənglər müsbət məna daşıyır, mavi rəng səmanın rəngi olduğu üçün müqəddəs sayılır, qırmızı isə qan və ölüm mövzusunun ən güclü obrazı kimi şərh olunur – “Qırmızı limuzin” hekayəsindəki kimi.“Bəlkə, ay işığı idi onu eyməndirən. Müxtəlif biçimli, yarıuçuq xərabələri andıran bu köhnə binaların, düyün düşmüş kələf kimi bir-birinə dolaşmış ensiz küçələrin adamsızlığında, "qu" deyib qulaq tutulan səssizliyində ay işığı ətrafı gümüşü-boz bir rəngə – kül rənginə boymışdı və O.-ya elə gəlirdi ki, bu ölü rəngi hansısa başqa bir dünyadan sızıb-süzülür”.
"Qoxu" mövzusu fərqli qiymətləndirmələrə imkan verir. “Hekayə” hekayəsi “Səhər oyanışlarını acılaşdıran əbədi itirilmiş şirin bir yuxu, keçmişin get-gedə dumanlanan, unudulmağa başlanan və heç bir vaxt büsbütün unudulmayacaq bir səhifəsi… Bir qoxu… Qırıq bir səs. Heç vədə yaddaşa qayıtmayacaq, amma onun harasındasa dolaşan bir melodiya… Solub pozulmayacaq, əriyib itməyəcək təəssüratlar…” bədii təsviri oxucunugözə görünməyən və hərəkəti olmayan bir şeyin – qoxunun izinə düşməsinə şərait yaradır və bu halın onun yaddaşına hopmasını təmin edir. Müəllif qəhrəmanının dililə “Yaxşı, mən təqsirkarammı ki ömrümün baharı, ən gözəl dəqiqələri Dənizəylə keçirdiklərimdir. Bəli, mən unuda bilmərəm ki, arvadım var, qızım var. Lakin axı mən o anları da unuda bilmərəm. Dənizə… Göz işlədikcə işləyən əngin sahilin yumşaq qumları, sahili oxşayan qıvırcıq dalğalar. Dənizənin ipək saçları. Dənizin dən düşmüş köpüklənən qıvrım dalğaları… əlbəttə, bu mənzərələr heç kəsin ürəyində heç bir teli tərpətməz… Lakin onlar mənim qəlbimin ən incə musiqisidir. Axı siz yalnız sözləri görürsünüz. Mən rəngləri, işığı, kölgələri, balıqqulaqlarını, dənizin köynəyində ağ düymə kimi ağaran yelkənli qayıqları… Dənizin, sahilin, Dənizənin saçlarının qarışıq qoxusunu duyuram”. deyərək, həyatın rənginin, sayıların və digər elementlərinin az-çox kosmoloji anlayışlarla da əlaqəsi olduğuna işarə edir. Bu hekayədə yazıçının özünəməxsus yazı texnikası da oxucuya özünü hiss etdirir. “– İş radionun verdiyi musiqidə deyil. Radionu söndürmək olar. Çətini qəlbdə oyanan, könüldə çalınan musiqiylə bacarmaqdır... – Sonra? Sonra üç şahılıq çıxarıb avtomatın yarığından atdı… Dəstəyi götürdü. 3 çəkdi. Sonra, məsələn, 2 … Sonra 5. Yenidən araya sükut çökdü” müəllif bu və bu kimi digər məna dolu fikirləri güclü təsvirlərlə qısa cümlələrə sıxlaşdıraraq oxucunu intellektual səyahətə çıxarır, həm də rəngin, qoxunun, səsin və sayın maraqlı, unudulmaz bir xatirə və hətta təxribatçı olduğunu önə çəkir.
