Super User

Super User

Yazıçı Xeyrəddin Qocanın satirik “Reklam” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır. 

 

 

Reklam

 

Başınız sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər ölür, gedir o dünyaya. Uzaqdan musiqi, çal-çağır səsi eşidilir. Yaxınlaşır, görür burada kefdir. Musiqi bir tərəfdə, huri-qılmanlar bir tərəfdə, yemək-içmək bir tərəfdə. Quşlar cəh-cəh vurur. Gül bülbülü çağırır, bülbül də gülü. Xülasə, adam baxanda hayıl-mayıl olur. Soruşur ki, bura haradır, deyirlər cəhənnəmdir. Ömrünü bizlərə bağışlayıb gedən də fikirləşir ki, bu dünyada çox fırıldaq işlər görüb, onsuz da cənnətə gedə bilməyəcək, elə cəhənnəm də pis deyil. Odur ki, dillənir:

- Məni göndərin cəhənnəmə.

Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək, nə də quşların cəh-cəhi. Baxır ki, bədheybət inkir-minkirlər mizan-tərəzi qurublar, özlərinin də əllərində yekə-yekə toppuzlar kəsdiriblər bunun başının üstünü, haqq-hesab soruşurlar. Yalan danışsa, toppuzlar dəyəcək başına. Qorxa-qorxa heyvərə bir inkür-minkirdən soruşur:

- Bəs bura cəhənnəm deyil?

İnkir-minkir cavab verir:

- Özüdür ki, var!

Rəhmətlik soruşur ki, bəs haradadır o gördüyüm kef, huri-qılmanlar?..

İnkir-minkir daha qoymur kişi sözünü bitirsin, toppuzu təpəsinə ilişdirib cavab verir:

- Ay bədbəxt, sənin gördüklərin reklam idi...

 

Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Çərşənbə, 15 Fevral 2023 12:00

“Dizim sındı və mən... aktyor oldum”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Səməndər Rzayevdir.

 

SƏMƏNDƏR RZAYEV

(1945-1986)

***

Ailəmiz çətinliklə, qıtlıq, kasıblıq içində dolanırdı. Anam adımı qısaldaraq mənə Səməni deyirdi. Kasıbçılığı uşaq hissiyyatı ilə duyur, ailəyə kömək etmək üçün nə iş olsa gedirdim. Mən pul qazanmağa başlayanda hələ çox balaca idim.

Bir gün tay-tuşlarımla kənd klubunun yanında oynayanda açıq qapıdan divarlara vurulmuş plakatları gördüm. Mənin baxışlarım klub müdirəsinin diqqətindən yayınmadı. 

– Niyə elə baxırsan, oğlum, xoşuna gəlir? – soruşdu.

– Yox, baxıram ki, mən bunlardan yaxşı çəkərəm, yazaram, rəngləri daha yaxşı yaraşdıraram bir-birinə, – cavab verdim.

– Çək gətir, baxaq, xoşuma gəlsə, bunların yerinə sən çəkənləri asaram.

İki gün sonra iri bir plakatı qucağıma alıb kluba getdim. Müdirə məni görəndə heyrətini gizlədə bilmədi.

– Nə məsuliyyətli uşaqsan. Halal olsun, – deyib, çəkdiyim plakatı klubun ən görkəmli yerinə asdı. Üstəlik mənə zəhməthaqqı da verdi.

Bu minvalla anamın kasıb süfrəsi oğul qazancı görməyə başladı.

 

***

Bir gün qazandığım pulu anama verib tay-tuşlarımla oynamağa getdim. Yağışdan sonra yer palçıqdan sürüşkən olmuşdu. Birdən üstündə oynadığımız  körpüdən sürüşüb üzüaşağı yuvarlandım, dizimdən ağır zədə aldım. Diz qapağım sındı, düz dörd ilə yaxın gah xəstəxanada, gah evdə müalicə olundum.

Elə gələcək həyatım da o vaxt müəyyənləşdi. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacım olmadığından bu sənətin sehrinə düşdüm. Xüsusən “Arxip baba və Lyonka” radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsi mənim aktyor olmağımda önəmli rol oynadı.

Orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olundum, özü də Rza Təhmasib kimi bir nəhəngin kursuna düşdüm. Daha doğrusu, imtahan götürən Rza Təhmasib öz kursuna yığdığı uşaqlar arasında mənim adımı qırmızı haşiyəyə aldı.

