XIX əsrdə iki dövlət arasında gedən müharibənin nəticəsində vahid Azərbaycan iki hissəyə parçalanıb. O gündən bir hissəsi Qafqazda yerləşən Şimali Azərbaycan və İranın tərkibində qalan Cənubi Azərbaycan məfhumları yaranmağa başlayıb. Beləliklə azərbaycanlılar ikiyə parçalanıb və soydaşlarımız bir-birlərindən ayrı salınıblar. İranda olan etnik azərbaycanlılar həmişə həsrətlə Arazın bu tayında olan Azərbaycan Respublikasına baxıblar, doğmalarını görmək həsrəti ilə yaşayıblar. Bir xalqın ikiyə bölünməsi və doğmalar arasındakı ayrılıq... Bu gün burada səsləndirdiyimiz “Ayrılıq” mahnısının mənşəyi həmin tarixdən başlayır.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri məşhur fotoqraf Reza Deqati Parisdə “Zulma” nəşriyyat evi tərəfindən təşkil edilmiş və görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında “Ayrılıq” mahnısı ilə başlayan ədəbi gecədə deyib.
Fotoqraf bildirib ki, vaxtilə həmin mahnını ailələrində hər kəs oxuyurmuş. Bu mahnı Azərbaycan ərazisinin iki yerə bölünməsi ilə İran ərazisində qalmış azərbaycanlılara həmişə ayrılıq hissini yaşadıb. Təəssüflər olsun ki, bu gün 30 milyondan çox azərbaycanlı İranda hələ də ayrılıq nisgili ilə yaşayır.
Ədəbi gecədə R. Deqatinin Azərbaycanın təbiətini, tarixi məkanlarını, abidələrini, tolerantlıq mühitini, Qarabağ müharibəsini əks etdirən fotolarından ibarət “Günahsızların kütləvi qırğını” (Le massacre des innocents) və “Alovun zərifliyi” (L'Elégance du feu) kitabları təqdim olunub.
Müharibə fotoqrafı deyiləm, sülh müxbiriyəm deyən Reza Deqati “fotoqrafiya insanlığın xidmətində” devizi ilə dünyanın ən qaynar nöqtələrinə səyahət edib. Gördüyü hər anı çəkdiyi fotolarda əbədiləşdirib. Onun fotoları beynəlxalq jurnallarda (“National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País”, “Paris Match”, Geo…) nəşr edilib.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)