Super User

Super User

 

Azərbaycanın Xalq artisti Əliabbas Qədirovun bu gün doğum günüdür, anadan olmasının 77-ci ildönümüdür.

 

Xalq artisti 1946-cı il fevralın 13-də Bakıda dünyaya gəlib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilib. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” tamaşalarında maraqlı rollar yaradıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Azərbaycan Milli Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. O, ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. 

Əliabbas Qədirov 1970-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir. Aktyor 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.

O, daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda "gizli" görünən, ancaq duzlu və cazibəli yumor vardı. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edirdi.

Xalq artisti oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. 

Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb. "Sevinc buxtası" filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb.

Televiziyada "Komediyalar aləminə səyahət" verilişinin ilk aparıcısı olan Əliabbas Qədirov uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 

Aktyor 2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Bazar ertəsi, 13 Fevral 2023 14:35

Görkəmli rejissor Vadim Abdraşitov vəfat edib

 

Yenidənqurma illərində postsovet məkanında ekranlara çıxan “Plumbum, yaxud təhlükəli oyun” filmi on milyonlarla baxış əldə etmişdi, çünki orada sovet cəmiyyətinin gerçək, gizlədilən siması göstərilirdi. Fiımin rejissoru Vadim Abdraşitov iti. 

 

SSRİ-nin və Rusiyanın Xalq artisti, rejissor Vadim Abdraşitov ötən gün 79 yaşında vəfat edib.

“Ədəbiyyat və incəsənət” TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqraflar İttifaqı məlumat yayıb. Məlumata görə, məşhur rejissor koronavirusun fəsadları səbəbindən dünyasını dəyişib. 

Vadim Abdraşitovun “Rəqqasın vaxtı”“Tülkü ovu”, “Qulluqçu” filmləri də çox məşhur olub. O, Nika, Qızıl şir mükafatıarı laureatı idi.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

 

Təbrizdə Azərbaycan ədəbiyyatı yaşayır, inkişafdadır, kitablar çıxır, təqdimatlar keçirilir. “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla növbəti bir tədbir barədə məlumat verir. 

 

Təbriz şəhərində Güneyli şair Aydın Baxışın “Səni çöldən tapmamışam” adlı şeir kitabının təqdimatı keçirilib və kitabın satışından toplanan maddi dəyər Xoy şəhərində zəlzələdən zərər görənlərə  bağışlanıb.

Təqdimatda Güneyli tanınmış şairlər çıxış edərək kitabın və Aydın Baxışın yaradıcılığı haqda danışıblar. 

Təqdimatda tanınmış şair Nadir ilahi və etimologiya alimi Həsən Umudoğlu da  iştirak ediblər. Təqdimatın aparıcısı Güneyli şair Bəxtiyar Nizami olub.

Gənc solo saz ifaçısı Əmin Cövdət ifasından öncə Türkiyə və Xoy zəlzələsində dünyasını dəyişənlərə görə bir dəqiqə ayaq üstə sükut elan edilibdir. 

Musiqi və şeir dolu bir axşamda Sevər Şəhabi, Şahin Muradi, Mərcan Mənafzadə, Nadir İlahi, Həsən Umudoğlu, Hüseyin Misri, Əli Çağla, Xosrov Sərtipi,  Rövşən İbrahımzadə, Ramin Yaşar, Sevil Qulami şeirlərini İfa ediblər.

Təqdimat Bəsarəti Musiqi akademiyasında keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

“Ataşah” MMC 2023-cü ildən fəaliyyət göstərən, ölkə daxilində və ölkə xaricində istehlakçını insan sağlamlığı üçün hədsiz faydası olan bioloji aktiv ərzaq əlavələri və ərzaq məhsulları çeşidləri ilə təmin edən bir ticarət nişanıdır. 

 

Hal-hazırda “Ataşah” kompaniyası müxtəlif bölgələrdə ekoloji təmiz üsulla yetişdirilmiş bitkilərdən soyuq sıxım yolu ilə bitki yağlarını istehsal edir. Məhsulların xüsusi qablaşdırmada, özünəməxsus nəcib dizaynla təqdim edilməsi keyfiyyətin daha üstün olan göstəricisidir. Amma bu, ən vacib olanı deyil. Ən vacib olanı odur ki, “Ataşah” brendi altında çıxan yağlar bitkilərin faydalı xüsusiyyətlərini tam saxlamaq üzrə ən effektiv metod olan kriogen texnologiyası yolu ilə istehsal edilir, bu yağlar sağlamlığın və uzunömürlülüyün keşiyində dayanır.