İlk vaxtlar Rza Təhmasib mənim filmə çəkilməyimə, teatrda işləməyimə icazə vermirdi:

– Tələsmə, hələ püxtələş, öyrən, tez məşhurlaşsan, tez də məhv olarsan, – deyirdi.

Ona görə də yalnız institutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ qazandım.

 

 “Ədəbiyyat və incəsənət”

(15.02.2023)

 

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

10. Öz xarakterini idarə etmək.

Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.

İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.02. 2023)

 

Çərşənbə, 15 Fevral 2023 10:45

İslam Səfərlinin 100 illiyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi İslam Səfərlinin 100 illik yubileyinə həsr olunmuş “Bir şair ömrü” adlı tədbir keçirilib.

 

Baş İdarənin məlumatına görə, tədbirdə şairin zəngin yaradıcılığı, lirik və vətənpərvərlik ruhlu, doğma Azərbaycanı tərənnüm edən şeirləri, bir-birindən maraqlı poemaları, dram əsərləri, eyni zamanda, tərcüməçilik fəaliyyəti haqqında geniş söhbət açılıb.

İslam Səfərlinin əsərlərindən ibarət elektron kitab sərgisi, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, nəğməkar şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Sonda ədibin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər və kitabxanaya kitablar hədiyyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNDƏ ONUN BARƏSİNDƏ 100 RƏY

 

Keçən əsrin 60-cı illəri Cənubi Qafqazın siyasətində, iqtisadiyyatında, eləcə də, mədəniyyətində baş verən mühüm dəyişikliklərlə yadda qalıb. Həmin illərdə Heydər Əliyevin Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın iqtisadiyyatı və bütövlükdə ölkənin bütün sahələrdə inkişafında mühüm rol oynadı. 

Bu sözləri Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini AzərTAC-ın Gürcüstan müxbiri ilə bölüşərkən söyləyib. 

 

O deyib: “Mən o xoşbəxt insanlardan biriyəm ki, onunla bir neçə dəfə görüşmüşəm. Keçən əsrin 90-cı illərində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru idim. Universitetin Ali Şurasının qərarı ilə Heydər Əliyev TDU-nun fəxri doktoru adına layiq görülmüşdü. Həmin ilin yazında o, böyük nümayəndə heyəti ilə Tbilisiyə səfərə gəldi. Aprel ayının əvvəlində Heydər Əliyev nümayəndə heyəti ilə TDU-ya baş çəkdi. Heyətə siyasətçilər, Milli Məclis sədri, akademiklər Ziya Bünyadov və İqrar Əliyev kimi görkəmli tarixçilər daxil idi. Təntənəli mərasimdə Gürcüstan Prezidenti Eduard Şevardnadze də iştirak edirdi. Mən rektor olaraq TDU-nun fəxri doktoru mükafatını Heydər Əliyevə təqdim etdim. O, çox məmnun idi. Çıxışında necə səmimi insan olduğunu göstərdi”.

Akademikin sözlərinə görə, mükafat münasibətilə Eduard Şevardnadze, alimlər və tələbələr də Ulu Öndəri təbrik ediblər. Onun çıxışı çox yaddaqalan olub: “O, gürcü xalqına böyük sevgisindən danışdı, universitet və tələbələrə xoş sözlər ünvanladı. TDU-nu Bakı Dövlət Universiteti ilə müqayisə edərək, bu haqda öz fikirləri ilə bölüşdü, həmçinin yaxın illərdə BDU-nun yubileyinin keçiriləcəyini bildirdi. Belə bir təntənəli mərasimdə mən onun TDU-nun fəxri doktoru seçilməsi ilə bağlı və bu ada layiq görülməsi haqda fikirlərimi bölüşdüm. Sonda diplom və medalı ona təqdim etdim. Mərasimdə Eduard Şevardnadze təbrik nitqini söylədi. Sonra biz üçümüz – mən, Heydər Əliyev və Eduard Şevardnadze bir yerdə söhbət edərək bir çox məsələlərin müzakirəsini apardıq. Biz söhbət əsnasında bütövlükdə Qafqazın inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu ilk görüş xatirəmdə böyük iz buraxıb.

Heydər Əliyev böyük siyasətçi olaraq həmin illərdə Azərbaycanda nəinki iqtisadiyyatın, həmçinin mədəniyyət və elmin inkişafına da xüsusi diqqət yetirirdi. Mən deyərdim ki, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bu ölkə mədəniyyət sahəsində öz intibah dövrünə qədəm qoyub. Bu illərdə həm Gürcüstan, həm də Azərbaycan iki dövlət başçısının rəhbərliyi altında bir çox mədəniyyət sahəsində keçirilən festivalların qalibi olublar. 

