“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə “Tərcümə saatı”dır, AYB Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlının Vyetnam ədəbiyyatından tərcümələrini təqdim edirik.
TƏRCÜMƏ SAATI
Dağınıq düşüncələr ustası
Şöhrətilə öz ölkəsinin hüdudlarını aşıb keçmiş çağdaş Vyetnam şairi və nasiri May Van Fan yaradıcılığına müraciət etmək mənim üçün, bir tərcüməçi kimi, çox maraqlı oldu.
Yalnız şair və nasir deyil, həm də fəal ictimai xadim olan May Van Fan hələ II Qarabağ savaşı zamanı bizi dəstəkləyənlər sırasında olması ilə diqqətimi çəkmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciətlə yazılan məktubda onun da imzası vardı:
“...Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə vadar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaqlarınızı azad etmək üçün döyüşürsünüz.
Həqiqətsevər siyasətçilərin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələcəyi naminə bu addımı atmalı idiniz.
Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəkləyirik!”
May Van Fan 1955-ci ildə Vyetnamın quzey bölgəsində, Ninbin əyalətinin Kimşon mahalında dünyaya gəlib.
Xanoyedəki Xarici dillər kollecinin Dilçilik və rus mədəniyyəti kafedrasının məzunu olmuş, sonra isə təhsilini Belorusiyada (1983) Qorki adına Pedaqoji institutda davam etdirmişdir.
Hazırda Xayfon şəhərində yaşayıb yaradır.
Əsərləri dünyanın 40-a yaxın dilinə rus, ingilis, fransız, belorus, italyan, ispan və s.) tərcümə edilib.
Varlıqda həqiqəti, adilikdə mənanı, sadədə gözəlliyi görmək, təbiətin və hadisələrin fitrətinə varmaq May Van Fan poeziyasının əsas özəlliklərindəndir.
Canlı təbiət rəsmlərinin lirikası, sevgi, dostluq, həyat, ümid, nigaranlıq, günümüzün gerçəklikləri – bütün bunlar müəllifin şeirlərində sadə fəlsəfi fikirlər kimi təqdim olunub. Doğrudur, sadə və fəlsəfi kimi məfhumlar, ilk baxışdabir-birilə uzlaşmır, lakin May Van Fan xüsusi bir ustalıqla buna da nail olmuşdur.
Onun şeirlərində həm Vyetnam xalqına, həm də bütün insanlığa ünvanlanmış ismarışlar vardır.
Uzaqlarda yaşasa da, xalqımızın yaxın dostlarından olan May Van Fanın şeirlərini oxuduqca gözümüzün önündə qəribə, maraqlı poetik surətlər canlanır. Onun düşüncə tərzində Kafkaya bənzərlikvardır.
Müəllifin yaradıcılığında daosizm, zen-buddizm, eləcə də ekzistensializm xətləri bir-birilə kəsişir. Bəzən insana elə gəlir ki, Van Fan Yeri bir quş uçuşu zirvəsindən seyr edir, çoxlarının görə bilmədiyini görür, duya bilmədiyini duyur...
“Qəflətən bəlli olur ki, bizim hamımızın qan qrupu birdir. Biz bu isti qırmızı çayın damarlarımızda axmasına mane ola bilmirik. Mən elə həmin adamam, lakin bir qədər fərqli. Bir böcək və ya yırtıcı kimi müstəqil və azad... Sudakı balıq, göy üzündəki quş kimi xoşbəxt...”
Əzabkeş Vyetnam torpağında belə bir fenomenin yetişməsi bir Tanrı lütfüdürdesək, yanılmarıq.
Düşünürəm ki, artıq bir çox dillərə tərcümə olunaraq sevilmiş May Van Fan şeirlərinə müraciət edən Azərbaycan oxucusu da boşuna vaxt itirmiş olmayacaq. Əksinə, mənən daha da zənginləşəcək.
Bu şeirlərin əsl dəyəri, bəlkə, bu gün, bəlkə də, qərinələr sonra veriləcək. Bilmirəm. Amma onu bilirəm ki, bir şair haqqında geniş təsəvvürə malik olmaq üçün ilk növbədə onu oxumaq gərəkdir.
Gəlin birlikdə oxuyaq, bilək və tanıyaq! İnanıram ki, tanıdıqca sevəcək, sevdikcə daha yaxından tanıyacaqsınız.
Çay yatağındakı daşlar
Suların rahat axmasına izn verin!
Nə zamandır üşüyür bu daşlar...
Çağlayan suların yuyub buza döndərdiyi
hərəkətsiz, sakit daşlar...
Baharmı gəlmiş?
Çiçəklər cığırların boynuna dolanmış.
Quşlar cəh-cəh vurur...