Anarın hekayələrində “səs” mövzusu müxtəlif formalarda yer alır. “Yağışlı gecə” hekayəsində buna nümunə mətnlər. “Vaxt bizi məğlub edir. Biz vaxta qalib gəlirik. Vaxt müəyyən bir vaxtdan sonra bizi torpağa qatıb vətənimizin ərazisini bir adam cismi qədər böyüdəcəkdir. Əməlimiz, işimiz, yaradıcılığımız necə əhəmiyyətsiz olsa da, hər halda bir sözdür, bir qəlbin döyüntüsüdür, təkraredilməz bir səs, bir nəfəs, bir qorxudur. Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoruyub getməlidir. Səslərimiz havada əriyib gedəcək. Yazıçı xoşbəxtdir; Onun səsi kağıza yapışır. Vaxt bizə neyləyəcək? Vaxta qalib gəlmək üçün nə isə bir iş görməlisən. …Heç bir iş qoyub getməmiş adam insanlığı bir addım geri çəkir”. Müəllifə görə, səs zaman, məkan və təbiətlə zənginləşir, məhz həmin səsin rəngarəng əks-səda baxımından uyğun bir kosmik çərçivəyə salına biləcəyi mümkün deyil. Yazıçı mövcud zamanın təsirliliyini davam etdirən fikirlərini “Gürcü familiyası” hekayəsində “29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam – rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir” – deyə davam etdirir. O, ədəbiyyatın, dolayısı yolla həyatın əsas mövzusunun ümidin, azadlığın və sevginin səsi olduğunu vurğulayır.
“Hekayə” hekayəsindəsevincin fərqli çalarlarını, kədərin matəm rəngini və beləcə həyat kimi bir-birini əvəz edən təzadlı hissləri həzin bir dillə təqdim edir: “Kimsə, bir qadın müğənni həzin səslə "Humayun" oxuyurdu… Pəsdən. Aramla. Bir qədər yorğun. “Tutuşdu qəm oduna şad gördüyün könlüm, Müqayyəd oldu ol azad gördüyün könlüm…” Qəmdən, qüssədən, ələmdən yoğrulmuş musiqi… Qərib payız axşamları kimi məhzun, qış gecələri kimi uzandıqca uzanan… Elə bil Şərqin bütün dərdləri bu musiqi, bu ölümsüz sözlərdə yavaş-yavaş, bəm səslə axıb gedirdi. Lakin birdən-birə hər şey dəyişdi. Rəng başladı. Muğamatın dahiyanə musiqi dramaturjisi: əzəmətli bir matəm, sonra qayğısız şənlik. Adamı əzən, incidən, qəlbini sıxıb-sıxıb ağrıdan kədər, həsrət gecələrindən sonra sevinc səhərləri, bahar oyanışı, şadlıq şəlaləsi…Könülləri kövrəldən ağıları əvəzləyən şux, şıltaq kef nəğmələri…” Təhkiyəçidən başqası yaşananların mənzərəsini oxucunun gözü önünə bu cür gətirə bilməzdi. Həmin səhnənin təqdimatının sonunda o,“Yenidən bu şənliyin, şuxluğun yerinə qayıdan möhtəşəm müsibət, qəmginlik, fəryad, zarıltı və yenə də şadlıq, sevinc – yeni rənglər, diringilər, oyun havaları…” cümləsiylə fərqliliyin ikinci mərhələsini təqdim edir.
“Sayların sərgüzəşti” hekayəsində müəllifin məqsədi Azərbaycan-türk mifologiyasının təməl daşlarından biri olan formulistik rəqəmlərin müasir hekayələrdə də istifadəsinə diqqət çəkməkdir. Bu hekayədə, əsasən, 1-dən 9-a qədər rəqəmlərin xarakterləri açılır, dini, ənənəvi və xalq inanclarında, kainatı anlamaq, fizika, maddiyyat, mənəviyyat və gündəlik həyatımızı anlamaq baxımından işlənilməsi ilə yanaşı, hekayənin quruluşunun axıcılığına da təsir göstərir.