Ulu Öndərlə ikinci görüşünü xatırlayan akademik deyir: “Onunla ikinci dəfə 1998-ci ildə görüşüm oldu. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) 80 illik yubileyi qeyd edilirdi. Mən Bakıya yollanan nümayəndə heyətinə rəhbərlik edirdim. Yubiley tədbirində Türkiyənin təxminən 15 rektoru iştirak edirdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi də mərasimə qatılmışdı. Heydər Əliyev rektorlarla ayrıca görüş keçirməyə qərar verdi. O, çıxış edəndən sonra söz rektorlara verildi. İlk öncə türkiyəli rektorlar çıxış etdi, mən və Viktor Sadovniçi qaldıq. MDU rektorunun çıxışından sonra söz mənə verildi. Fikirləşdim ki, iki saatlıq görüşdən sonra Heydər Əliyev yorğun ola bilər. Mən ona müraciət edərək xatırlatdım ki, rektoru olduğum TDU-nun fəxri doktorudur. O, şad olduğunu söylədi və 40 dəqiqə ərzində Gürcüstan və bizim dostluğumuzdan danışdı. Heydər Əliyev böyük mənəvi zənginlik saçan insan idi. Onun gördüyü işlər o qədər böyükdür ki, bütün miqyasını dəyərləndirmək mümkün deyil. Mən deyərdim ki, Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri olub”.

R.Metrevelinin fikrincə, dünyada bir nömrəli adamlar olub, ancaq Heydər Əliyev fenomeni doğrudan da tarixi hadisədir. O, dünyaşöhrətli siyasətçi, görkəmli bir şəxsiyyətdir.

Sevindirici haldır ki, belə bir tarixi şəxsiyyətin siyasi kursunu ləyaqətlə davam etdirən praqmatik siyasətçi İlham Əliyev var. 

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. İlham Heydər oğlu dərin təhsilli şəxs, vəziyyətə hakim dövlət başçısıdır. Hesab edirəm ki, o, atasının yolunun və işinin layiqli davamçısıdır”, – deyə Roin Metreveli vurğulayıb.

R.Metreveli sonda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycan xalqını təbrik edib, xoş arzularını çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə “Tərcümə saatı”dır, AYB Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlının Vyetnam ədəbiyyatından tərcümələrini təqdim edirik.

 

 

 

 

 

TƏRCÜMƏ SAATI

 

 

 

 

 

Dağınıq düşüncələr ustası

 

 

 

Şöhrətilə öz ölkəsinin hü­dudlarını aşıb keçmiş çağ­daş Vyetnam şairi və nasiri May Van Fan yaradı­cı­lı­ğı­na müraciət etmək mənim üçün, bir tərcüməçi kimi, çox maraqlı oldu.

 

Yalnız şair və nasir deyil, həm də fəal ictimai xadim olan May Van Fan hələ II Qarabağ savaşı zamanı bizi dəstəkləyənlər sırasında ol­ması ilə diqqətimi çək­mişdi. Azərbaycan Prezi­denti cənab İlham Əliyevə müraciətlə yazılan mək­tub­da onun da imzası vardı:

 

“...Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə va­dar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaq­larınızı azad etmək üçün döyüşürsünüz.

 

Həqiqətsevər siyasətçilə­rin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələ­cəyi naminə bu addımı atmalı idiniz.

 

Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəklə­yirik!”

 

 

 

May Van Fan 1955-ci ildə Vyetnamın quzey bölgəsində,  Nin­bin əyalətinin Kimşon mahalında dünyaya gəlib.

 

Xanoyedəki Xarici dillər kollecinin Dilçilik və rus mədəniyyəti kafedrasının məzunu olmuş, sonra isə təhsilini Belorusiyada (1983) Qorki adına Pedaqoji institutda davam etdirmişdir.

 

Hazırda Xayfon şəhərində yaşayıb yaradır.

 

Əsərləri dünyanın 40-a yaxın dilinə rus, ingilis, fransız, belorus, italyan, ispan və s.) tərcümə edilib.

 

 

 

Varlıqda həqiqəti, adilik­də mənanı, sadədə gözəlliyi görmək, təbiətin və hadisə­lərin fitrətinə varmaq May Van Fan poeziyasının əsas özəl­liklərindəndir.

