İsraildə Azərbaycanın turizm imkanları təbliğ edilir

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı  sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.

 

Agentliyin yaydıöı məlumata görə, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.

Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycana 23 min 935 nəfər İsrail vətəndaşı səfər edib.

Bununla yanaşı, 14-17 fevral tarixlərində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti İsraildə keçirilən Qlobal Turizm İnnovasiya Forumunda iştirak edir. Forumda təmsil olunmaqda əsas məqsəd “Slou Fud” Böyük Qafqaz səyahət marşrutunun interaktiv xəritəsinin yaradılmasıdır.

Qeyd edək ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.