9-dan sonra rəqəmlərin “təklikdən darıxması” başlayır. Bu bəhanənin birinin o birindən önə keçməsinə qısqanclığından, ya da “gücləri birləşdirmək” adına yaranmasını müəllif maraqlı hekayəciklərlə qurur: “Üç çoxbilmiş idi, çox haqq-hesabdan çıxmışdı. Aşiq olanda, Vurulanda On İki də olurdu, lap İyirmi Bir də. Bildi ki, bu sövda baş tutan deyil. Amma Üçün könlündən ayrı şey keçirdi. O, çoxdan altı olmaq istəyirdi. İndi Biri və İkini görəndə fikirləşdi ki, əlimə əcəb fürsət düşüb. Bir ilə İki, ikisi bir olsa, onlarla bacarmaram, gücümüz tən gələr. Gərək ayrı-ayrılıqda ikisini də aldadıb özümə qatam. Üç əvvəl İkini xəlvətə çəkdi, aldadıb özünə qatdı, sonra da Biri. Oldu Altı”.
Göründüyü kimi rəqəmlərin interpretasiyası hekayəyə zənginlik qatır.
“Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı vaxtilə sən də doqquz olmusan, mən də.
Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi:
Düzdü, vaxtilə mən də Doqquz olmuşam, sən də. Amma indi sənin kimi "Doqquz"u mənim yanımda görsələr, mənə dəli deyərlər, Doxsan Doqquz deyərlər.
Sıfır Doqquz dinmədi. Nə desin? Dünyada qəribə işlər olurdu”.
Səmavi məsləhətçilərin fikrinə görə, 90 rəqəmi həyatımızda bəzi halların bitmək üzrə olduğunu göstərir. Lakin məsələnin mələklərin həm köməyi, həm də ilhamı ilə qənaətbəxş həllini istəyiriksə, bilməliyik ki, tərəfləri buna məhz 90-la cəlb etmək mümkündür. Bu hekayədə 09-la 90-ın “savaşı” da bu fikri təsdiqləyir.
Hekayənin sonunda yazıçının gəldiyi nəticə belədir:
“Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz, Doqquz yan-yana düzüldülər.
Adamlar üzlərini saylara tutub dedilər: – Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir olmasa, on da olmaz, yüz də, min də, milyon da”.
Burada müəllif oxucuya bildiyi məşhur bir məsəli təkrar xatırlamağa imkan yaradır: Bir gün riyaziyyatın atası sayılan Harəzmidən “İnsan nədir?” deyə soruşublar. Deyib ki, “Əgər insanın gözəl əxlaqı varsa, 1-ə bərabərdir. Əgər o, yaraşıqlıdırsa, 1-in yanına sıfır əlavə edin, olsun 10. Zəngindirsə, daha bir sıfır əlavə edin, olsun 100. Əgər sağlam nəsli, soyu varsa, bir sıfır da əlavə edin, olsun 1000. Amma unutmayın ki, 1 olan “əxlaq” getsə, insanın dəyəri də yox olar, geriyə heç bir qiyməti olmayan sıfırlar qalar!”
Məlumdur ki, “qorxu” öyrənilən duyğudur, lakin bu duyğunun mətnlərdə əks olunması müəllifin ədəbi gücündən asılıdır. Hadisələr qarşısında duyğuların keyfiyyətini və intensivliyini təyin edən məzmun fərdin yaşadığı mühitdən və mühitin fərd üzərində təsirindən irəli gəlir. Müəllif göstərir ki, insanda qorxu yaşadığı bölgəyə görə dəyişir. Lakin qeyd etmək lazımdır ki, insan təkcə bilmədiklərindən deyil, öyrəndiklərindən də qorxan bir məxluqdur. Anarın hekayələri Şərqdə illərdir davam edən hər cür zülmü və bu zülmün dəhşət ölçüsünü açır. Qorxunun bizə məlum olan təriflərindən başqa bəzi vəzifə, peşə, sənət və digər səbəblərdən də yarandığına diqqət çəkir.