 

Canlı təbiət rəsmlərinin li­rikası, sevgi, dostluq, həyat, ümid, nigaranlıq, günü­mü­zün gerçəklikləri – bütün bunlar müəllifin şeirlərində sadə fəlsəfi fikirlər kimi təqdim olunub. Doğrudur, sadə və fəlsəfi kimi məf­humlar, ilk baxışdabir-birilə uzlaşmır, lakin May Van Fan xüsusi bir ustalıqla buna da nail olmuşdur.

 

         Onun şeirlərində həm Vyetnam xalqına, həm də bütün insanlığa ünvan­lan­mış ismarışlar vardır.

 

Uzaqlarda yaşasa da, xal­qımızın yaxın dostla­rından olan May Van Fanın şeir­lərini oxuduqca gözümüzün önündə qəribə, maraqlı po­etik su­rətlər canlanır. Onun düşüncə tərzində Kafkaya bənzərlikvardır.

 

Müəllifin yaradıcılığında  daosizm, zen-buddizm, eləcə də ekzistensializm xətləri bir-birilə kəsişir. Bəzən insana elə gəlir ki, Van Fan Yeri bir quş uçuşu zirvəsindən seyr edir, çox­larının görə bilmədiyini gö­rür, duya bilmədiyini du­yur...

 

“Qəflətən bəlli olur ki, bizim hamımızın qan qrupu birdir. Biz bu isti qırmızı çayın damarlarımızda ax­masına mane ola bilmirik. Mən elə həmin adamam, lakin bir qədər fərqli. Bir böcək və ya yırtıcı kimi müstəqil və azad... Sudakı balıq, göy üzündəki quş kimi xoşbəxt...”

 

 

 

Əzabkeş Vyetnam torpa­ğında belə bir fenomenin yetişməsi bir Tanrı lütfüdürdesək, yanıl­ma­rıq.

 

Düşünürəm ki, artıq bir çox dillərə tərcümə olu­naraq sevilmiş May Van Fan şeirlərinə müraciət edən Azərbaycan oxucusu da boşuna vaxt itirmiş ol­mayacaq. Əksinə, mənən da­ha da zənginləşəcək.

 

 

 

Bu şeirlərin əsl dəyəri, bəlkə, bu gün, bəlkə də, qərinələr sonra veriləcək. Bil­mirəm. Amma onu bi­lirəm ki, bir şair haqqında geniş təsəvvürə malik ol­maq üçün ilk növbədə onu oxumaq gərəkdir.

 

Gəlin birlikdə oxuyaq, bilək və tanıyaq! İnanıram ki, tanı­dıqca sevəcək, sevdikcə da­ha yaxından ta­nıya­caq­sınız.

 

 

 

                  

 

 

 

    Çay yatağındakı daşlar

 

 

 

Suların rahat axmasına izn verin!

 

Nə zamandır üşüyür bu daşlar...

 

Çağlayan suların yuyub buza döndərdiyi

 

hərəkətsiz, sakit daşlar...

 

 

 

Baharmı gəlmiş?

 

Çiçəklər cığırların boynuna dolanmış.

 

Quşlar cəh-cəh vurur...

 

Çaya sarı əyilmiş ağaclar yırğalandıqca

 

qayalar da silkələnir sanki.

 

Yabanı çiçəklərin gözəlliyi əbədi hüzur kimidir...

 

Gurultuyla axan sulara göz yumur daşlar.

 

 

 

Boz pəncəli lanqurlar[1]

 

ağacların kölgəsini silkələyir.

 

Narın-narın yağış yağır,

 

süzülür torpağın ən mübhəm guşələrinə...

 

Buludlar səmadan asılı qalmış...

 

Quava[2] ətri bürümüş meşəni...

 

Kirpi iynələrini qabardıb durmuş …

 

 

 

Önəmli olan –

 

hər kəs

 

və hər şey

 

öz yerindədir bu an... 

 

 

 

 

 

Külək əsir...

 

 

 

Biz dar dalanlarda,

 

yaşıl otların üstündə, qaranlıq köşələrdə,

 

ağacların altında öpüşürdük.

 

 

 

Topuğa kimi suya batmışdı ayaqlarımız...

 

Sərt külək əsmişdi,

 

təzə-tər yarpaqlarla qidalanan tırtıl da

 

sənin çiynindən mənimkinə düşmüşdü.

 

 

 

Hələ də uçmağa davam edir arılar.

 

Şəlalələr eyni ahənglə axır,

 

yağış da aram-aram damcılayır...