Bundan başqa, “Ataşah” Azərbaycanın cənub bölgəsinin dağətəyi ərazisində, elit seleksiya sortlarından salınmış çay plantasiyalarında aparıcı çay mütəxəssislərinin rəbərliyi altında yetişdirilmiş ”PREMİUM ÇAY”ı qablaşdırıb istehlakçıya çatdırır. 

“ATAŞAH”-ın eksklüziv sifarişi olan, 100% ekoloji təmiz, zərif ətirli, gözəl tama malik bu çay bütün gigiyenik və texnoloji şərtlər nəzərə alınmaqla iyul-avqust aylarında bir və ikiyarpaqlı fleşlərdən seçilərək  yığılır  və “Astaraçay” fabrikində emal edilərək qablaşdırılır.

Bundan başqa, “Ataşah” Azərbaycanın şimal zonalarında arıçıların yetişdirdiyi ən keyfiyyətli və saf bal məhsullarını sağlam yaşamaq amacında olan ailələrin mənzillərinə çatdırır.

“Ataşah” bir Azərbaycan brendi olaraq Azərbaycanın doğal və ləzzətli təamlarını dünya alıcılarına çatdırmaqla həm də Azərbaycanı dünyaya sevdirir. Təsadüfi deyil ki, şirkətin çağırış mətni “Sizlərə sevgiylə”dir. 

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Hümbət Həsənoğludan növbəti 10  aforizmi nəzərinizə çatdırırıq. 

 

 

1)Qulağını qapıya şəklədiyin kimi həyata şəkləsən, xoşbəxtliyin yaxınında olduğunu hiss edəcəksən.

2)Cəsarətli olmasan, öz sərhədlərinin hüdudlarını heç vaxt bilməyəcəksən.

3)Sənə olan münasibətin göstəricisi söz yox, əməldir.

4)Xoşbəxtlik ona vərdiş edənin deyil, onu dəyərlən­dirənin yanında qalar.

5)Xoşbəxtlik xəstəliyinə tutulasan, həkim də deyə ki, çarəsi yoxdur.

6)Yaxşılıqları da, pislikləri də keçməlisən ki, ən böyük dəyər – şəxsi təcrübə əldə edəsən.

7)İnsan çox şey bacarar, amma “əlvida” sözünü gülə­rək deyə bilməz.

8)Səadət qəlbində, fikrində, yanında eyni insanın olmasıdır.

9)Kişiyə ən böyük tərif ən pozğun qadının onu sev­məsidir.

10)Hamı ilə dil tapmağın ən yaxşı yolu susmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

“Mən mütaliə etməyi sevirəm, kino tarixi ilə bağlı kitabları maraqla oxuyuram. Son dəfə oxuduğum kitab alman yazıçısı Henrix Böllün əsərləri olub”.

Bu sözləri Lent.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev deyib. Daycest bölümündə həmin müsahibəni diqqətinizə çatdırırıq. 

 

- Cəmil müəllim, 2010-cu ildə Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu saziş çərçivəsində hansısa itmiş filmlərimiz barədə məlumat almaq və ya onları öz film fondumuza gətirmək mümkün oldu?

- Bəli, 2010-cu ildə Azərbaycan Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondu arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş çərçivəsində Azərbaycanda olmayan vaxtı ilə itirilmiş bədii filmlər bərpa olunub Azərbaycana gətirildi. Bunların arasında “Əvəz Əvəzə” (1925), “Dəcəl dəstə” (1937), “Bir ailə” (1943), “Bakının işıqları”(1950), “Doğma xalqımıza” (1954), “Payız konserti”(1962) və başqalarının adını çəkmək olar.

- Sovet rəhbəri Stalin hansı filmlərimizin yayımlanmasına qadağa qoymuşdu?