“İki dəniz” hekayəsində isə qorxunun tamamilə şüurun alt qatına təsirini üzə çıxarır. “Bir dəfə mən qayalara gəzməyə çıxmışdım. Mən əzilib parçalanmış, eybəcər və qorxunc hala düşmüş qayalara baxaraq, onları bu şəklə gətirən qüvvənin sirri haqqında düşünürdüm; gör dənizdə nə böyük qüvvə var ki, belə sərt daşları bu kökə sala bilmişdir. Bu qayalar dənizin sahilə yolunu kəsmişdilər, ona görə də dəniz bu qayaları əzişdirirdi. O, qayaları gah çeynəyir, gah da zalımcasına şillələyirdi. Dəniz bu qayaları aram, istirahət bilmədən təmkinlə və qüvvətlə döyürdü. O döyürdü, çünki döyə bilmirdi, onun döyməyə haqqı vardı: o, azad idi və öz azadlığına mane ola biləcək hər şeyi döyməyə, əzməyə, parçalamağa hazır idi. Dəniz ta məhv edənəcən döyür, yox edənəcən əzir, dağıdanacan parçalayırdı”.
Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi halətlər kimi təsvir edilir. Dənizi canlı insan kimi görmək qeyri-real psixoloji vəziyyəti – isti cənub şəhərində həyatın üzücü imtahanları, tam aydın olmayan, qarma-qarışıq halı, gərginlikdən sonra boşluğa düşmə, boşluqdan sonrakı "fantastik vəziyyət"in mənalı şəkildə əlaqələndirilməsidir. Dənizin sahillə qovuşmasına mane olan qayalara qarşı “ruhi sapma”larını tədriclə və təmkinlə təsvir, bir-birinin ardınca baş verən "əcaib-qəraib" gözlənilməzliklər oxucuda maraq yaratmaqla, onun da oxşar ruhi sarsıntıları yaşamasına səbəb olur. Bu vəziyyət ayrılıq yaşayan birinin stress vəziyyətini, onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş ruhunun sarsıntılarını təsvir etmək üçün dəqiq seçilmiş təsvirlərdir. Hekayədə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq, elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı o qədər usandırır, o qədər qorxudur ki, düşünürsən ki, bundan sonra ilk kütləvi həyat tərzi xoş təsir bağışlayar.
Müəllifin çatdırmaq istədiyi əsas məqam qorxunun bir obyektə, bir varlığa, bir şəxsə və ya vəziyyətə, ya da hadisəyə qarşı hiss edilə bilən bir duyğu olmasıdır. Qorxularımızın bir qismi real təhlükəyə qarşı olsa da, bəzi qorxularımız tamamilə əsassız və xəyali qorxulardır və biz bəzən bu qorxularla yaşasaq da, mütləq boş qorxularımıza qalib gələrək onların əsarətindən qurtarmalıyıq.
Ayrı-ayrı əsərlərində bir çox yazardan nümunə mətnlərini təqdim edən yazıçı qorxu mövzusunda “Gürcü familiyası” hekayəsində baş qəhrəmanı Oqtayın Vaqif Vəkilovdan (Vaqif Səmədoğlu) Əsmərə oxuduğu şeiri təqdim edir:
Əyri-üyrü,
dar küçələrin,
gündüzlər otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı, içinin astası,
küçələrini dolanan addımların həmişə tənha səsi,
gecələrinin dünyada itən tarix tikəsi,
içindən bayır şəhərə,
böyük şəhərə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
Biçarə şəhər,
İçəri şəhər...
Şeirin müəllifi başqası olsa da, bəllidir ki, bu, o məqamda yazıçının oxucuya oxşar duyğuları çatdırmaq istəyidir. Mövcud yerdəki dəyişiklik, şübhəsiz ki, psixoloji durumda təsirli, lakin mənfi bir çərçivə yaradır. Əsərin qəhrəmanı bu yerdə narahat atmosferin hökmranlığı və təsiri altındadır. Burada mühit və paralel olaraq insanları sıxışdıran məkan təsviri dünyada öz yerini tapmamış, rahatlığa öyrəşmiş insanların baxışlarını, getdikcə qorxaq baxışların aldığı zamanın insanların üzərindəki sıxıntısını ifadə edir. Müəllifin insanın məkanla olduğu qədər, zamanla da uzlaşa bilməməsi ilə bağlı yaratdığı təsvirlər əsərin ən həyəcanlı məqamını təşkil edir. Əslində, yazıçını dövrün realist “hekayəçi”lərindən fərqləndirən ən mühüm xüsusiyyət onun hekayələrində insan ölçüsünün uğur qazanmasıdır.
