“Dizim sındı və mən... aktyor oldum” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Səməndər Rzayevdir.

 

SƏMƏNDƏR RZAYEV

(1945-1986)

***

Ailəmiz çətinliklə, qıtlıq, kasıblıq içində dolanırdı. Anam adımı qısaldaraq mənə Səməni deyirdi. Kasıbçılığı uşaq hissiyyatı ilə duyur, ailəyə kömək etmək üçün nə iş olsa gedirdim. Mən pul qazanmağa başlayanda hələ çox balaca idim.

Bir gün tay-tuşlarımla kənd klubunun yanında oynayanda açıq qapıdan divarlara vurulmuş plakatları gördüm. Mənin baxışlarım klub müdirəsinin diqqətindən yayınmadı. 

– Niyə elə baxırsan, oğlum, xoşuna gəlir? – soruşdu.

– Yox, baxıram ki, mən bunlardan yaxşı çəkərəm, yazaram, rəngləri daha yaxşı yaraşdıraram bir-birinə, – cavab verdim.

– Çək gətir, baxaq, xoşuma gəlsə, bunların yerinə sən çəkənləri asaram.

İki gün sonra iri bir plakatı qucağıma alıb kluba getdim. Müdirə məni görəndə heyrətini gizlədə bilmədi.

– Nə məsuliyyətli uşaqsan. Halal olsun, – deyib, çəkdiyim plakatı klubun ən görkəmli yerinə asdı. Üstəlik mənə zəhməthaqqı da verdi.

Bu minvalla anamın kasıb süfrəsi oğul qazancı görməyə başladı.

 

***

Bir gün qazandığım pulu anama verib tay-tuşlarımla oynamağa getdim. Yağışdan sonra yer palçıqdan sürüşkən olmuşdu. Birdən üstündə oynadığımız  körpüdən sürüşüb üzüaşağı yuvarlandım, dizimdən ağır zədə aldım. Diz qapağım sındı, düz dörd ilə yaxın gah xəstəxanada, gah evdə müalicə olundum.

Elə gələcək həyatım da o vaxt müəyyənləşdi. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacım olmadığından bu sənətin sehrinə düşdüm. Xüsusən “Arxip baba və Lyonka” radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsi mənim aktyor olmağımda önəmli rol oynadı.

Orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olundum, özü də Rza Təhmasib kimi bir nəhəngin kursuna düşdüm. Daha doğrusu, imtahan götürən Rza Təhmasib öz kursuna yığdığı uşaqlar arasında mənim adımı qırmızı haşiyəyə aldı.

İlk vaxtlar Rza Təhmasib mənim filmə çəkilməyimə, teatrda işləməyimə icazə vermirdi:

– Tələsmə, hələ püxtələş, öyrən, tez məşhurlaşsan, tez də məhv olarsan, – deyirdi.

Ona görə də yalnız institutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ qazandım.

 

 “Ədəbiyyat və incəsənət”

(15.02.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.