- SSRİ dövründə “Bir ailə” (1943), “Bakının işıqları”(1950) və bir neçə başqa bədii filmlərə qadağa qoyulmuşdu, lakin sonradan qadağa götürüldü və bədii filmlər bərpa olunaraq Azərbaycana gətirildi.

- Sovet dönəmində senzuraları aşmaq çətin idi. Məsələn Dədə Qorqud kimi bir film bizim əsl soy-kökümüzə qayıdış idi. Nə əcəb bu filmin çəkilməsinə, göstərilməsinə icazə verilmişdi?

- Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” kimi tarixi filmlər çəkilib və “Dədə Qorqud” filminin ərsəyə gəlməsində Heydər Əliyevin böyük rolu olub.

- Azərbaycan kinosunun ən bahalı filmi hansı film idi? Ən çox gəlir gətirən film haqqında nə danışa bilərsiniz?

- SSRİ dövründə ən çox gəlir gətirən filmlər sırasında “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Uzaq sahillərdə” (1958), “Babək” (1979), “Arxadan vurulan zərbə” (1977) filmləri idi. Azərbaycan kinosunun ən bahalı filmi isə 1979-cu ildə lentə alınmış “Babək” filmi sayılır. Açığını desək, SSRİ dövründə filmlərin gəlir məbləği, onlara ayrılan büdcə sirr kimi saxlanılırdı, yalnız ümumi şəkildə ən çox gəlir gətirən və baxılan filmlərin adı çəkilirdi.

- II Qarabağ müharibəsi ilə bağlı arxiv üçün hansısa lentlər çəkilib?

- Birinci və ikinci Qarabağ müharibələri ilə bağlı xronikal materiallar əsasən Azərbaycan televiziyasının video arxivindədir, başqa televiziyaların arxivlərində də müəyyən materiallar var.

- İnternet çox adamın mütaliəyə həvəsini azaldıb. Sizin həvəsiniz varmı? Son dəfə hansı kitabı oxumusunuz?

- Mən mütaliə etməyi sevirəm, kino tarixi ilə bağlı kitabları maraqla oxuyuram. Son dəfə oxuduğum kitab alman yazıçısı Henrix Böllün əsərləri olub.

 - İmkan olsa, hansı əsəri özünüz çəkərdiniz?

- Görkəmli Azərbaycan dramaturqu Süleyman Sani Axundovun ədəbi irsinə müraciət edərdim.

- Hansı əsərin ekran versiyasını görmək istəyərdiniz?

- ABŞ yazıçısı C.Selincerin əsərlərinin ekran versiyasını görmək istəyərdim.

- Dünyanın hansı ölkəsinə səfəriniz sizin üçün unudulmazdır?

- 2015-ci ildə İtaliyanın Neapol şəhərində konfransda olmuşam. Bu səyahət mənim üçün unudulmazdır. Bu səfərdə maraqlı insanlarla görüşlərim oldu. Şəhərin gözəl və bənzərsiz memarlıq abidələri unudulmaz təsir buraxıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Bazar ertəsi, 13 Fevral 2023 15:00

Tektonik silahdan söhbət belə gedə bilməz

Azər Əhmədov,

 

ABŞ-da yaşayan alim

 

4-cü sinifdə yaxşı bir təbiətşünaslıq müəllimimiz var idi, əməkdar müəllim Gülarə Babayeva. 5-8-ci siniflərdə bizə coĝrafiya dərsi deyirdi. Kabinetində iri xəritələr asmışdı. Bir dəfə soruşdum ki, müəllim, Cənubi Amerikanın orasıyla Afrikanın burası bir-birinə oxşayır, elə bil ki, birimişlər, qopublar, niyə belədir? 

 

Çox məmnun qalmışdı sualımdan. Gəlib evdə atama da dedim, atam da sevinmişdi ki, belə bir müşahidə edə bilmişəm. Sonralar oxumuşdum ki, ilk dəfə bu müşahidəni edən və Yer səthində tektonik platoların hərəkətdə olması nəzəriyyəsinin əsasını qoyan (continental drifting theory) alman alimi Alfred Wegener (1880-1930) olub, amma o dövr alimlərin çoxu Wegenerin bu nəzəriyyəsinə gülüb onu ələ salırmışlar.