Anarın əsərlərində başqa müəlliflərdən istifadə etdiyi mətnlərdə bütün yerli sözlər toxunulmaz olaraq qalır. O, bununla xalq dilinin səs ahəngini göstərmək istəyir. Qəhrəmanlarının danışıqlarında sünilik yaratmır. Onun “kəndliləri”nin danışıqlarında zərrə qədər şəhərli olma iddiaları olmur.
Yeri gəlmişkən, bir şeyi də qeyd edək ki, yazıçı Anar çox sayda gənc yazarı ürəkdən dəstəkləyib, ictimaiyyətə təqdim edib. Bir həqiqət də var ki, o, öz yaradıcılığı ilə həyatı – sənəti, ədəbiyyatı öyrənmək, canlı xalq dilinin – şifahi və yazılı ədəbiyyatının zənginliyinə ürəkdən yiyələnmək istəyənlərə də daim yol göstərib.
Həyatı böyük şövqlə və zövqlə yaşayıb yazan yazıçı yaradıcılığının bütün dövrlərində insani hisslərin sözçüsü olub və olmaqda davam edir.
“Ədəbiyyat və incəsənət”
(14.02. 2023)
Gümüş böhranı və Şirvanşahlar - tarixə rakurs
Numizmatikanı həm də bir incəsənət sahəsi elan edənlər əsla yanılmırlar. Kağız əskinasların üzərində rəssamlıq elementləri qabardılır, sikkəkəsmə isə ümumən bir incəsənət elementidir.
Azərbaycan Milli Xalça Muzeyində düzənlənən tədbir də məhz bu cəhətdən diqqətçəkəndir. Orada “Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri” adlı mühazirə keçirilib.
Sözügedən mühazirə Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü Rüstəm Hüseynov tərəfindən təqdim olunub. O, Şərq ölkələri tarixində baş vermiş fenomen bir hadisə - “gümüş böhranı” və həmin dövrdə Şirvanşahlar dövlətinin öz sikkələrini zərb etməyə başlaması, tədricən bütün regiona böyük təsir göstərən, qonşu ölkələr üçün örnək olan müxtəlif nominallı sikkələr sisteminin yaradılması barədə təfərrüatlı məlumat verib.
Şəkillərdə: Şirvanşahlar dövrü sikkələri və mühazirədən fraqmentlər
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Sahib Məmmədov rusdilli yazarlara ustad dərsi keçib
Ölkəmizdə rusdilli ədiblər az deyil. Görkəmli xalq yazıçılarımız Çingiz Abdullayevdən, Elmira Axundovadan, Natiq Rəsulzadədən tutmuş ecazkar şairələrimiz Nigar Həsənzadəyə, Sabina Zulalovayadək, gənclərə - Sahib Məmmədova, Səidə Sübhiyədək. Bakıda, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) nəzdində Ədəbiyyat klubunun açılışı olub.
Məqsəd də elə məhz gənc rusdilli ədiblərə dəstək olmaqdır.
Birinci görüşün qonağı Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Beynəlmiləl Yazıçılar İttifaqının üzvü Sahib Məmmədov olub. O, şeir sənətinin əsas qaydaları və bədii yaradıcılıq barədə ustad dərsi keçib, gənc şair və müəlliflərin qarşılaşdığı əsas çətinliklər mövzusunda sualları cavablandırıb. Bu sayaq tədbirlər vaxtaşırı olacaq.
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)
Beynəlxalq Türk Akademiyası ilə Nazarbayev Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Beynəlxalq Türk Akademiyası ilə Nazarbayev Universiteti türkologiya və avrasiyaşünaslıq sahələrində əməkdaşlıq edəcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Nazarbayev Universitetinin rektoru Şigeo Katsu ilə görüşüb.
Görüşdə Türk ölkələrinin elmi müəssisələri ilə tədqiqatçıları arasında qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüş çərçivəsində Akademiyanın prezidenti Ş.Mustafayev ilə universitetin rektoru Ş.Katsu arasında türkologiya və avrasiyaşünaslıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd Nazarbayev Universitetində türkologiya üzrə magistr və doktorantura proqramlarının açılmasını dəstəkləmək məqsədi daşıyır.