 

Başlarını eyni tərəfə əymiş ağaclar... 

 

 

 

Yenta[3] dağındakı çiçəklər

 

 

 

Dağın zirvəsində bitən çiçəklər

 

nə dəli rüzgarlardan qorxmuş,

 

nə başı üstdən ötən buludlardan.

 

 

 

Yeddi yüz il bundan öncə

 

İmperator

 

Xoanq Tran Nxan Tonq 

 

bu çiçəklərin yanından ötərkən

 

onlara təzim etmiş.

 

 

 

Sən də, mən də,

 

övladlarımız da – 

 

onları görərkən baş əyib keçək!

 

 

 

...Dağın ətəyində

 

bambuk dəyənəklərə dirənərək 

 

irəliləyən ziyarətçilər

 

gözlərini yuxarı dikmişdilər;

 

alışıb-yanan çiçəklərin tüstüsü göyə qalxırdı.

 

 

 

 

 

Gün doğarkən

 

 

 

Yamaclarda

 

selə dönən su...

 

Bir qaya başında

 

hüzur içində yatan daş...

 

Keçən gecə yağan yağış...

 

Yağışdan öncə və sonra burada oturan biri...

 

 

 

Sənsiz çox darıxıram... 

 

Tərpənməyə belə qorxuram;

 

mavi səmanı içimə çəkirəm,

 

canıma hopsun deyə...

 

Bitmək bilməyən leysan yağışlar

 

çınqıl daşları yuyub təmizləmək üçünmüş sanki...

 

 

 

Bu əsrarəngiz təbiət rəsmi

 

həyatı

 

dəlicəsinə sevməyə vadar edir məni:

 

Günəş doğarkən

 

nur çilənir dağların zirvəsinə.

 

Torpaq

 

bir ana bətnidir sanki...  

 

 

 

 

 

Səni ağzımda dilim kimi qoruyacağam

 

 

 

Səni ağzımda dilim kimiqoruya bilsəm...

 

Müharibələrdən, xəstəliklərdən...

 

Gözlə görülməyən

 

zəhərli oxlardan.

 

Dedi-qodudan, qeybətdən,

 

yalanlardan və təhlükələrdən...

 

 

 

Yolunda tikanlar olmasa daha.

 

Divarlar hörsəm –

 

səni çovğunlardan qorumaq üçün...

 

 

 

Yanaqlarıma toxun barmaqlarınla,

 

qolunu yüngülcə tərpədərək

 

zümzümə et

 

asta-asta,

 

səni öpməyə izn ver...

 

 

 

Sən

 

ağzında Ay işığı tutmuş balıqsan,

 

üzürsən

 

nigaran dənizə doğru...

 

 

 

 

 

Telefonda səni dinləmək

 

 

 

Telefonda necə təmiz,

 

necə xəfifdir səsin...

 

 

 

Bir içim su kimi...

 

Yenicə boy vermiş incə fidan,

 

Yetişmiş şirin bəhər,

 

Bulağın zümzüməsi kimi...

 

 

 

Xəttin o başınadək olan məsafə –

 

tarlalar, düzlər, kəndlər.

 

Dərin köklər...

 

Qapılar açılır aramızda.

 

Səni eşidə bilirəm:

 

ilıq torpaqda müqəddəs izlər açan dərin köklər,

 

dərələrdən keçən çaylar,

 

tikilən və çiçəklənən kəndlər,

 

geniş düzlər, yamyaşıl tarlalar sayəsində.

 

Qoy səsini duyum.

 

Cəfəng və mənasız sözlər söyləməyə davam et.

 

Onsuz da

 

bir neçə dəqiqə sonra adiləşəcək hər şey.

 

Getdikcə uzaqlaşan yosunlu dalğalar,

 

zərifliyin şirin dadı

 

və çınqıllı sahil qalacaq yalnız...

 

 

 

 

 

Göylərin nəhayətsiz olduğu yer

 

 

 

İsti yay mövsümü bitmək üzrə...

 

Ağaclar

 

çağlayan bulaqların yaxınlığındaca

 

susuzluqdan yanır...

 

 

 

Torunu cırmış balıqlar pozar zamanın düzənini.

 

Sonsuzluğa atlamadan öncə sıxılar insan.

 

Uca qüllələr

 

fəzanı zəbt etmiş sanki.

 

 

 

Göy muncuqlarla süslənmiş tac qoy başına,

 

parlasın saçların.

 

Şimşək, ildırım, fırtına – 

 

qorxmaz heç nədən.

