Şeir, vəsiyyət, karikatura - Zəlzələ gündəliyindən Featured

1.

Qarabağ müharibəsinin iştirakçısı Vüsal Hətəmov türk millətinin qan yaşlarına, parçalan ürəyinə şeir yazıb. 

 

Çarəsiz ata şəkliyəm,

dünyaya hayqıran.

Qızımın bu soyuq əli qədərdir

 dünyam.

Eşit!

Ey dünya malından doymayan!

Dünəni sevinc, 

bu günü kədərdir

 dünyam.

 

Partlar ürəyim, qızım darda.

Yaxınıq? Sən harda, mən harda?!

Qoysanız mən də ölüm burda,

Aramızda sipərdir dünyam.

 

Bəhrü dənizlər sizin olsun,

Nökər-kənizlər sizin olsun,

Qəsri-hədsizlər sizin olsun,

Bundan sonra hədərdir dünyam.

 

2.

Abdülkadir Özkanın (qapaq fotosunda)  “Məcik böcək”  hekayəsi bu sözlərlə bitir:

“(...) Və indi çantamı yığışdırıb gedirəm. Kim deyərdi ki, Məcik Böcək bir gün bu evdən gedəcək! Sağlıqla qalın və məni unutmayın. Diqqət edin, dəyişiklik zərərvericilərindən qaçın”.

Min təəsüflər olsun ki, gənc yazıçı, tərcüməçi, şair, Azərbaycan ədəbiyyatının yaxın dostu Abdülkadir Özkan Türkiyənin Qəhrəman Maraş şəhərində ailəsi ilə birlikdə  dağıntılar altında qalaraq  dünyasını dəyişib. 

Yazıçı Təranə Vahid yazır: “Abdülkadiri həyatda görməmişəm. Fb dostum idi, bir gün yazdı ki, hekayələrinizi göndərin, tərcümə edim. Təşəkkür etdim, yazdım ki, artıq Türkiyədə kitabımı çapa hazırlayıblar, sən hekayəni göndər mən çevirim. “Məcik böcək” ( Sehirli böcək) adlı hekayəsini dilimizə uyğunlaşdırdım. Hekayə 2020-ci ildə  “Ulduz” jurnalında çap olundu. 

Gənc yazar dostumuzun istedadı, həssas ürəyi, incə yumoru, zəhmətkeşliyi məni heyran etmişdi. Mən Abdülkadirin  ədəbiyyada yeni cığır açacağına inanırdım. 

Üç gündür dua edirik, dua edirik ki, dağıntılar altında qalan soydaşlarımız sağ qalsın, dua edirik ki, Abdülkadirə - bu işıqlı oğlana ölüm qıymasın... Nə yazıq ki qıydı. 

Heyif səndən, əziz dostumuz, qardaşımız, istedadlı balamız, səni unutmayacağıq...”

 

3.

Fransanın "Charlie Hebdo" nəşrinin zəlzələ ilə bağlı iyrənc karikaturasına cavab olaraq, qrafik dizayner Abrar Sabbah da bu karikaturanı (fotoda) çəkib və belə yazb: "Bu güçlü millet yeniden ayağa kalkacak!"

 

4.

Daha bir neçə türkiyəli məşhur zəlzələ nəticəsində zərərçəkənlərə dəstək olmaq üçün yardım kampaniyalarına qoşulublar.

Tarkan - 1 milyon lirə;

Bülent Ersoy - 1 milyon lirə;

Ebru Gündeş - 500 min lirə;

Murat Boz - 500 min lirə;

Can Yaman - 250 min lirə.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.