Çaya sarı əyilmiş ağaclar yırğalandıqca
qayalar da silkələnir sanki.
Yabanı çiçəklərin gözəlliyi əbədi hüzur kimidir...
Gurultuyla axan sulara göz yumur daşlar.
Boz pəncəli lanqurlar[1]
ağacların kölgəsini silkələyir.
Narın-narın yağış yağır,
süzülür torpağın ən mübhəm guşələrinə...
Buludlar səmadan asılı qalmış...
Quava[2] ətri bürümüş meşəni...
Kirpi iynələrini qabardıb durmuş …
Önəmli olan –
hər kəs
və hər şey
öz yerindədir bu an...
Külək əsir...
Biz dar dalanlarda,
yaşıl otların üstündə, qaranlıq köşələrdə,
ağacların altında öpüşürdük.
Topuğa kimi suya batmışdı ayaqlarımız...
Sərt külək əsmişdi,
təzə-tər yarpaqlarla qidalanan tırtıl da
sənin çiynindən mənimkinə düşmüşdü.
Hələ də uçmağa davam edir arılar.
Şəlalələr eyni ahənglə axır,
yağış da aram-aram damcılayır...
Başlarını eyni tərəfə əymiş ağaclar...
Yenta[3] dağındakı çiçəklər
Dağın zirvəsində bitən çiçəklər
nə dəli rüzgarlardan qorxmuş,
nə başı üstdən ötən buludlardan.
Yeddi yüz il bundan öncə
İmperator
Xoanq Tran Nxan Tonq
bu çiçəklərin yanından ötərkən
onlara təzim etmiş.
Sən də, mən də,
övladlarımız da –
onları görərkən baş əyib keçək!
...Dağın ətəyində
bambuk dəyənəklərə dirənərək
irəliləyən ziyarətçilər
gözlərini yuxarı dikmişdilər;
alışıb-yanan çiçəklərin tüstüsü göyə qalxırdı.
Gün doğarkən
Yamaclarda
selə dönən su...
Bir qaya başında
hüzur içində yatan daş...
Keçən gecə yağan yağış...
Yağışdan öncə və sonra burada oturan biri...
Sənsiz çox darıxıram...
Tərpənməyə belə qorxuram;
mavi səmanı içimə çəkirəm,
canıma hopsun deyə...
Bitmək bilməyən leysan yağışlar
çınqıl daşları yuyub təmizləmək üçünmüş sanki...
Bu əsrarəngiz təbiət rəsmi
həyatı
dəlicəsinə sevməyə vadar edir məni:
Günəş doğarkən
nur çilənir dağların zirvəsinə.
Torpaq
bir ana bətnidir sanki...
Səni ağzımda dilim kimi qoruyacağam
Səni ağzımda dilim kimiqoruya bilsəm...
Müharibələrdən, xəstəliklərdən...
Gözlə görülməyən
zəhərli oxlardan.
Dedi-qodudan, qeybətdən,
yalanlardan və təhlükələrdən...
Yolunda tikanlar olmasa daha.
Divarlar hörsəm –
səni çovğunlardan qorumaq üçün...
Yanaqlarıma toxun barmaqlarınla,
qolunu yüngülcə tərpədərək
zümzümə et
asta-asta,
səni öpməyə izn ver...
Sən
ağzında Ay işığı tutmuş balıqsan,
üzürsən
nigaran dənizə doğru...
Telefonda necə təmiz,
necə xəfifdir səsin...
Bir içim su kimi...
Yenicə boy vermiş incə fidan,
Yetişmiş şirin bəhər,
Bulağın zümzüməsi kimi...
Xəttin o başınadək olan məsafə –
tarlalar, düzlər, kəndlər.
Dərin köklər...
Qapılar açılır aramızda.
Səni eşidə bilirəm:
ilıq torpaqda müqəddəs izlər açan dərin köklər,
dərələrdən keçən çaylar,
tikilən və çiçəklənən kəndlər,
geniş düzlər, yamyaşıl tarlalar sayəsində.
Qoy səsini duyum.
Cəfəng və mənasız sözlər söyləməyə davam et.
Onsuz da
bir neçə dəqiqə sonra adiləşəcək hər şey.
Getdikcə uzaqlaşan yosunlu dalğalar,
zərifliyin şirin dadı
və çınqıllı sahil qalacaq yalnız...
Göylərin nəhayətsiz olduğu yer
İsti yay mövsümü bitmək üzrə...
Ağaclar
çağlayan bulaqların yaxınlığındaca
susuzluqdan yanır...
Torunu cırmış balıqlar pozar zamanın düzənini.
Sonsuzluğa atlamadan öncə sıxılar insan.
Uca qüllələr
fəzanı zəbt etmiş sanki.