 

Sən də qorxma.

 

 

 

Üzün Ayın görünməyən tərəfi kimidir...

 

Şirin meyvə kimi,

 

qızıl rəngli düyü kimi...

 

Nədənsə

 

düyü buxarına bürünmüş ixtiyar qadın

 

və kişi surətləri kövrəldir məni..

 

 

 

Buxar canıma hopur,

 

bir-birinə hörür buludları,

 

hər nəfəsdə bir ümid doğurur.

 

Soyuq yağış üşüdür sinəmi.

 

Hər şeyi, ləziz bir yeməyin dadı kimi,

 

yaddaşıma həkk etmək üçün...

 

Həqiqət – kəlmələri azad edər,

 

qurtuluş yox!

 

 

 

Özümə əmin olduqca

 

atəşin ağzındakı damğanı

 

bir o qədər aydın görürəm...

 

 

 

 

 

İlbaşı arınması

 

 

 

Nə qədər yuyunsam da,

 

hələ təmiz deyiləm.

 

Çırağın işığında

 

arınmaq üçün

 

geri dönürəm.

 

 

 

Çiyinlərimə düşsün işıq,

 

sonra əllərimə, çənəmə,

 

ayaqlarıma, dizlərimə,

 

gözlərimə...

 

Hər küncə-bucağa işıq yayılsın –

 

bütün gizli köşələrə...

 

Qızmar dəmiri suya cəzb edən qüvvə kimi,

 

qol-budaq atan ağac kimi

 

nəhayətsizdir onun gücü.

 

 

 

Baharın xətrinə arınıram.

 

Səssizcə ata-babalarımı yada salıram.

 

İşığa dalıram, sadəcə,

 

İşıq selinin altında adını anıram.

 

Beşik kimi yırğalanır işıq,

 

Uzaqda olanları düşünürəm...

 

Qoy çırağımız

 

getdikcə daha gur yansın!

 

 

 

 

 

Acı dərman

 

       (Cho Ngoca ithaf olunur)

 

 

 

Atəş yandırıb, yaxır səni, mənim balam.

 

Mən isə, sənin atan,

 

yanıb külə dönürəm.

 

Dərman acıdır, amma gözləyə bilmərik.

 

Əlimdən tut.

 

Bax, necə də şehə bənzəyir bu damcılar.

 

Bardaq da dolu deyil.

 

 

 

Gecə yaman soyuqdur!

 

Bilirsən,

 

incə ləçəklər

 

məhz acı köklərinin sayəsində gözəl ətir saçır.

 

Tər damcıları

 

əlimdə döyənəyə dönür sanki,

 

bahar süzülür bardaqlara...

 

 

 

Atanın

 

göz yaşı dövrü başlar,

 

acı-acı ağlar həqiqət.

 

Yuxuda nə görürsən, körpəm?

 

 

 

Dərmanı pəncərənin qarşısına qoyuram.

 

Böyüyüb mənim yaşıma çatanda

 

tufan qopacaq

 

bu bardağın dibində.

 

 

 

 

 

Qonaqla vidalaşarkən

 

 

 

Çayı dəmləyib gəldim,

 

Sən demə, qonaq getmiş.

 

Zəng etdim,

 

 “Dünyasını dəyişəli

 

yeddi ildir” – dedi ailəsi.

 

Bir yanlışlıq var.

 

 

 

Evimdə

 

alt-üst olmuş hər şey.

 

Divardakı şəkli kim çıxarmış?

 

Qurma saat haradadır?

 

Bu ucuz çay dəstini kim gətirmiş?

 

 

 

Qonşulara baş çəkdim,

 

Ərzaqların dəyərini soruşdum:

 

bəzi qiymətli növlər var,

 

bəzi növlərin qiyməti var.

 

 

 

Evdəyəm.

 

Çay hələ istidir.

 

Qonağın piyaləsini qarşıma çəkdim.

 

Ölüm təklükəsi saçan buxar

 

önümdə

 

bir adam boyu yüksəldi.

 

Və bir göz qırpımında yox oldu.

 

              

 

 

 

Fleyta…

 

 

 

Fleytaya nəfəs verirəm... Budur

 

cənnətə gedən yeddi yol:

 

do, re, mi, fa, sol, lya, si.

 

 

 

Havada qanad çalan

 

yeddi kəpənək.

 

Səmada bərq vuran

 

yeddi əsrarəngiz rəng.

 

Yerə düşən kölgədə

 

zərif bir fleyta silueti...