Coĝrafiya dərslərimizdə həm də öyrənmişdim ki, Hindistan təxminən 200 milyon il əvvəl Avstraliyadan (Pangea qitəsindən) qopub uzun bir məsafə qət edərək gəlib Avrasiyaya birləşib, Hindistan platosu Avrasiya platosuna keçib irəlilədikcə Himalay daĝları yaranıb (50 milyon il əvvəl başlamış bu daxilolma hərəkəti hələ də davam edir, Himalay daglarnın hündürlüyü cüzi də olsa hələ də artmaqdadır!). 

Yaxud Avstraliya 30 milyon il əvvəl Antarktikadan qopub aralanıb və s..

Yerdə 7 (yaxud 8 ) əsas tektonik plato, 10-dan artıq daha kiçik platolar, bir xeyli də mikroplatolar var. Bu tektnoik platoların hərəkət səbəbləri mürəkkəbdir, zəlzələlər adətən iki (və daha artiq) platonun təmas nöqtələrində olur. Bu təmasların təbiəti də fərqli-fərqli ola bilir, bundan çox şey asılıdır. Ümumiyyətlə, Yer geoloji cəhətdən çox aktiv bir planetdir, bu aktivlik zəlzələ, vulkan və s. fəlakətlərə səbəb olsa da, bu, həm də o deməkdir ki, Yer canlı bir planetdir, Ay kimi, bəzi digər planetlər/peyklər kimi ölü deyil. Buna biz əslində sevinməlyik. İndiki güney-doĝu Türkiyədə 3 plato görüşür  (Avrasiya, Anadolu və ərəb platoları), bu ərazi seysmik olaraq hər zaman təhlükəlidir. Son 100 ildə 7.8 və daha artıq gücdə zəlzələ elə də çox olmayıb, olanların da bəziləri nisbətən ucqar yerlərdə baş verib, böyük insan tələfatına səbəb olmayıb. Yeri gəlmişkən, Rixter şkalası loqarifmik bir şkaladır, məsələn 8 və 7 balliq zəlzələlərin fərqi 8-in 7-yə nisbəti deyil, bundan xeyli (dəhşətli dərəcədə!) daha artıqdır!  Bununçün Türkiyədəki indiki zəlzələni 2000-ci ildə Bakida baş verən zəlzələ ilə müqayisə etmək doĝru olmaz.  Əlbəttə, daha keyfiyyətli binalar və s. tələfatin az olması demək olardı, amma bu barədə danışarkən 7.8 rəqəminin çox qorxunc olduĝunu yaddan çıxarmayaq gərək.  Hadisədən dərhal sonra Azərbaycandakı bəzi məsuliyyətsiz mətbuat nümayəndələrinin “tektonik silah” barədə yazdıqlarını gördüm. Əminliklə deyirəm ki, belə bir “silah” yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

1.

Qarabağ müharibəsinin iştirakçısı Vüsal Hətəmov türk millətinin qan yaşlarına, parçalan ürəyinə şeir yazıb. 

 

Çarəsiz ata şəkliyəm,

dünyaya hayqıran.

Qızımın bu soyuq əli qədərdir

 dünyam.

Eşit!

Ey dünya malından doymayan!

Dünəni sevinc, 

bu günü kədərdir

 dünyam.

 

Partlar ürəyim, qızım darda.

Yaxınıq? Sən harda, mən harda?!

Qoysanız mən də ölüm burda,

Aramızda sipərdir dünyam.

 

Bəhrü dənizlər sizin olsun,

Nökər-kənizlər sizin olsun,

Qəsri-hədsizlər sizin olsun,

Bundan sonra hədərdir dünyam.

 

2.

Abdülkadir Özkanın (qapaq fotosunda)  “Məcik böcək”  hekayəsi bu sözlərlə bitir:

“(...) Və indi çantamı yığışdırıb gedirəm. Kim deyərdi ki, Məcik Böcək bir gün bu evdən gedəcək! Sağlıqla qalın və məni unutmayın. Diqqət edin, dəyişiklik zərərvericilərindən qaçın”.

Min təəsüflər olsun ki, gənc yazıçı, tərcüməçi, şair, Azərbaycan ədəbiyyatının yaxın dostu Abdülkadir Özkan Türkiyənin Qəhrəman Maraş şəhərində ailəsi ilə birlikdə  dağıntılar altında qalaraq  dünyasını dəyişib. 