Göy muncuqlarla süslənmiş tac qoy başına,
parlasın saçların.
Şimşək, ildırım, fırtına –
qorxmaz heç nədən.
Sən də qorxma.
Üzün Ayın görünməyən tərəfi kimidir...
Şirin meyvə kimi,
qızıl rəngli düyü kimi...
Nədənsə
düyü buxarına bürünmüş ixtiyar qadın
və kişi surətləri kövrəldir məni..
Buxar canıma hopur,
bir-birinə hörür buludları,
hər nəfəsdə bir ümid doğurur.
Soyuq yağış üşüdür sinəmi.
Hər şeyi, ləziz bir yeməyin dadı kimi,
yaddaşıma həkk etmək üçün...
Həqiqət – kəlmələri azad edər,
qurtuluş yox!
Özümə əmin olduqca
atəşin ağzındakı damğanı
bir o qədər aydın görürəm...
İlbaşı arınması
Nə qədər yuyunsam da,
hələ təmiz deyiləm.
Çırağın işığında
arınmaq üçün
geri dönürəm.
Çiyinlərimə düşsün işıq,
sonra əllərimə, çənəmə,
ayaqlarıma, dizlərimə,
gözlərimə...
Hər küncə-bucağa işıq yayılsın –
bütün gizli köşələrə...
Qızmar dəmiri suya cəzb edən qüvvə kimi,
qol-budaq atan ağac kimi
nəhayətsizdir onun gücü.
Baharın xətrinə arınıram.
Səssizcə ata-babalarımı yada salıram.
İşığa dalıram, sadəcə,
İşıq selinin altında adını anıram.
Beşik kimi yırğalanır işıq,
Uzaqda olanları düşünürəm...
Qoy çırağımız
getdikcə daha gur yansın!
Acı dərman
(Cho Ngoca ithaf olunur)
Atəş yandırıb, yaxır səni, mənim balam.
Mən isə, sənin atan,
yanıb külə dönürəm.
Dərman acıdır, amma gözləyə bilmərik.
Əlimdən tut.
Bax, necə də şehə bənzəyir bu damcılar.
Bardaq da dolu deyil.
Gecə yaman soyuqdur!
Bilirsən,
incə ləçəklər
məhz acı köklərinin sayəsində gözəl ətir saçır.
Tər damcıları
əlimdə döyənəyə dönür sanki,
bahar süzülür bardaqlara...
Atanın
göz yaşı dövrü başlar,
acı-acı ağlar həqiqət.
Yuxuda nə görürsən, körpəm?
Dərmanı pəncərənin qarşısına qoyuram.
Böyüyüb mənim yaşıma çatanda
tufan qopacaq
bu bardağın dibində.
Qonaqla vidalaşarkən
Çayı dəmləyib gəldim,
Sən demə, qonaq getmiş.
Zəng etdim,
“Dünyasını dəyişəli
yeddi ildir” – dedi ailəsi.
Bir yanlışlıq var.
Evimdə
alt-üst olmuş hər şey.
Divardakı şəkli kim çıxarmış?
Qurma saat haradadır?
Bu ucuz çay dəstini kim gətirmiş?
Qonşulara baş çəkdim,
Ərzaqların dəyərini soruşdum:
bəzi qiymətli növlər var,
bəzi növlərin qiyməti var.
Evdəyəm.
Çay hələ istidir.
Qonağın piyaləsini qarşıma çəkdim.
Ölüm təklükəsi saçan buxar
önümdə
bir adam boyu yüksəldi.
Və bir göz qırpımında yox oldu.
Fleyta…
Fleytaya nəfəs verirəm... Budur
cənnətə gedən yeddi yol:
do, re, mi, fa, sol, lya, si.
Havada qanad çalan
yeddi kəpənək.
Səmada bərq vuran
yeddi əsrarəngiz rəng.
Yerə düşən kölgədə
zərif bir fleyta silueti...
Dodaqlarımı ona toxundurmağa
və dönə-dönə öpməyə
vadar edir məni.
Bəmdən zilə keçərək
saysız-hesabsız səslərlə
oyadır gecəni.
Düymələrin üzəri ilə addımlayan gecənin
ayaq səsləri duyulur.
Kainat qulaq kəsilir bu ahəngə.
Yumşaq, incə notlar
mənim hələ də var olduğumu
xəbər verir uğursuz sahilə.
Və sabah oyananda
uğur limanının məni qarşılayacağına
inandırır.
İçimdəki boşluqların
bu doğma səslərə ehtiyacı var,
bir körpənin
ana südünə ehtiyacı olduğu kimi.
Fleytanın səsi nurtək
süzülür vücuduma
və ona daha da sıx sarılmaq keçir könlümdən.
“Ədəbiyyat və incəsənət”
(15.02. 2023)