 

 

 

Dodaqlarımı ona toxundurmağa

 

və dönə-dönə öpməyə

 

vadar edir məni.

 

Bəmdən zilə keçərək

 

saysız-hesabsız səslərlə

 

oyadır gecəni.

 

Düymələrin üzəri ilə addımlayan gecənin

 

ayaq səsləri duyulur.

 

Kainat qulaq kəsilir bu ahəngə.

 

 

 

Yumşaq, incə notlar

 

mənim hələ də var olduğumu

 

xəbər verir uğursuz sahilə.

 

Və sabah oyananda

 

uğur limanının məni qarşılayacağına

 

inandırır.

 

 

 

İçimdəki boşluqların

 

bu doğma səslərə ehtiyacı var,

 

bir körpənin

 

ana südünə ehtiyacı olduğu kimi.

 

Fleytanın səsi nurtək

 

süzülür vücuduma

 

və ona daha da sıx sarılmaq keçir könlümdən.

 

 

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(15.02. 2023)

 

 

 

 

 



[1]Primatların bir növü

[2] Meyvə növü

[3]Yent dağı Vyetnamın paytaxtı Xanoya çəhərindən 130 km məsafədə yerləşir. Hündürlüyü 1068 metrdir. Burada buddistlərin Çuk Lam sektasına məxsus, 11 məbəddən ibarət böyük bir kompleks vardır. Sektanın rəhbəri Vyetnam kralı Çan Nyan Tonq olmuşdur.

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı  sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.

 

Agentliyin yaydıöı məlumata görə, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.

Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycana 23 min 935 nəfər İsrail vətəndaşı səfər edib.

Bununla yanaşı, 14-17 fevral tarixlərində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti İsraildə keçirilən Qlobal Turizm İnnovasiya Forumunda iştirak edir. Forumda təmsil olunmaqda əsas məqsəd “Slou Fud” Böyük Qafqaz səyahət marşrutunun interaktiv xəritəsinin yaradılmasıdır.

Qeyd edək ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

AZƏRBAYCANIN İLK QADIN PİANOÇUSU XƏDİCƏ QAYIBOVA BARƏDƏ

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Azərbaycanın ilk qadın pianoçusu” sərlövhəli məqaləsini təqdim edirik. Qənirə xanımın ən müxtəlif sahələrdə uğur əldə edən qadınlar barədə silsilə yazılarınln dərci davam edir. 

 

 

Həyata gözümüzü açdığımız ilk gündən etibarən bu dünya bizi hər zaman sevə-sevə bağrına basıb, əllərimizi də möhkəmcə uğura doğru səsləyirmiş kimi sıxıb. Bəzən heç buraxmayacaqmış kimi oxşayıb, bəzən də incəldiyi yerdən qoparmağa, ən ağır cəzalara məhkum etməyə çalışıb. Haqqında sizlərə söhbət açacağım Xədicə Qayıbovanın da taleyini bu dünya özü dəyişib, onu ən ağır imtahanların girdabından keçirib. Gah mavi, gah da boz pəncərələrdən boylanmağa vadar edib.

Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri idi. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüzildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər.

Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N. Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir.

 

Ailə bağları və ya eşqin rəngi

 

Xədicə xanım Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.

Xədicə xanım bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir bəy Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi.

Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.

Sovet dövründə Xədicə Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi.

Adıkeçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.

 

Həyat şərtlərinə boyun əyməyən qürur

 

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar.

Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi. 

1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”. Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi. 

Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 saylı orderinə əsasən həbs edilir. 1938-ci il aprelin 28-dək Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir və 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.

Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır.

1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.

Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.

Bu qadının maarif işığını söndürməyə, onun yolunu çox kəskin ittihamların ağırlığı ilə kəsməyə, ən əsası da ruhunu susdurmağa, sındırmağa çalışdılar. Bunu fiziki baxımdan bacarsalar da, mənəvi baxımdan bacarmadılar, uduzdular – tarixə yenildilər!..

Xədicə xanım Qayıbova yaradıcı ömründən-günündən ayrılmağa məcbur edildiyi o məşum gündən hələ də boylanır... Onun pianosunun dilləri ətrafa işıq saçır. Onun – Xədicə xanım Qayıbovanın ruhu şaddır; onun yaradıcılığı, şəxsiyyəti, öz keçmişi bütün kəsafətlərə qarşı mənəvi mübarizədədir və qalibdir! 