Yazıçı Təranə Vahid yazır: “Abdülkadiri həyatda görməmişəm. Fb dostum idi, bir gün yazdı ki, hekayələrinizi göndərin, tərcümə edim. Təşəkkür etdim, yazdım ki, artıq Türkiyədə kitabımı çapa hazırlayıblar, sən hekayəni göndər mən çevirim. “Məcik böcək” ( Sehirli böcək) adlı hekayəsini dilimizə uyğunlaşdırdım. Hekayə 2020-ci ildə  “Ulduz” jurnalında çap olundu. 

Gənc yazar dostumuzun istedadı, həssas ürəyi, incə yumoru, zəhmətkeşliyi məni heyran etmişdi. Mən Abdülkadirin  ədəbiyyada yeni cığır açacağına inanırdım. 

Üç gündür dua edirik, dua edirik ki, dağıntılar altında qalan soydaşlarımız sağ qalsın, dua edirik ki, Abdülkadirə - bu işıqlı oğlana ölüm qıymasın... Nə yazıq ki qıydı. 

Heyif səndən, əziz dostumuz, qardaşımız, istedadlı balamız, səni unutmayacağıq...”

 

3.

Fransanın "Charlie Hebdo" nəşrinin zəlzələ ilə bağlı iyrənc karikaturasına cavab olaraq, qrafik dizayner Abrar Sabbah da bu karikaturanı (fotoda) çəkib və belə yazb: "Bu güçlü millet yeniden ayağa kalkacak!"

 

4.

Daha bir neçə türkiyəli məşhur zəlzələ nəticəsində zərərçəkənlərə dəstək olmaq üçün yardım kampaniyalarına qoşulublar.

Tarkan - 1 milyon lirə;

Bülent Ersoy - 1 milyon lirə;

Ebru Gündeş - 500 min lirə;

Murat Boz - 500 min lirə;

Can Yaman - 250 min lirə.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Bakıda Tofiq Quliyevin abidəsinin açılması mədəniyyət tariximiz üçün olduqca əlamətdar hadisədir. Abidənin açılışında ölkə başçısının iştirakı olduqca xoş ovqat yaratdı. Bu tarixi əsərə baxarkən dahi bəstəkarın dəqiq anatomik cizgiləri ilə yanaşı, yüksək daxili psixoloji aləminin də uğurlu həllini görmək olur. Doğurdan da abidə böyük ustalıqla işlənilib. 

Bu fikirlə Azərbaycan Dövlət Kamera Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova məxsusdur. 

 

Fuad İbrahimov qeyd edib ki, açılış mərasimində Prezident İlham Əliyevin Tofiq Quliyevin sənəti haqqında dediyi “Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir”, - sözləri dövlətimizin başçısının sənətə və sənətkara verdiyi böyük dəyərin göstəricisidir.

Əməkdar artist bildirib ki, Tofiq Quliyevin mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb: “O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaldıb. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyurdu. Tofiq Quliyev, həmçinin Azərbaycan estrada musiqisinin yaradıcılarındandır”.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Zərnigar Ağakişiyevadır..

 

 

ZƏRNİGAR AĞAKİŞİYEVA

(1945-2018)

***

Bir dəfə çox istedadsız bir rejissor həm də aktyor olmaq fikrinə düşmüşdü. Quruluş verdiyi tamaşada özü də baş rol oynayırdı. Adamı var idi deyə, hamı dözürdü. Açığı, onun tamaşasının necə olacağını təsəvvür etdiyimdən premyeraya getmədim. Tamaşadan sonra məni teatrda görüb:

– Gördünüz də mənim tamaşamı, Zərnigar xanım, bomba partlatdım.

– Baş rolda kim oynayırdı? – xəbər aldım.

– Kim olacaq, özüm, – şəstlə cavab verdi.

Gülümsəyərək:

– Bəs onda, quruluşçu rejissor rolunu kim oyanyıb görəsən? – soruşdum.

Adam tərs-tərs üzümə baxıb, uzaqlaşdı.

 

 “Ədəbiyyat və incəsənət”

(13.02.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.