Qeyd edək ki, görüşdə Nazarbayev Universitetinin Qazax dili və türkologiya elmləri kafedrasının müdiri Yulay Şamiloğlu və kafedranın professor-müəllim heyəti də iştirak ediblər.
“Ədəbiyyat və inəsənət”
(14.02.2023)
Sevgililər gününə özəl hədiyyə - “Gün keçdi” bədii filmi
Bu filmə dəfələrlə baxmışıq, sevə-sevə, təsirlənə-təsirlənə baxmışıq. Bu gün yenə baxacağıq. Bu özəl gündə - Sevgililər günündə nakam bir sevgi hekayəti ruhumuzu oxşayacaq.
Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə Kinematoqrafçılar İttifaqı klassik Azərbaycan filmlərinin nümayişinə başlayır. İlk nümayişdə tamaşaçılara bu gün “Azərbaycan" CinemaPlusda ("Hard Rock" kafesinin arxası) “Gün keçdi” filmi təqdim olunacaq.
Qeyd edək ki, “Gün keçdi” filmi 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub. Yazıçı Anarın “Kamikadze” hekayəsinin ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.
Filmin operatoru Rasim İsmayılov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. Mahnıların mətni Vaqif Səmədoğluna məxsusdur.
Filmdə Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Çingiz Əlioğlu (Camal), Turə Zeynalova (qonşu qadın) və digər aktyorlar çəkilib.
Bir axşam taksidən düşüb payıza,
Bilmədik hayana, hayana gedək…
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)
Peşəkarlıq - Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
“Ədəbiyyat və incəsənət”
(14.02. 2023)
Diqqət! Hekayə müsabiqəsi elan edilib
Ədəbiyyata verilən hər bir töhfə qiymətlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilib.
Müsabiqənin əsas tərəfdaşı “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, sponsoru “Hədəf Şirkətlər Qrupu”dur.
Sözügedən müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir. Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
Müsabiqənin şərtləri, hekayələrin mövzusu uşaq hüquqlarının müdafiəsini, cəmiyyətin müxtəlif çevrələrində gender bərabərliyinin pozulmasından irəli gələn ictimai məsuliyyəti, boşanmaların, əsasən, ailədəki uşaqlara vurduğu psixoloji zərbələri, yaratdığı mənəvi böhranları, eləcə də bu istiqamət üzrə digər aktual məsələləri əhatə etməlidir. Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır. Müsabiqəyə həcmi 2.000 (iki min) işarədən az, 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul edilir. Hekayənin mətni üçün tələblər şriftin qarnituru “Arial”, ölçüsü 12, sətirlərarası interval 1, faylın formatı “doc.” A4 olmalıdır. Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir. Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və pul ilə mükafatlandırılacaq. Birinci yerə – I dərəcəli diplom və 1000 manat, ikinci yerə – II dərəcəli diplom və 500 manat, üçüncü yerə – III dərəcəli diplom və 300 manat olaraq mükafatlar təqdim ediləcək.
Müsabiqə üçün hekayələrin qəbulu 2023-cü il mayın 1-də sona çatacaq.
Qeyd edək ki, 2023-cü il iyunun 1-də qaliblərin mükafatlandırılma mərasimi təşkil olunacaq.
Əlavə məlumat üçün əlaqə nömrəsindən (+994 77) 220 86 88) müraciət edə bilərsiniz. İştirakçılar tərəfindən hekayələr Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
“İllərin sənətkarı” - milli aşpazlar mükafatı təqdim olunub
Ötən gün Beynəlxalq Muğam Mərkəzində “İllərin sənətkarı” milli aşpazlar mükafatının təqdimat mərasimi keçirilib. Mükafatı “Azərbaycan Aşpazlar Gildiyası” və “Diyar.Az” qastronomiya xəritəsinin layihə rəhbəri, “Dünya Restoran İdmanı Federasiyası”nın vitse-prezidenti Nigar Əmirbəyova birgə təsis ediblər.