Bizim vəzifəmiz Azərbaycan mədəniyyətində iz qoymuş insanları gənc nəslə tanıtdırmaqdır və keçmişin həqiqətlərini çatdırmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

XIX əsrdə iki dövlət arasında gedən müharibənin nəticəsində vahid Azərbaycan iki hissəyə parçalanıb. O gündən bir hissəsi Qafqazda yerləşən Şimali Azərbaycan və İranın tərkibində qalan Cənubi Azərbaycan məfhumları yaranmağa başlayıb. Beləliklə azərbaycanlılar ikiyə parçalanıb və soydaşlarımız bir-birlərindən ayrı salınıblar. İranda olan etnik azərbaycanlılar həmişə həsrətlə Arazın bu tayında olan Azərbaycan Respublikasına baxıblar, doğmalarını görmək həsrəti ilə yaşayıblar. Bir xalqın ikiyə bölünməsi və doğmalar arasındakı ayrılıq... Bu gün burada səsləndirdiyimiz “Ayrılıq” mahnısının mənşəyi həmin tarixdən başlayır.

 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri məşhur fotoqraf Reza Deqati Parisdə “Zulma” nəşriyyat evi tərəfindən təşkil edilmiş və görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında “Ayrılıq” mahnısı ilə başlayan ədəbi gecədə deyib. 

Fotoqraf bildirib ki, vaxtilə həmin mahnını ailələrində hər kəs oxuyurmuş. Bu mahnı Azərbaycan ərazisinin iki yerə bölünməsi ilə İran ərazisində qalmış azərbaycanlılara həmişə ayrılıq hissini yaşadıb. Təəssüflər olsun ki, bu gün 30 milyondan çox azərbaycanlı İranda hələ də ayrılıq nisgili ilə yaşayır.

Ədəbi gecədə R. Deqatinin Azərbaycanın təbiətini, tarixi məkanlarını, abidələrini, tolerantlıq mühitini, Qarabağ müharibəsini əks etdirən fotolarından ibarət “Günahsızların kütləvi qırğını” (Le massacre des innocents) və “Alovun zərifliyi” (L'Elégance du feu) kitabları təqdim olunub. 

Müharibə fotoqrafı deyiləm, sülh müxbiriyəm deyən Reza Deqati “fotoqrafiya insanlığın xidmətində” devizi ilə dünyanın ən qaynar nöqtələrinə səyahət edib. Gördüyü hər anı çəkdiyi fotolarda əbədiləşdirib. Onun fotoları beynəlxalq jurnallarda (“National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País”, “Paris Match”, Geo…) nəşr edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 12:46

“Teymur hər zaman ehtiyacı olana əl tutardı…”

ŞƏHİD AİLƏLƏRİ ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKMİŞLƏRƏ YARDIM EDİBLƏR

 

Şəhid mayor Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədovanın təşəbbüsü və dəstəyi ilə Sumqayıtdakı şəhid ailələri tərəfindən Türkiyədə zəlzələdən zərər çəkənlərə 17 min dollarlıq humanitar yardım göndərilib.

Zeynəb Səmədovanın “Ədəbiyyat və incəsənət”in əməkdaşına verdiyi məlumata görə, göndərilən yardımlarda quru, kalorili və hazır qidalara üstünlük verilib, həmçinin şam və poverbanklar, geyim, yataq dəstləri, uşaq bezləri kimi lazımlı əşyalar da var. Onların çeşidlənməsində digər şəhid ailələri də köməklik göstəriblər. 
Qeyd edək ki, şəhidimizin yoldaşı Zeynəb Səmədova heyvanları da yaddan çıxarmayıb. Onun təşəbbüsü ilə həmin bölgələrə heyvan yemləri də yollanılıb.

44 günlük müharibədə şəhid olan Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədova deyir: “Mənim həyat yoldaşım Teymur hər zaman kimsəsizə, ehtiyacı olana əl tutardı. Əsgərlərə qardaş idi.  Bilirəm ki, indi onun ruhu narahatdır. Bu gün mənim təklifimlə köməyə gələn şəhid ailələri itkinin, ağrının və evsizliyin nə olduğunu gözəl anlayır. Çünki mən də, digər şəhid ailələrinin üzvləri də  Qarabağa və digər bölgələrimizə düşmən hücum edərkən evsizlik, aclıq və səfalət ağrısını yaşamışıq. Ona görə də biz Türkiyədəki qardaş və bacılarımızı, uşaqlarımızı və hətta insanlardan yardım uman Tanrının yaratdığl heyvanları da unutmadıq.”

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.