“Milli mətbəxin muğamı” adlı tədbirdə respublikanın qocaman, təcrübəli şef-aşpazları, tanınmış kulinarlar, elm və mədəniyyət xadimləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, eləcə də bu günlər Türkiyədə baş vermiş təbii fəlakət zamanı dünyası dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçılarından olan Nigar Əmirbəyova mərasimdə kulinariya sahəsində uzun illər təcrübəsi olan və öz peşəkarlığı ilə seçilən aşpazların, həmçinin bu sahənin nümayəndələrinin mükafatlandırılacağını bildirib. Əsas məqsəd Azərbaycan milli mətbəxinin usta aşpazlarına və bu sahənin tanıdılmasında əməyi keçən şəxslərə “İllərin sənətkarı” mükafatını təqdim etmək və onları gənc nəslə tanıtmaqdır. O, milli mətbəximizin dünyada təmsil edilməsində aşpazlarımızın rolunu xüsusi qeyd edib.
“Azərbaycan Aşpazlar Gildiyası”nın sədri İlkin Əkbərzadə bildirib ki, tədbirdə uzun illər milli kulinariyamızı, mətbəximizi ölkəmizdə və xaricdə layiqincə təmsil edən və 45-50 il təcrübəsi olan usta sənətkarlar iştirak edirlər. Məqsəd paytaxtda və bölgələrdə yaşayan təcrübəli aşpazlarımızı ictimaiyyətlə yaxından tanış etməkdir. “Bu gün paytaxtdan və regionlardan olan 40-a yaxın aşpaz mükafatlandırılacaq. Tədbirimizə, həmçinin peşə təhsili müəssisələrindən gənc aşpazlar da dəvət olunublar. Çünki gənc nəslin qocaman aşpazlarımızı yaxından tanıması onların püxtələşməsinə, milli kulinariyamızı dünyada layiqincə tanıtmalarına təkan verəcək. Cəmiyyətimizdə bu sahədə fəal olan çoxsaylı gənclərimiz var və ümid edirəm ki, onlar səy göstərərək bu sahənin inkişafına öz töhfələrini verəcəklər”, - deyə İlkin Əkbərzadə vurğulayıb.
İ.Əkbərzadə “Azərbaycan Aşpazlar Gildiyası”nın fəaliyyətindən, milli mətbəximizin təbliği istiqamətində görülən işlərdən və həyata keçirdikləri layihələrdən də danışıb.
Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov, “DAİR Hotellər və Restoranlar” Assosiasiyasının sədri Samir Dübəndi, Türkiyə Dənizli Gənc Aşpazlar Cəmiyyətinin nümayəndəsi Süleyman Kursak təşkilatçılara minnətdarlıqlarını bildirib, milli mətbəximizin, Azərbaycan kulinariyasının müxtəlif beynəlxalq festivallarda təmsil və təbliğ olunmasında qocaman aşpazların fəaliyyətini yüksək qiymətləndiriblər.
Çıxış edənlər aşpazlıq peşəsinin özəlliklərindən söz açıb, milli mətbəximizin öyrənilməsində, bu sahədə ənənələrin qorunub saxlanılmasında, kulinariyamızın beynəlxalq səviyyədə tanıdılmasında, dünya miqyasında təbliğində gənc aşpazlara tövsiyələrini veriblər. Həmçinin kulinariya, aşpazlıq sənəti sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmağın vacibliyi vurğulanıb.
Daha sonra “İllərin sənətkarı” milli mükafatı təqdim edilib. Təltif edilənlər arasında Azərbaycan milli mətbəxinin usta aşpazları ilə yanaşı, kulinariya sahəsində çalışanlar da olub.
Mükafatçılar onların fəaliyyətini yüksək səviyyədə qiymətləndirdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
Sonra peşəkar aşpazlar tərəfindən hazırlanan Azərbaycan milli mətbəxinin incisi sayılan “Şah plov” qonaqlara təqdim edilib.
Qonaqlar, həmçinin milli mətbəximizin ləziz təamlarından, müxtəlif şirniyyatlarından dadıblar.
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)